HANI BU QANIN YİYƏSİ?!

08:58 25-02-2020 | icon 1023 | Köşə
HANI BU QANIN YİYƏSİ?!

XOCALIDA RUHLARIN YOLUNAN SAÇLARI

 

İGİD TEYMURLU

 

“Qaldıq əlində bir sürü ərbabi-vəhşətin; Olduq əsiri pənceyi-qəhrü müsibətin...” . Beyt  Məhəmməd Hadidəndir. Böyük şairimizdən sitat  gətirdiyim bu beytdə rus və erməni birləşmələri tərəfindən məruz qaldığımız soyqırım, buna münasibətdə  beynəlxalq təşkilatlar və supergüclərin yanaşmalarında hələ də ikili standart, qərəzli mövqe, qeyri-obyektivlik sərgilənməkdədir...

 

Elə ötən əsrin əvvəlində də belə olub, əsrin sonunda da. Bir zamanlar  ümidlə yolunu gözlədiyimiz  təzə minilliyin belini də öz ağır dərdlərimizlə hələ də bükməkdəyik. İndi də həmin qartımış dərdlərimizlə baş-başayıq.  Dərdi  bu dünyanın özü boyda olan məmləkət  əhli beynəlxalq güclərin timsalında biganələr ordusunun əlində əməlli-başlı girinc qalıb.

 

Bu gün Azərbaycanın özündə də sanki qiyamət səhnələşdirilib: hərə öz hayındadır, qaçan da, qovan da Allaha sığınır. İtirilmiş torpaqlarımızı bizə unutdurmaq üçün bütün formatlar ortalığa qoyulub.

 

Ona görə ağı deməyim də elə o  zaman 2000-ci ilin lik ayında köşə  yazılarımın birində yazdığım formatdadır: “xoş gəldin, yeni minilliyim, qarşıla bizlərin timsalında sevgili məmləkətimizin nanəcib vətəndaşlarını!!!”...

 

O andan düz 20 il, bizə görə bəşər tarixində analoqu olmayan XOCALI SOYQIRIMInın üstündənsə  artıq 28 il keçəndən sonra

 

MƏLUM OLDU Kİ.....

 

Keçmiş “qaçqınkom” Əli Həsənovun təbirincə desək, sən demə “erməni xalqı bizim düşmənimiz deyil”miş!!!

 

Yaxud, muzıkant  səfirimiz Polad Bülbüloğlunun təbirincə desək, “biz yetişən nəsli ermənilərə nifrət ruhunda böyütməməliyik”!!!

 

Yaxud,  Moskvada erməni fitnəkarlığıyla alovlandırılan azərbaycanlı-çeçen qarşıdurmasından sonra pırtdayıb üzə çıxan Moskvadakı azərbaycanlı diasporasının rəhbəri hansısa Ağadadaş Kazımov kimi öz qızını erməniyə vermək də olarmış....Ki, onlardan törəyənlər də böyüyüb öz dayılarına növbəti Xocalı soyqırımını yaşatsınlar!!!  

 

Sən demə rus və erməni birləşmələri tərəfindən ötən əsrin əvvəlində Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Güney Azərbaycanda, ümumilikdə Bütöv Azərbaycanda  həyata keçirilən soyqırım,  ötən əsrin ortalarındakı deportasiya qarışıq məhvetmə planları və nəhayət elə həmin ötən əsrin sonundakı Umudlu, Qaradağlı və Xocalıda başımıza gətirilən soyqırımlarına görə fərd olaraq hər bir kəs öz cavabdehlik hissindən irəli gələn addımları bu formatda atmalıymış!!!...

 

Kahr olsun bu unutqanlığımız!!!

 

Ötən zaman kəsiyində

 

DƏYİŞƏN NƏ OLUB?....

  

“Ümummilli dərdimiz”ə münasibətdə toplumsal mövqeni ortalığa qoya bilmişikmi?

 

“Qisasımızı alacaq sabahımız”ın  bizə qarşı törədilən bəşəri cinayətdən,  bu soyqırımları, bu cinayətləri gerçəkləşdirən terror şəbəkəsinin dağıdıcı fəaliyyətindən  doğru-dürüst  məlumatı varmı?...

 

RÜSTƏM  İBRAHİMBƏYOVDAN, ELDƏNİZ ZEYNALOVDAN CƏMİL HƏSƏNLİDƏN, MUSA QASIMLIDAN  MATAH QAYIRANLAR, ÇƏKİLİBMİ  KİNOLAR, YAZILIBMI TARİXLƏR, SSENARİLƏR!?

 

Erməni ötən əsrin əvvəlindən ta bu günədək qondarma erməni soyqırımıyla bağlı yüz mindən artıq kitab dərc edib dünyanın aparıcı dillərində və paylayıb düzü dünyaya. Amma ALDP sədr FUAD ƏLİYEV müsahibələrindən birində deyir ki, “Jirinovski mənə dedi ki, sən ilk azərbaycanlısan ki, mənə Azərbaycanla bağlı kitab verirsən. Keç kitabxanama bax, gör ermənilər mənə Qarabağla bağlı nə qədər kitab veriblər”...

 

Hanı Rüstəm İbrahimbəyovun  “fəaliyyəti, böyüklüyü”? Həmin tavariş Rüstəm bu zamana kimi  böyründəki Jirinovskilərə  Umudlu, Qaradağlı, Xocalı soyqırımını anlada bilməyibsə, okeanın o tayındakı qurumsaqlara nəyi və necə sübut edib ki?

 

Hanı Cəmil Həsənlinin bu konuda yazdığı tarix? Cəmil Həsənli İlham Əliyevlə bağlı yazdığı yazıların heş onda birini belə bizim tarixi problemlərimizə həsr etməyiB!

 

Hanı Musa Qasımlının başımıza gətirilən soyqırımlarla bağlı son dövrlərdə yazdığı əsərlər? Ancaq dolayı yolla erməniyə sevgiyə yönəlmiş qafqazşünaslıqdan dəm vurmaq, hakimiyyəti mədh etmək Musa müəllimin son dövr fəaliyyətinin əsasını təşkil edib.

 

Hanı Eldəniz Zeynalovun bu konuda yazdığı ssenarilər?

 

AYIBDIR, AYIBINIZA QISILIN!

 

 və lütfən heç olmasa dinməyin!..

 

Düzdür, həm dövlət, həm də Heydər Əliyev Fondu, eləcə də bir çox siyasətçilərimiz, həmçinin fərdi qaydada soyadaşlarımızın da əksəriyyəti Xocalı Soyqırımının dünya ictimaiyyətinə daha geniş  şəkildə çatdırılması istiqamətində xeyli  iş görüblər. Bütün mümkün vasitələrdən istifadə etməklə bu istiqamətdə görülən işlər alqışlanasıdır. Ancaq dərd orasındadır ki, biz bu soyqırımın dünyaya çatdırılması istiqamətində çabalar etməkdəykən yetişən nəslin, “”qisasımızı alacaq gəncliyin “ bizdən olmayanlar  tək davranmalarının da fərqinə varmamışıq. “26 fevralda nə olub?” sualını “qisasımızı alacaq gəncliyin “Füzuli işğal olunub”, bilmədiyi üçün hikkəylə “mənə Xocalı soyqırımı lazımdı?” kimi cavablandırması əlavə izahata şərhin olmamasından xəbər verir. Və bu nəsli yetişdirən də  yuxarıda adlarını hallandırdığım şəxslər olmaqla həm də bizlərik...

 

UTANMAQ DA O ŞƏXSLƏRƏ VƏ BİZƏ DÜŞÜR, BUGÜNKÜ GƏNCLİYƏ YOX!!!

 

”Sivil dünya”nın belə məsələlərə yanaşmasındakı  nadanlığı, ikibaşlı oyunu da göz önündədir. Belə olan halda “yetişən gənclik bizi soyqırıma, deportasiya  məruz qoyanlardan qisasımızı ala biləcək ruhda tərbiyə olunmalıdır” istəyimizə quş qoyan “bakinets milləti”ndən olan Rüstəm timsallı matahlarımızın,  qaçqın, köçkün məmurlarımızın “veto” qoymaları da

 

İÇİMİZDƏ KÖK SALAN GİZLİ ŞƏBƏKƏNİN MÖVCUDLUĞUNDAN XƏBƏR VERİR...

 

Günümüzü Nanə Ağamalıya ilə , Zaur Baxşəliyevlə, Xoşqədəm Hidayətqızıyla, Zaur Kamalla,Elgizlə  və adlarını bilmədiyim digərlərilə ağlamaqla, çalıb-oxumaqla, oynamaqla, ərə getmək, arvad almaq sevdasıyla  keçiririk. Sanki bu millət kimsəsizdi, sanki bu millət başdan-başa xəstədi...Bu aparıcılar olmasa imiş, millət batıb gedəcəkmiş. Ekranlardan eybəcər cəmiyyət  kodeksi sırınmaqdadı bu millətə - korrupsionerlər səxavət sahibi kimi, oğrular doğru kimi, pis yolun adamı haqq elçisi kimi göstərilir!!! Millət başdan-başa çalıb oxuyana çevrilib. Səngərdən qaçanlarımız çoxaldıqca döyüşə tələsənlərimiz azalıb. Bəs döyüş kimin alnına yazılıb, təkcə Mir Şahinimmi?)...

 

BAYQUŞLAR NUŞİRƏVAN MƏHƏRRƏMLİNİN BAŞINI QATIB DEYƏSƏN

 

Millət dilənçiliyə, ələbaxımlılığa, yüngül qazanc yollarını axtarmağa  öyrədilir.  Bu nədir, bəyəm dövlət öz vətəndaşına sahib çıxa bilmir ki, hər kəs “mənə yardım edin” deyə ekran personajına çevrilib?

Reallıqla barışmırıq.

 

HEÇ ELƏ BİL....

 

Heç elə bil  “itkin düşmüş 3867 nəfər” bu millətin övladı deyil!!!!

HEÇ ELƏ BİL qız-gəlini erməni əsirliyində qalan bu millət deyil!!!!

HEÇ ELƏ BİL  25 faiz torpağı ermənilər tərəfindən işğal olunan bu millət deyil!!!

HEÇ ELƏ BİL  param-parça edilərək tarixi torpaqları 6 dövlətin ərazisinə qatılan, qardaşı bacıya, bacını qardaşa yadlaşdıraraq BÖLÜNMÜŞ XALQ STATUSUna həsrət qoyulan 50 milyonluq insan bu millət deyil!!!

HEÇ ELƏ BİL problemli kredit ucbatından evini-eşiyini satan, bir loxma çörəyə möhtac qalan bu millət deyil!!!!!

HEÇ ELƏ BİL hər doğulan yeddi uşaqdan biri AUTİST olan məmləkətin sahibi bu millət deyil!!!

 

HEÇ ELƏ BİL bütün bunların müqabilində faktiki olaraq xristian dünyası  tərəfindən haqqı tapdalanan məmləkətin sahibi bu millət deyil!!!

 

FƏRQİNDƏSİNİZMİ?...Xocalıda doğulub, Xocalıda böyüyən erməni uşaqlarla birgə əməllərinə rəğmən “Səkinəyeva, Züleyxayeva” soyadıyla çağırılası bütün Azərbaycan kişisinin böyütdüyü və Xocalını heç tanımayan, Bakının göbəyində “inanılmaz gecə keyfləri” görən həmin uşaqların tay-tuşlarının da artıq 28 yaşı var. Həmin 28 yaşlı erməninin atası, anası Livandan, Suriyadan qaça-qaça gəlib Xocalını rusların köməyilə işğal edərək orada yurd salıb. Bizimkilərsə heç olmasa Xocalıya yaxın olan ərazilərimizdə də deyil, birbaşa paytaxta gəliblər, məmur olublar, deputat olublar, seçki komissiyasının üzvləri olublar, polis olublar, elə paytaxt Bakıda, bölgələrdə manqurtlaşanlarla birlikdə kimliyimizi, tariximizi, dinimizi, dilimizi yetişən nəslə unutdurmaqdadılar!!!

 

Ermənilər 28 yaşlı övladlarına Azərbaycanda vətən bəxş etdilər, bizimkilər də indiki 28 yaşlı övladlarının “inanılmaz gecə keyfləri”ni təmin ediblər!!!

 

Və həmin 28 yaşlı uşaqların atalarının, analarının, qohumlarının, onları qoynunda bəsləyən cəmiyyətin istəkləri, arzuları, TƏLƏBLƏRİ  də “yeniləşib”. İNDİ O UŞAQLARIN BÖYÜKLƏRİNİ  deputat mandatı, məmur olmaq eşqi, “ÇÖRƏK PULU”, “İŞIQ PULU”, “QAZ PULU”, “SU PULU”, tələbə övladının pullu TƏHSİL SİSTEMİNDƏKİ ÖDƏNİŞ PULU, “vaxtında və qədərində verilməyən” QAÇQIN PULU, KÖÇKÜN PULU, VETERAN  PULU, ƏLİL PULU, ŞƏHİD PULU , “MİLLİ QƏHRƏMAN” ADI, Şəhid statusu,  tikilən EVLƏR, verilən TORPAQLAR, hədiyyə olunan MAŞINLAR, qərəz, BÜTÜN NÖV YARDIMLARdan maksimum səviyyədə yararlanmaq istəyi DÜŞÜNDÜRÜR. ....

 

Ancaq Xorenin 28 yaşlı övladını və bu haramzadalara dayaq duranlarısa nəyin bahasına olursa-olsun işğal etdikləri torpağı qaytarmamaq və hətta Azərbaycandan yeni torpaqlar qoparmaq iddiası düşündürür...

 

DÜŞÜNDÜNÜZMÜ BÜTÜN BUNLARI?!...

 

DÜŞÜNDÜNÜZSƏ , onda papağınızı bir az da dik tutun, günümüzün Xudayar  bəyləri!!!

 

HEÇ UTANMADIQ, USANMADIQ  AYIBIMIZDAN!!!

 

İlin bir günündə Xocalı haqqında danışmaqla hansısa vətən sevgisini yeni nəslə aşılamaq olmaz, atam balası! Ortalıqda real görüntü, əməl olmalıdır, əməl!  Danışmaq insanların özü-özlərini  illüziya qurbanına çevirmələrindən başqa bir şey deyil. Biz Dərdlərimizdən özümüzə allI-güllü don biçirik, özü də “razrez”i lap yuxarıdan olanından. Hələ oturub duranda da guya ki, biz ədəbliyik deyə donumuzun ətəyindən tutub aşağı dartmağa da çalışırıq.  Bu geyim nə, o dartmaq nə!? Bax deyilən mədhiyyələr də, edilən saxtakarlıqlar da elə o qəbildəndir. Heç utanmadıq, heç usanmadıq  ayıbımızdan...

 

ƏLƏBAXIMLILIQ  VƏ  ƏKİLƏN  NİFRƏT TOXUMU...

 

vətən haqqında düşünən kəs sadalanan və sadalanmayan BÜTÜN  GÜZƏŞT VƏ İMTİYAZLARDAN  ELƏ  BİRİNCİ  İLDƏN İMTİNA ETMƏLİ İDİ. Belə olan halda harınlamış məmur təbəqəsi də onların adından istifadə edə bilməz və böyüyən uşaqların içindən keçən sızıltı onları dədə-baba yurduna səsləyərdi. ÖZÜMÜZÜ ALDATMAYAQ. Bu gün ziyalılarımıza, Seçilmişlərimizə, qaçqınlara, məcburi köçkünlərə, veteranlara, əlillərə, Şəhidlərə  verilən statuslar, güzəşt və imtiyazlar bir tərəfdən başda bir milyonluq ordu olmaq şərtilə bütöv cəmiyyəti ələbaxımlılığa öyrədirsə, digər bir tərəfdən də başqa kateqoriyadan olan insanımızla o kəslər arasında dolayı yolla nifrət toxumu əkir. Gerçək veteranın haqqı verilmirsə, əvəzində heç əsgəri xidmətdə olmayan uşaqlar “veteranam” deyə sinə qabardırsa, sən hansı vətən sevgisinin aşılanmasından danışa bilərsən, ey kürreyi ərzə sahiblənmək istəyənlər?

 

SUAL OLUNUR

necə olur, “dərdlərimiz ümummilli olur”, ancaq insanımıza yanaşmada, statusların, ordenlərin, medalların paylanılmasında  ortaya fərqli mövqelər qoyulur?

 

Nə vaxta qədər bu statuslarla dövlət büdcəsi talan ediləcək? Adam xəz-dəri dükanı işlədə-işlədə, adam dövlət aparatında, məhkəmə, bank sistemində  işləyə-işləyə, deputat ola-ola üstəlik “çörək pulu” alır, bütün növ kommunal ödənişlərinə görə imtiyazlardan istifadə edir. Artıq yer, yurd istəyini sadalanan bu amillər çoxdan üstələyib.  ƏCƏBA, bunu eşidən, görən  imkansız, kimsəsiz uşaqda sən necə vətən sevgisi aşılaya bilərsən!?

 

Və.....və,....  nöqtələr...

Və bu üç nöqtələrdən sonra  “hanı sənin ötən illər ərzində UMUDLU,  QARADAĞLI,  XOCALI  SOYQIRIMIyla  bağlı dərc etdirdiyin kitablar?” demək istəyim  artıq boş  şeydir. Baxmayaraq ki, yuxarıda da dediyim kimi, ermənilər  1915-ci il olaylarıyla bağlı bizdən fərqli olaraq ötən yüz ildə qondarma soyqırımla bağlı dünyanın ən aparıcı dillərində yüz mindən artıq kitab buraxıblar....

 

XOCALI SOYQIRIMINI TÖRƏDƏN

 366-cı motoatıcı RUS DİVİZİYASInın vəhşiliyini guya ki, “görən, dərk edən” və həm də qaçqın olan Aqil Abbas “türk rusdan üzr istəməlidir, millət soğan əkməlidir”  söyləyir,  təzədən də deputat seçilir.  İndi özünün də buyurduğu kimi “başqa işlər görmək” üçün tutduğu vəzifədən və deputat kürsüsündən məhrum edilən  sosial siyasətimizin  “imkanları”ndan istifadə edərək uzun illər ərzində dövlətlə vətəndaş arasında nifaq toxumu səpən Hadı Rəcəblilər sərkərdələr, alimlər yetişdirən ac müəllimi “inkişaf etmiş Azərbaycan”da başqa işlər görməyə dəvət edir, altı yox, qapağı yox qazanı, qulpu yox çömçəni güvənc yeri kimi göstərir, özlərisə problemli kreditor millətdən fərqli olaraq güman ki, yağ-bal içində üzürlər! Və zatən böylədir!!!

 

DƏHŞƏTƏ  BAX!!! Sən acdan, haqqı tapdalanandan, işsizdən necə “vətənsevər” formalaşdıracaqsan!?

 

Boğazdan yuxarı danışmaq lazım deyil, bəli, qansızların anasını ağladan böyük ÇİNGİZ  XANIMIZ  TAM  DÜZGÜN  SÖYLƏMİŞ  Kİ, əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir....

 

Bu  günün güvənc yeri, bu günün əsgəri elə  millətin özüdür və bu savaşdan bizləri üzüağ çıxaracaq yeganə qüvvə elə millətin özü olacaq, ÖZÜMÜZ OLACAĞIQ - ətrafımızda hürüşən itlərsə öz yallarının hayındadır, öz yallarının.  Belə bir anda millətin mədəsi doldurulmalıdır ki, adam arxada qalanından arxayın olsun, adam döyüşən oğlanların haqqının heç bir halda tapdalanmamasının şahidi olsun ki, içində də yurd sevgisi baş qaldırsın!  

 

TARİXİ YARA VƏ UNUTQANLIĞIN YARATDIĞI TARİX

 

Bu gün millətin mənəviyyatının para hesabına zorlanması həm “daxili resurslar”, həm də xarici rıçaqlar vasitəsilə həyata keçirilir. Şübhəsiz  ki, daxili resursların özü də xarici rıçaqların uzantılarıdır....

 

İnsanlığın  xislətinə “ən vəhşi canlı” yarlığını “bəxş” edən qorxunc üsullarla  715 NƏFƏR XOCALI SAKİNİnin QƏTLə yetirilməsi, 467 NƏFƏRin ƏLİL olması, 1275 NƏFƏRİN GİROV götürülməsi, 60-DAN ARTIQ UŞAĞIN analarının gözləri qarşısındaca param-parça edilməsi, 8 AİLƏNİN BÜSBÜTÜN MƏHV edilməsi, atanın gözü qarşısında qızının zorlanması, hamilə qadının qarnını yırtıb cocuğuyla futbol oynamaq, 13 türk cocuğunun üz, baş dərisinin Zori Balayanın özünün də təsdiq etdiy kimi diri-diri soyulması XOCALI SOYQIRIMI zamanı rus və erməni birləşmələrinin sinəmizə vurduğu TARİXİ  YARAdır. Bunun müqabilində unutqanlığı millətimizə təlqin edən sektor da bu gün TARİX YARADIR  e, tarix yaradır – unutqanlarımızı “səkinəyeva”laşdıraraq şərəfsizliyə sürkləyən tarixi!!

Görən bu unutqanlardan heç

 

SORAN OLDUMU?

 

...Sormadılar... Sormadıq. Elə ona görə də bizlər hələ də nanəcib vətəndaş olmaqdan qurtula bilmirik.Çünki hələ də bir yığın suallar var ki, aidiyyatı şəxslər tərəfindən cavablandırılmayıb.

 

MƏSƏLƏN, bir zamanlar VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASInın sədri,  millət vəkili, xalq şairi SABİR RÜSTƏMXANLI deyirdi ki, “Ziyafət Əsgərovun Xocalı soyqırımının araşdırılmasıyla bağlı tərtib etdiyi siyahıda az qala heç erməniylə  rusun adı yoxdur!”. Bunun açmasını Rüstəmxanlıdan və Əsgərovdan soran oldumu?

 

YAXUD, Milli Azadlıq Hərəkatımızın Öncüllərindən olan TƏHMASİB NOVRUZOV vurğulayırdı:  “İsa Qəmbər deyirdi ki, Ayaz Mütəllibovu pis vəziyyətdə qoymaq üçün 5-6 kənd boşaldılmalıdır”. Bunun açmasını indi Siyasi Düşüncə Mərkəzi yaradan, Müsavat Partiyasının lideri İSA QƏMBƏRdən, TƏHMASİB NOVRUZOVdan, AYAZ  MÜTƏLLİBOVdan soruşan oldumu?

 

Hərbi prokurorumuz deyib ki, “Xocalı soyqırımıyla bağlı maddi sübutlar yoxa çıxır”. Kimdir bu “maddi sübutları yoxa çıxaranlar”, heç bunu araşdıran, tapan oldumu? Biz nəyi və hara calaq vururuq? Alınıbmı torpaq?

 

QİSASINI GÖZLƏYƏN SOYQIRIM VƏ BİGANƏLƏR ORDUSU

 

GÖRƏN bəs  bizim mətbu nümayəndələrimiz nədən susurlar? Olmaya bu maraqlar xidmətlərində dayandıqları şəbəkə maraqlarıyla üst-üstə düşmür!? Mən yanılırımsa, buyurub aydınlıq gətirsinlər. Hanı bəs sizin “hərbi rels” üzərində addımlama istəyiniz ? DEYƏSƏN Azərbaycan jurnalistikasının ali məqsədi elə Rauf Arifoğlusayağı dövlətdən maliyyə dəstəyi almaqla millət, vətən, torpaq deyən İqbal Ağazadələrə qarşı siyasi əxlaqla ziddiyyət təşkil edən addımlar atmaq, qərargahla təmin olunmaq, orden, medal və ev almaqdan ibarət imiş!!!

 

GÖRƏN  nədən  o zaman Ayaz  Mütəllibov hakimiyyəti SSRİ Silahlı Qüvvələrinin 4-cü ordu hissələrinin respublika tabeçiliyinə keçirilməsinə maneçilik edirdi?  Elçibəyin adı gələndə yeddi arxa dönənlərinə od vurulurmuş kimi davranan Zərdüşt və Araz Əlizadə qardaşları bəlkə bir az da bundan danışalar....

 

GÖRƏN  o zaman hakimiyyətə iddialı olan AXC-nin müdafiə nazirlərinin tez-tez dəyişdirilməsində marağı nə idi ki, bu məqsədlə müxtəlif rıçaqlardan istifadə olunurdu?

 

Və kimlər daha çox bu təklifdə bulunurdular?

Bəlkə  “Qəzan mübarək!” layihəmizə münasibətdə  SÖZ MEYDANININ FƏRARİLƏRİNDƏN BİRİ olan Əli Kərimli, İsa Qəmbər, Etibar Məmmədov, Xocalı faciəsi zamanı bu əməliyyata rəhbərlik edən sağ qalan yüksək rütbəlilər və  döyüşçülər bir az da bundan danışalar!!!...

 

GÖRƏN o zaman məhz AXC fəallarının təklifilə təyin olunan müdafiə nazirlərinin tez bir zamanda dəyişdiilməsini şərtləndirən səbəblər nə idi?..

 

GÖRƏN  AXC-dən qopan qüvvələr nədən bu məsələnin gizlinlərinin qorunub saxlanılmasında hələ də “həmrəy”dirlər?.. Bəkə özünü millətçi kəsim kimi təqdim edənlər bir az da bundan danışalar...

 

GÖRƏN o zaman Mütəllibova qarşı təşkil olunan intensiv aksiyaların əsas tərəfdarları kimlər idi və nədən bu aksiyalardakı tələblər daha çox “Primakovun iddiaları ilə üst-üstə düşürdü”?

 

GÖRƏN o zaman hansı səbəblər ucbatından 1991-ci ildə keçirilməli olan hərbi səfərbərlik 3 ay müddətinə yubadıldı və niyə məhz 3 ay?

 

GÖRƏN  o zaman  həmin yubadılmadan 17 min nəfərlik çağırışçını ordudan yayındıranlar kimlər idi və məqsəd nə idi?

 

GÖRƏN o zaman  24.02.1992-ci il tarixdə hansı və kiminlə olan anlaşılmazlıqlar müdafiə naziri Şahin Musayevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu?

 

GÖRƏN o zamankı AXC hansı maliyyənin hesabına aktiv fəaliyyət  göstərirdi?

 

GÖRƏN o zaman dövlət fondunda olan və dövlətə ayrılan pulların aqibəti necə oldu?

 

GÖRƏN o zamandan ta bu günədək  həmin dövrün AXC fəalları olmuş və sonradan başqa siyasi qurumlarda təmsil olunanlar nədən o pulların taleyilə bağlı  susmaq baxımından eyni “həmrəyliyi”  nümayiş etdirmədədilər?

 

GÖRƏN o zaman Fəhmin Hacıyevin “günahı” nədə olub ki, Xocalı soyqırımına görə təkcə onu tutmuşdular?

       

GÖRƏN nədən və hansı səbəblərdən sonradan hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün hakimi mütləqləri bu nədənləri araşdırmadı? Danışdırın Söz Meyadının Fərarilərindən olan Əli Kərimlini, Tahir Kərimlini...qoy konuşsunlar və konuşa biləcəklərmi?

 

GÖRƏN o zamandan  ta bu günədək özünü vətənin taleyini düşünən kimi göstərməyə çalışan İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ,  FAZİL QƏZƏNFƏROĞLU, QÜDRƏT HƏSƏNQULİYEV, ETİBAR MƏMMƏDOV,  LALƏ  ŞÖVKƏT HACIYEVA,  RƏHİM QAZIYEV, İSGƏNDƏR HƏMİDOV,  NEMƏT PƏNAHLI,  ARİF HACILI, FƏHMİN HACIYEV, TAHİR KƏRİMLİ, AYAZ  MÜTƏLLİBOV,  QURBAN MƏMMƏDOV,  ZƏRDÜŞT VƏ ARAZ ƏLİZADƏLƏR heç olmasa bu suallardan bircəciyinin cavabının aydınlaşdırılması üçün səy ediblərmi? Ediblərsə, bəs nəticə hanı?

 

Nə qədər ki, bu Seçilmişlər “biganələr ordusu” olaraq nəyinsə xatirinə  susacaq, o zamanın gerçəklərini dilə gətirməyəcəklər AZƏRBAYCANI A-Z-Ə-R-B-A-Y-C-A-N etmək istəyən qüvvələr də bir o qədər harınlaşacaqlar. Bütün bunlara rəğmən

 

MƏN DƏ ÖZÜM BİLƏRƏKDƏN

 

danışmıram. Bilərəkdən 1992-Cİ İLİN  25-DƏN 26-NA KEÇƏN GECƏDƏ RUS VƏ ERMƏNİ BİRLƏŞMƏLƏRİNİN BİRGƏ İŞTİRAKIYLA TÖRƏDİLƏN XOCALI SOYQIRIMINDAN ƏTRAFLI DANIŞMIRAM. Danışmıram  rusla erməninin dayəliyilə dəhşət və vəhşət döğan O GECƏnin nin şaxtasından, sazağından , soyuğundan,  don vuran ayaqlardan, əllərdən, erməni qəbri üzərində qulağı və başı kəsilən türklərdən, ana gözünün qarşısında kiçik yaşlı qız balasının bədəni üzərində sərxoş erməninin apardığı “cərrahi əməliyyat”dan, tikə-tikə doğranıb başqa bir Azərbaycan türkünə yedizdirilən “tazə can əti”ndən, taydöş qadınların ahından, naləsindən, ağlayan cocuğa kəsilmiş ana döşünün əmzik yerinə verilərək adamın tüklərini ürpəşdirən səhnədən, o cocuğun ərşə bülənd olan çığırtısından, atanın gözü qarşısında qızının zorlanmasından, içki şüşələrinin yazılası mümkün olmayan cəza növünə çevrilməsindən, Azərbaycan türkünün dağıdılmış beyin yarımkürələrilə erməninin türk qanına bulaşmış ayaqqabılarını onun yoldaşlarına yanıq verərək silməsindən danışmıram. Xocalıda qəhrəmancasına həlak olanlardan da danışmıram. Öz qamış səltənətindən qovularaq burada imarətlərdə kef çəkənlərin görmədikləri güzərandan da danışmıram. Torpaq deyil, birbaşa “çörək pulu” davasını edən və dövlətə qarşı sosial narazılıq formalaşdıran, vətəndaşla dövlət arasında uçurum yaradan bank sektorunun ucbatından çörəyə, evə, eşiyə möhtac qalan ata, ananı quru çörəyə möhtac etməklə hansı vətən sevgisini formalaşdırmaq olar - heç bundan da danışmıram. O zaman vurulan teleqramların cavabsız qalmasından, “Xocalıda 2 nəfər ölüb” rəsmi informasiyasından, heç Allah rəhmət eləsin Xocalı üçün canını fəda edən Ər Oğullarımızın Qəhrəmanlıqlarından, mütəllibovçu qüvvələrin indi parlamentdə təmsil olunmalarından da, “yolumuzdan dönər olsaq, namus  bizə ar olsun!” hayqıranların “şərəfsizlikləri”ndən, rəhmətlik Seyidağa Mövsümlünün məhz öz həmkarı tərəfindən tapdalanan yurnalist, operator haqlarından, rəhmətlik Çingiz Mustafayevin  “çəkilişləri”nin tarixçəsindən də  

 

DANIŞMIRAM

Danışmıram ona görə ki, o NİGARAN RUHLARdan, o KƏSİK QOLLARdan, o KƏSİK QIÇLARdan ayıbdır. Həmin RUHLAR, həmin QOLLAR, həmin QIÇLAR indi Qarabağ səması üstündən və Şəhidlər Xiyabanından bizim nankorluğumuzu  seyr  edərək özlərini dağa-daşa vururlar. Keçmiş “qaçqınkom”un “erməni xalqı bizim düşmənimiz deyil” kəlməsindən yanıb qovrulurlar, indiki qaçqınkomun bahalı maşınının tozundan, səsindən yana çəkilrlər.. Görəndə ki, onların bacı-qardaşlarının haqları tapdalanır, görəndə ki, onların bacı-qardaşları orden, medal, çörək, qaz, işıq, təhsil pulu hayındadır - cızdağları çıxır. ONLAR da Məhəmməd Hadinin Ruhuyla dərdləşərək Onun “...ərazimiz, vətənimiz, mülkümüz  mal oldu əğyarə; bütün məhrum qaldıq malü cahü şanü şövkətdən” beytiylə ağı söyləyir,  “hanı bu qanın yiyəsi?!”–deyə,  saçlarını yolurlar...

MİNİLLİK də öz işindədir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR