Hər bir vətəndaşın sosial məsələlərinin həlli diqqət mərkəzindədir
Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, hərbiyönümlü ictimai təşkilatların nümayəndələri, Xidmətin Xəzər və Nizami rayonlarının şəxsi heyəti 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhidlər Mübariz İbadət oğlu Kamilovun, Arif Fətəli oğlu Hüseynovun və Nadir Naib oğlu Əmirovun ailələrini ziyarət etdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general- mayor Zaur Abdullayev şəhid ailələrinə diqqət və qayğının dövlət siyasətinin əsasını təşkil etdiyini bildirdi.
Qeyd etdi ki, ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir. 11 aprel 2018-ci il prezident seçkilərində növbəti dəfə qələbəsini təmin edərək Prezident seçilən cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olması Vətən uğrunda həlak olanların xatirəsinə, onların ailələrinə göstərilən diqqətin bariz nümunəsidir. Fərmanda da qeyd olunduğu kimi, 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən birdəfəlik 11 min manat məbləğində vəsaitlə təmin olunub. 7 mindən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin olunub. 6 mindən çox Qarabağ müharibəsi əlilinə minik maşınları verilib. Şəhid ailələri, müharibə veteranları, əlillər üçün güzəştlər nəzərdə tutulub. Şəhid ailələrinin ali məktəblərə qəbul olunan övladları təhsil haqqını ödəməkdən azad edilir.
Qeyd olundu ki, ərazi bütövlüyümüz, sərhədlərimizin toxunulmazlığı, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olanların xatirəsi daim əziz tutulur, qəlbimizdə yaşayır. Onların göstərdikləri vətənpərvərlik gənclərimizə bir çağırışdır. «Torpaq, əgər uğrunda ölən varsa Vətəndir», «Torpaq, Vətən uğrunda canından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə ucalırlar» kimi tezislər şəhidlərimizin xatirəsinə böyük ehtiramın, diqqətin və yüksək dəyərin ifadəsidir.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu günlərdə Bakı şəhərinin Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimini bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğının bariz nümunəsi kimi qeyd etdi. Bildirdi ki, ölkəmizdə hər bir vətəndaşın sosial məsələlərinin həllinə diqqətlə yanaşılır. Ölkəmizin iqtisadi imkanlarının artması güclü sosial siyasətlə tamamlanır. Bu, ondan irəli gəlir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaşa diqqət və qayğı, bir sözlə, insan amili dayanır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial layihələrin miqyası genişdir. Sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlara göstərilən diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin 24 dekabr 2019-cu il tarixli «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Sərəncamı da deyilənlərin bariz nümunəsidir.
O da bildirildi ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Onun bu istiqamətdə həyata keçirdiyi sosial layihələrin miqyası olduqca genişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etdilər. Şəhid ailələrinə bayram sovqatı təqdim olunmuşdur.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"