Naxçıvanın “hədiyyə” edilən torpağının “Google Earth” görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək şərurluların istifadəsində olub; hüquqşünas və naxçıvanlı jurnalistlərdən çağırış: “Konstitutsion cinayətdir və dərhal Baş Prokurorluq məsələni nəzarətə götürməlidir”
Versus.az Musavat.com-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 21 hektar ərazini İrana peşkəş etməsi artıq təsdiqlənməkdədir. “Yeni Müsavat” bildirir ki, hüquqşünas Ələsgər Əhmədoğlu sosial media hesabında bu faktı əks etdirən “Google Earth” görüntülərini yayıb. Onun sözlərinə görə, Naxçıvanın Şərur rayonu, Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək İrana “hədiyyə” edilib. Belə ki, 21 hektar torpağın Google Earth görüntüləri bunu açıq şəkildə göstərir.
“2019-cu ilədək Azərbaycanın ərazisi olan və şərurluların istifadə etdiyi otlaq sahələri İrana keçib. İran Arazın əsas axınının yatağının üzərini doldurub, həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb. Bu Konstitutsion cinayətdir və dərhal Baş Prokurorluq məsələni nəzarətə götürüb, peyk görüntülərini xüsusilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və ərazilər 2019-cu ildəki yerinə qaytarılmalıdır”, - deyə Ə.Ələsgəroğlu qeyd edib.
V.Talıbovun Araz çayının yerini dəyişərək İrana torpaq verməsi haqda bundan əvvəl də məlumatlar yayılmışdı. Əgər prokurorluq orqanlarının istintaqı zamanı təsbit edilərsə, bu, vətənə xəyanətə bərabər hadisə kimi qiymətləndirilməlidir. Üstəlik, İranın Azərbaycana açıq düşmənçilik etdiyi bir zamanda Naxçıvanın keçmiş “xanı” 21 hektar ərazini pay-püş edibsə, onun barəsində cinayət işi açılması belə istisna deyil. Qeyd edək ki, “Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb. Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar.
Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycan ərazisi İran tərəfə keçib. Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev çağırış etmişdi ki, Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır. İndi isə “Google Earth” görüntülərindən bəlli olur ki, Talıbovun hakimiyyəti dövründə ərazilərimizin 30 hektarı mənfur İrana keçib. Bununla bağlı hansısa araşdırmalar başlana bilərmi?
Naxçıvandan olan jurnalist, TNS.az-ın təsisçisi Tural Səfərov bildirib ki, bu iddia ortalıqdadır və araşdırma tələb edir. Onun sözlərinə görə, bu məsələ az əvvəl də gündəmdə idi və Dövlət Sərhəd Xidmətinə sorğu göndərilmişdi: “Sorğuya cavabda deyilirdi ki, çayın axını təbii formada dəyişib. Ancaq fakt budur ki, Azərbaycan əraziləri İranın nəzarətinə keçib. İndi məqsədli şəkildə edilib, yoxsa təbii formada çay yatağını dəyişib, hər halda, araşdırılmalıdır. Biz reportaj hazırlanması üçün də müraciət etmişdik, amma icazə verilmədi. Sonra məlum oldu ki, sahilbərkitmə işləri adı ilə torpaqların İrana verilməsi prosesi gedib. Bütün hallarda ciddi hadisədir, hüquq-mühafizə orqanları münasibət bildirməli, araşdırmalıdır”. T.Səfərov qeyd etdi ki, əgər belə fakt varsa, Naxçıvanın keçmiş rəhbəri Vasif Talıbovun bu işdə günahı müəyyən olunarsa, eləcə də kimlərinsə əlinin olduğu üzə çıxarsa, o zaman hər biri cinayət məsuliyyətinə cəlb edilməlidir: “Azərbaycan sərhədlərinin bir qarış ərazisini vermək olmaz, sərhədlər dəyişə bilməz və yalnız xalqın referendumda rəyi ilə bu mümkündür”.
Heydər Oğuz
Naxçıvandan olan daha bir araşdırmaçı-jurnalist, Ovqat.com-un baş redaktoru Heydər Oğuz isə qeyd etdi ki, V.Talıbov körpü tikmək adı ilə suyun axarını dəyişib: “Su boşluq tapıb və yeni məcra yaranıb. Beləcə 21 hektar ərazi İrana keçib. İranlılar bu məsələdən heç bir-iki il keçməmiş özləri üçün yol çəkiblər. Faktiki olaraq, körpü tikmək adı ilə ərazi İrana verilib. Bunu niyə edib, məlum deyil. Hər halda, 21 hektarla İran böyümür, amma Naxçıvan kiçilir. Odur ki, hüquq-mühafizə orqanları və məhkəmə araşdırmalıdır”. H.Oğuz vurğuladı ki, Araz çayı ətrafı münbit torpaqlardır: “Vasif Talıbov da həmin ərazini İrana "hədiyyə" edib. Ona körpü lazım idimi? Axı İranla Naxçıvan arasında iki sərhəd-keçid məntəqəsi var. Hətta iddialara görə, qeyri-qanuni malların tranziti üçün gizli keçidlər də açıblar. Hər halda, ortada iddialar və reallıqlar var, Vasif Talıbov məhkəməyə çıxarılmalı, ona bu suallar verilməlidir. Məsələ öz hüquqi qiymətini almalıdır. Çünki torpaq kiminsə istəyi ilə hədiyyə oluna bilməz, referendum keçirilərək xalqın mövqeyi ifadə edildikdə mümkündür".