“Bunu heç də elektron media seqmentlərinin hamısına və hər növünə aid etmirəm, ancaq...” - MÜSAHİBƏ

15:31 25-09-2020 | icon 966 | KİV
“Bunu heç də elektron media seqmentlərinin hamısına və hər növünə aid etmirəm, ancaq...” - MÜSAHİBƏ

Aydın Quliyev: “Problemlərin çoxu çap mediada yox, çap medianı problem kimi görənlərdədir”

 

Cəmiyyətin güzgüsü olan media bu gün informasiya tutumluluğunu, xəbər ötürücülüyünü, ictimai nəzarətin formalaşması prosesində nə dərəcədə obyektiv və real maddi-texniki imkanlara malik olduğunu meydana çıxartmaq üçün həm də özünü “təftiş” edir. Mediamız Ermənistanın torpaqlarımızda apardığı işğalçılıq siyasətini davam etdirdiyi bir vaxtda resurslarını gücləndirərək əsas fəaliyyətini məhz bu istiqamətə yönəltmək zərurətini ortaya qoyur. Onun müharibə şəraitdə iç problemlərinin üzərinə gedərək, neqativləri aradan qaldırmaq üçün etdiyi çabalar bu mənada birmənalı qarşılanır. Mediamız dövlətimizin müharibə şəraitinə uyğun olaraq əsas vəzifəsinin öhdəsindən gələ bilirmi, problemləri nədir? Media bugünkü Azərbaycanın həqiqətlərini dünyaya çatdırma, təbliğatçı fəaliyyətini uğurla yerinə yetirmək üçün hansı keyfiyyətlərini yeniləməlidir?

 

“…tam mənasını belə anlamadığı halda "rekord IP qırmağı" ilə xoruzlanır”

 

Versus.Az xəbər verir ki, Mətbuat Şurasının üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

 - Aydın müəllim, elə bugünlər çap medianın problemlərinə həsr olunan bir sıra onlayn konfranslar keçirildi və orada informasiya məkanında yer alan bütün media seqmentlərinin fəaliyyətinə diqqət çəkildi. Necə hesab edirsiz, medianın hansı problemləri var və onun vəziyyətini ümumiləşdirsək, mətbuatı nədən xilas etməyə çalışmalıyıq?

 

- Bu gün dünya iki min ildən çox yaşı olduğu deyilən qəzetçilik texnologiyasının xilas yollarını axtarır, bizdə isə onu dəfn etmək üçün ürəyi keçənlər var. Ona görə ki, özü çap media sahəsində uğursuz olub, ya da yaratdığı qəzeti əlində sağ-salamat saxlaya bilməyib, qəzetçilikdən kitablar yazsa da, qəzetçiliyə dair dediklərinə məhəl qoyan yoxdur. Lakin çap medianın gələcəyi nə kor-korana təəssübkeşliyə, nə də kor qisasçılığa bağlı deyil, olmamalıdır.

 

Çap medianın, yəni qəzet və jurnalların vəziyyətindən danışanda bir çoxları ifrata varır. Sanki ölkədə problem təkcə qəzetlərdə imiş. Yaxud, çoxnövlü media seqmentlərinin arasında təpədən dırnağa qədər problem içində olan təkcə çap media imiş. Guya çap medianın problemləri həll olunan kimi qalan bütün sahələrdəki problemlər həll olunacaqmış.

 

Ondan başlayaq ki, bütün media seqmentlərinin problemləri var. Radionun, televiziyanın, internet media seqmentlərinin hər birinin özünəməxsus problemləri var. Sadəcə, hər bir media növünün problemlərinin sayında, miqyasında fərqlər ola bilər və var. Çap medianın "çox böyük problemləri var" deyən "qaranı sevən rəng ustaları" unudurlar ki, cəmi 20-0 il yaşı olan internet media resurslarının problemi 145 və daha çox yaşı olan çap media qədər problem içində ola bilməz. Hələ televiziyaların, sosial şəbəkə və başqa internet media seqmentlərinin qəzet industriyası və qəzet texnologiyası qədər yaşı olsun, 150-yə, 250-yə çatsın, onda baxarıq görək kimin öz inkişaf yollarında özünün yaratdığı problemlərə dözümü nə qədər imiş.

 

Problemlərin çoxu çap mediada yox, çap medianı problem kimi görənlərdədir, çap medianın başına min cür problem açanlardadır. Bu gün informasiya məkanının mühüm hissəsi ildırım sürəti ilə işləyən keyfiyyətsiz və qeyri-peşəkar xəbərçilərin girovluğundadır. Sosial şəbəkələr  və internet media deyilən seqmentlər bir çox hallarda "parazit media" orqanlarına çevrilir. Bəs necə? Çap medianın klassik peşəkar jurnalisti arayıb axtarıb tapdığı bir və ya bir neçə xəbəri analız və sintez edərək sonda bitkin bir material ortaya çıxardığı halda, bir elektron cihazın sadəcə düymələrini basa bilənin birisi yolda təsadüfən rastlaşdığı "qara qulaqla ağ bimin boğuşmasını" tez foto, videoya almaqla yanına bir-iki də savadsız cümlə yazır, danışdığının tam mənasını belə anlamadığı halda "rekord aypi qırmağı" ilə xoruzlanır. Belələrinin cəmiyyətə, dövlətə verdiyi nədir? Vulqar informativ zövq, öz beynini yox, göz və qulağını əyləndirməyə daha çox meylli olan təmbəl və dayaz düşüncəli, düşünməyə də ərinən kütlə yetişdirmək, ictimai rəy və ictimai şüur deyilən böyük inkişaf detonatorlarını kütləvi əyləncə mənbəyi olan alabəzək xəbərlərin selində məhv etmək. Mən bu fikirləri heç də elektron media seqmentlərinin hamısına və hər növünə aid etmirəm. Ancaq gözləyək və yaşayaq ki, elektron media seqmentləri də çap media kimi 200-300 il yaşasın, görək bəşəriyyəti hansı fəlakətlərə qonaq edəcək və ya hansı fəlakətlərdən qoruya biləcək. Hələ o başqa mövzudur ki, elektron media seqmentləri bəşəriyyətin ondan imtina etməsi ilə qarşılaşmadan 100-200 il yaşaya biləcək, ya yox.

 

Beləliklə, çap medianın iki əsas problem mənbəyi var. Birincisi odur ki, problemlər informasiya istehsalı texnologiyalarının inkişafından yaranır. Məsələn, televiziya çıxır, internet media resursları yaranır, xəbərin istehsalı və yayılmasının sürətinə görə qəzetləri qabaqlayır.

İkinci problem mənbəyi isə çap medianı problem və ya problemlər burulğanı sayan insanlardır. Nə qədər qəribə olsa da, çap media bu gün bazarda insanlar üçün nisbətən bahalı xəbər və təhlil resursudur. Çap medianı oxumaq üçün hər dəfə pul xərcləməlisən, ancaq bir-iki manatlıq "meqabayt" yükləyərək bütün ay boyu internet məkanda vurnuxursan. İnsanlar üçün bu daha asan və rahatdır. Ancaq bunların cəmiyyətə, dövlətə və insanlara xeyirdən çox fəlakət mənbəyinə çevrildiyini getdikcə hər kəs görür. İllər ötdükcə bu təhlükə daha da böyüyəcək. İnsanlar 200-300 il ərzində "çap media təhlükəlidir" kimi bir anlayışa heç zaman gəlmədi. Ancaq cəmi 20-30 il keçib, hamı internet medianın insanlar, sağlamlıq, uşaqlar, ailələr və insanlıq genefondu üçün gündən-günə böyüyən təhlükələrindən danışmağa başlayıb. Çap medianın insan faktorundan törəyən böyük problemlərindən biri internet media resursları ilə müqayisədə ayrı-seçkiliyə məruz qalmasıdır. Dövlət başçıları və dövlət məmurlarının bir müsahibə, ya xəbər verməyə ehtiyacı yarananda ancaq elektron media resurslarını axtarması yumşaq desək, heç yaxşı nümunə deyil. Belə praktika istər-istəməz cəmiyyətin nəzərində çap medianın olan-qalan hörmətini də yerə vurur.

 

Uzağa getməyək, Lavrov bu yaxınlarda Rusiyanın "Trud" qəzetinə xüsusi müsahibə vermişdi. "Trud"un internet versiyasını bizlər də maraqlanıb oxuduq. Sabah Azərbaycanda bir nazir hansısa müstəqil qəzetə (dövlət qəzetlərində effekt çox da olmaz) böyük həcmdə xüsusi müsahibə versə, bunun hər iki tərəf üçün nəticələri böyük olacaq.

 

“Yetər ki, televiziyalara, sayt və agentliklərə ayrıseçkilik qoyulmasın”

 

- Bütün sahələrdə olduğu kimi, mediamız da cəmiyyətin bütün fəaliyyət istiqamətləri ilə sintez olaraq dövrünün problemlərini yaşamaqdadır və bu barədə müəyyən məqamlara da toxundunuz. Lakin problemlərdən çıxış yolları nədədir, medianın maddı çətinliklərdən xilas yolu kimi göstərilən “reklam bazarı”nın açılması nə vəd edir?

 

- Çap medianın reklam bazarının olmadığının təkrar edilməsi adət halını alıb. Əgər televiziyalar, bəzi sayt və agentliklər üçün reklam varsa, çap media üçün də ola bilər. Cəmiyyət arasında hörmətinə və cəlbediciliyinə görə qəzetlərdən o qədər də qabaqda olmayan televiziyalara reklam pulu hansı üsulla ayrılırsa, onu qəzetlərə də həmin üsulla ayırmaq olar. Nəzəri olaraq belə bir vəziyyəti təsəvvür edək: ölkə prezidentinin hansısa rəsmi qəbulundan genış reportajın yayımını televiziya və dövlət agentliyindən əvvəl bir dövlət qəzetinin öhdəsinə buraxın. Nəticə yenə də müsbət təsir baxımından fərqli olacaq. Həmin qəzetin hörməti və nüfuzu təbii ki, artacaq.

Çox yanlış düşüncələrdən biri qəzetlərə pul qazanan subyektlər kimi baxmaqdır. Məgər televiziyalar, digər elektron media resursları pul qazanır? Onlar da qazanmır, başqa müstəvilərdə yaradılan maliyyə vəsaitləri üzərində fəaliyyət göstərirlər. Həmin vəsaiti qəzetlərə də ayırmaq olar və olmalıdır. Media seqmentlərinin bir qrupuna maliyyəni reklam kanalları ilə, digər qrupuna, o cümlədən qəzetlərə birbaşa dövlət yardımı şəklində etmək olar, necə ki edilir...

Eləcə də, media institutunun heç bir seqmenti dövlətin maliyyə dəstəyindən  kənarda mövcud ola bilməz. Televiziyalar da, saytlar da, agentliklər də, qəzetlər də... Yetər ki, televiziyalara, sayt və agentliklərə ayrıseçkilik qoyulmasın, hamının informasiya və maliyə mənbələrinə potensiallarına uyğun bərabər çıxış haqqı tanınsın.

Bunlar çıxış yollarının təbii ki, heç də hamısı deyil. Ancaq əminəm ki, heç olmasa bunlar edilsə, "problemlər tək çap mediada imiş" - kimi əcaib bir mövzunun müzakirəsindən yan keçə bilərik, çap media da öz yaşamağında davam edər.

 

Eranın əvvəllərində Çində Xan sülaləsinin dövründən qəzet çıxır. İki min ildən çoxdur. MDB məkanında ilk çap mediasını 18-ci əsrdə Rusiyada 1-ci Pyotr yaratdı - 300 ildən çox qabaq. Azərbaycanda 145 il öncə yarandı. İndi çap media quruluşlarının 90 faizinin bir-iki kamera, parlaq boyalardan qurulmuş bər-bəzəkli bir studiya, bir dənə internet məkana çıxışlı noutbuk, bir dənə də dilli-başlı xanım aparıcı tapmaq və bütün fəaliyyətini virtual məkana transfer etmək imkanı və gücü var. Ancaq hamı bu yola, bu buruğa dönsə nə baş verəcək?..

 

Çap media sivilizasiyasını yaratmış nəslin ruhu ilə ömründə bircə gün qəzet redaktoru olmadığı halda qəzetlərin faydasızlığını sübut etməyə çalışan bir-iki alim -professor-ekspert üz-üzə qalacaq... Ancaq bu, deyilişi asan, gerçəkləşməsi mümkünsüz məsələdir. Çünki Azərbaycan prezidentinin həm də bizim, çap medianın  yanında olduğu düşüncəsindəyəm.

 

- Aydın müəllim, bu gün ölkəmizə qarşı erməni təxribatları davam edir, şəhidlər veririk. Eyni zamanda Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən hiddətdoğurucu informasiyalar ötürməklə ideoloji terrorla məşğuldur. Mediamız Qarabağ məsələsində düşmənin əks təbliğatına nə dərəcədə tutarlı cavab verə bilir və vəziyyəti nə dərəcədə aktiv işıqlandıra bilir?

 

- İndiki dövrdə tək jurnalistlər yox, hər bir vətəndas informasiya istehsalçısı və daşıyıcısıdır. Ona görə informativ tələblər tək media orqanlarına və jurnalistlərə aid deyil. Hər kəsə aiddir. Bu hadisələr vaxtı peşəkar medianı həqiqətən öz peşə prinsiplərinin yanında və dövlətçilik mənafelərinin yanında gördük. Lakin sosial şəbəkə aktivləri olan ictimaiyyət nümayəndələrinin qavrayışlarında hələ problem var. Heç də hamı paylaşılan xəbər-kontentin həqiqi olub olmadığına lazımı diqqəti verə bilmir və əslində düşmən təxribatının daşıyıcısına çevrilir. Ancaq xüsusən erməni təxribatları və ideoloji mübarizə cəbhəsində peşəkar mediamız peşəkar davrana bilir.

 

“Sosial şəbəkələrə girişlərin məhdudlaşdırılması, ya tam dayandırılması kimi qərarlar verilə bilər”

 

- Bu sahədə sosial medianın nizamlanması istiqamətində hansı “yol xəritəsi” çızılır? Bu gün sosial şəbəkələr özünü daha çox nədə ifdə edir?

 

- Sosial şəbəkələrin geniş informativ imkanları və hətta çox pis tendensiyalara meydan olmaq xüsusiyyəti çox təhlükəlidir. Sosial şəbəkələrin müsbət tərəfləri ilə bərabər ziyanlı tərəflərini də artıq hamı görür və narahatdır. Fikrimcə, sosial şəbəkələrdə ziyanlı tendensiyaları neytrallaşdıran texnoloji mexanizmlərin tətbiq vaxtıdır. Əks halda, milli dövlət qanunvericiliklərində sosial şəbəkələrə girişlərin məhdudlaşdırılması, ya tam dayandırılması kimi qərarlar verilə bilər.Yəni dövlətlər şəbəkələrin ziyanlı təsirlərindən qorunmaq üçün onların faydalı təflərindən də imtina edə bilər. Bu barədə hamıdan qabaq şəbəkələrin özləri düşünməlidir. “Google”, “apple”, “fb”, “twitter, “instaqram”, “mikrosoft” və sair. Yaxşı olar ki, şəbəkələr milli qanunvericiliklərin hüquqi məsuliyyət əhatəsinə alınsın, yəni bunların hər birinin həm də Azərbaycan qanunları ilə məsuliyəti müəyyən olunsun, dövlətlərdə bu şəbəkələrin yerli ofisləri açılsın və sair. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür