“14 iyul dövlətçilik tariximizdə çox önəmli bir gün, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi təqvimdir.  1969-cu ilin bu günü Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputat deyq edib ki, müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı:

 

“Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi.

Biz illər ərzində yanlış təbliğatın, bəzi müəlliflərin yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycana bütövlükdə ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev “dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar sualınıa cavab verməyi bacaran ilk və son lideri oldu.

Tarixdən bəllidir ki, Sovet hakimiyyətinin ilk illərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu.

Nə qədər qəribə olsa da SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü Sovetlərə bağlı nə varsa hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi KQB sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ NS sədrinin birinci müavini olanda da həmişə milli olub. Əks halda 1988-1989-cu ildə meydan hərəkatında olanlardan çox Heydər Əliyev məhrumiyyətlərə məruz qalmazdı.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Budur müstəqillik yolu, budur dirçəliş”.

 

Deputat 14 iyulun tariximizdə müstəsna rolunu nəzərə alaraq xüsusi rəsmi bir gün kimi qeyd olunmasını təklif edib. 

 

T.Qafarlı