"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

18:25 03-07-2020 | icon 1796 | Mədəniyyət
"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Savadsızlar nə qədər çox olsa, bəziləri üçün bir o qədər yaxşıdır

 Versus.Az "Kaspi"yə istinadən təqdim edir.
 
Teatr sahəsi üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, bu sahədə xarici ölkələrlə müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, Mədəniyyət Nazirliyi ilə Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı. Həmin sənədə əsasən, 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılmışdı. Bu kursun tələbələrindən olan və hazırda Moskvada təhsilini davam etdirən istedadlı aktyor, rejissor Vüsal Mehrəliyevlə söhbət etdik. Onun vasitəsi ilə Moskvanın teatr mühiti ilə tanış olmağa çalışdıq. Əvvəlcə həmyerlimizdən Moskvada koronavirusla mübarizə, vətəndaşların qaydalara nə dərəcədə əməl etməsi barədə soruşduq.
 
- Bütün dünyada olduğu kimi, Moskvada da dövlət ölümcül bir pandemiya ilə qarşı-qarşıyadır və bunun üçün önləyici tədbirlər görməyə çalışır. Hazırda burada insanlar işlərinə gedib-gəlir, gündəlik məişət qayğıları ilə məşğuldurlar. İzolyasiya qaydalarına riayət edir, qapalı məkanlarda sosial məsafəni saxlamağa xüsusi diqqət yetirir və maskadan istifadə edirlər. Artıq burada alış-veriş mərkəzləri, iaşə obyektləri fəaliyyətə başlayıb. Hələ ki sərt karantin rejimi burada hökm sürmür. İnsanlar tam olaraq evə qapanmayıb, gündəlik işləri ilə məşğul olur və qaydalara əməl edirlər. Dövlət isə müəyyən vasitələrlə vətəndaşları məlumatlandırır, virusdan qorunmağın sadə üsullarını insanların çox olduğu nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində plakatlarla təqdim edir. Bundan başqa, ictimai nəqliyyatda, dayanacaqlarda xüsusi avtomatik spreylər quraşdırılıb. Belə ki, əlləri aparata toxundurmadan dezinfeksiya etmək mümkün olur. İnsanların çox toplaşdığı mərkəzlərdə maskalar, əlcəklər qoyulub ki, bu da virusdan qorunma üçün əsas şərtlərdən hesab edilir. 
 
- Vüsal bəy, təhsil almağa getməmişdən öncə Moskvanın teatr mühiti ilə nə qədər tanış idiniz və bu tanışlıq sizə nə qazandırdı?
- Azərbaycanda çalışarkən, təbii ki, dünya teatrlarından, eyni zamanda Moskvanın məşhur teatrlarından xəbərdar idim. Bundan başqa, ölkəmizdəki teatr mühiti və rus psixologiyası bizə bu barədə müəyyən təsəvvür yaratmağa imkan verirdi. Misal üçün, Moskvada çalışan teatr xadimlərinin adlarını bilir, onların gördükləri işlərdən məlumatlı idik. Konstantin Stanislavski, Bertolt Brext, Vaxtanqov, Meyerxoldun teatr prinsiplərindən xəbərdar idim. Ancaq təhsil aldığım institutda öyrəndim ki, əslində yüksək sənət nədir, hansı işlə məşğul olmaq lazımdır və işin doğrusu necədir. Belə qənaətə gəldim ki, aktyora mütləq şəkildə düzgün təlim və təhsil verilməlidir. Prosesi təcrübələri ilə özü öyrənən aktyor teatrda bərkə-boşa düşür. Öyrənməyə çox zamanı getsə də, əslində hər şeyi öyrənə bilmir. İntuitiv istedadına, daxili energetikasına,  emosiyalarına arxayın olub obraz canlandırır və bu zaman beyin işini dayandırır. Moskva mühiti ilə tanış olmaq mənim zövqümü, dünyagörüşümü dəyişdi. Beynimin çox hissəsi işlədi, çox şeylərdən xəbərdar oldum və saysız elmi əsərlər oxudum. Əslində bizi elmi əsərləri oxumağa məcbur etdilər. Burada əgər oxumursansa, səni universitetə yaxın buraxmırlar və təhsildən təcrid olunursan. Bunu da deyim ki, bizim kursda təhsil alan 2 nəfər oxumadığı və laqeyd yanaşdığı üçün universitetdən qovuldu. Onlara universitetin diplomu verilmədi, bildirildi ki, siz bu peşə üçün yaramırsınız. Bir düşünək görək, sonuncu dəfə nə vaxt Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələr oxumadığı üçün təhsil ocağından qovulub?  Burda tələbəyə bildirilir ki, sizinlə 3 il çalışdıq və aydın oldu ki, sizdən aktyor olmayacaq. 
 
- Sizi təhsil almağa göndərdikdə, ümumi fikir və qayə nə idi? 
- Təhsil almağa göndərilən 13 nəfərdən ibarət Azərbaycan studiyasının yaradılması planlaşdırılırdı. Bizim haqqımızda dövlət proqramının olduğu bildirildi. Öncədən belə nəzərdə  tutulmuşdu ki, biz vətənə döndükdən sonra da studiya kimi fəaliyyət göstərəcəyik. Bu studiyanın öz repertuarı olacaq və biz öz tamaşalarımızı hazırlayacağıq. Mən də o planın bir parçası idim. Planlaşdırırdıq ki, iyul ayında bizim qastrol səfərlərimiz olacaq. Bu qastrol səfərlərində Azərbaycan tamaşaçısı bizim studiya ilə tanış olmalı idi. Sonra bu studiya öz tərkibində fəaliyyətini genişləndirməyi nəzərdə tutulmuşdu. Ancaq pandemiya hər şeyi dayandırdı. 
 
- Bu təhsil ocağında əldə etdiyiniz bilgilərin praktiki sənətə tətbiqi barədə nə düşünürsünüz?
- Əldə etdiyim bilgiləri tətbiq etmək üçün mənim də öz planlarım var. Düşünürəm ki, Azərbaycanda yaxşı aktyorlar çoxdur, onların bir qismi ilə həmrəyəm. Geri döndükdən sonra onlarla birlikdə tamaşalar hazırlayacam. Kiçik də olsa, istedadlı insanlardan ibarət öz truppamı yaradacam. Öyrəndiklərimi hazırlayacağım tamaşalarda həmin insanlara ötürməyi düşünürəm. 20 ildir tanıdığım aktyorlar var ki, onlar artıq mənim nəzərimdədir. Onlarla onlayn şəkildə  danışırıq. Təkcə burdakı teatr sistemini deyil, eyni zamanda təhsil aldığım müddətdə  öyrəndiklərimi onlarla bölüşürəm. 
 
- Gələndən sonra Azərbaycanda hər hansı dövlət teatrında çalışmağı hədəfləyirsiniz, yoxsa  öz teatrınızı yaratmağı düşünürsünüz?
- Hazırda Gənc Tamaşaçılar Teatrının aktyoruyam. Bilirsiniz ki, biz burada dövlətimizin hesabına təhsil alırıq. Təhsilimizi başa vurduqdan sonra dövlət bizi hara göndərsə, orda da məmnuniyyətlə 5 il müddətində çalışacam. Orda bütün öyrəndiklərimi tətbiq etməyə səy göstərəcəm. Bir müddətdən sonra öz aktyorlarımı yetişdirib, teatrımı yaradacam. Amma əvvəlcə özümə aktyorlar yetişdirməliyəm, özüm kimi düşünən, həmfikir olduğum həmkarlarımı ətrafıma cəm edib, mənə keçilən təlimi mən də onlara keçəcəm. 
 
- Azərbaycan teatrında nəyi dəyişmək istəyirsiniz?
- Azərbaycan teatrında çox şeyi dəyişmək lazımdır. Teatrımızın yenidən formalaşdırılmağa  ehtiyacı var. Teatrın qarşıya qoyduğu məqsədlər yüksək amallar uğrunda mübarizə olmalıdır. Peşəkar mütəxəssislərin sayını çoxaltmaq, işi bilənə həvalə etməkdə hər zaman fayda var. Bizdə isə teatrlarda əksəriyyət peşəkar deyil, həvəskarlardır. Peşəkarlar abrına qısılıb bir kənara çəkilib, həvəskarlar da deyir ki, "belə gəlib, belə də gedirsə, nəyimə lazımdır?" Çünki bu düşüncə o həvəskarlara sərf edir. Savadsızlar nə qədər çox olsa, bəziləri üçün bir o qədər yaxşıdır. Geriyə baxanda görürsən ki, 20 il işləmisən, amma bilmirsən, nə iş görmüsən. Sualınızın cavabına gəldikdə isə, deyə bilərəm ki, teatrımızın parlaq dövrü sovet dövrünə təsadüf edib. O dövrdəki atmosferi qoruyub saxlayaraq, keçid dövründə itirdiyimiz həmin dəyərləri geri qaytarmaq istəyərdim. Mən sovetpərəst insan deyiləm. Ancaq təcrübə göstərir ki, o sistem daha çox işə yarayır. Bundan başqa, teatrlarımızda peşəkarların sayının artırılması üçün səy göstərərdim. Yəqin ki, repertuar siyasətinin müstəqil təyin olunmasına tərəfdarı olardım. Azərbaycan teatrı üçün repertuar siyasəti çox önəmli və vacibdir. Buna çox böyük diqqət ayırmağın labüd olduğunu düşünürəm. Hətta deyərdim ki, repertuar siyasəti dövlətin siyasətinə, milli ideologiyaya da uyğun olmalıdır. Hər bir teatrın öz repertuar siyasəti olmalıdır və bu repertuar görünməli, perspektivi olmalıdır. 
 
- Dünya teatrının bir mərkəzindən Azərbaycan teatrı necə görünür?
- Doğrudan da Moskva dünya teatr mərkəzlərindən biridir və mən deyərdim ki, birincilərindəndir. Burdan baxanda Azərbaycan teatrı görünmür. Burada son 30 ildəki Azərbaycan teatrı haqqında heç bir məlumat yoxdur. 2 il bundan öncə müəllimlərimiz Bakıya konfransa gəlmişdilər və teatrlarımızın şəraiti onları təəccüblənmişdi. Belə ki, onlar teatrlarımızın binasına, yaradılan şəraitə heyran qalmışdılar. Bu heyranlıq teatrlarımızın repertuarı ilə tanış olana qədər davam eləmişdi. Repertuarlarımıza baxıb bildirmişdilər ki, Azərbaycan teatrı XX əsrin əvvəllərində qalıb. 
 
- Azərbaycan teatrının inkişafı üçün hardan və necə başlamalıyıq?
- Teatrımızda hökm sürən problemləri aradan qaldırmaq üçün mənim öz konsepsiyam var. Belə ki, məktəblərdə sıfırdan təlim keçib, istedadlı, savadlı aktyorlar yetişdirmək lazımdır. Teatrımızın inkişafı üçün bu təməldən sonra Teatr İnstitutuna ehtiyac duyulur. O təhsil ocağı yalnız kino aktyoru və kino rejissoru yetişdirməlidir, həmçinin teatrlar üçün.  
 
- Moskva teatr mühiti ilə yaxından tanış olan biri kimi, oradakı teatrların repertuar siyasətini necə xarakterizə edərdiniz? Orda da teatrların repertuarını klassik əsərlər bəzəyir?
- Moskvada teatrlar çoxdur. Hər teatrın öz repertuar siyasəti var. Təbii ki, teatrlar klassik əsərlərə üstünlük verirlər. Klassik əsərə yeni baxışla yanaşı, müasir dramaturqlar, yeni pyeslər də kifayət qədər nümayiş etdirilir. Bəzən tanımadığımız gənc dramaturqların pyesləri teatrlara yol tapır. Bu əsərlərdə rejissor tapıntılarına da rast gəlirik. Repertuar siyasəti teatrın öz siyasətinə uyğun yeridilir. 
 
- Sizcə, Moskva niyə dünya teatrının mərkəzlərindən biri hesab olunur?
- Söhbət Moskvanın özündən gedirsə, XX əsrin əvvəllərində rejissor teatrının yaranmasının banilərindən Konstantin Sergeyeviç Stanislavski, Vladimr Nemeroviç-Dançenko Moskvada fəaliyyət göstəriblər. Onların tələbələri bu gün müasir teatr məktəblərinin baniləridir. O məktəblər bu gün teatr kimi fəaliyyət göstərir. Danılmaz faktdır ki, dünyanın teatr elmi mərkəzlərindən biri Moskvadır. Bütün dünyada baş verən teatr prosesləri Moskvada diqqətlə izlənilir. Demək olar ki, 30-dan çox teatrla məşğul olan tədris ocağı var. Moskvada teatrın elmi ilə məşğul olurlar. Burda teatr həyatı hər zaman qaynayır. Moskvada Teatr Xadimlər İttifaqının dünya miqyasında geniş fəaliyyəti var. Həm sosial, həm də elmi araşdırma baxımından teatrlara böyük yatırımlar edilir. Teatr Xadimlər İttifaqı teatr cameəsinə sosial yardımlar edir, teatrların dünya turlarına çıxmasına dəstək olur. Bu da dünyanın teatr marağının Moskvada birləşməsinə səbəb olur. 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər