Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və H.Əliyev adına Hərbi İnstitutun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının və Hərbi Orkestrin konsert proqramı təşkil olunub.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, H.Əliyev adına Hərbi İnstitutun rəisi general-mayor Fizuli Salahov, C.Naxçıvamski adına Hərbi liseyin rəisi polkovnik Rəşad İbrahimov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, Bakı şəhər Hərbi prokuroru Fərid Şükürov, şəhid atası, Xalq artisti Əli Nur, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır:
“Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə əlimizdən gələni əsirgəməməli, ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbədən söhbət açan icra başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaqdır!”
Konsertdə Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri - Günay Qasımova, Elçin Məmmədov, Leyla Əliyeva, Xəyal Hətəmov, Oqtay Kazımi, VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizli, gənc ifaçı Ədilə Əliyeva, sevilən ifaçı Nurlan Ordubadlı tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. “Səma” rəqs ansamblının təqdim etdiyi rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Məşhur ifaçı Şəmistan Əlizamanlı tədbirin təşkilatçılarına təşəkkür edib, şəhidlərin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərə cansağlığı diləyib. Ş.Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim edib.
Şəhid atası, Xalq artisti Əli Nur Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib.
Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.