Prezident bunu rəsmən ELAN ETDİ

09:52 16-02-2024 | icon 279 | Siyasət
Prezident bunu rəsmən ELAN ETDİ

100 illik xəyal gerçəkləşir

 
 
 
 
 
 

TURAN RZAYEV
/politoloq/

 

 

Fevralın 14-də Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi, habelə çıxışı diqqətçəkən məqamlarla yadda qaldı.

 
 
Ölkə başçısının çıxışında qarşıdakı hədəflər, siyasi kurs, Azərbaycanın xarici siyasətindəki yeniliklər, habelə yeni dövrün reallıqları və bu reallıqlara adaptasiyaya dair konkret məqamlar əks olundu.
 
 

Separatçıların tabutuna vurulan son mismar

 
 
Prezidentin çıxışında ilk diqqətçəkən məqam Xankəndidə səs verməsi ilə bağlı dedikləri oldu:
 
“Xankəndidə qutuya atdığım bülleten sadəcə bülleten deyildi, bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
 
 
Bu, Azərbaycanın siyasi ədəbiyyatına düşəcək tarixi sözlərdir. Ümumiyyətlə, Prezidentin dediyi kimi, o, nəyi nə zaman, harada edəcəyini yaxşı bilir. Diplomatiya və sətiraltı verilən mesajda usta olan Prezidentin Xankəndidə səs verməsi də təsadüfi ola bilməzdi.
 
 
30 ildən artıq separatçıların şər yuvasına çevrilən Xankəndinin siyasi baxımdan təmizlənməsinə, habelə tarixi bir motiv qazanmasına ehtiyac vardı. Prezidentin Xankəndidə atdığı bülleten həm də bu baxımdan önəmli idi. Verilən mesaj açıqdır: Separatizm, işğal bitti!
 
 
Xankəndinin timsalında yeni bir Azərbaycan qurulur – İlham Əliyev həm də bunun mesajını verdi:
“İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq”.
 
 
İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlət başçısı qeyd edib:
 
“Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.
 
Həqiqətən də 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu vəddən 15 il sonra – 2018-ci ildə inaqurasiya mərasimində Prezident İlham Əliyev torpaqlarımızın azad ediləcəyini və separatizmə son qoyulacağını yenidən bildirdi. Əslində, bu, təsadüfi deyildi. Geridə qalan 15 il ərzində ordu sahəsində, siyasi-diplomatik arenada çox işlər görülmüş, yekun hədəf, hazırlıqlar bitmişdi. 2 ildən sonra, yəni 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Beləcə Əliyev həm ata vəsiyyətini yerinə yetirdi, həm də vədini tutdu.
 
 

Konstitusiya dəyişməlidir!

 
 
Prezident çıxışı zamanı qeyd edib ki, “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.
 
Aydın məsələdir ki, ölkə başçısı “Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa deyərkən” bir müddətdir aktual olan konstitusiya dəyişikliyindən bəhs edir. Ermənistanın mövcud konstitusiyasında və müstəqillik bəyannaməsində, habelə dövlət atributlarında Azərbaycana, hətta Gürcüstan, Türkiyəyə qarşı ərazi iddiaları var. Bunlar mütləq şəkildə aradan qaldırılmalıdır. Bu həm də o baxımdan vacibdir ki, gələcəkdə Ermənistan sülhə dair götürdüyü öhdəliklərdən konstitusiyanı bəhanə edib yayınmasın.
 
İ.Əliyev açıq mesaj verir ki, bu dəyişiklik baş verməsə, sülh olmayacaq. Sülhün olmaması isə regionda eskalasiya riskini artırır. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bunu Prezident də çıxışı zamanı qeyd edib. Lakin təxribatlara ya da xarici ölkələrin təhriki ilə Ermənistanın atacağı destruktiv addımlara Bakı səssiz qalmayacaq.
 
“Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizimlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, – dövlətimizin başçısı vurğulayıb.
 
 

Regional gücdən qlobal aktora

 
 
Qarabağ münaqişəsinin bitməsi, işğalın sonlanması Bakının regional gücdən qlobal aktor kimliyinə keçidini vacib edir. Təsadüfi deyil ki, Prezident çıxışı zamanı “islamofobiyaya, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq” dedi. Prinsip etibarilə Qoşulmama Hərəkatına sədrlik müddətinə rəsmi Bakı bu prosesə başlayıb.
 
İstər pandemiya ilə bağlı qeyd etdiyi vaksin milliyyətçiliyi, istərsə də təşkilatda, xüsusilə ikinci və üçüncü dünya ölkəsi kimi tanınan, illərdir haqq səsini duyura bilməyən ölkələrə platforma tanınması Əliyevin ciddi bir missiyanı üzərinə götürdüyünü göstərir.
 
İ.Əliyevin “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar” sözləri isə açıq xəbərdarlıqdır. Bu xəbərdarlığın birdən çox ünvanı olsa da, hazırda islamofobiya və nekolonalizmin bayraqdarı məhz Fransadır. İ.Əliyev Fransanın timsalında neokolonializm və islamofobiyaya müharibə açdığını elan etmiş oldu.
 
 

Türk dünyasına çağırış

 
 
Prezidentin çıxışında diqqətçəkən digər məqam türk dünyası ilə bağlı dedikləridir:
 
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”.
 
Ümumiyyətlə, türk dünyasının hərbi-siyasi-iqtisadi baxımdan bir güc halına gəlməsi illərdir qurulan plandır. Əliyev bu layihənin reallaşması üçün əlindən gələni edir. Bakı üçün türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi və TDT-nin güclənməsi prioritetdir.
 
Prezident qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.
 
Nəticə etibarilə Prezidentin andiçmə mərasimində dedikləri həm müvafiq mərkəzlərə xəbərdarlıq, həm də tərəfdaş müttəfiqlərimizə çağırışdır. Bakı fərqindədir ki, artıq onun üzərinə Qarabağ məsələsi ilə gələ bilməyəcəklər. Təzyiqlərin dozası və motivi dəyişir. Rəsmi Bakı yeni növ hücuma qlobal səviyyədə hazırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...