“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

13:00 20-04-2024 | icon 416 | Siyasət
“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ziyafət Əsgərov: “Ermənilərin pulu ilə Azərbaycana düşmənçilik edirlər”

 

Rusiya hərbi kontingentinin sülhyaratma missiyasının Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən çıxması regionda marağı olan xarici güclər tərəfindən birmənalı qarşılanmır. Kənar qüvvələrin hər fürsətdə regiona müdaxilə etmək cəhdlərinin müşahidə olunduğu bu ərəfədə daxildə və xaricdən idarə olunan bəzi radikal siyasi qrupların da aktivləşdiyi görünür. Belə bir fonda Azərbaycanın daxilində Milli Şura üzvlərinin xalqı etiraz aksiyasına səsləməsinin mahiyyəti nə ola bilər? Bu istiqamətdə hafta.az-a müsahibə verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mühüm məqamlara diqqət çəkib.

 

- Rusiya sülhməramlı missiyanın ərazilərimizi tərk etməsi gözlənilən olsa da, bir çox xarici və daxili qruplar tərəfindən birmənalı qarşılanmır. Məsələ kimləri narahat edir və niyə?

 

- 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən sülhməramlıların bölgədə qalma müddəti 2025-ci ilə qədər nəzərdə tutulmuşdu. Sülhməramlı missiyanın bölgədə necə fəaliyyət göstərdiyi başqa bir mövzudur. Hər halda müəyyən işlər gördülər və bu gün vaxtından əvvəl ərazilərimizi tərk etmələri zərurəti yaranıb. Yəni sülhməramlı qüvvələr getməlidir, gedirlər. Bu prosesdə qeyri-adi, təəccüblü heç nə yoxdur. Artıq Qarabağ məsələsi həll olunub. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Və təbii ki, bu, ölkə rəhbərinin siyasi iradəsinin, qətiyyətinin nəticəsidir.

 

- Bu gün başda AXCP sədri Əli Kərimli olmaqla “Milli Şura” xalqı aksiyaya çağırır. Belə bir tədbirin keçirilməsi nə ilə bağlıdır?

 

- Əli Kərimli və onun ətrafındakı tör-töküntülərin keçirmək istədiyi mitinqdə şüarlardan biri də sülhməramlıların nə vaxt çıxacağı ilə bağlı idi. Mən onlara möhtərəm Prezidentin dediyi sözlərə istinad edərək cavab vermək istərdim: Siz narahat olmayın, Prezident nəyi, nə vaxt edəcəyini yaxşı bilir. Göründüyü kimi müharibədən sonra imzalanan üçtərəfli sazişin müddəlarının həlli ölkə rəhbərinin müəyyən etdiyi yol xəritəsinə uyğun olaraq öz xətti ilə irəliləyir. Belə olduğu halda Əli Kərimli və onları xaricdən dəstəkləyən Sevinc Osmanqızı kimiləri və digərləri mitinqdə nə deyəcək, hansı şüarları irəli sürəcəklər? Bu qrupun üzvləri digər bir tərəfdən Ermənistanın, Gürcüstanın Avroatlantik Alyansa qoşulmasından ağızdolusu danışır və Azərbaycanın kənarda qalmasından narahat olduqlarını və bu məqamı ölkəmizə minus kimi qeyd edirlər. Bu şəxslər yaxşı anlamalı idilər ki, neçə illərdir ki, Avropa Birliyi Türkiyə kimi güclü dövləti həmin quruma daxil olmaqla bağlıqapı arxasında saxlayır. Avropa Birliyinə qəbul etmək istəmir. Və Türkiyə bu məsələ ilə bağlı özünün mövqeyini bildirib. Yaxud, gəlin görək bizi o quruma qəbul etmək istəyirlərmi, bizi orada gözləyirlərmi? Qərbin, Avropanın bu gün Ermənistan üzərindən Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibəti bu dərəcədə görməzdən gəlmək olmaz.
Digər bir tərəfdən, Azərbaycan sülh, əminəmanlıq, inkişaf üçün hər kəslə əməkdaşlığa hazırdır. Amma hansısa bloka daxil olmaq zorla baş vermir. Bu gün Azərbaycan öz yolu ilə gedir və heç kəsin qapısını döymək, yalvarmaq fikrində deyil. Axı Sevinc, sən kimsən ki, Azərbaycanın siyasətini müzakrə edirsən. Gedib oturmusan Amerikada, ermənilərin pulu ilə Azərbaycana düşmənçilik edirsən. Eləcə də Əli Kərimli və onun kimilər... Siz kimsiniz ki, Azərbaycana göstəriş verirsiz? Biz torpaqlarımızı işğaldan azad edib, müstəqilliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəndə bir dəfə də olsun Azərbaycan haqqında xoş söz demədiniz. Hər zaman, hətta müharibənin gedişində belə erməni dəyirmanına su tökmüsüz, ermənilərin tərəfində olmusuz. İndi də gəlib Azərbaycan “belə eləməlidir” -deyə, ağıl öyrədirsiz.

 

- Raduikal qruplar Rusiya sülhməramlılarının bölgədən çıxmasının qarşılığında Azərbaycana hər hansı şərtin qoyulma ehtimalını da irəli sürür. Söhbət hansı şərtlərdən gedə bilər?

 

- Heç bir şərt qoyula bilməz. Sülhməramlıların bizim bölgəyə gəlmə səbəbi, məqsədi bəllidir; ermənilərlə azərbaycanlılar arasında yarana biləcək qarşıdurmanın qarşısını almaq, tərəflər arasında sülhü təmin etmək. Amma Azərbaycan bölgədə yarana biləcək bütün problemləri həll etdiyi üçün sülhyaratma missiyasına gərək qalmadı. Xankəndidə, Şuşada, Xocalıda, bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Paşinyan Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Belə olan halda sülhməramlı missiya burada nə iş görə bilərdi. Artıq dünən Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq da əldə edildi.

 

- Avropa Birliyi, ABŞ, Ermənistan rəsmiləri Brüsseldə görüşəndən sonra Paşinyan ritorikasında dəyişiklik etdi. Belə davam edərsə, region hansı proseslələ qarşı-qarşıya qalacaq?

 

- Azərbaycan sülhün tərəfdarıdır. Cənab Prezident 2021-ci ildə sülh müqaviləsinə yönəlik 5 baza prinsipi təklifini Ermənistana təqdim edib və sülh şərtlərimiz bu gün də olduğu kimi qalır. Amma Ermənistan yenə də “nala-mixa” vurur. Brüssel görüşünə guya Ermənistana iqtisadi dəstək göstərmək məqsədi ilə toplaşmışdılar. Soruşulur: əgər siz Ermənistana iqtisadi yardım göstərmək istəyirdizsə, bundan ötrü Amerikadan durub Brüsselə gəlmək lazım idi. Onsuz da Ermənistana, hətta vaxtilə Qarabağda olan qanunsuz xunta rejiminə yardım edirdiz. Deməli, həmin görüşdə məqsədiniz Ermənistana hərbi yardım göstərməklə bağlıdır. Bu gün Avropa İttifaqının cəsusları Ermənistana dolub. Azərbaycanla sərhəddə qara işlər çevirir, gah Yunanıstanın hərbi naziri, gah da Fransanın müdafiə naziri Ermənistana gəldilər. Sual olunur: əgər niyyətiniz Ermənistan istiqadi yardım etməkdirsə, niyə sərhəddə silah yığır, Prezidentin də dediyi kimi, təxribatlar törətdir, hərbi qurğular tikirsiz? Paralel olaraq guya bunlar sülh müqaviləsini müzakirə edəcəklərmiş. Sülh müqaviləsi hara, o cür hərbləşdirmə hara. Yaxud, əgər sülh müqaviləsi müzakirə olunurdusa, nəyə görə o görüşdə Azərbaycan yox idi…Yəni Qərbin, Avropanın Ermənistanla bağlı məqsədi aydındır? İndi bizim əsas işimiz heç bir vasitəçi olmadan sülh müqaviləsinin imzalanmasını təmin etməkdir və bu yolla da gedəcəyik. Ermənistan özü hansı yolu seçəcəksə, orada baş verəcəklərin bütün məsuliyyəti hərbi, siyasi hakimiyyətinin üzərində qalacaq.

 

- Regionda müşahidə olunan bu gərginlik Zəngəzur yolunda hansı maneləri yaradır?

 

- Əsas maneələrdən biri Brüsseldə baş tutan görüşdə iştirak edən ABŞ, Avropa İttifaqı, Fransadır. Bunlar Zəngəzur dəhlizinin açılmasında maraqlı olduqlarını desələr də, sonradan ritorikanı tamam dəyişdilər. İndi sülhdə maraqlı görünmürlər. Eyni zamanda sülhməramlıların Qarabağdan getməsini ABŞ, Fransa kimi dövlətlər xoş qarşılamadılar. Çünki Rusiya ilə Azərbaycan arasında konflikt yaratmaq niyyətləri var idi. Bu məsələdə də kollektiv qərbin hiyləsi iflasa uğradı. Zəngəzur məsələsində erməniləri qızışdıran ölkə birinci növbədə Fransadır. Halbu ki, Zəngəzur dəhlizinin açılması 10 nayabr sazişinə görə Ermənistanın öhdəliyindədir. Əvvəl Ermənistan dəhlizi açmağa hazır idi. Sonra Qərbin, Avropanın təsiri ilə fikrini dəyişdi. Buna baxmayaraq İran üzərindən keçən alternativ yollar çəkilir, işlər gedir. O yol Ermənistandan olmasa, İrandan keçəcək. Bütün hallarda Zəngəzur yolu açılacaq. Və buna heç kəsin şübhəsi olmasın.

 

- İranın Azərbaycana münasibətində hər hansı dəyişiklik müşahidə olunurmu?

 

- Hələ ki, hər hansı dəyişiklik müşahidə olunmur. Avropa İttifaqının agentura şəbəkəsi gəlib Ermənistanda oturub. İndi soruşulur: İran niyə səsini çıxarmırsan? Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəndə sərhəddə hərbi təlimlər keçirirdin, hədə-qorxu gəlirdin. Deyirsən ki, regiona kənar qüvvələr gəlməməlidir. O zaman indi niyə susursan, səsini çıxarmırsan. Hər bir halda buna münasibət bildirməlidirlər. Çox təəssüf ki, o bəyanatı hələ ki, görmürük.

 

- Qərbin, Avropanın Ukrayna variantını Cənubu Qafqaza daşımaq istəyi ilə bağlı fikirlər səngimir...

 

- Qafqazda gərginlik yaratmaq istəyənlər var və burada baş skripkaçı Fransadır. Amma bu qüvvələrin regionda müharibə yaratmaq istəkləri baş tutmayacaq. Azərbaycan artıq 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil. Ermənistan bundan sonra nə qədər silahlandırılsa da, Azərbaycanla müharibə aparmaq gücündə deyil. Bu qüvvələr o xam xəyallarını kənara qoysunlar. Unutmayaq ki, Azərbaycan İpək yolunun mühüm bir hisəsidir. Zəngəzur yolunin da açılması İpək yolunun ən mühüm seqmentərindən biridir. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmalarının əsas səbəblərindən biri də budur. Zəngəzur yolu açılarsa, Azərbaycanla Türkiyənin birbaşa bağlantıları yaranır. Türkiyə dünyada söz sahibinə malik olan güclü bir dövlətdir. Bu qüvvələr Türkiyənin bu yolda iqtisadi baxımdan daha da güclənməsini istəmirlər. Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin səbəblərindən bir də budur. Araşdırsaq görəcəyik ki, Avropa Birliyinə elə dövlətləri qəbul edirlər ki, Türkiyədən qat-qat zəifdir. Türkiyənin güclü iqtisadiyyatı, istehsalı, əhalisi var. Avropa Türkiyənin Avropa Birliyinə daxil olmasından çox narahat olar. Ümumiyyətlə, bu gün Qərbdə belə bir fikir var ki, müsəlman dövlətləri güclənməsin. Ona görə də cənab Prezident "Bizim ailəmiz Türk Ailəsidir” deyir. Qərb hər vəclə Türk Birliyinə maneə olmağa, içinə nifaq salmağa çalışı. Bu da alınan bir şey deyil.

 

- Azərbaycan bu gərginliyin içindən necə çıxa bilər?

 

- Çox rahat. Yetər ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dəstək olaq. Xalq-iqtidar birliyi davam etsin, vahidliyimiz pozulmasın. Belə olan halda Azərbaycan üçün heç bir problem yoxdur.

 

- Öz niyyətlərinə çatmaq istəyən xarici güclərin daxili sabitliyi pozmaq üçün hansı təhlükəli vasitələrdən istifadə etdiyi müşahidə olunur?

 

- Aranı qarışdırmaq istəyənlər var. Osmanqızıları, əli kərimliləri ortaya atıb, düşmən ünsürlərlə aranı qarışdırmağa çalışırlar.Bu radikal qruplar Gürcüstanda baş verən hadisələrdən sanki həvəsləniblər. Amma başa düşmürlər ki, orada situasiya başqadır, bizdə isə başqa… Bu gün bizdə mitinq keçirib, orada qışqırıb-bağırmaq üçün heç bir əsas yoxdur.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM