Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

14:52 25-11-2020 | icon 1381 | Ədəbiyyat
Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

İndən belə ancaq zəfər günlərimizi qeyd edəcəyik – çal-çağırla, toy-bayramla

 

Kəlbəcər də işğaldan azad olundu, nəhayət ki, 27 il yarımlıq nisgilimizə son qoyuldu. Türk qardaşlarımız demiş – nə mutlu bizə ki, belə xoş xəbərlər eşidirik. Bütün kəlbəcərliləri ürəkdən təbrik edir, onlara “gözünüz aydın!” deyirik. Bu sevincli günləri bizə yaşadan Şanlı Ordumuza, Müzəffər Ali Baş Komandanımza eşq olsun! Torpaqlarımızı işğaldan azad edərkən canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirik. Biz onlara sonsuz minnətdarıq, onlarla fəxr edirik və qürur duyuruq. Bu möhtəşəm Qələbənin qazanılmasında onların misilsiz xidmətləri, göstərdikləri şücayət ən yüksək mükafatlara layiqdir. O övladları böyüdən valideynlər qarşısında  baş əyirik, əllərindən öpürük. Eyni zamanda Qələbəmizin əldə edilməsində qəti mövqeyinə və təmənnasız siyasi - mənəvi dəstəyinə görə qardaş Türkiyəyə, başda hörmətli Cumhurbaşqanı Rəcəb Teyyub Ərdoğan olmaqla onun rəhbərlərinə, eləcə də Pakistan Respublikasına, bizi dəstəkləyən digər dost ölkələrə və beynəlxalq təşkilatlara dərin minnətdarlığımızı bildiririk.


Bəli, 25 noyabr 2020-ci il Kəlbəcərin işğaldan azad olunduğu gün kimi tariximizə yazılacaq və biz bu tarixi qürurla yad edəcəyik. Neçə illər idi ki, rayonlarımızın işğal günlərini qəmlə, kədərlə, ağlaya-ağlaya, sızlaya-sızlaya qeyd edirdik. Nə ürəkdən sevinə bilirdik, nə də ki gülə. Bitdi, qurtardı o günlər, indən belə ancaq zəfər günlərimizi qeyd edəcəyik – çal-çağırla, toy-bayramla. 


Neçə illər idi ki, Kəlbəcər, Qarabağ haqqında publisistik və elmi yazılar yazırdım, 35-40 il bundan əvvəl geoloq kimi işlədiyim o yerlərdə başımıza gələn əhvalatları qələmə alırdım, oraların yer-yurd adlarını, təmas qurduğum insanlarını xatırlayırdım, təbiətinin gözəlliklərini vəsf edirdim. Nə üçün? – “Kəlbəcər, Qarabağ yaddan çıxmasın” harayına, “qayıtmaq ümidimiz sönməsin” istəyinə faydası olar deyə yazırdım və hər bir yazının sonunda Qarabağa, Kəlbəcərə mütləq qayıdacağımıza inamı ifadə edirdim, çünki mən özüm buna ürəkdən inanırdım. Və nəhayət, o gün gəldi, Şuşa, Kəlbəcər və işğal altında olan digər ərazilərimiz azad olundu. Allahıma şükürlər edirəm ki, biz Qələbəmizi, Qarabağa qayıdış günlərimizi görə bildik, lakin eyni zamanda çox-çox təəssüf edirəm ki, minlərlə soydaşımıza, xüsusən də qarabağlı, kəlbəcərli insanlarımıza bu günləri görmək qismət olmadı, doğma yurd həsrətilə dünyalarını dəyişdilər. İnanıram ki,  misilsiz Qələbəmizin əks-sədası onların nisgilli ruhlarını da sevindirəcəkdir.


Baxın, 2014-cü ildə “Lent.az” saytında gedən bir məqaləmin sonunda yazmışdım: “...Təsəvvür edəndə ki, o cənnət-məkan yerlər düşmən tapdağı altında inləyir, mən də Bəhram kişi kimi o nağıllara, onların xoşbəxt sonluqlarına inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, bir gün gələcək Azərbaycan ordusunun Koroğlusu və ya Ağ atlı oğlanı igidləri, ərənləri başına yığıb Tutqun dərəsini, Kəlbəcər ellərini və bütün Qarabağı işğaldan azad edəcək və minlərlə didərgin düşmüş soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqdır. Mən buna inanıram!” - Bəli, arzuladığımız, inandığımız o gün gəldi və məlum oldu ki, xalqın xilaskar obraz kimi yaratdığı Ağ atlı oğlan heç də folklor qəhrəmanı deyilmiş, o, elə bu günümüzün qəhrəmanı Müzəffər Ordumuzun Ali Baş Komandanı, hörmətli Prezidentimiz İlham Əliyevdir. Onun yaratdığı, indi çoxlarının həsəd apardığı ən müasir silahlarla silahlanmış mükəmməl və Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmən ordusunu darmadağın etdi və işğalçıları torpaqlarımızdan “iti qovan kimi” qovdu. Xalq, iqtidar və ordunun “dəmir yumruq” kimi birliyi “düşmənin başını əzdi”.


Başı əzilmiş düşmən Ağdamı, Kəlbəcəri məcburən tərk etdi, amma tərk edərkən onlara ayrılmış müddət ərzində apara bildiklərini apardılar, bilmədiklərinə - od vurdular, yandırdılar, dağıtdılar. Onsuz da 30 il ərzində bizə aid nə vardısa hamısını məhv etmişdilər, maddi-mədəniyyət abidələrimizi dağıtmış, təbii sərvətlərimizi talan etmiş, şəhərlərimizi, kəndlərimizi viran qoymuşdular. Bütün bunlar azmış kimi, indi də bizlərə qalmasın deyə yaşadıqları evlərə, hansıkı vaxtılə bizim insanlar o evlərin təkcə açarlarını götürüb çıxmışdı, - od vurub, meşələri doğrayıb, hətta həyətdəki meyvə ağaclarını kəsib gedirdilər. Televiziya ekranlarında və internet səhifələrində yayımlanan o kadrlara ürək ağrısı ilə baxmamaq olmur. Dünya onların necə bir vəhşi, vandal xalq olduğunu bir daha görür və yəqin ki, bizim necə bir iyrənc xislətə malik qonşu ilə illərdi yaşadığımızın fərqindədirlər. Dünya bilsə də, bilməsə də biz özümüz bunu, yəni kiminlə qonşu olduğumuzu heç vaxt unutmamalıyq və hər zaman ayıq-sayıq olmalıyıq ki, bir daha başımıza belə bəlalar gəlməsin.


Vətənin hər qarışı mənə əzizdir, qiymətlidir, bəs, niyə Kəlbəcəri sevirəm?- Çünki o yerləri sevmək üçün heç də kəlbəcərli olmağa ehtiyac yoxdur, yetər ki bir dəfə görəsən. Kəlbəcər, təbiətin bütün ünsürlərini – başı qarlı dağları, dərin dar dərələri, şırşırlı dağ çaylarını, müalicəvi isti və soyuq bulaqları, sıx meşələri, nadir təbiət abidələrini və s. və i.a. - özündə birləşdirən mükəmməl bir təbii gözəllik kompleksidir. Və bir geoloq kimi, ərazisinin həm də hədsiz maraqlı geoloji quruluşa malik olması və müxtəlif tipli metal və qeyri-metal faydalı qazıntı yataqları ilə zəngin olması ilə Kəlbəcər mənim üçün daha cazibədardır. İnşAllah, gələcəkdə o yerlərin ölkəmizin ən reytinqli turizm bölgəsi olacağına tam əminəm. Kəlbəcərin həm də mehriban, qonaqpərvər insanları var, bu üzdən orada  istirahət, müalicəvi turizmlə bərabər, ekoturizm, geoturizm və kənd turizmini inkişaf etdirmək üçün çox böyük potensiallar mövcuddur.


Kəlbəcərlilərdən bu toponimin nə məna daşıdığını soruşsanız deyəcəklər: “gəl” + “becər” və bunu əsaslandırmaq üçün maraqlı bir əhvəlat danışacaqlar. Düzdür, bu, elmi deyil, xalq etimologiyası, yəni yozumudur, amma buna son hadisələr konteksindən baxsaq, güman edirəm ki, “Kəlbəcər” sözünü “gəl”+”bacar” kimi mənalandırmaq daha inandırıcı ola bilər,  yəni “bacarırsansa, gəl”.  Şəhərin yerləşdiyi yerin təbii qalaya bənzədiyini nəzərə alsaq  bu şəkildə müraciət daha real görünür. Fikrimizi Müzəffər Ordumuzun Ali Baş Komandanı, hörmətli Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunması xəbərini  xalqımıza müjdə verərkən Şuşaya xitabən dediyi məşhur ifadəyə uyğunlaşdırıb Kəlbəcər üçün belə deyərdik: Salam, əziz Kəlbəcər, biz Gəl-dik, biz Bacar-dıq! Sən daha əsir deyilsən, sən azadsan! Biz səni də dirçəldəcəyik! Əziz kəlbəcərlilər, siz daha köçkün deyilsiniz!



Rəşid Fətəliyev
/AMEA-nın akad. H.Əliyev adına Coğrafiya
İnstitutunun aparıcı elmi işçisi, dosent
Bakı, 25.11.20/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...