Əhməd Ağaoğlu və bu günümüz

09:02 19-12-2019 | icon 758 | Ədəbiyyat
Əhməd Ağaoğlu və bu günümüz

Sərbəst insanlar ölkəsi

 

Azərbaycanın dəyərli mütəfəkkir və ictimai-siyasi xadimləri arasında özünəməxsus yeri olan Əhməd Ağaoğlu ölkəmizin milli-siyasi, ictimai və mədəni həyatında gördüyü işlərlə silinməz izlər buraxmışdır. Eyni zamanda gözəl publisist, tənqidçı, yazar, pedaqoq olan Ə.Ağaoğlu milliyətçilik baxımından da xalqının siyasi və azadlıq mübarizəsində ön sıralarda olmuşdur. Uzun zaman öz xalqına düşmən kimi tanıdılan, ömrünü doğma vətənindən kənarda başa vurmağa məcbur olan bu işıqlı insan, ölkəmiz ikinci müstəqilliyinə qovuşduqdan sonra öz layiqli yerini almışdır. Baxmayaraq ki, elə bu gün də onun fəaliyyəti, fikirləri haqda təzadlı fikirlər olsa da, bu torpağın layiqli övladı kimi, öz haqqına qovuşmuşdur.

 

Ə.Ağaoğlu haqqında geniş danışmaq olsa da, biz bu gün onun günümüzlə çox gözəl səsləşən fikirlərilə kifayətlənməli olacağıq.

 

Yuxarıda qeyd etdiyimiz kimi, əsas qayəsi milliyətçilik olan mütəfəkkirin demək olar ki, bütün əsərlərində, eləcə də təsisçisi olduğu "İrşad" və əməkdaşlıq etdiyi digər qəzetlərdə millətin özünüdərk və milli şüurunun oyadılması əsas mövzu olmuşdur.

 

"Cümlə millətlərin ən parlaq mərhələləri millətçilik deyilən dövrlərdir" - deyən ədib, yüksək tərəqqi etmiş avropa ölkələrinin məhz milliyyətçiliklə "əzəmət və həşəmət"ə yüksəldiyini vurğulayırdı.

 

Lakin bizim kimi Şərq aləminin mədəniyyətlər beşiyi olmasına baxmayaraq millət anlayışına yabançı qaldığını, ortaq çıxarlar, ortaq tarix, ortaq irq kimi amillər olsa da, "millət deyilən anlayışın" yaranmadığını təəssüflə qeyd edir:

"Niyə, məgər Şərqdə təfəkkür və ədəbiyyat olmayıb? Olub, amma mahiyyətcə qərbdəkindən tam fərqlənib. Şərq ədəbiyyatı içində olduğu mühitə, insan və təbiət mühitinə yabançı qalıb. Daim buludlarda, boşluqlarda dolaşıb."

 

Ədib eyni zamanda Şərq aləminin ən böyük bəlası olan mədhiyyəçilik, yaltaqlıq kimi məziyyətləri istər siyasi, istərsə də mədəni proseslərin önündə ən böyük əngəl kimi görürdü:

"İndiyədək Şərq cəmiyyətlərini içindən yeyib-gəmirən xəstəliklər arasında bu övgü və yaltaqlıq ən qorxuncu, ən pozucudur. İlan zəhəri kimi qəlbin və beynin lap dərinliyinəcən işləyir, bədəni çürüdüb, iflic edir... Öz xeyrini güdmək və yaltaqlıq cəmiyyəti alçaldan ən qorxulu yollardır."

 

Ə.Ağaoğlu millətləri bir-birindən fərqləndirən amillər içərisində hüquq və qanunların aliliyinə özəlliklə diqqət çəkərək, hüqüqlara qarşı vecsiz qalan cəmiyyətlərin tərəqqidən məhrum qaldığını, insan kimi yaşamaq haqqından məhrum buraxıldığını, Qərb və Şərq arasındakı ən böyük fərqin məhz bundan qaynaqlandığını təəssüflə göstərirdi:

"Şərq haqqı tapdanan hər kəsə biganədir, Qərbdə isə hər kəs o birinin haqqını müdafiə edir. Şərqdə isə hamı başqasının hüququna biganədir, bu gün birinin, sabah digərinin haqqı tapdanır, kimsə də bundan kədərlənmir və get-gedə hamı eyni vəziyyətə düşür. Axırda hüquq anlayışı məhv olur, cəmiyyət cansız, kirli oyuncaq kimi hara gəldi atılır. Bilmirlər ki, başqasının haqqını qorumaq, əslində öz haqqını qorumaqdır."

 

Bugünki vəziyyətimizə nəzər salsaq, əslində bu gün də eyni halın mövcud olduğunu, toplumumuzun bir-birinə duyarsızlığının, biganəliyinin, haqq və hüquq şüurumuzun heç də ciddi ölçüdə dəyişmədiyinin acı nətəcələrinin şahidi oluruq.

 

Ədib Türk toplumlarının min illər ərzində atalardan qalma vərdiş və alışqanlıqların ətəyini buraxmadığını, zehinlərə hopub xronikləşmiş düşüncələrin əsarətindən bir türlü xilas ola bilmədiyi və bunun üçün də parçalanıb, dağılmağa məruz qaldığını içi sızlayaraq yazırdı:

"Nə çarə ki, bu Türk elləri yıpranmış və əskimiş olan yaşayış tərzlərini saxlamaqla bərabər dayanmadan bir-birilə savaşır, dayanmadan bir-birini yıxır, bir-birini zəiflədirlər. O qafillərdir ki, başı üzərinə qədər soxularaq fürsət gözləyən və ilk fürsətdə son zərbəni endirməyə hazırlanan düşməni belə görməz olurlar."

 

Monteskyenin doğuşdan savaşçı olan türklərin şöhrət və hökümlərinin əbədi olduğuna güvənib onu tarixləşdirməyin qeydinə qalmamışlar fikrinin təsdiqini Əhməd bəyin də ata və babalarımız haqda düşüncələrində görmək heç də tadadüfi deyil. Dədələrimiz - "... qol qüvvəsinə arxayın olaraq ağalıq ediblər. Nə qədər ki, dünyada qol gücü işləyib, onlar da ağalıq sürüblər, ancaq dünya da dinc durmayıb, elə hey çalışıb. Beləcə iki yeni və çox böyük gerçək sözün deməyə başlaylb; bilik və yol. Qol gücü bu gerçəklərin önündə geri çəkilib. Elm və sənət birləşincə bütün başqa güclərə üstün gəliblər. O gündən başlayaraq bizim də cazibəmiz azalıb, umudumuz sönüb." Bütün bu faciələrimizin səbəbini tariximizə laqeydlikdən başqa, inanc və milli adət-ənələrimizə yadlaşmağımızda, qalib gəldiyimiz millətlərin təsiri altına düşməyimizdə, öz doğma dil, inanc kimi milli dəyərlərimizi qorumayıb, kimliyimizə yamaq kimi vurulan özgə örf və adətlərini mənimsəyib, soy-kökümüzə xəyanət etdiyimizdə görürdü:

"Hər Türk dövləti qurulurkən əvvəldən biz onu öz dilinə sarılmış və öz adət-ənələrinə bağlı qalmış görürük və bu böylə davam etdikcə dövləti qüvvətli və rövnəqli görürük. Fəqət, bir müddət keçir, hər yerdə Türk rəhbərləri başqa insanlara, başqa adətlərə qapılmış görürük... İranı min sənədir idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən Türklərdir... İranın son min sənəlik tarixi həqiqətdə və doğrudan-doğruya türk tarixinin bir şöbəsidir. Fəqət nə çarə ki, Türklər başqa yerlərdə göstərdikləri zəifliyi burda da göstərmişlər. Felən və maddən hakim olduqları halda, mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökümət, ordu, ticarət-ziraət və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin ən canlı amili olan dillərini qəbul etdirməmişlər. Tərsinə olaraq başqalarının dillərini dövlət dili olaraq qəbul etmiş, sahib olduqları dövlətə Türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir."

 

Bugünkü hal və vəziyyətimizə baxılarsa, ədibin nə qədər haqlı olduğunu görmək heç də çətin deyil. Bu gün parçalanıb pay-püşk edilmiş yurdumuz, milli şüur baxımından nə qədər qüsurlu və yarımçıq olduğumuz, nə qədər "özgəsevər", doğma dilimizə, gələnəklərimizə yadlaşdığımız, özünüdərk hissinin həvəssizliyi... hamısı təəssüf ki, ata-babalarımızın bizə qoyduğu acı bir mirasdır.

 

Bu bədnam səhvlərimizin nəticəsidir ki, bu gün də parça-parça olmuş yurdlarımızda düşmənlərimiz kök salmış, tariximizi, mədəniyyətimizi mənimsəmiş, izlərimizi hər yerdən silməklə məşğuldurlar. Bizlərsə əli-qolu bağlı, çarəsiz bunları seyr edirik. Səbəb? Səbəb eyni: - "idrakı sönük", yadsoylu başçılar, millilikdən uzaq, manqurtlaşmış idarəçilər və İstibdad rejimi və bütün bunların nəticəsi olan hüququn tapdanması, ədalətsiz məhkəmə sistemi, rüşvətlə idarə olunan idarələr, keyfiyyətsiz təhsil...

 

Müəllif bütün əsər və məqalələrində şərq millətlərinin ən başlıca bəla və bədbəxtliklərinin səbəbini ölkədə hakim olan istibdad rejiminin mövcudluğunda görürdü. İstibdadın mənəvi köklərini və izlərini içlərindən söküb atmayan mühitdə əhalinin sonu gəlməyən faciəli bir sərsəmliyə yoluxduğunu bildirən ədib yazırdı:

"İstibdad quruluşunun birinci işi mümkün qədər insanların mənliyini əzməkdir. Bunun üçün puldan və qorxutmaqdan ən təsirli vasitə kimi istifadə edər. Üzdə olan adamları pulla ələ alar, qorxu ilə susdurmağa çalışar. Pul və qorxu ilə ələ alınan belə seçkin adamların daxili ilə xarici arasında faciəli bir təzad, çəkişmə yaranır. Belələri adətən şeytana çevrilir...

Seçkin adamların bu hala düşməsi cəmiyyət üçün ən qorxunc fəlakətlərdən, zəlzələ, vəba, düşmən tapdağından daha təhlükəlidir. Çünki, bu fəlakətlər nə qədər qorxunc olursa-olsun, əvvəl-axır sovuşurlar. Ləyaqətli yaşamaq yanğısına sahib seçkin rəhbərləri olan bir cəmiyyət həmin fəlakətlərdən asanlıqla çıxa bilir. Ancaq mənliyini itirmiş, özünün xəstəlik və üz qaralığını ələ salıb acılamaq kimi mənəvi fəlakətə uğramış bir mühitdən ciddi həyat həmləsi gözləmək hədərdir."

 

Ədib bir millətin, toplumun həyatında ziyalı qisminin çox böyük rolu olduğunu özəlliklə vurğulayaraq göstərirdi ki, bir ağac üçün çiçək və meyvə nədirsə, cəmiyyət üçün də böyük adamlar odur:

"... hər hansı cəmiyyətin varlıq qüvvəsi fikir, sənət, elm, hərb və s. sahələrdə yetişdirdiyi böyük adamlarla ölçülə bilər. Cəmiyyəti yetişdirdiyi bu böyük adamlar yaşadır, varlığını qoruyur və bu cəmiyyıtlərin yüksəlişi üçün yol göstərir... onların qorunması cəmiyyət üçün ölüm-qalım məsələsidir."

 

Əqidəni, ləyaqəti ziyalının ən mühim atributu sayan mütəfəkkir və onun kimi ziyalılarımızın sayəsində vaxtilə millətimizin "millətlər içində imzası" olmuş, nəinki Türk, həmçinin Şərq dünyasında da elmin, mədəniyyətin, çağdaş fikirlərin yayılmasında müstəsna rol oynamışdır. Məhz bu günümüzdə ədibin bu fikirlərində nə qədər haqlı olduğunu bütün gerçəkliyi ilə görürük:

"Millət deyildiyi zaman bir kütlənin içindəki bütün fərdlər deyil, həmin kütləni mənəvi cəhətdən təmsil edın şüurlu ziyalı zümrəsi nəzərdə tutulmalıdır. Çünki, millətə başçılıq edən, onun əməl və arzularını yerinə yetirən məhz bu zümrədir. Ziyalı zümrəsi bir qayda olaraq millətin aynasıdır, millət nədirsə o da odur. O, nədirsə millət də odur."

 

Bu gün "alınıb-satılan" ziyalı bazarına dönən məmləkətimizin problemlər içərisində çarəsizcə çırpınışı, toplumun itən inamı, sönən ümidləri məhz bu istibdad rejiminin "pul və qorxu" siyasətinin "qurbanı" olan, sınan-sındırılan ziyalıların əqidələrinə sadiq qalmamalarının nəticəsidir.

 

Ziyasız toplum kor kimidir, yol göstərəni olmadan yolunu tapmaz, hara gedəcəyini bilməz. Cəmiyyətdə milli-mənəvi dəyərlər azalar, kölə ruhu insanlara hakim kəsilər, azadlıq ruhu ölər. Bu da ancaq və ancaq istibdad rejiminin hökm sürdüyü yerlərdə ola bilər:

"Azad olmayan ölkələri tək bir şəxs idarə edir...hamı ona baş əyməyə borcludur. Belə ölkələrdə vətəndaşların səadət və dolanışığından çox həmin şəxsin şıltaqlıqlarının yerinə yetirilməsinə diqqət yetirilir. Buna gprə də o adam səlahiyyəti oldu-olmadı istədiyi şəxsi işə götürə, ya da işdən ala bilər. Belə yerlər işbilməzlər üçün daha sərfəlidir. Axı, səriştəyə yox, özünü hakim şəxsə bəyəndirmək keyfiyyətinə dəyər verilir. Ara qızışdırmaq, öz xeyrini güdərək ona-buna yarınmaq, gözə girmək, yalan və hiylə həmin keyfiyyətlərin tərkib hissəsidir. Beləcə, ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolu axtararkən bilik və ləyaqət örnəyi görmədiyindən elmə, ciddiliyə, çalışqanlığa, doğruluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, hiylə və yalana meyl salır. İstər adamlar, istər dövlət get-gedə alçalır və axırda tamam pozulur. Belə yerlərdə ölkəni uçuruma aparan istibdadın özü yox, istibdadın mənən işıqlı adamları əzib-korlamasıdır."

 

Ədibə görə istibdad üsulu özünəməxsus danışıq üslubuna malıkdir:

"Zülümkar rejimdə istər yazı, istərsə də danışıq dili çox yüksək, çox bəzəkli, çox görkəmli və əzəmətlidir. Məqsəd bir tərəfdən xalqı alçaltmaq, ona yazıqlıq, acizlik və qorxu aşılamaq, digər tərəfdən də zülümkar rejimin özünü əzəmətli, eyni zamanda qorxunc və dəhşətli göstərməkdir."

 

Rəhbərlərə sayğı və inamı ölkənin güvənliyini qoruyan başlıca sipər olaraq görən ədib, göstərirdi ki, mənəvi vasitələrlə öz nüfuzunu saxlaya bilməyən rəhbərlər, maddi vasitələrlə zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün istər-istəməz hədə-qorxu yolunu tutarlar. "Azadlıq bütün inanclar kimi fədakarlıq istər, qurban istər" - deyən ədib, fədakarlığı vətəndaşların ictimai-siyasi tərbiyəsinin səviyyəsi ilə əlaqələndirirdi - "azadlıq yalnız fədakar xarakterə söykənir" - deyərək, azadlığa qarşı təhlükələrin qaynağı olaraq bəzi vətəndaşların basqı və zorakılığa meyl etmələri, cəmiyyətin biganəliyində görür:

"Fədakar xarakterin hakim olduğu yerdə nə zorakılığa meyl, nə də biganəlik qalır... Ancaq vəziyyət əksinə olanda, yəni cəmiyyət biganəlik göstərəndə və adamlar fədakarlıq istəyindən, keyfiyyətindən məhrum olanda, aydın məsələdir ki, azadlıq daim təhlükə ilə üzləşəcək."

 

Burada istinad etdiyimiz əksər fikirlər ədibin bütün ömrü boyu arzuladığı, yorulmadan mübarizə apardığı, xəyalını qurduğu, "Sərbəst insanlar ölkəsi" deyə bəhs etdiyi utopık bir əsərindən götürülmüşdür. Çox təəssüf ki, bu arzular bu gün də, bizim üçün "utopik" olaraq qalmaqdadır. Bu gün ziyası azalmış ölkəmizdə toplum azadlığa gedən yolunu tapmaqda acizdir. Qorxunun əsarəti altında haqqını aramaqda çarəsiz buraxılmışdır.

 

Hər qaranlığın sonu işıqlı səhərdir. Gün gələcək Əhməd bəy Ağaoğlu və onun kimi işıqlı zəka sahiblərinin ömürlərini fəda etdikləri Azadlıq və İstiqlaliyyət mübarizəsi hədər getməyəcək, onların miras qoyub getdikləri arzu və ideyalar həyata keçəcək, "Sərbəst İnsanlar Ölkəsi" utopiya deyil, gerçək olacaqdır…

 

Pakizə Babayeva
/İsveç-Bakı/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür