Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib

21:37 18-01-2020 | icon 706 | Geopolitika
Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib

Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. 

 

Versus.Az məqaləni təqdim edir

 

Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.

 

Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu Forumun İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

 

Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

 

2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb.

 

Strateji nəqliyyat qovşağı

2019-cu ildə həmin hesabatda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerdə qərarlaşıb. Bəs bu necə oldu? Ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı xarici və yerli investisiyaların cəlb olunması ilə mümkün olub. Lakin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkcə kapital hesabına olmayıb, burada əməkdaşlıq da önəmli rol oynayıb. Forum çərçivəsində əməkdaşlıq Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin önəmli aktoruna, beynəlxalq nəqliyyat qovşağına çevirib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşaraq 2017-ci ilin oktyabr ayından istifadəyə verilib. Bu, Asiya ilə Avropanı ən qısa yolla birləşdirən davamlı nəqliyyat dəhlizidir. Bundan başqa, Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilərək 2018-ci ilin may ayında istifadəyə verilib.

 

Azərbaycan daim ekoloji tarazlığı qoruyub saxlamaqla, yəni, ətraf mühiti qorumaqla öz vətəndaşlarının sosial-iqtisadi inkişafına çalışır. Yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə “Ağıllı şəhər” konsepsiyasına start verilib. Bu konsepsiyanın məqsədi resursların istehlakı, israfı və ümumi xərcləri azaltmaqla enerji, nəqliyyat və kommunal xidmətlər kimi şəhər xidmətlərinin keyfiyyətini artırmaqdır.

 

Enerji sektorunda əsas iştirakçı

Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir.

 

“Şahdəniz-2”

Layihənin birinci hissəsi - “Şahdəniz-2” fazası üzrə bütün işlər tamamlanıb. Şahdəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibindən 800 metr dərinliyə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.

 

Cənubi Qafqaz Boru Kəməri

Layihənin ikinci hissəsi - Cənubi Qafqaz Boru Kəməri artıq istismara verilib. Azərbaycanı Gürcüstandan keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir.

 

Trans-Anadolu Boru Kəməri

Layihənin üçüncü hissəsi - Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyə Respublikasının qərb sərhədinə qədər davam etməklə, uzunluğu 1850 kilometr təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran Trans-Anadolu Boru Kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib.

 

Trans-Adriatik Boru Kəməri

Layihənin dördüncü hissəsi - Trans-Adriatik Boru Kəməridir (TAP). Boru kəmərinin uzunluğu 878 kilometrdir. Tikintisinin 90 faizdən çoxunun başa çatdığı bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq. 2019-cu il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

 

2014-cü ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatları daha da sürətləndirib. 2016-ci ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qəbul edilib, struktur və kadr islahatları həyata keçirilib, ölkədə biznes mühitinin yaxşılaşması üçün ciddi addımlar atılıb. Nəticədə, Azərbaycan “Doing Business 2020” hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşmaqla, “Kreditin əlçatanlığı” üzrə 1-ci yeri, “Biznesə başlama” üzrə 9-cu yeri, “Müqavilələrin icrası” üzrə isə 28-ci yeri tutub.

 

Əlavə olaraq, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu Razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq.

Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

Rusiya Fransanı ciddi qəbul etmir?

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər

Qazaxıstandan Azərbaycana 102,2, Azərbaycandan Qazaxıstana isə 205,2...