"Prezident “Fox News”-ə müsahibəsində də “ikili standart”ları ifşa etdi"

16:52 27-10-2020 | icon 731 | Siyasət
"Prezident “Fox News”-ə müsahibəsində də “ikili standart”ları ifşa etdi"

Əlisahib Hüseynov: "Ümid edirik ki, digər həmsədrlərdən fərqli olaraq ABŞ ədalətli mövqe sərgiləyəcək"

 

"Prezidentin “Fox News” televiziya kanalına müsahibəsini bu günlərdə yəqin ki, hamınız izləmisiniz. Öncədən qeyd edim ki, bu çox mükəmməl müsahibə idi. Suallar hər nə qədər açıq hücum xarakterli, ikibaşlı və bəzən də təxribatçı suallar idisə də, cavablar ondan da tutarlı, məntiqli və dolğun idi. Prezident digər müsahibə və müraciətlərində olduğu kimi bu müsahibəsində də beynəlxalq təşkilatların, vasitəçilərin yürüdüyü ikibaşlı siyasəti, “ikili standart”ları ifşa etdi və eləcə də ermənilərin işğalçı mahiyyətinini bir daha bütün dünyaya açıb göstərdi. Bu baxımdan, sözügedən müsahibədə cənab Prezidentin səsləndirdiyi bəzi fikirləri ayrıca şərh etməlk istəyirəm".



Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin "Fox NewS" televiziya kanalına verdiyi müsahibəsini şərh edən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədrinin fikrincə, Fox News-un məlum müsahibəsində Prezidentə verilən sualların tonu və məzmunu düzgün seçilməmişdi. Belə ki sualların əksəriyyəti açıq-aşkar qərəzli və birtərəfli suallar idi:

 

"Çünki həmin suallar məhz işğalçı ermənilərin mövqeyinii ifadə edən, bizim həqiqətlərimizi isə eşitmək istəməyən bir jurnalistin sualları idi. O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı. Bunu cənab Prezident də dünən (oktyabrın 26-da) xalqa müraciətində ayrıca qeyd etdi. Dövlət başçımız mediaya açıq olduğuna görə ona müraciət edən, müsahibə götürmək istəyən xarici jurnalistlərə “yox” demir, onları səmimi qarşılayır və bütün suallarını səbr və təmkinlə cavablandırır. Lakin bu jurnalistlərin bir çoxunun suallarında açıq-aşkar erməni tərəfkeşliyi və təəssübkeşliyi hiss olunur. Beləliklə, hazırda İlham Əliyev təkcə Ali Baş Komandan kimi işğalçı Ermənistana qarşı yox, həm də işğalçı ölkənin maraqlarına xidmət edən ermənipərəst dünya mediasına qarşı mübarizə aparır. İnformasiya müharibəsi də real müharibənin əsas istiqamətlərindən biridir. Prezident eyni vaxtda iki cəbhədə mübarizə aparmalı olsa da, amma etiraf edək ki, o bu vəzifənin öhdəsindən uğurla gəlir.

Fox News-a müsahibəsində Prezident birmənalı olaraq bildirdi ki, son müharibə Azərbaycanın günahı üzündən başlamayıb. 27 sentyabrda müharibəni Azərbaycan yox, Ermənistan başlayıb. Azərbaycan isə sadəcə əks-hücum əməliyyatı aparır, özünü müdafiə edir, torpaqlarını işğaldan azad edir, təhlükəsizliyini təmin etməyə çalışır. Və buna da tam haqqı çatır. Çünki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın da hal-hazırda etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir".



Əlisahib Hsüeynov qeyd edib ki, dövlət başçısı müsahibəsində atəşkəsin kimin tərəfindən pozulması məsələsinə aydınlıq gətirib:

 

"Cənab Prezident bildirdi ki, qarşı tərəfin Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsi tamamilə absurddur, çünki Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut, fakt yoxdur. Hər kəs görür ki, atəşkəsi pozan tərəf Ermənistandır və Ermənistan bunda maraqlıdır. Azərbaycan isə sadəcə atəşkəs və torpaqlarının qaytarılmasını istəyir. Bununçün isə Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin Ermənistan bundan boyun qaçırır. Həmsədrlər buyursunlar, Ermənistanı buna məcbur etsinlər.

Prezident İlham Əliyev Ermənistandan fərqli olaraq Azərbaycanın mülki şəxslərə və obyektlərə hücum etmədiyini də xüsusi olaraq vurğuladı. Eləcə də Azərbaycan tərəfində muzdluların döyüşmədiyini də qətiyyətlə bildirdi. İlham Əliyev qeyd etdi ki, bu iddia dezinformasiyadır və Rusiya, Fransa kimi ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Lakin bunu təsdiq edən hər hansı sübutlar, dəlillər isə yoxdur.

İndiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Əksinə,
Ermənistanin özünün terrorçuların və muzdluların ümidinə qalması faktı göz qabağındadır. Azərbaycanın isə muzdlulara, terorçulara ehtiyacı yoxdur.

Ölkəmizin başçısı sözügedən müsahibəsində ABŞ-ın vasitəçiliyi və Donald Trampın münaqişənin həlli istiqamətində göstərdiyi fəaliyyəti barədə ətraflı danışdı. O bildirdi ki, Azərbaycan ABŞ-ın vasitəçiliyini tam dəstəkləyir və Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur: “Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir”.

 

Ə.Hüseynov Prezident digər həmsədrlərin də tərəf tutmamalı olması fikrinə də diqqət çəkib:

 

"Ancaq təəssüf ki, bu belə deyil. Artıq 30 gündür davam edən bu son savaşda Fransa özünün həmsədrlik mövqeyini unudaraq birmənalı şəkildə Ermənistana havadarlıq edir. Rusiya isə ikibaşlı siyasət yürüdür. Lakin Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə də burada sülhün bərqərar olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Bu baxımdan ümid edirik ki, digər həmsədrlərdən fərqli olaraq ABŞ ədalətli mövqe sərgiləyəcək, işğalçı ölkənin təəssübkeşliyini etməyəcək.


Prezidentin həmsədr ölkələrin tutduğu mövqe barədə bu cür həssaslıqla danışması səbəbsiz deyil. Çünki münaqişənin həllinin bu qədər uzanmasının əsas məsuliyyəti Ermənistanla bərabər ilk növbədə məhz həmsədr ölkələrin üzərinə düşür. Minsk Qrupunun həmsədrləri son 27-28 il ərzində münaqişənin çözülməsinə yox, dondurulmasına, status-kvo vəziyyətinin qorunub-saxlanmasına çalışıblar. Onlar Ermənistanın get-gedə azğınlaşmasına və bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmasına göz yumublar. Bəzi həmsədr ölkələr isə ikibaşlı siyasət yürüdərək hətta Ermənistanı gizli və ya açıq şəkildə silahlandırıblar. Odur ki, bu gün bölgədə vəziyyətin belə bir kritik nöqtəyə gəlib çatmasında həmsədrlər də günahkardır. Prezident də bu kimi məqamları həm müsahibələrində, həm də xalqa müraciətində ona görə açıq-açığına dilə gətirir ki, qoy vətəndaşlarımız real vəziyyətin necə mürəkkəb olduğunu öz gözləri ilə görsünlər. Bu eyni zamanda həm də həmsədr ölkələrin özlərinə də bir ismarıcdır ki, Azərbaycan xalqı, ölkə rəhbərliyi həmsədrlərin diplomatik-siyasi fəaliyyətlərinin bütün yaxşı-pis cəhətlərini görür və bilir.
Həmsədrlər bundan düzgün nəticə çıxarmalıdırlar".


SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür