“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”
Hafiz Hacıyev: “Cənab İlham Əliyev qızıl hərflərlə yazılmış bu tarixə öz möhürünü vurub”
Bu gün ölkəmizdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər günü və 9 Noyabr – Azərbaycan Bayrağı günü qeyd edilir. Belə bir bayram əhval-ruhiyyəsi fonunda ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək.
Bütün bunlarla bağlı Versus.Az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bir çox nüanslara diqqət çəkib.
- Hafiz müəllim, bu gün Zəfərimizin 4-cü ilidir. Bu möhtəşəm tarix haqqında nə deyərdiniz?
- 8 noyabr - Zəfər günü bir tarixi andır. Bu tarixi günün yetişməsində ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olub. O zamanında həmişə deyirdi ki, biz Şuşada bayrağımızı qaldıracağıq. Onu bu arzusuna çatdıran cənab president İlham Əliyev oldu. İlham Əliyevin mətanətliyi, onun gücü, əzmkarlığı, iradəsi olmasaydı bu gün Zəfər günümüz də olmazdı. 30 ildən artıq idi ki, Qarabağ həsrətində idik, ərazilərimiz erməni işğalçıları tərəfindən işğal edilmişdi. Bu gün bizə “ağıl öyrətmək istəyən” bəzi dövlətlərin laqeydliyi, görməzdən gəlməzliyindən torpaqlarımız bu qədər uzun müddət işğalda qalmışdı. Nəhayət Ali Baş Komandanımızın özünün siyasi iradəsi, siyasi partiyaların, xalqın onun yanında durması və silahlı qüvvələrimizin şücaəti ilə yaranan dəmir yumruqla 44 gün ərzində erməni işğalına son qoyuldu, üçrəngli bayrağımız tarixi torpaqlarımızda dalğalanmağa başladı. Düşünürəm ki, bu gün fəxr və qürurla qeyd etdiyimiz Zəfər gününü daha yüksək tribunalarda dünya dövlətlərinə çatdırmalıyıq. Əlbətdə ki, bu müqəddəs yolda şəhidlərimiz oldu, onların canı bahasına qələbələrə nail olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, sağlığını itirən döyüşənlərimizə, qazilərimizə cansağlığı arzulayıram. Qazilərimizə, şəhid ailələrinə yalnız dövlətimizin deyil, hər birimizin qayğımız yüksək səviyyədə olmalıdır.
- 9 noyabrda isə Azərbaycanda Bayraq günüdür. Ümumiyyətlə, bayrağı güclü edən, yüksəklərdə tutan, sevdirən nədir?
- Öncə onu deyim ki, beynəlxalq təşkilatların əllərində alətə çevrilmiş qüvvələrin ölkəmizdə zərərsizləşdirilməsində sədri olduğum Müasir Müsavat Partiyasının rolu çox olub. Xatırlayırsınızsa, bizim “Müasir Müsavat” qəzetimiz də bu yöndə geniş fəaliyyət göstərib. Deməyim odur ki, dövlətimizin həyata keçirdiyi bu kimi siyasi proseslərdə bütün siyasi təşkilatların da rolu olmalıdır. Amma görünən odur ki, hər zaman partiya olaraq xəyanətlə üzləşdik. Mən dörd dəfə prezidentliyə namizəd olduğum dövrlərdə beynəlxalq təşkilatların əlində oyuncağa çevrilmiş qüvvələrlə mübarizə işlərində tam mərkəzdə olmuşam. Hansı qüvvələrin kimə işləməsi və bayrağımıza necə xəyanət etməsi göz önündədir. Bunu kim bilməsə də mən çox gözəl xatırlayıram.
Sözsüz ki, dövlət atributlarımızdan biri olan üzrəngli bayrağımızın bu gün könüllər oxşayan bir səviyyəyə gətirilməsində cənab Prezidentimizin, Ali Baş Komandanımızın böyük xidmətləri var. Cənab İlham Əliyev hakimiyyətə gələndən sonra dövlət bayrağımıza diqqət daha da artırıldı. Bu gün bunu bəzi qüvvələr danmaq istəyir, amma bu düzgün deyil, hər şeyin öz qiymətini verməliyik. Bu gün bayrağımızın nəinki işğaldan azad etdiyimiz torpaqlarımızda, elə təkcə Xankəndidə dalğalanmasının özü böyük məna daşıyır. Bu, insanlarımıza, xüsusən də gənclərimizə ruhverici təsir bağışlayır. Siyasətdə olan gənclərimiz və gələcək nəsil bu tarixi anları, Prezidentimiz azad edilən şəhərlərimizdə bayrağımızı öpüb yüksəyə qaldırdığı o tarixi anları unutmayacaqlar. Bütün bunlar qızıl hərflərlə yazılmış bir tarixdir və bu tarixə öz möhürünü vuran ölkə prezidenti İlham Əliyev olub.
Mənim bu işdə xidmətlərim də göz önündədir. Yəni ölkə başçımızın üstünə xaricdən kısqırdılan qüvvələri zərərsizləşdirilməsində mənim xidmətlərim olub. O cümlədən hakimiyyət daxilində bayrağımızı istəməyən, Azərbaycan dövlətçiliyinin bu günə gəlib çatmasını istəməyən qüvvələr vardır ki, onların da zərərsizləşdirilməsində böyük xidmətlərim olub. Belə xain qüvvələrlə mübarizə aparmaq asan məsələ deyil. Yəni bunların hamısı tarixdir və bu tarixi unuda bilmərik.
- Bu gün Azərbaycan bayrağının əvvəlki illərlə müqayisədə kənd və şəhərlərdə daha çox görünməsi bizə nəyi anlatmış oldu?
- Uğrunda qanlar tökülən bu üçrəngli, aylı-ulduzlu bayrağımızın bu gün yalnız ölkəmizdə deyil, ölkə hüdudlarında da dalğalanması bizləri qürurlandırmaya bilməz. Təəssüflər olsun ki, bunun əhəmiyyətini bilməyən qüvvələr də var, çalışırlar ki, Zəfərə gətirən işlərin üzərinə kölgə salsınlar. Bizim bu Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz. Təbii ki, problemlərimiz də var, bunları danmırıq və zaman-zaman həllini tapacaq. Amma bu düzəlməsi mümkün olan problemləri ölkə başçısının ölkəmizə, xalqımıza qazandırdığı uğurları kölgələmək üçün qabartmaq düzgün deyil, haqsızlıqdır. Belə qüvvələr dövlətin içində olub, üzdə bir söz, daldada başqa söz deyənlərdir. Bütün bunlara baxmayaraq, biz MMP olaraq hər zaman dövlət başçımızın yanında olmuşuq. MMP hər zaman dövlətçiliyi qoruyan bir partiya olub, bu gün də bu missiyanı yerinə yetirir. Yəni biz Azərbaycan dövlətinə, Azərbaycan prezidentinə qarşı çıxan qüvvələrlə mübarizədə həmişə öndə olmuşuq, öndə də olacağıq. Düzdür, indi çoxları çalışır ki, bizi də öz qərəzli əməllərinə çəksinlər, amma bu mümkün olan deyil. Və partiyamızın götürdüyü bu kursdan dönməyə istəyi də yoxdur. Ölkəmiz bu gün çətin dövrlərdən keçir və belə bir zamanda siyasi qüvvələr olaraq hamımız prezidentin ideoloji işində birləşməliyik. Bu dövlət bizimdir, onu qorumaq da təkcə prezidentin vəzifəsi deyil, hamımızın borcudur və daxildə milli birliyimizi pozmaq istəyənlərə imkan verməyəcəyik. Şəxsən bizim partiyada dövlətimizin müdafiəsi, prezidentimizin yanında olmaq, bayrağımıza münasibətlə bağlı təbliğat-təşviqat işləri aparılır. Gün ərzində yüzlərlə insanla görüşürük və ölkə prezidentinin gördüyü işləri, siyasi kursunu təbliğ edirik. Bunu özünün xüsusi əhəmiyyəti var. Yəni bu gördüyümüz işlərin tam əksini etsək, mənfi təbliğat aparsaq, biz də olarıq o xaricdəki mənfurların, yaxud daxildə hakimiyyətin müəyyən qollarında olan pozucu qüvvələrin tayı. Amma biz buna getməyəcəyik. Görüşdüyüm partiya sədrləri ilə müzakirələrdə də həmişə deyirəm ki, xırda inciklikləri kənara qoyub, prezidentin ətrafında birləşməliyik. Bu gün Avropa İttifaqı əsassız ittihamlarla Azərbaycanın üstünə gəlir, belə bir zamanda dövlətimizin qarşısında məsuliyyətimizi dərk etməli, cənab İlham Əliyevin tutduğu siyasi kursu dəyərləndirməliyik.
- Hafiz müəllim, bu gün Azərbaycan daha bir tədbirə ev sahibliyi edəcək. Sizcə, COP 29-un ölkəmiz ücün əhəmiyyəti nədir?
- Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi yalnız ölkəmiz üçün deyil, eyni zamanda Cənubi Qafqaz üçün önəmli hadisədir və mühüm tarixi əhəmiyyət kəsb edir. Bu böyük bir məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməliyik, eyni zamanda yaxşı nəticələrin əldə olunmasına da öz töfhəmizi verməliyik. Cop 29-un ölkəmiz üçün əhəmiyyəti böyükdür. 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, nazirlər, 3 mindən çox dünyanın aparıcı media təmsilçiləri ölkəmizdə olmaqla bizim iqlim müzakirələrinə liderlik etmək, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəmizlə tanış olacaqlar.
Müxalifət də olsaq, bu reallığı görməli, qiymət verməliyik, elə hər şeyə qara deyə bilmərik axı. Azərbaycan prezideti ölkəmiz üçün bu qədər işlər görür, onun işlərinə kölgə salmaq reallığı danmaqdır. Mən siyasi partiya liderləri ilə görüşlərdə də deyirəm ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən COP 29-da ölkə prezidentinə hərtərəfli kömək etməliyik. Biz MMP olaraq COP 29-un Azərbaycanda keçirilməsini alqışlayırıq, bu yöndə təbliğatımızı aparırıq. Cənab İlham Əliyevin siyasi kursunu yüksək qiymətləndiririk, bu yöndə partiya daxilində və xalq arasında geniş təbliğat-təşviqat işləri aparırıq. Biz imkan verməməliyik ki, xalqla dövlət başıçısı arasında olan münasibətlər pozulsun. Nə qədər ki, Hafiz Hacıyev var, bu münasibətlərin pozulmasına imkan verilməyəcək. Mən bunları deyəndə mənim üçün ağır olur, tənqidlərə məruz qalıram. Amma mənim bir sifətim var və ömrümün axırına qədər də ölkə prezidentinin tək özünü müdafiə edəcəm.
Sonda fürsətdən istifadə edib saytınız vasitəsilə Prezident, Ali Baş Komandan İlham Əliyevi Zəfər günümüz, Bayraq günümüz münasibətilə təbrik edirəm və COP 29 tədbirində uğurlar arzulayıram.
A.Zeynallı
versus.az
Xəbər lenti
İlham Əliyevdən Qərbə MESAJ
"Dünya Bakıda toplaşıb və biz “Azərbaycana xoş gəlmisiniz!" deyirik"