Vaşinqton İranı atəş altında saxlamaq istəyir

09:23 08-06-2019 | icon 402 | Dünya
Vaşinqton İranı atəş altında saxlamaq istəyir

ABŞ və Fransa hökumətləri İranın nüvə proqramı mövzusunda həmfikirdir.

Versus.Az xəbər verir ki, bu barədə açıqlama iyunun 6-da Fransa prezidenti Emmanuel Makronla ABŞ dövlət başçısı Donald Tramp arasında görüş zamanı verilib.

 

İkinci Dünya savaşında Normandiyaya qüvvə çıxarılmasının ildönümü ilə bağlı bir araya gələn liderlər İran mövzusunu da müzakirə ediblər. Makron bildirib ki, Vaşinqtonla Parisin ortaq hədəfi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Fransa prezidenti deyib ki, bunun üçün yeni beynəlxalq nüvə danışıqları başlamalıdır.

 

Qeyd edək ki, iyunun 12-14-də Yaponiyanın baş naziri Şinzo Abe İrana səfər edəcək. Bu, İranda İslam inqilabının baş verdiyi tarixdən bu yana ilk hadisə olacaq. 41 ildən sonra Tehrana səfər edəcək Yaponiya baş nazirinin gündəmindəki əsas mövzu İranın nüvə proqramı və ABŞ-İran gərginliyidir. Yaponiya baş naziri İran prezidenti Həsən Ruhani və ali dini lider Əli Xameneyi ilə görüşəcək.

 

Yaponiya və İran arasında ciddi iqtisadi əlaqələr mövcuddur. ABŞ hökuməti ötən ilin noyabrında İrandan neft alması üçün güzəşt tanıdığı 8 ölkədən biri də Yaponiya olmuşdu. Baxmayaraq ki, Yaponiya regionda ABŞ-ın əsas müttəfiqi hesab olunur, bununla Tokio Vaşinqtonun təzyiqlərinə müqavimət göstərib, İrandan neft almağa davam edəcək. İran və ABŞ arasında vasitəçilik təklifini isə Yaponiya baş naziri özü irəli sürüb və ABŞ prezidenti ötən ayın sonunda Tokioya səfəri zamanı bu təklifi dəstəkləyib.

USA İran ile ilgili görsel sonucu

Yeri gəlmişkən, iyun ayında Almaniyanın xarici işlər naziri Heiko Maas da İrana səfər edəcək. Almaniya XİN rəhbəri İranla yanaşı İordaniya və BƏƏ-yə də gedəcək. O da bildirilir ki, səfər həm də Fransa və Britaniya ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək. Ehtimal ki, Yaponiya baş naziri və Almaniya XİN rəhbəri yaranmış gərginliyi müəyyən qədər yumşaltmaq və İran tərəfinin tələb etdiyi şəkildə nüvə anlaşmasının qorunması, yaxud tərəfləri qane edəcək formada yenilənməsi ilə bağlı Tehranla müzakirə aparacaq. Ancaq rəsmi Tehran nüvə anlaşmasının yenilənməsinə qarşı olduğu və yalnız köhnə anlaşmaya geri dönüləcəyi və İrana qarşı embarqoların ləğv olunduqdan sonra Vaşinqtonla danışıqların ola biləcəyini açıqlayıb. Ancaq istənilən halda, Yaponiyanın danışıqlar prosesinə qatılması İran-ABŞ gərginliyinin müharibə həddinə çatması ehtimalını zəiflədir.

Məlum olduğu kimi, may ayında Fars körfəzində vəziyyət gərginləşib. İran nüvə anlaşmasından çıxa biləcəyini elan edib. Vaşinqton isə körfəzə əlavə hərbi qüvvələr - gəmilər, təyyarələr və “Patriot” sistemləri göndərib. Pentaqon bu qərarı ABŞ-ın bölgədəki maraqları və qüvvələrinə hücum hazırlaması ilə bağlı xəbərlərlə izah edib. Mayın 12-də isə körfəzdə ikisi Səudiyyə Ərəbistanına, biri Norveçə, biri isə BƏƏ-yə məxsus 4 tanker hücuma məruz qalıb.

Qəzanın araşdırması ilə bağlı ortaq komissiya yaradılıb. Araşdırmaların davam etdiyi bir vaxtda ABŞ prezidentinin müşaviri Con Bolton körfəzdə tankerlərə hücuma görə İranı ittiham edib. Rəsmi Tehran isə ittihamları rədd edib.

BBC-nin məlumatına görə, Oman körfəzində tankerlərə hücumla bağlı BƏƏ hökumətinin yaratdığı komissiyanın hazırladığı yekun hesabat BMT-yə təqdim olunub. Hesabatda hücumun “inkişaf etmiş və koordinasiyalı” formada həyata keçirildiyi, hadisənin arxasında bir dövlətin olduğu qeyd edilsə də, həmin dövlətin adı yazılmayıb. Hesabatda qeyd olunur ki, tankerlərə hücum katerlər vasitəsilə edilib. Eyni zamanda qeyd olunub ki, təxribatçılar BƏƏ sahil sularına daxil olmaları üçün “inkişaf etmiş müşahidə sistemlərinə sahib olublar”.

Hesabatda qeyd olunur ki, hücum katerləri ilə gələn dalğıclar tankerlərin gövdəsinə partlayıcı yerləşdirib. Bu partlayıcılar tankerlərə ciddi xəsarət yetirsə də, böyük miqyasda partlayışa səbəb olmayıb.

 

BƏƏ-nin hesabatında ad çəkilməsə də, işarələr İranı göstərir. Görünür ki, BƏƏ İranın ciddi təpkisi ilə qarşılaşmamaq üçün hesabatda konkret ad çəkməyib. Lakin aydın məsələdir ki, bu hesabatdan sonra İrana hücumlar artacaq. Bolton hələ istintaqın davam etdiyi vaxt açıq şəkildə bu hücuma görə İranı ittiham etdi. İndi isə ad çəkilməsə də, hesabat İrana işarə edir. Və Trampın “şahin” komandası bu hesabatdan İrana qarşı yetərincə istifadə etməyə çalışacaq. Lakin diqqəti çəkən odur ki, ABŞ prezidenti indi İranla müharibə ritorikasının tərəfdarı deyil. Baxmayaraq ki, sonuncu Avropa turu zamanı Tramp İranı müharibə ilə hədələyərək hərbi əməliyyatların gündəmdə olduğunu bildirib.

Görünən odur ki, Vaşinqton İrana qarşı müharibə başlatmasa da, gərgin atmosferi davam etdirəcək. Bu vəziyyət həm də Vaşinqtona Yaxın Şərq münaqişəsinin həlli üçün əlverişlidir. Çünki iyunun sonunda Bəhreyndə Trampın kürəkəni Kuşnerin Fələstin münaqişəsinin həlli planı müzakirə olunacaq. Lakin planın elanı isə sentyabra qalıb. Ən pis halda planın sentyabrda elan olunmasına qədər İranın belə demək mümkündürsə başının özünə qarışması lazımdır. Çünki hər kəsə aydındır ki, Fələstin və Livanda silahlı müqavimət qruplarını dəstəkləyən İrandır. Kuşnerin planının icrası qarşısında əsas maneə də məhz bu silahlı qruplar. Yəni Həmas, “İslami Cihad”, Hizbullah kimi silahlı qruplar olacaq. Bu mənada indi Yaxın Şərqdə gərgin atmosferin davam etməsi, İranın təzyiq altında saxlanılması Vaşinqtonun bütün hallarda maraqlarına uyğundur. Vaşinqton bir tərəfdən Avropa və Yaponiya vasitəsilə yumşalma görüntüsü yaradır, digər tərəfdən isə İranı hədəfə alan və bölgədə gərginliyi yüksəldən hərəkətləri davam etdirir. İndiki şərtlərdə bu, Vaşinqton üçün ən uyğun variantdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ