Prezidentin təbrik çıxışındakı qürur, əzəmət...
Könül İsmayılova: "Cənab İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir!"
"Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətindəki qüruru, əzəmət bir azərbaycanlı olaraq məndə xoş təəsürat yaratdı. Həmin an Ümummilli liderimiz Heydər Əliyevin sözlərini xatırladım – “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” Düşünürəm ki, həmin an bu sözlər Azərbaycanını sevən, dövlətinə sadiq hər bir azərbaycanlımızın fikrindən keçib. Ulu öndər bu sözlərə elə bir möhür vurub ki, onu səsləndirərkən ilk yada düşən o olur".
Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətini şərh edərkən deyib.
K.İsmayılova qeyd edib ki, İlham Əliyev sözügedən çıxışında 2023-cü ilin hesabatı kimi görülən işlər, qazanılan uğurlar, əldə edilən zəfərlərdən danışıb:
"Bütün bunlara gedən yollar bir-bir vərəqləndi, gözlərimiz önündə yenidən canlandırıldı. Son akkordumuz isə 1 günlük antiterror əməliyyatı ilə ərazilərimizin bütövləşməsi, dövlət suverenliyimizin bərpası oldu. Bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı.
Artıq Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, 5 minə yaxın keçmiş köçkün artıq öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə də keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Cənab Prezidentin il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqları ilə bağlı söylədikləri də sevinclə qarşılandı. Çünki Xocalı və Xankəndi bizim üçün ən həssas məsələ idi. Bu gün o narahatlığımız da artıq yoxdur".
K.İsmayılova Prezident İlham Əliyevin 2024-cü ildə hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını, həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacağı fikrinə diqqət çəkib:
"Onun sözlərinə görə, beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq. Cənab Prezidentin 2024-cü illə bağlı qarşıda duran böyük işləri diqqətə çatdırması o demək idi ki, biz Azərbaycan dövləti olaraq əldə etdiyimiz uğurlarla kifayətlənmir, daim irəli getməkdə qərarlıyıq. Ölkəmizin güc dövləyləri ilə yanaşı durması əldə etdiyimiz bu uğurların böyüklüyündən, sanballığından asılıdır. Bizim gücümüzü, əzəmətimizi hələ çox görəcəklər. Və sonda onu demək istəyirəm ki, cənab İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir!"
PƏRİ
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"