“Fransanın demokratiyaya, ümumbəşəri dəyərlərə hörməti yoxdur"

13:04 18-05-2024 | icon 496 | Geopolitika
“Fransanın demokratiyaya, ümumbəşəri dəyərlərə hörməti yoxdur"

Bəhruz Məhərrəmov: “Fransa 30 il mövcudiyyətini qorumuş separatizm ocağının kökünü qazımış dövlətdir”

 

“Fransanın nə demokratiyaya, nə insan haqlarına, nə bütövlükdə ülvi, ümumbəşəri dəyərlərə hörməti yoxdur. Makron rejimi bu davranışları ilə artıq qlobal dünyada bəşəri dəyərlər adına təhdid yaratmaqdadır. Bu gün ümumbəşəri dəyərlərə sadiq olan, həmin dəyərlərə hörmətlə yanaşan bütün beynəlxalq subyektlər artıq Fransanı dayandırmağa qlobal vəzifə kimi baxmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrrəmov Fransanın Yeni Kalidoniyada apardığı imperialist siyasəti ilə bağlı şərhində bildirib.

 

B.Məhərrəmov hesab edir ki, Yeni Kaledoniyada Fransa zülmü əleyhinə baş verən iğtişaşlara cavab olaraq fransız ordusunun adaya yeridilməsi, 20-yə yaxın insanın öldürülməsi, 200-dən çox yaralının olması, kütləvi həbslər, tətbiq olunan qanunsuz və ağır şərtli komendant saatı, həmçinin Fransa təhülkəsizlik qüvvələrinin yerli kanak xalqına qarşı məhz fransız olmadıqları üçün həyata keçirdiyi zorakılıqla müşahidə olunan təqib birmənalı şəkildə soyqırımdır.

 

Deputat Yeni Kalidoniya xalqına qarşı baş verənlərin 9 dekabr 1948-ci il Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırım olduğunu əsaslandırıb:

 

“Konvensiyaya görə hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərinin qismən və ya qismən məhv etmək məqsədilə öldürülməsi, bədən xəsarəti və ya ruhi zərər vurma, tamamilə və ya qismən fiziki məhv edilməsi üçün nəzərdə tutulmuş bu cür yaşayış şəraitinin hər hansı bir qrupu üçün qəsdən yaradılması soyqırım hesab edilir. Bu gün Fransanın kanaklara qarşı siyasəti məhz qeyd olunan cinayətlərdə ehtiva olunur və Fransanın təcavüzkar mahiyyətini ortaya qoyur. Üstəlik, Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün ciddi informasiya blokadası tətbiq etməklə vəziyyəti daha da ağırlaşdırır. Artıq adada xüsusilə populyar olan və etirazçıların əsas silahına çevrilmiş "TikTok" sosial şəbəkəsinə çıxış bloklanıb, habelə digər vəhşilik və qırğınların gizli qalması üçün komendant saatının şərti kimi heç bir lüzum olmadan bütövlükdə internetin kəsilməsinə hazırlıq gedir. Lakin  BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi törədilən qırğınlar barədə üzv ölkələri məlumatlandıraraq Fransanı ifşa edib”.

 

B.Məhərrəmov Fransa hökumətinin uzun illərdir Korsikanın dənizaşırı ərazilərinə qədər bütün müstəmləkələrində istilanı əbədiləşdirmək üçün cinayətkarcasına məcburi assimilyasiya tədbirləri həyata keçirdiyini qeyd edib:

 

“Kanakların tam assimilə olunaraq sıradan çıxması üçün kənardan adaya minlərlə miqrant qanunsuz yolla yerləşdirilərək həm yerli sakinlər sıxışdırılır, həm də miqrantlara səs hüququ verilərək işğalı davam etdirmək üçün Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək planının icrasına başlanıb. Fransa hökuməti miqrantlara səs hüququ verməklə əslində müstəqillik tərəfdarı olan kanakların səsini və milli kimliyini boğmağı hədəfləyir. Bir sözlə, Paris Yeni Kaledoniyada nümayiş etdirir ki, Fransa demokratik yola deyil, zor gücünə üstünlük verir və bu ölkənin demokratiya, insan haqları adına bəyanatları yalnız göstəriş xarakteri daşıyır".

 

Deputat uzun bir dövr ərzində Fransanın müstəmləkə siyasətinə, törətdiyi çoxsaylı qırğınlara dur deyən, bu cinayət əməllərinə layiqli qiymət verənlərin olmadığımna təəssüfla yanaşıb:

 

“Yalnız Qoşulmama Hərəkatının rəhbəri qismində Prezident cənab İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının konfransında ilk dəfə olaraq Fransanın müstəmləkə cinayətlərini ifşa edərək, bu ölkəni üzr istəməyə və aidiyyəti şəkildə törətdiyi əməllərin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətə çağırıb. Fransa isə bu reallıqları qəbul etməkdənsə, yenidən radikallaşaraq istər öz müstəmləkələrində, istərsə də yeni maraq dairəsinə daxil olmuş Cənubi Qafqaz kimi regionlarda davamlı şəkildə təxribat fəaliyyətlərini intensivləşdirmişdi. Son dövrlər Fransa rəsmiləri, xüsusən də bu ölkənin daxili işlər və dənizaşırı ərazilər naziri Jerard Darmani Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmalara görə məsuliyyəti xarici qüvvələr, o cümlədən Azərbaycanın üzərinə atmağa cəhd göstərməkdə, xüsusən ölkəmizi separatizmə dəstək verməkdə təqsirləndirməkdədir. Əlbəttə, Azərbaycan xarici işlər nazirliyinin də ifadə etdiyi kimi, biz bu böhtanları rədd edirik. Təxribatçı Darmaniyə xatırlatmaq istəyirik ki, Azərbaycan 20-ci və 21-ci əsrlərdə separatizmə qarşı ən effektiv mübarizə ortaya qoymuş və Cənubi Qafqazda artıq möhkəmlənmiş və Fransanın özünün dəstəyi ilə 30 il mövcudiyyətini qorumuş separatizm ocağının kökünü qazımış dövlətdir. Əksinə, Fransa özü uzun müddət Cənubi Qafqazda separatizmə dəstək verib, o cümlədən Qarabağda 2023-cü ilə qədər separatçıların həyata keçirdiyi bir çox cinayətlərin altında məhz Fransanın qanlı imzası var. Çox təəssüflər olsun ki, BMT başda olmaqla, bir sıra təşkilatlar, o cümlədən insan haqlarının müdafiəsi istiqamətində formalaşdırılmış, əslində isə kollektiv Qərbin təzyiq aləti kimi istifadə etdiyi təsisatlar hələ də bu prosesdə susur. Lakin Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının rəhbəri kimi, hazırda isə müasir dövrün yeni reallıq yaradıcılarından biri kimi bu prosesin önündədir. Hər kəs anlamalıdır ki, Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaqla bərabər, həm də ümumbəşəri dəyərlərin qorunması istiqamətində öz səylərini bundan sonra da davam etdirəcək”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI