SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

08:29 26-02-2020 | icon 520 | Kürsü
SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Neftçalanın tanınmış ziyalılarından söz düşəndə ilk növbədə şəxsən tanıdığım adamları, görkəmli qələm sahiblərini, indi artıq haqq dünyasında olan İmamverdi Əbilovu, Əjdər Ağayevi, Tofiq Abdini xatırlayıram. Çünki onların hər biri haqqında unudulmaz xatirələrim var. Köhnə iş yoldaşım, yazıçı, pedaqoq Allahverdi Eminov, aktyor Nadir Hüseynov, bu gün də doğma ocaqlarından ayrılmamış qələm dostlarım Soltan Abbas, Zabil Pərviz də respublikanın ədəbi, mədəni mühitində Neftçalanı həmişə ləyaqətlə təmsil etmişlər.

 

Milli Məclisə seçkilər mənə Neftçalanı bir daha gəzib-görmək, rayon camaatı ilə yaxından tanış olmaq imkanı verdi. Xatirələr təzələndi, köhnə mübarizə yoldaşlarımı, xalq hərəkatının fəallarını aradım, yaşlı Neftçala ziyalılarını ziyarət etdim, Azərbaycan Yazıçılar Birliyinin yerli üzvləri ilə, eləcə də həvəskar şair və nasirlərlə görüşdüm, “Kür-Xəzər” ədəbi məclisinin bir toplantısında iştirak etdim.

 

Rayona elə ilk gəldiyim gün görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi İmamverdi Əbilovun evini, onun işığını qoruyan, yolunu davam etdirən oğlu Etibar müəllimi ziyarət etdim. Təsadüfən evin başqa bir övladı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, araşdırmaçı-alim, gözəl qələm sahibi Azər Turan da Bakıdan gəlmişdi. İmamverdi Əbilov əfsanəvi bir şəxsiyyət idi, evi də Azərbaycanın fikir mərkəzlərindən biri idi. Səməd Vurğundan başlayaraq bir çox böyük söz və sənət adamı, üstəlik respublikamıza gələn tanınmış şəxslər bu evin qonağı olublar… İmamverdi müəllim onların xatirəsini, avtoqraflarını, bağışladıqları kitabları səliqə ilə qoruyub saxlayıb. Mənim də bu evə ilk gəlişimdən qırx beş ildən artıq vaxt keçir. İmamverdi müəllimin kitabxanası bir xəzinədir və söhbət zamanı Etibar mənim də illər öncə bu kitabxanaya düşmüş avtoqraflı kitablarımı tapıb gətirdi. Bu kitablar o uzaq illəri yadıma saldı, onda İmamverdi müəllimlə məktublaşmaqla yanaşı, bir neçə dəfə məktəbli Azərdən də məktub almışdım və onun düşüncə genişliyi, mənəvi yetkinliyi ürəyimi qürurla doldurmuşdu…

 

Övladları heç nəyə toxunmayıblar, bütün otaqları, dəhlizi dolduran kitabxana sahibinin sağlığında olduğu kimi qalır. Məncə, bu azdır, Mədəniyyət Nazirliyi bu evi bir muzeyə çevirməlidir. Muzeyin yanında bir oxu zalı tikilsə, bu kitab xəzinəsi həm də neftçalalıların üzünə açılar…

 

Unudulmaz görüşlərimizdən biri də Xıllı kəndində oldu. Rayonun çox hörmətli, qocaman müəllimlərindən Xanoğlan Məmmədova baş çəkməyə getmişdik. Onun həyət-bacasının səliqə-sahmanı, bağ-bağatın, sanki rəssam əli ilə çəkilmiş kimi mükəmməl düzəni diqqətimi cəlb elədi. Xanoğlan müəllimin yaşı səksəni keçsə də, iti hafizəsi, mükəmməl nitqi, ölkədə baş verən hadisələri diqqətlə izləməsi, dəqiq mülahizələri gənclərdə qibtə doğuran bir səviyyədədir. Məni çoxdan yazdığım bir şeirimlə qarşıladı:

 

Qılıncam, ovxarım sözlə, inamla,
Min ilin başında yurdun səsiyəm.
Özüm bu günlərə kül ola-ola
Gələcək günlərin pərvanəsiyəm…

 

Kimsə bu misraları onun qədər həm gözəl deyə, həm də yüksək peşəkarlıq və sayğı ilə təhlil edə bilməzdi. Bu söhbətlə Xanoğlan müəllim, əslində, Neftçalada başlanan görüşlərimə xeyir-dua verdi.

 

Sonrakı günlərdə Soltan Abbasa da baş çəkdim, seçilmiş əsərlərinin 5 cildliyini vərəqlədim; Zabil Pərvizin, Ənvər Əliyevin şeirlərini dinlədim.

 

Yenicə bələdiyyə sədri seçilmiş Gülqədəm Mirzəzadənin “Səmavi” şeirlər kitabının və bəstələdiyi mahnıların lirik ovqatı onu gündəlik işindən, kənd həyatından qoparmır, əksinə, camaat üçün məşğuliyyət yerləri açmaq səylərini artırır, qadın inkişaf mərkəzi və anaların hüquqlarının qorunması ilə bağlı plan və arzuları genişlənir.

 

Görüşlərimizin ən fəal təşkilatçılarından olan şair Fərhad Əzizbəyli ilə indiyədək yaxından tanış olmaq imkanı tapmadığıma təəssüfləndim. Çünki o, Neftçalada yaşasa da, yaradıcılığı, kitabları əyalət səviyyəsindən çoxdan çıxmışdır və çağdaş poeziyamızın seçilən nümunələri ilə səsləşir. Bunu təsdiq etmək üçün 2019-cu ildə nəşr edilmiş və sayca ikinci olan “Zəmanət” şeirlər toplusunu gözdən keçirmək yetərlidir.

 

Həyatdan 23 yaşında, nakam getmiş ilahiyyatçı-şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrinin və gündəliyindən parçaların toplandığı və ölümündən sonra nəşr edilmiş “Sevda türküsü” kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdət-i vücud və hürufizm haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil Tanrıdangəlmə, fitri bir istedad sahibi olmuşdur. Atası Etibar müəllimə “kaş o kitabı mənə verməyəydin” deməkdən başqa söz tapmadım. Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır. Yalnız o kitabı oxuyandan sonra böyük dostumuz İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi itirdiyini təsəvvür etmək olur.

 

2

Neftçalanın yetişdirdiyi qələm sahibləri arasında rayonun ictimai, mədəni, pedaqoji həyatında xüsusi xidmətləri və yeri olan nasir, publisist Ruhəngiz Əşrəfqızının (Nəcəfova) yaradıcılığı haqqında ayrıca danışılmalıdır. Heyif ki, onun nəşr olunan roman, povest və hekayələri, publisistikası ədəbi-tənqidimizin diqqətindən kənarda qalmış, yetərincə dəyərləndirilməmişdir…

 

Ruhəngiz xanım müəllimdir, indi Xolqaraqaşlı kənd orta məktəbində direktor vəzifəsini daşıyır; rayonun lider qadınlarından biridir. Kitabları, təşkilatçılıq qabiliyyəti, mükəmməl natiqlik məharəti ona xüsusi hörmət qazandırıb. Bir müddət Neftçala şəhərində Heydər Əliyev adına Mərkəzin direktoru olub.

 

Ruhəngiz xanım Neftçalanın Qırmızıkənd kəndində həkim ailəsində doğulub. Ata tərəfi muğanlı, anası Qazaxın Şıxlı kəndindən Eminovlar nəslindəndir. Kür coşqunluğu, Araz saflığı birləşib onun xarakterində.

 

Seçki görüşlərindən vaxt tapanda Ruhəngiz xanımın bir neçə kitabını oxudum və elə ilk əl atdığım “Bir kəndin tarixi” əsərində (Bakı, “Araz” nəşriyyatı, 1999) onun bir publisistdən, jurnalistdən daha çox nəsr ustası olduğunu gördüm. Kitab xoş bir niyyətlə yazılıb: müəllif doğulub boya-başa çatdığı kəndin tarixini qələmə alıb. Bu, arxeologiyaya və qədim kitablara, arxiv materiallarına söykənən tarix deyil, adamların şahid olduğu, insanların yaddaşına yazılmış, canlı və real tarixdir. Bir kəndin tarixi bizə həm də Muğanın keçmişini, yaşadığı çətinlikləri, üzləşdiyi faciələri, eləcə də çaylarını, göllərini, gəmilərin yan aldığı sahilləri, daim təbiətlə çarpışmada olan, selə qoşulub axan, yurdlarını tərk edən, lakin sonradan yenə qayıdıb gələn cəsur insanlarını, bu yerlərin adət-ənənələrini, yetişdirdiyi məşhur şəxsiyyətləri, repressiya qurbanlarını, böyüklərini tanıtdırır. Təkcə tanıtdırmır, həm də sevdirir.

 

Kitab belə başlanır: “Su kəndi ağzına götürüb aparırdı. Qamış, taxta parçaları, müxtəlif ev əşyaları suyun lal, lakin güclü axınına tabe olaraq sürətlə üzürdü. Haradansa suyun güc verib çıxardığı bir qurumuş ağac gövdəsi kəhrəba rəngli nehrə ilə yanaşı üzürdü. Onlar bir-birinə sürtünə-sürtünə, dəyə-dəyə irəliləyirdi. Birdən kötük güclü bir təkanla nehrəyə dəyib onu parça-parça etdi.

 

…Günəş göyün qərb bucağında buludların ətəyindən sürüşüb ətrafa son, sönükləşmiş şüalarını saçırdı”.

 

Bu, müəllifin doğma kəndinin Kür-Araz daşqınlarında tez-tez yaşadığı bir təbii fəlakətin rəsmidir. Rəssam fırçasından çıxmışa bənzəyən canlı bir mənzərədir. Bu rəsmi yalnız sel fəlakətini görüb yaşamış adam belə ustalıqla çəkə bilərdi. Sel oxucunu da alıb aparır, sanki… Cavad bəyin ailəsini, selə qarışıb axan heyvanlarını xilas etmək üçün vurnuxduğunu əks etdirən bu başlanğıc böyük yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanının təsvirlərini xatırlatdı mənə.

 

Ruhəngiz xanımın bir-birindən maraqlı hekayə və povestlərinin çoxunun mövzusu kənd həyatından alınmışdır. Buna görə də “Kəndimizin dəmir atları” (Bakı, “Müəllim” nəşriyyatı, 2003) və “İtmiş povestlər” (Bakı, “Araz” nəşriyyatı, 2007) adlı kitabları da elə “Bir kəndin tarixi”nin davamı kimi oxunur. Erməni-bolşevik qırğınlarında, repressiya və İkinci Dünya müharibəsi illərində, 1990-cı ilin Qara yanvarında, Qarabağ savaşında nə qədər qurbanlar versə, dəyərli insanlarını itirsə də, bu kənd yaşayır, öz adət-ənənələrini, toyunu-şənliyini, əkinini-biçinini davam etdirir; nəsillər dəyişilir, sistemlər çökür və yenisi qurulur, böhranlar adamları imtahana çəkir, lakin həyat dayanmır; cavanlar cəbhədə, vətənlə qürbət arasında, ailələr kəndlə şəhər arasında, Muğan sellə quraqlıq arasında, insan ləyaqəti ehtiyacla harınlıq, məhəbbətlə xəyanət arasında, yer üzü işıqla qaranlıq arasında… Ruhəngiz xanımın həyatın bu təzadlı, lakin canlı və qırılmaz axarını böyük təravət və koloritli lövhələrlə əks etdirir. Etnoqrafik zənginlik, iti müşahidə. İnsanlara və təbiətə böyük sevgi onun nəsrinin başlıca əlamətlərindəndir. Hekayə hekayə dalınca, esse esse dalınca və hər birində kəndin ocaqlarını sönməyə qoymayan halal adamları, yuxarıda təsvir olunan nehrə kimi ehtiyacın amansız kötüklərinə çırpılıb dağılan ailələr, montyor, sürücü, inşaatçı, müəllim, həkim, balıqçı, tələbə, şagird… Muğanın səhərləri və axşamları, Aylı gecələri, quşları və cırcıramaları, kəndarası yolların gizlinləri, doğulan və ölən sevgilər, Rusiya sevdasının qırdığı sevgilər, qaçırılan qızlar, taleyə boyun əyməkdən başqa yolu qalmayan ata-analar… Ruhəngiz Əşrəfqızı bu həyatı dadlı-şirəli bir dillə öz əsərlərinə köçürür.  Muğanın qızaran və qaralan üfüqləri, ümid dolu səhərləri, qərib axşamları, yağışı, qarı, torpağının ətri, bir sözlə, başqalarına solğun görünə bilən təbiəti Ruhəngiz xanımın nəsrində ardıcıl təsvir obyektidir və bəlkə də heç bir başqa mətndə onun əsərlərində olduğu qədər canlı, real-romantik boyalarla əks etdirilməmişdir.

 

Ruhəngiz Əşrəfqızının yazı tərzi və üslubu da maraqlıdır: “Bir kəndin tarixi” – bədii publisistika nümunəsi olaraq sözçülükdən uzaq bir tərzdə, daha çox sənədlərə. adamların xatirələrinə söykənərək, dəlilli-sübutlu yazılıb, şəxslərin portreti bəzən onların öz qeydləri ilə tamamlanır. “Kəndimizin dəmir atları”ndakı hekayələr realist boyalarla çəkilib, burda da hər hekayə bir həyat hadisəsindən qidalanır, bəziləri novella kimi gözlənilməz sonluqla bitir. Esselərin bir çoxu dastan didaktikası tərzində qələmə alınıb; keçmiş olaylar bu gün üçün həyat dərsi kimi təqdim edilir.

 

“İtmiş povestlər”də isə sevgi mövzusunun gətirdiyi qanadlı-romantik üslubla öz həyat yolunun, ailə tarixinin, xiffət dolu xatirələrin gətirdiyi zərif psixoloji üslub iç-içədir.

 

Müəllimlik Ruhəngiz xanıma yeniyetmələrin, məktəbli gənclərin öz yaşları üçün təbii olan yaşantılarını, ilk məhəbbətin gətirdiyi psixoloji burulğanları, ilk görüşlərin xoşbəxtliyini, ayrılıq acılarını, həyat yolunun başlanğıcında keçilən tərəddüdləri yaxından müşahidə etmək imkanı vermişdir və bütün bunlar onun əsərlərində pedaqoji sərhədlər qorunmaqla gözəl təsvir edilir.

 

Müəllifin “Qayıdış” romanı bu gün üçün aktual olan bir mövzuya yeni dövrün gətirdiyi problemlərlə üzləşən adamların taleyinə, həmişə olduğu kimi yenə də gündəmdən düşməyən şəhər-kənd münasibətlərinə həsr edilmişdir. Çətinliklər, işsizlik adamları şəhərə üz tutmağa məcbur edir. Şəhər bir cazibə mərkəzinə dönüb. Torpaqdan ayrı düşən insanlar şəhərin evsizliyinə, ağır şəraitinə baxmayaraq, geri dönmək istəmirlər. Bu ikili həyat sevgiləri yarıda qoyur, ailələri dağıdır, yüz illərlə formalaşmış milli əxlaq və adət-ənənələri sınağa çəkir. Ruhəngiz Əşrəfqızı bu iki ailəni, kəndi və şəhəri eyni dərəcədə maraqlı detallarla təsvir edir. Qüdrət və onun ailəsi, yoldaşı Zəminə oğlu Aqşin əsərin əvvəlində hansı həvəslə şəhərə can atırlarsa, burda işləyib ev-eşik sahibi olurlarsa, əsərin sonunda Aqşin eyni həvəslə öz şəhərli həyat yoldaşı Günellə birlikdə kəndə qayıdır. Ata ocağının sönmüş işıqlarını yandırır.

 

Ruhəngiz xanımın yaradıcılığına bu kəndlərin qorunmasına, ata ocaqlarının daim gur yanmasına yardım edən güclü bir yurd-torpaq sevgisi hakimdir. Çağdaş qadın nəsrimizdə onun xüsusi və bənzərsiz yeri var.

 

Haraya və nə məqsədlə getməyimizdən asılı olmayaraq Ədəbiyyat havası həmişə nəfəsimizi genişləndirir.

Xəbər lenti

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ

  Rauf Məmmədov: “Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Atəşkəs rejimi 21 dəfə pozulub

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Rayonlarda hava kəskin dəyişəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Prezidentin çağırışına qoşuldu

İranda koronavirusa yoluxanların sayı 32 332-yə

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Deputatlar bir-birindən 2 metr aralı oturacaq

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb

Prezident 1 illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İctimai iaşə müəssisələrinin yeni iş rejimi

Sabah hava dumanlı olacaq

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb