Qələbəmizlə barışmayan kim qaldı?

12:59 07-11-2023 | icon 397 | Siyasət
Qələbəmizlə barışmayan kim qaldı?

Sabah-noyabrın 8-də 50 milyonluq Azərbaycan xalqı Zəfər Gününün üçüncü ildönümünü qeyd edəcək. Şəhidlərimizin canı, qazilərimiz və ordumuzun şücaəti hesabına 8 noyabrda Şuşanın azad edilməsi 10 noyabr 2020-ci ildə Ermənistanın məğlubiyyətini qəbul etməsi və üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, torpaqlarımızın Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu - 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

 

Bu zəfər sözsüz ki, həm də Azərbaycan xalqının birliyi, siyasi həmrəyliyi, müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında müqəddəs amal naminə sıx birləşməsi nəticəsində mümkün oldu. Vətən Müharibəsi zamanı bütün dünya bunu gördü, birliyimizin sarsılmazlığına əmin oldu.

 

Şübhəsiz, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Bunun qədrini hamılıqla yaxşı bilməliyik. Artıq buna da şübhə yox ki, Azərbaycan xalqı tarixdə qalib xalq kimi anılacaq.

 

44 günlük müharibədən sonra keçirilən lokal hərbi əməliyyatlar, nəhayət, 19-20 sentyabrda bir günlük antiterror tədbirləri ilə ərazimizdə erməni separatizminin kökü birdəfəlik kəsilmiş oldu. Separatçıların işğalındakı ərazilərimiz tam qaytarıldı. Artıq münaqişə başa çatıb. Azərbaycan öz suverenliyini bütün ərazilərində bərqərar edib.

 

Bəs qələbəmizi qəbullanmayan ölkə, paytaxt qaldımı? Yəqin ki, ən əvvəl Ermənistanın “böyük bacısı” Fransanın adını çəkmək lazım gəlir. Rusiya necə? Söyləmək olarmı ki, Moskva da konfliktin bitdiyi ilə barışıb və daha bizə pisliyi keçməz? Ümumiyyətlə, neçə ölkə və təşkilat halal qələbəmizi bu günədək “həzm edə” bilməyib və onların Azərbaycana hansı zərəri dəyə bilər? Bakı bundan sonra, xüsusən də gələn il nələri nəzərə almalıdır?

 

Ermənistanın məkrli Qərbi Azərbaycan planı - “erməni gedişi”nin  pərdəarxası...

 

“Yeni reallıqlar getdikcə daha çox ölkələr tərəfindən qəbullanmağa başlanır”

 

Politoloq Oqtay Qasımov bildirdi ki, 8 noyabr Zəfər Günü Azərbaycanın ən yeni tarixinin ən möhtəşəm hadisələrindən biridir.

 

O, qeyd edib ki, Azərbaycan 30 il erməni işğalı altında olan torpaqlarını azad etdi, işğala son qoydu və öz ərazilərində suveren hüquqlarını tam şəkildə bərpa etdi. Əlbəttə, 8 noyabr çox böyük gündür. Azərbaycan yeni reallıqlar yaratdı. Və bu reallıqlar getdikcə daha çox ölkələr tərəfindən qəbullanmağa başlanır:

 

“Son dövrlər diqqət etdiyimizdə hətta Fransanın özü belə, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə qəbul etdiyini söyləyir. Bu baxımdan götürdükdə yeni reallıqların qəbul edilməsi də kifayət qədər zaman apardı. Son dövrlərə qədər İranın bu məsələ ilə ilə bağlı neqativ davranışları var idi. Artıq İranın açıqlamalarında da müsbət istiqamətdə müəyyən dəyişiklikləri görməkdəyik. O ki qaldı Rusiyaya, Rusiya tərəfindən böyük ölçüdə bu reallıqlar qəbul edilib. Heç təsadüfi deyil ki, Rusiya prezidenti, o cümlədən Rusiyanın digər rəsmi şəxslərinin açıqlamalarında onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiklərini söyləyirlər. Doğrudur, bu açıqlamalarda Ermənistan cəmiyyətinə ünvanlanmış mesajlar da var, amma bununla bərabər hesab edirəm ki, Rusiya da böyük ölçüdə yeni reallıqları qəbul edib. Bu reallıqları hələ qəbul etməyən ölkələr də var. Bunların başında yenə Fransa gəlir.

Bəzi Avropa ölkələrində isə hələlik bununla bağlı suallar qalmaqdadır, ikili standartlar hələ də davam etməkdədir. Bir neçə gün öncə ölkəmizdə səfərdə olan Almaniya xarici işlər nazirinin də açıqlamasına diqqət etsək, ən azı bir-iki ay öncəki açıqlamalarından xeyli dərəcədə fərqləndiyini görə bilərik. Almaniyalı nazir İrəvanda da Bakıda da Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bəyan etdi. Yəni bunlar ciddi hadisələrdir".

 

Politoloq hesab edir ki, işğal dövrü bitdikdən sonra Azərbaycan daha böyük çağırışlarla qarşı-qarşıya qalıb və bunları da dəf etməkdədir:

 

“Qeyd etdiyimiz kimi, artıq dünyanın əksər ölkələri yeni reallıqları yavaş-yavaş qəbul etməyə başlayıblar. O ki qaldı gələcəkdə  Azərbaycan əleyhinə olacaq davranışlara, bunlar da gözləniləndir. Xüsusilə də Ermənistan üzərindən Güney Qafqaza soxulmağa çalışan Fransa bu məsələdə bizə hələ bundan sonra da problemlər yaratmaqda davam edəcək. Bu davranışlardan biri də vaxtı dəqiq təyin edilməsə də yaxın dövrlərdə BMT-də növbəti dəfə anti-Azərbaycan dinləmələrin keçirilməsi təşəbbüsüdür. Bundan sonrakı dövrdə Azərbaycana qarşı ən çox iki istiqamətdən təzyiqlər ediləcək. Birincisi, Qarabağ erməniləri məsələsi ilə Fransa, Ermənistan və digər onlara qoşulan ölkələr manipulyasiya etməklə Azərbaycana təzyiq etməyə çalışacaqlar. İkincisi, son dövrlər Qərb mətbuatında guya Azərbaycanın Ermənistanın cənubuna-Zəngəzura hücumunun olacağı təbliğatı aparılır. Bu, Azərbaycana qarşı təxribatdır və məqsəd beynəlxalq səviyyədə Azərbaycana qarşı təzyiq formalaşdırmaqdır. Türkiyə ilə rəqabətdə olan və Türk dünyasının inteqrasiyasını istəməyən dövlətlərin Azərbaycana qarşı təzyiqləri və qeyri-dost davranışları davam edəcək”.

  

Yusif Bağırzadə: "Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydə  alınması təqdirəlayiq haldır"

 

“Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün Ermənistandanı alət kimi istifadə edən ölkələr hələ də qələbəmizi həzm etməkdə çətinlik çəkir”

 

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad olunmasının sevincini, qürurunu yaşayır.

 

O, qeyd edib ki, cəmi 44 gün ərzində 30 il işğal altında qalmış ərazilərin düşməndən təmizlənməsi, Azərbaycan əsgərlərinin şücaəti dünya hərb elmi üçün böyük şücaətlik, yenilik nümunəsi oldu. Qələbədən keçən üç il ərzində bir çox proseslər baş verib:

 

“İşğaldan azad olunmuş ərazilərdə təmir-bərpa, quruculuq işlərinə start verilib. Dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz demək olar ki, sıfırdan yenidən tikilir. Olduqca iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq addımlar atılıb, "Böyük qayıdış Proqramı"nın icrasına başlanılıb. Bununla yanaşı, üç il ərzində suverenliyin bərpası istiqamətində də çox mühüm addımlar atılıb. Laçın sərhəd-gömrük məntəqəsinin qurulması ilə başlayan və bu ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirləri ilə başa çatan fəaliyyət nəticəsində bu gün ölkəmizin hər yerində müqəddəs bayrağımız dalğalanır. Artıq ərazilərimizdə nə erməni hərbi birləşmələri, nə də xunta rejimi deyilən hər hansı bir qurum yoxdur".

 

Y.Bağırzadə qeyd etdi ki, bu gün dünyanın bütün ölkələri, o cümlədən də Ermənistanın özü tərəfindən Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Amma buna baxmayaraq, Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyən, bu səbəbdən də möhtəşəm qələbəmizin yaratdığı reallıqları hələ də qəbul etmək istəməyən ayrı-ayrı dövlətlər də var:

 

 “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram deyib öz məqsədləri üçün, Cənubi Qafqaz maraqlarını təmin etmək üçün əsassız fikirlər irəli sürənlər də var. Əvvəl "Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil" deyib ərazilərimizə soxulmaq istəyənlər, indi də onların geri qayıdışı və təhlükəsizliyi üçün hansısa beynəlxaq mexanizmlərdən dəm vururlar. Bu ölkələrin başında isə Fransa gəlir. Fransa kimi dünyaya “ədalət və beynəlxalq hüquq dərsi” keçməyə cəhd edən bir ölkə Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün töhfə vermək əvəzinə açıq şəkildə separatizmi müdafiə etməklə məşğuldur. Afrikadan qovulan, dünyada nüfuzunu itirmiş Fransa üçün bu gün hər hansı ad altında Cənubi Qafqaza soxulmaq bir nömrəli vəzifəyə çevrilib. Bunu Avropa İttifaqının bəzi ölkələri, o cümlədən ABŞ, Kanada və digərləri haqqında da demək olar. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün Ermənistandan alət kimi istifadə edən ölkələr hələ də qələbəmizi həzm etməkdə çətinlik çəkirlər.

Bu gün hər nə qədər neytral mövqedə qaldığını nümayiş etdirsə də münaqişənin artıq tarixə çevrilməsi, ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini təmin etməsi rəsmi Moskvanın da bəzi maraqlarına cavab vermir. Belə ki, Rusiya münaqişənin başa çatmasını özünün maraqlarına təhdid olaraq görür. İlk növbədə ona görə ki, münaqişənin bitməsi sülhməramlı kontingenti müddət başa çatan kimi ərazilərimizi tərk etməsi məcburiyyətində qoyacaq. İkinci bir tərəfdən, münaqişə tərəflərinə təzyiq imkanları da əldən çıxıb ki, bu da Rusiyanı indiki mərhələdə narahat edir. Elə ona görə də Rusiya indi bütün imkanları ilə ərazilərimizi tərk etmiş ermənilərin bir hissəsinin geri qayıtmasına və onların təhlükəsizliyi bəhanəsi ilə ərazilərimizdə qalmağa cəhdlər edir.

Amma kimin nə deməsindən, hansı oyunlar oynamasından asılı olmayaraq hər hansı bir gücün bizi bir dövlət olaraq öz maraqlarımızdan geri çəkilməyə məcbur etməsi mümkün deyil. Azərbaycanın öz fəaliyyətini və atacağı addımları hansısa ölkənin istəyi ilə həyata keçirdiyi dövrlər artıq çox-çox uzaqlarda qalıb".

 

Ekspertin sözlərinə görə, indi ölkə olaraq üzərimizə düşən vəzifə, sərhədlərimizin möhkəmləndirilməsindən və sürətli şəkildə işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı həyata keçirməkdən ibarət olmalıdır: 

 

“Qarabağı könüllü tərk edən erməni əhaliyə qayıdıb-qayıtmayacaqlarını bəyan etmələri üçün konkret vaxt qoyulmalıdır. Biz uzun müddət ərzində onların nazı ilə oynamalı deyilik. Bundan sonra infrastrukturu yerində olan, yaşamaq üçün şərait olan ərazilərə, yəni Xankəndi və ətraf rayonlarda məskunlaşma həyata keçirilməldiir. Paralel olaraq müttəfiq ölkələrlə diplomatik fəaliyyət gücləndirilməli və xaricdən üzərimizə gələn təzyiqlərin neytrallaşdırılması üçün istər Avropa İttifaqı ölkələrindəki tərəfdaşlarımız, istərsə də digər dövlətlərlə birgə fəaliyyətin həyata keçirilməsi üçün addımlar atılmalıdır”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...