“İnsanlar həddən artıq sosial qayğılar içərisindədir”

13:01 11-08-2023 | icon 542 | Cəmiyyət
“İnsanlar həddən artıq sosial qayğılar içərisindədir”

Xəzər Teyyublu: “Həmkarlar təşkilatları rəsmi ütülü tədbirlərlə gözdən pərdə asırlar”

 

Əhalinin sosial təminatı, əmək hüquqlarının müdafiəsi mövcud reallığın tələblərinə əsasən birmənalı olaraq cəmiyyətin inkişaf tempinin düzgün istiqamətlənməsinə hesablanan vacib element kimi ictimaiyyətin diqqətindədir. Bu müstəvidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları daim əhalinin yanında olmaq, onun sosial, mədəni həyatını yaxından izləmək, neqativlərin aradan qaldırılmasına yönələn addımlar atmaq, ümumən ictimai şüurun, ictimai nəzarət funksiyasının daha operativ və şəffaf şəkildə işləkliyini təmin etməklə, dövlət-əhali münasibətlərinin vahid bir orqanizm şəklində inkişafını təmin etmək imkanı əldə edir. Əhali ilə birbaşa təmasda olan bir çox ictimai təşkilatlar, o cümlədən Həmkarlar İttifaqı bu istiqamətdə öz işini necə qura bilib? Bu cür təşkilatlar vətəndaş üçün nə dərəcədə əlçatandır və nə dərəcədə dövlət orqanlarının işini asanlaşdıra bilir?

 

Bu istiqamətdə versus.az-a müsahibə verən Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu bir sıra məqamlara diqqət çəkib.

 

- Xəzər bəy, Müstəqil Həmkarlar Birliyi yarandığı gündən indiyədək necə təşkilatlanır, insanlar bu quruma etibar edirmi və bu prosesə təkan verən əsas hərəkətverici amillər nədir?

 

- Müstəqil Həmkarlar Birliyi yarandığı gündən çalışırıq ki, təşkilatlanma işimizi yarımçıq qoymayaq, iş davam etsin. Rayon təşkilatlarımız qurulur. Artıq bir neçə rayonda təşkilatımız fəaliyyət göstərir. Rayonlara gedirik, sakinlərlə görüşürük, şikayətçiləri qəbul edib dinləyirik. Yaxın günlərdə Ağsu rayonunda da təşkilatımızı qurmağı nəzərdə tutmuşuq. Bu minvalla rayon təşkilatlarımızın sayını artıracağıq. İş gedir, sadəcə indi vəziyyət elədir ki, insanlar həddən artıq sosial qayğılar içərisindədir. Yəni onların məşğulluğu, sosial qayğıları ilə bağlı problemini həll edən müəyyən bir orqan da yoxdur. Daha doğrusu orqanlar, strukturlar var, amma vətəndaşların əlləri onlara çatmır. Bizə müraciət edirlər, biz də araşdırırıq, nə qədər mümkündür, o qədər də dövlət strukturlarına, hökumətlə əlaqə yaradıb problemin həllinə kömək eləməyə çalışırıq.

 

- Sosial - sağlamlıq, məşğulluq, hüquq və mədəni azadlıqlarının təminatı prosesində qarşılaşdığı problemləri aradan qaldırmaq üçün Həmkarlar Birliyi vətəndaşa nə təklif edir və hansı halda öz dəstəyini göstərə bilir?

 

- Vətəndaşın, əsasən işləyən qismin diqqətinə çatdırırıq ki, heç nədən, heç kimdən çəkinmədən öz sosial hüquqları uğrunda mübarizə aparsınlar. Məsələn, tutaq ki,  iş yerlərində nə qədər haqsızlıqla qarşılaşsalar da, etirazlarını, fikirlərini bildirə bilmirlər. Halbu ki, hər ay onların əmək haqqından Həmkarlar İttifaqına 6-7 manat tutulur. Amma Həmkarlar təşkilatı bu gün o işçinin, vətəndaşın əmək haqlarının müdafiəsində durmur. Vətəndaş isə illərdir beləcə susqun vəziyyətdə işinə davam edir. Biz onları başa salırıq ki, susmaq yox, danışmaq, öz hüququnu müdafiə etmək lazımdır. Əgər çəkinirlərsə, biz açıq şəkildə bəyan edirik ki, Həmkarlar Konfederasiyası, Həmkarlar İttifaqları Respublika Komitələri bu insanlarla əlaqə saxlamırlar, sadəcə rəsmi ütülü tədbirlər keçirib gözdən pərdə asırlar.

Yerlərdə treninqlər keçirilməlidir, insanların mariflənməsi istiqamətində işlər görməlidirlər. Biz Müstəqil Həmkarlar Birliyi olaraq hələ ki, təşkilatlanma işləri ilə məşğuluq. Amma marifləndirmə işimizi də təxirə salmırıq. Məsələn, özəl kliniki xəstəxanalarla Həmkarlar Birliyi olaraq müqavilələr bağlamışıq. Yəni bizim xəttimizlə müalicəyə gedən vətəndaş həmin klinika tərəfindən 15-20 faiz güzəştli şəkildə müayinədən keçəcəklər. Bu bizim ilkin addımlarımızdandır. İstirahət zonaları, pansianatlarla da danışıqlar aparırıq. Çalışırıq ki, zəhmətkeş insanlarımız burada da güzəştli şəkildə istirahətlə təmin olunsunlar. Bu yöndə danışıqlarımız davam etdirilir. İnanıram ki, nəticələr müsbət olacaq. Vətəndaşlarımıza yalnız bunu tövsiyyə edirik ki, heç nədən çəkinməsinlər. Həmkarlar Təşkilatının üzvüdürsə, işlədiyi yerdə rəhbərlikdən, müdriyyətdən özünün əmək hüquqlarından tutmuş, onu müdafiəsi ilə bağlı tələblərini ortaya qoysunlar. Yox, əgər bunu etmirlərsə, o zaman Həmkarlar İttifaqının üzvlüyündən çıxsınlar və buyursunlar qoşulsunlar bizim Müstəqil Həmkarlar Birliyinə. Biz zəhmətkeş vətəndaşlarımızı dəstəkləməyə, hüquqlarını qorumağa hazırıq. Artıq bu bizim gündəlik həyat tərzimizə çevrilib.

 

- MHB bir neçə aylıq fəaliyyəti dövründə vətəndaşın əmək hüquqları və onun müdafiəsi ilə bağlı hansı həllini tələb edən məsələləri aşkarlayıb?

 

- Vətəndaşın mülkiyyət, sosial, əmək hüquqlarının pozulmasına dair bir neçə şikayət olub ki, biz onların həllini yerinə yetiririk, həll etmişik və hazırda həlli gözlənilən məsələlər də var. Dövlət strukturlarına müraciətlər edirik. Ümumiyyətlə, vətəndaşın hansı sahə üzrə problemi varsa o strukturlara müraciət edirik. Daha çox sosial problemlərə məruz qalan qazilərimizin qayğıları ilə məşğul oluruq, ictimailəşdiririk, mətbuata çıxarırıq. Bu həm də bir ictimai nəzarət funksiyası çərçivəsində həllini tapır. Məmurlar da, yerlərdə müdriyyət də düşünməsinlər ki, vətəndaşın bu gün əmək hüququ və digər haqları tapdalanarsa, vətəndaş müdafiəsiz qalacaq. Xeyir, onlar müdafiəsiz qalmayacaqlar. Onlar bizim Həmkarlar Birliyi tərəfindən müdafiə olunacaqlar. Birliyimizin Qaynar Xəttinə daxil olan şikayətlər də qanun çərçivəsində araşdırılacaq, həllini tapacaq. Çalışacağıq ki, vətəndaş özünü müdafiəsiz hiss eləməsin və Müstəqil Həmkarlar Birliyi vətəndaşın bir güvən yeri olsun. Arxayın olsun ki, işlədiyi yerdə bir problemi yaranarsa, Müstəqil Həmkarlar Birliyinə müraciət etsə ən azından araşdırılacaq və yaranmış suala düzgün cavab alınacaq, nəhayət məsələ öz həllini tapacaq.

 

- Vətəndaşın sosial durumu, məşğulluğu ponaramasına nəzər saldıqda, ümumən əməkçinin hüquqlarını qorumağa hansı ehtiyacların olduğu ortaya çıxır?

 

- İş varsa, işçi varsa mütləq bir problem də olacaq, o işçinin hüququ medafiə də ediləcək. Yəni bunlar bir-birinə bağlı olan məsələlərdir. Əmək hüququnun qorunması üçün bayaq da dediyim kimi, mütləq mariflənməyə ehtiyac var.

Bu yaxınlarda Müstəqil Həmkarlar Birliyinin ofisində tanınmış hüquqşünasların iştirakı ilə “Əmək hüquqlarına baxış” mövzusunda “dəyirmi masa” keçirdik. Məqsədimiz işçiləri əmək hüquqları barədə marifləndirməkdir. Onlar bilməlidilər ki, məsələn, bu ölkədə 8 saat iş rejimidir, o, 9 saat işləyə bilməz, işliyəcəksə də mütləq kompensasiya almalıdır. Vətəndaş istirahətə göndərilməlidir, yəni işləyirsə, istirahət etmək hüququ olmalıdır. İşçi ildə bir dəfə məzuniyyətə çıxmalıdır, onun istirahət haqları tanınmalıdır. Eyni zamanda, əmək hüquqları çərçivəsində onun mənzil şəraiti yaxşılaşdırılmalıdır. Yerli sahibkarlar bu barədə mütləq düşünməlidirlər. İşçinin əmək təhlükəsizliyi ilə bağlı digər hüquqları var ki, bunlar da qorunmalıdır. Əks halda bizə daxil olan bu şikayətləri konkret olaraq şəbəkələşdiririk, ictimailəşdiririk və araşdırılmasını təmin edirik. Mümkün olan nə köməklik varsa, biz o vətəndaşa güvənliyimizi göstəririk və köməkliyimizi əsirgəmirik.

 

- MHB-nin hədəflərinə çatması üçün qarşısındakı maneə nədir və bunları necə aşa bilir?

 

- Müstəqil Həmkarlar Birliyi olaraq hədəflərimizə çatmaq üçün qarşıda görüləcək xeyli işlər var. Çalışırıq ki, əlaqələrimizi genişləndirək. Ölkə daxilində vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq formasını tapmaq istəyirik. Məsələn, bu yaxınlarda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstək Fondunun rəhbər heyəti ilə görüşdük. Eyni zamanda bir çox QHT rəhbərləri ilə görüşürük, əməkdaşlığa can atırıq. Hədəfimiz Birlik olaraq daha da genişlənməkdir. Qeyd etdiyim kimi, əsasən təşkilatlanma ilə bağlı məşğuluq. İşçi təbəqənin hüquqlarının qorunması arzusundayıq. Qarşıda bu yöndə tədbirlərimiz durur. Yaratdığımız rayon təşkilatlarında tapşırığımız budur ki, insanlarla təmasa girsinlər, problemləri ilə maraqlansınlar, aşkar edilən məsələləri araşdırıb həllinə çalışaq. Yəni insanlarımız məlumatlı olsunlar ki, artıq Müstəqil Həmkarlar Birliyi deyilən onların köməyinə çatacaq bir təşkilat var. Bizə üz tutsunlar və biz də onların müdafiəsində duraq.

 

AYSEL
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili