Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisi ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsi məlumat yayıb.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn prezident seçkisini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.
Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.