"Azərbaycan sosial dövlətdir" - MÜSAHİBƏ
"Onların sosial müdafiəsinin gücləndirilməsi dövlətin birbaşa diqqət mərkəzindədir"
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı ölkənin həm daxili, həm də xarici siyasəti ilə bağlı bir çox önəmli açıqlamar verdi. İnfilyasiya, bunun fonunda pensiya və minimum əməkhaqlarının artırılması, işğaldan azad edilən ərazilərin bərpası, enerji siyasəti və s. məsələlərlə bağlı dövlət başçısının fikirləri ətrafında Milli Məclisin deputatı Mahir Abbaszadə ilə söhbətləşdik:
- Bu gün dünyada gərginliyi ilə müşahidə olunan geoiqtisadi, geosiyasi proseslər fonunda Azərbaycanın dayandığı yer, tutduğu mövqe necədir?
– Dünyada müəyyən dəyişikliklər gedir. Bu, xüsusilə Rusiya-Ukrayna münasibətlərinin müharibə həddinə qədər gərginləşməsi, Avropa Birliyi-Rusiya, ABŞ–Rusiya arasında olan gərgin münasibətlərin gərginləşməsinə gətirib çıxarıb. Müharibələr, sözsüz ki, iqtisadi zəncirlərin qırılmasına, iqtisadi münasibətlərin tamamilə kəsilməsinə, eyni zamanda, kənd təsərrüfatı və digər sahələrə olan ehtiyacların artırılmasına gətirib çıxardır. Digər tərəfdən, mövcud durum yeni qaçqın, məcburi köçkün ordusunun yaranmasına səbəb olur ki, bu da gərginliyin olmasından xəbər verir.
Belə bir şəraitdə Azərbaycanın dayandığı yer sülhün, əmin-amanlığın dayandığı yerdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi, siyasi, hüquqi islahatlar, eyni zamanda 2020-ci ildə Azərbaycan xalqının qələbə əldə etməsi, regionda üstünlüklərin qazanılması, digər tərəfdən əhalinin sosial vəziyyətinin gücləndirilməsi ilə bağlı ölkədəki islahatlar dövlətimizin dayandığı yerin möhkəmliyindən xəbər verir.
Digər bir məqam, müharibələr ərzində Avropa ilə Rusiya arasında münasibətlərin gərginləşməsi və Avropanın özünün də ehtiyaclarının artması ilə bağlıdır. Məlumdur ki, Rusiya dünyanın ən böyük qaz, enerji ixracatçılarından biridir. Bu ölkələr arasında münasibətlərin gərginləşməsi Azərbaycanı dünyada daha aktual vəziyyətə gətirib. Biz onsuz da Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edirdik. Elə geosiyasi mənzərə yaranıb ki, Azərbaycan bu məsələlərin mərkəzində dayanır. Cənab Prezident də öz çıxışında qeyd etdi ki, Rusiya – Ukrayna müharibəsindən sonra təxminən, Avropanın 10 dövləti Azərbaycanın qapısını enerji ilə bağlı döyüb və enerji ixracatımızı artırmağı xahiş edib. Belə olan təqdirdə Azərbaycan dünyadakı mövqeyini möhkəmləndirmiş vəziyyətdədir.
Gəlin nəzərə alaq ki, dövlət büdcəsində, eyni zamanda ölkəmizin valyuta ehtiyatlarının formalaşmasında bu gün Azərbaycanın sahib olduğu qaz və neft gəlirləri xüsusi yer tutur. Dünya bazarlarında bu məhsulların yuxarı qiymətə satılması bir tərəfdən, ölkənin iqtisadi vəziyyətini gücləndirirsə, digər tərəfdən, valyuta ehtiyatlarının artmasına səbəb olur. Bu da imkan verir ki, ölkədə makroiqtisadi sabitliyi qoruyaq, fiskal dayanıqlılığı təmin edək. Fiskal dayanıqlılığın təmin edilməsi isə bütün istiqamətlərdə əhalinin həyat şəraitinə müsbət təsirlərini göstərir.
- Ötən ildə sosial sahədə həyata keçirilən islahatlara diqqət çəksək, sosial paketlər, əmək haqlarının artımı istiqamətində görülən işlərlə bağlı nələri söyləmək olar?
- Onu bildirmək istərdim ki, Azərbaycan sosial dövlətdir. Sosial dövlətin mahiyyətindən doğan məsələ ondan ibarətdir ki, burada yaşayan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin birbaşa diqqət mərkəzindədir. Ölkəmizdə həmişə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım tərəfindən həyata keçirilən sosial layihələr, sosial islahatlar həmişə diqqət mərkəzində olub. Azərbaycan uzun müddətdir ki, böyük bir məcburi köçkün, qaçqın ordusu ilə üz-üzə idi. Təbii ki, məcburi köçkün, qaçqın düşmüş insanların sosial vəziyyəti birinci növbədə həll olunmalı idi. Eyni zamanda, Azərbaycan işğalçı ilə müharibə aparıb, torpaqlarını azad edib. Belə olduğu təqdirdə Azərbaycan şəhid ailələri, I Qarabağ müharibəsi, Vətən Müharibəsinin I-II qrup əlillərinin sosial müdafiəsinin həlli ilə bağlı işləri həyata keçirməlidir. Biz müharibə zamanı cəbhələrdən kilometrlərlə uzaqda olan, amma erməni silahlılarının hücumlarına məruz qalan ərazilərdə müharibənin vurduğu ziyanların aradan qaldırılması ilə bağlı işlər görməliydik. Bütün bunların hamısı ölkəmizdə dövlət tərəfindən sosial sahədə aparılan işlərin əsas mahiyyətini təşkil edir.
Eyni zamanda, təbii ki, cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin sonunda imzalanmış sosial paket, ölkəmizdə aparılan sosial layihələrin tərkib hissəsidir. Ölkəmizdə orta aylıq əməkhaqqının, təxminən, 2022-ci ildə 900 manat civarında hesablanması, minimum əməkhaqqının artırılması, alıcılıq səbətinin artırılması ilə bağlı Prezidentin verdiyi sərəncamlar, ölkəmizdə indiyədək aparılmış sosial islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bütün bunlar gələcəkdə Azərbaycan Dövlətinin sosial islahatların aparılması ilə bağlı verdiyi anonslardır.
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, 2023-cü ilin Azərbaycan Respublikasının dövlət büdcəsi, artıq Prezident tərəfindən təsdiq edilib. Həmin büdcə Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk ən böyük büdcəsidir. Bu büdcənin, təxminən, 45 faizi ölkəmizdə sosial islahatların dəstəklənməsinə, sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarının ödənilməsini və digər islahatların həyata keçirilməsini nəzərdə tutur. Bundan belə nəticə hasil olur ki, 2023-cü ildə xərcləyəcəyimiz hər 100 manatın 45 manatı ölkəmizdə sosial müdafiə tədbirlərinin gücləndirilməsi üçün nəzərdə tutulub.
– Bu gün maaş artımı, qiymət artımına nə dərəcədə adekvatdır?
– Açıq etiraf etməliyik ki, ölkəmizdə baş verən qiymət artımı və dolayısı ilə infilyasiya dərəcəsinin artması bir tərəfdən daxildə baş verən hadisələrlə bağlıdırsa, digər yandan, həm də idxal infilyasiyasıdır. Çünki sərhədlərimizdə baş verən müharibələr, iqtisadi zəncirlərin qırılması, Azərbaycanın ticarət tərəfdaşı olan dövlətlərə iqtisadi sanksiyaların tətbiq edilməsi mal qıtlığına gətirib çıxarırsa, digər tərəfdən qiymətlərin artmasına səbəb olur. Bəli, etiraf etməliyik ki, Azərbaycanda qiymətlər sürətlə artmaqdadır. Bu, bütün dünyada müşahidə olunur. Cənab Prezident televiziya kanallarına verdiyi son müsahibədə bir daha vurğuladı ki, Azərbaycanda qiymətlər sürətlə artmaqda davam edir. Azərbaycan Dövləti tərəfindən qiymətlərin artımının qarşısını almaqla bağlı bəzi tədbirlər görülməkdədir. Məsələn, İqtisadiyyat Nazirliyi tərəfindən bəzi inzibati addımlar atılır ki, süni qiymət artımına yol verilməsin. Amma təbii qiymət artımı da var və bu da sosial müdafiəyə ehtiyacı olan insanların yaşayışına mənfi təsir göstərir. Minimum əməkhaqlarının artması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, orta aylıq əməkhaqqının 900 manata çatdırılması ilə bağlı dövlət tərəfindən atılmış addımlar əməkhaqqı ilə qiymət artımının adekvatlığını qorumaq üçündür. Mənə elə gəlir ki, bu gün bu addımlar yetərincə deyil. Qiymətlərin artımı çox sürətlə gedir. Hesab edirəm, dövlət tərəfindən daha ciddi addımlar atılmalıdır. Qiymətlərin qalxması əhalinin gəlirləri ilə adekvatlıq təşkil etməlidir.
– 2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizlə bağlı, Qarabağda Azərbaycanın qarşısında dayanan əsas sosial-iqtisadi hədəflər nədir?
- Əslində, 2020-ci ildə torpaqları işğaldan azad etdikdən sonra Azərbaycan Dövlətinin qarşısında duran əsas məqsəd Qarabağı, Şərqi Zəngəzuru bərpa etmək, qurub-yaratmaq, infrastruktur layihələrini həyata keçirmək, oz yurdlarından uzun müddət ayrı düşmüş insanları geri qaytarmaq, orada onlara layiqli və dayanıqlı həyat şəraiti yaratmaq, eyni zamanda, burada iqtisadiyyatı bərpa etmək, iqtisadi sahədə islahatlar aparmaq, vergi güzəştləri və vergi tətilləri elan eləmək, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı xüsusi imkanların yaradılması ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan Dövləti tərəfindən ötən illər kifayət qədər işlər görülüb. Azərbaycan Respublikasının dövlət büdcəsindən 2022-ci ilə qədər Qarabağın, Şərgi Zəngəzurun bərpa, quruculuq prosesində 4,3 milyard vəsait ayrılıb. Bu vəsaitlərin böyük hissəsi istifadə edilib. Bu il – 2023-cü ildə Azərbaycan Dövləti tərəfindən dövlət büdcəsindən 3 milyard manatın bu ərazilərin bərpa prosesinə ayrılması nəzərdə tutulur. Təbii ki, bütün bunlar məcburi köçkün düşmüş insanların öz yurdlarına qayıtması ilə bağlı ümidləri bir az da artırır. Eyni zamanda onu da bildirmək istəyirəm ki, cənab Prezidentin sərəncamlarına uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən bu ərazilərdə iqtisadi həyatı çox ciddi şəkildə canlandırmaqla bağlı vergi güzəştləri və vergi tətilləri elan edilib. Eyni zamanda, burada yaşayıb fəaliyyət göstərəcək iqtisadi strukturların işçilərinin sosial müdafiə ödənişləri dövlət tərəfindən subsidiyalaşdırılacaq. Burada fəaliyyət göstərən şirkətlərin 10 il müddətində əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulur. Burada fəaliyyət göstərən şirkətlərin idxal vergisindən 10 il müddətinə azad edilməsi nəzərdə tutulur. Burada gələcəkdə çalışacaq dövlət qulluqçularına ildə bir dəfə aldığı əməkhaqqı qədər mükafatların verilməsi planlaşdırılır. Eyni zamanda buraya köçürüləcək insanların sosial müdafiəsini gücləndirmək məqsədilə fəaliyyət göstərən dövlət büdcəsindən maliyyələşən təşkilatlara üstünlük vəsaitlərinin verilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycan Dövlətinin 2023-cü ildə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirə biləcəyi bəzi işlərin anonslarıdır. Hesab edirəm ki, digər məsələlər yavaş-yavaş qarşıdakı vaxtlarda həll olunacaq.
Eyni zamanda, dövlət tərəfindən 2022-2026-cı illər Böyük Qayıdışın təmin edilməsi ilə bağlı birinci dövlət proqramı qəbul olunub. Bu proqramın həyata keçirilməsi isə işğaldan azad olunan ərazilərdə, Qarabağda və Şərqi Zəngəzurda yeni iqtisadi modellərin qurulmasını, yeni yaşayış məntəqələrin salınmasını, yeni idarəetmə modelinin tətbiq edilməsini, eyni zamanda ibütün sahələrə inovasiyaların və texnologiyaların verdiyi üstünlüklə bağlı məsələləri özündə ehtiva edir ki, qarşıdakı illərdə də biz bunun bariz nümunələrini görəcəyik. /hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"