2024-cü ildə qüvvəyə minəcək QANUNLAR
Gələn il sosial-iqtisadi həyatımıza ciddi təsir göstərəcək qanunların qüvvəyə minməsi gözlənilir. Buraya hərbçilərin pensiya təminatı, Rəqabət Məcəlləsi, bank əmanətlərinin vergiyə cəlb olunması üzrə dəyişikliklər və digərləri aiddir.
Qüvvəyə minən hər qanun həyatımız üçün əhəmiyyətlidir. Maraqlıdır, 2024-cü ildə qüvvəyə minəcək qanunlar hansılardır? “Kaspi” qəzeti 2024-cü ildə qüvvəyə minəcək qanun layihələrini və onların mahiyyətini araşdırıb.
Dövlət büdcəsi
Dövlətin hüdudlarında yaşayan hər kəsi maraqlandıran əsas məqam dövlət büdcəsidir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Qanunu imzalayıb. Bununla gələn ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat məbləğində təsdiq edilib.
Yaşayış minimumu
Həmçinin, 2024-cü ildə ölkədə yaşayış minimumu da dəyişir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdi. Prezidentin imzaladığı "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən isə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Hərbçilərin pensiyası artırılır
Növbəti qüvvəyə minəcək qanun pensiya yaşı ilə bağlıdır. Belə ki, əsasən hərbçiləri əhatə edən məsələlərlə bağlı qanun layihəsi hazırlanıb. Dəyişikliyə əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
2024-cü ildə “yaşamağa başlayacaq”
Yeni ilin növbəti qüvvəyə minəcək qanunu dövlət satınalmaları ilə bağlıdır. "Dövlət satınalmaları haqqında" qanunun 2023-cü ilin iyulun 14-də imzalanmasına baxmayaraq, tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli mətbuata açıqlamasında bu qanunun 2024-cü ildə tətbiqinə başlanılacağı bildirib.
Utilizasiya haqqı
Növbəti ildə avtomobillərlə bağlı 2 qanun qüvvəyə minəcək. Birincisi, avtomobillərin idxalı məsələsidir. Belə ki, 2024-cü il yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq. İkinci vacib məqam isə sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlıdır. Belə ki, bununla bağlı müvafiq təlimata dəyişiklik edilib. Qərara əsasən, nəqliyyat vasitəsinin dövlət texniki baxışı keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqının sənədi də tələb ediləcək. Yəni texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Bu qərar fevralın 1-dən qüvvəyə minəcək.
Rəqabət Məcəlləsi də 2024-cü ildə qüvvəyə minəcək
Yeni ildə qüvvəyə minməsi gözlənilən önəmli qanunlardan biri də Rəqabət Məcəlləsidir. Məcəllə 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. 15 ildən çoxdur ki, müzakirə edilən sənəd nəhayət ki, parlamentdə qəbul edilib və 2024-cü il iyulun 1-də qüvvəyə minəcək. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.
Vergi yükü azaldılacaq?
2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklər də qüvvəyə minəcək. Belə ki, vergi güzəştlərinin müddətləri artırılıb. Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub. Eyni zamanda sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi nəzərdə tutulub.
Bu xidmətlər vergidən azad edilir
2024-cü ilin növbəti dəyişikliyi banklarda əmanətləri olanlarla bağlıdır. Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası dəyişir. Belə ki, yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycandakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi üç il müddətinə vergidən azad edilir. Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub. Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"