“Çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir”
Qənirə Paşayeva: “Qanunların icrasına ciddi nəzarət edilməli, nəzarət mexanizmləri qurulmalıdır”
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə uşaqlar və gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməsindən danışıb.
Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında deyib ki, uşaqlar və gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməli, nəzarət mexanizmləri qurulmalıdır.
Millət vəkili bildirib ki, 18 yaşına çatmamış uşaqlara siqaret və tütün məmulatlarının satışı qanunla qadağan edilməsinə baxmayaraq, demək olar ki, hər yerdə siqaret, tütün məmulatları satılır:
“Qanunda siqaret və tütün məmulatlarının satış obyektlərinin məktəblərdən hansı məsafədə yerləşməli olduğu ilə bağlı tələbin olmasına baxmayaraq, demək olar ki əksər məktəblərin çox yaxınlığında siqaret və tütün məmulatları satılır. İctimai, qapalı yerlərdə siqaret və tütün məmulatlarından istifadənin qadağan edilməsi, məhdudlaşdırılması haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlər var. Az sayda ictimai yerlərdə, qapalı məkanlarda bu qanunun tələblərinə əməl edilir, lakin çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla bu qanunun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, uşaqların, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar qanunun icrasına nəzarət edilməsinə ciddi yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar”.
Millət vəkili vurğuladı ki, qəbul edilən qanunların icrasına məsul olan qurumların öz vəzifələrinə ciddi yanaşmaları üçün qanunvericiliklə tələblərin daha da sərtləşməlidir:
“Biz hamımız çalışmalıyıq ki, bu gün qəbul etdiyimiz uşaqların zərərli informasiyaların təsirindən qorumaq istiqamətində qanun layihələri də daxil olmaqla, uşaqları, gəncləri zərərli məsələlərdən qorumaq üçün qəbul olunan qanunlar yüksək səviyyədə həyata keçsin və bu istiqamətdə maarifləndirmə işləri daha da genişlənsin".
Versus.Az
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"