Son bir neçə gündür İranla Ermənistanın Laçın və Qubadlıya hücuma hazırlaşdığı barədə məlumatlar yayılıb. Bu məqsədlə xüsusi planların hazırlandığı da bildirilir. Türkiyədə zəlzələnin törətdiyi ağır durumdan istifadə edən bu məkirli dövlətlər, belə bir vəziyyətdə Azərbaycanın təklənəcəyini düşünürlər.

 

Regionda yaranmış vəziyyətdən asılı olaraq ermənilərin bu planı reallaşdırması nə dərəcədə mümkündür və Azərbaycanın atacağı addımlar nə olmalıdır?

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələdən sonra İran və Ermənistan xüsusi xidmət orqanlarının siyasilər səviyyəsində mediaya sızdırdığı bu məlumat – Laçın-Qubadlı istiqamətdində keçirəcəkləri diversiya-təxribat fəaliyyətləri heç də təsadüfi sayılmamalıdır. 

E.Şıxəliyev hesab edir ki, nəzəri və praktik olaraq İranın SEPAH qüvvələri ilə Ermənistan xüsusi xidmət orqanları bu ssenarinin planlaşdırılmasının marağındadırlar. Onun fikrincə, İran Ermənistanın istəyi üzərindən mümkün ola biləcək bu təxribat fəaliyyətini icra etməklə öz hərbi gücünü Ermənistanın cənubunda, xüsusən Gorus bölgəsində yerləşdirmək istəyir.

Ermənistan isə Rusiya silahlı qüvvələrin, Federal sərhəd xidmətinin ərazisindən çıxarılmasını nəzərə alıb özünün təhlükəsizliyini təmin etmək üçün belə addımlar atır. Ermənistan bu boşluğun bir hissəsini Avropa İttifaqından gətirilən 200 nəfərlik texniki heyətlə doldurmaq istəyir. İran özü də maraqlıdır ki, ən azı Zəngəzur dəhlizinin keçəcəyi bölgədə hərbi mövcudluğu olsun. İranın Zəngəzur yolunun açılması ilə bağlı bir ehtiyatlanması var. İran narahatdır ki, Zəngəzur dəhlizi açılmış olarsa  Azərbaycan- Naxçıvan- Türkiyə tranzit yolu üzərindən qazandığı dividentləri itirə bilər”.

E.Şıxəliyev bildirib ki, İranın Azərbaycanla düşmənçiliyi iqtisadi çıxarları üzərinədir.

“İran çalışacaq ki, Zəngəzur yolu İran ərazisindən keçsin ki, bundan iqtisadi dvident qazanmış olsun. Əslində İranın Azərbaycanla davası iqtisadi çıxarları üzərinədir və Ermənistan da bunu özünə alət edir. Yəni əvvəl öz istəklərini Rusiyanın hesabına həyata keçirdən Ermənistan, indi də bunu İranın hesabına etməyə çalışır. İndi isə Rusiyaya güvənmir, Fransa da uzaqdadır. Ona görə də yaxın qonşusu İranı prosesə cəlb edir”.

Hərbi ekspert belə bir fonda hesab edir ki, İran Ermənistanla birgə Azərbaycana qarşı müharibəyə başlaya bilər. Eyni zamanda qeyd edib ki, İran Türkiyə və Rusiya ilə müharibə vəziyyətinə gələcək qədər buna cürət etməz.  

“İndiki vəziyyətdə İran fərqindədir ki, üçüncü ölkələr onu hansısa bir ölkəyə müharibəyə sövq edir. Çünki müharibələr hərbi və iqtisadi güc nisbəti üzərindən qurulmalıdır. İran da, Ermənistan da bunun fərqindədirlər.  Ona görə də nə İran, nə Ermənistan müharibə aparacaq gücə malik deyillər”.

Bütün bunlara baxmayaraq ekspert Azərbaycanın mövcud ola biləcək hər cür təhdidlərə hazır olmasını mühüm hesab edir.

“Biz İranın sərhədlərimiz yaxınlığında SEPAH qüvvələri ilə keçirdiyi təlimləri bilirik.  İranın Araz çayı üzərindən körpülərlə hərbi məşqləri sırf Azərbaycana müharibə mesajı verən addımlardır. Bizim ərazilərin işğal olunmasına dair İranın hərbi beyin mərkəzlərinin planları var. Biz bunları heçə saymamalıyıq. İranı Azərbaycana hərbi müdaxilələr edə biləcək ölkələr sırasında görüb hərbi təhlükəsizlik və doktrinamızı təhlükəsizlik konsepsiyamıza daxil etməliyik”.

 

Tahirə Qafarlı

Versus.az