Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

13:55 26-11-2020 | icon 1851 | Cəmiyyət
Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

“Kəndimizə, evimizə gedib doyunca ağlayacam...”

 

...Bu gün Kəlbəcərimiz Azaddır. Bu gün dillənəcək Kəlbəcərli xəyallar, danışacaq Kəlbəcərin susan, buz bağlayan ürəkləri... Dərdli vətənin oğullarının, qızlarının sevincdən qəhərlənən gözləri, sözləri məlhəm olacaq bu VƏTƏNin xoş gününə, xoşbəxtliyinə...

 

Bu gün Kəlbəcərdən danışacağıq... 28 illik ayrılıqdan sonra donan Kəlbəcərin üzü doğma övladlarının nəvazişli təbəssümü, isti hənirtisi ilə isinəcək, xəyalları, arzuları cücərəcək...

Kəlbəcərlilər, bütövlükdə Azərbaycanımız azad vətəni vəsf edəcək, sevəcək, onu ovunduracaq, onunla ovunacaqlar.

Bu gün Kəlbəcərin azad övladları Kəlbəcərdən danışacaqlar...

 

 

 

 

“Günü sabah Murovdan aşıb piyada Başlıbel kəndinə gedərdim!”

 

Jurnalist ELXAN SALAHOV:

“...Kəlbəcərin bir güllə atlmadan sülh yolu ilə alınması mənim üçün sanki bir yuxudur. Heç xəyalıma gətirə bilməzdim ki, biz itirilmiş torpaqlarımızın bir hissəsini müharibə yolu ilə alarıq,  axıra Kəlbəcərlə Laçın qalar, onları da döyüşsüz qaytararıq. Bu mənim üçün bir yuxudur, bu mənim üçün fantastikadır. Şükürlər olsun Azərbaycan Ordusuna, Ali Baş Komandana, düşmənin cavabını yerindəcə, layiqincə artıqlaması ilə verdi. O cavab elə artıqlaması ilə verildi ki, Ağdamın, Kəlbəcərin bir güllə atmadan xilasına imkan yaratdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə tanrıdan şəfa diləyirəm. Allah Ali Baş Komandanımıza, dövlətimizə tanrıdan  güc-qüvvət versin!

 

...Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən təxminən 10 gün qabaq boşaldılmasına baxmayaraq, Ermənistan bir işğalçı dövlət olaraq Kəlbəcəri asanlıqala öz sahiblərinə qaytarmaq haqqında düşünmürdülər. Bunu xəyallarına belə gətirmirdilər. Amma Kəlbəcərin işğalı zamanı dinc Kəlbəcər camaatının başına açdıqları müsibətlərin 28 ildən sonra öz başlarına gələ biləcəyini anladılar. Bundan qorxdular və Paşinyan kapitulyasiyaya getdi. Azərbaycan ordusu düşmənə müqavimət göstərməyin əbəs olduğunu göstərdi. Düşmən başa düşdü ki, bu döyüşlərdə Azərbaycan ordusu ilə davam etmək onsuz da məhv edilmiş Ermənistan ordusunun son zabitinin, texnikasının məhvinə gətirib çıxara bilər. Bax, baş verənlərə belə bir nəzər saldıqda, bu gün yaşadıqlarımız bizim üçün doğurdan da bir fəxarətdir.

 

...28 ildən sonra Kəlbəcərin azad olunması məni üçün, bir kəlbəcərli üçün həm də bir qədər kövrək hisslərin oyanmasıdır. Düzdür, qürur duyuram, fəxarət hissi keçirirəm ki, 28 illik həsrət bitdi. Amma eyni zamanda 30 ildə itirdiklərimizə heyfsilənirəm. Bu 30 ildə bizim həyatımızda çox itkilərimiz oldu, həm maddi, həm mənəvi... Böyüklərimizi itirdik, ağsaqqalları, ağbirçəkləri itirdik...

 

...Kəlbəcərin işğaldan azad olunması uğrunda 1993-cü ilin dekabr-yanvar, 94-cü ilin yanvar-fevral aylarında keçirilmiş Murovdağ əməliyyatlarında nə qədər oğlanlar itirdik, nə qədər şəhidlər verdik, nə qədər yaralılarımız oldu. Mən o döyüşləri əməliyyatın ağırlığına, hava-iqlim, dağ şəraitində keçirilməsinə görə Türkiyənin hərb tarixindəki “Sarıqamış” əməliyyatı ilə müqayisə edərəm. Mən özüm də bu döyüşlərdə iştirak eləmişəm. O döyüşlərdə mənim öz qardaşım şəhid olub, cəsədini 6 aydan sonra, 1994-cü ilin iyun ayında qar əriyəndən sonra tapmışıq. O döyüşlərdə mənim döyüş yoldaşlarım şəhid olub, o döyüşlərdə mənim sinif yoldaşlarım şəhid olub. Bax, bu 28 ildə itirdiklərimizə baxanda, düşünəndə, 28 il əvvəllki tarixə nəzər salanda, əlbəttə ki, kədərlənməmək mümkün deyil.

Yenə sözümün əvvəlinə qaydıram, çox şükr ki, ordumuz bu zəfəri bizə yaşatdı. Bu qalibiyyəti bizə yaşatdı. 28 il əvvəl ayrı düşdüyümüz yurdumuza yenidən qovuşa bildiyimizə görə özümüzü xoşbəxt sayırıq.

 

...Mən boya-başa çatdığım yurdumuza, el-obamıza, Kəlbəcərimizə necə qayıdacağam?.. İnanın ki, bu 28 il ərzində həmişə bu günü gözləmişəm. Xəyallarımda Kəlbəcərə qayıdışın planlarını qurmuşam. Şükr Allahın dərgahına ki, xəyal kimi düşündüyüm o planlar bir gerçəyə çevrilir...

 

...Mən Kəlbəcərin ən böyük şəhəri olan İstisu qəsəbəsindən sonra 3-cü ən böyük, ən ucqar kənddə, o Başıbeldə doğulmuşam. Allahın köməkliyi ilə Kəlbəcərə ilk ziyarətim məhz Başlıbeldən başlamalıdır. Kəlbəcərin hər qarışı, Qarabağın, Azərbaycanın hər qarışı mənim üçün əzizdir,  müqəddəsdir. Niyə ilk səfərimi Başlıbelə edəcəm?.. Xeyir, bu orada doğulduğuma görə deyil. Mənim üçün daha böyük dəyərləri var o kəndin.

...1993-cü ildə Kəlbəcər rayonu işğal olunarkən kəndimizdə 100-dən çox mülki insan evlərini tərk edə bilməmişdi, mühasirədə qalmışdılar. İşğaldan bir neçə gün sonra, aprel ayının 5-də həmin o 100 nəfərdən 30-35 nəfəri evlərini tərk edib Murov istiqamətinə yola düşsələr də, 62 nəfəri son anlarda dağlara çəkilərək kahalarda gizlənmək məcburuyyətində qalmışdı. Onların arasında yataq xəstələri, qadınlar, kişilər, qocalar, uşaqlar var idi. 113 gün düşmən ordusunun mühasirəsində qalan sakinlər həmin müddətdə dəfələrlə erməni quldurlarının hücumlarına və işgəncələrinə məruz qalmışdılar. Kəlbəcərin işğalından təxminən 2 həftə sonra, aprel ayının 18-də ermənilər 62 nəfərin gizləndiyi yeri müəyyən edə bilmişdilər.  Həmin gün ermənilər Başlıbel kəndinin yuxarı hissələrində çöllərə dağılmış mal-heyvanı qarət eləmək üçün kəndin yuxarı hissəsinə çıxmışdılar və o zaman kahalarda gizlənən admların yerini təsadüfən müəyyən edə bilmişdilər. Burda həmin o 62 nəfərin içində Laçından gələn 9 nəfər də var idi ki, onların bir hissəsi silahlı əsgərlər idi. Onlar mühasirədə qalmış Laçın batalyonunun əsgərləri idilər. Son məqamda mühasirəyə düşmüşdülər, gəlib Başlıbeldən keçəndə məlum olmuşdu ki, yol bağldır və qərar qəbul eləmişdilər ki, elə Başlıbel camaatı bir yerdə kahalara sığınıb orda yaşasınlar. Ermənilər həmin kahaya hücum edən zaman 14 nəfəri girov götürmüş, 19 nəfəri yerindəcə güllələmişdilər. Qalan 30 nəfər ordan dağlarla, dərələrlə qaçaraq elə həmin gecə sərt ucurumlu yerlər keçərək gizlənməyə çalışmıdılar. Həmin hadisə vaxtı həlak olanlar bir neçə gündən sonra dəfn olunmuşdular. Qaçıb canını qurtaranlar 4-5 gündən sonra geri qayıdıb kahada nə baş verdiyini, kimlərin öldüyünü, kimlərin girov aparıldığını dəqiqləşdirərkən, qətlə yetirilənlərin hamısını elə kahanın yanındaca 13 nəfəri bir yerdə, 3-4 nəfəri bir az aralıda dəfn etmişdilər. Təbii ki, elə bir şərait idi ki, onları adət-ənənə ilə dəfn eləmək mümkün deyildi. Onları elə əyinlərindəki geyimlərlə torpağa basdırmışdılar...

 

İndi bizim orda əmanət qəbirlərimiz var. Kəlbəcərin işğalı zamanı onlar torpaqlarını tərk etməmişdilər, evlərini, kəndlərini tərk etməmişdilər, kahalara çəkilmişdilər. Mühasirə günü 18 gündən sonra vəhşi ermənilər onları da qətlə yetirmişdilər...

 

...Kəlbəcər azad olunandan sonra mənim Başlıbelə ilk səfərim məhz həmin o qəbirləri ziyarət etməkdən başlayacaq. Mühasirə zamanı həlak olan insanların arasında mənim çox yaxın qohumlarım – bibim, anamın anası - nənəm, bibimin oğlu da var. İmkanım olsaydı, günü bu gün maşını sürərdim Murovun ətəklərinə qədər gedərdim. Ordan o tərəfə də Kəlbəcər işğal olunarkən yurdumuzu tərk edib necə gəlmişdik, o yollarla pay-piyada gedərdim Başlıbelə... Orda, kəndin yuxarısında dəfn olunmuş o insanların məzarını ziyarət edərdim. Yəqin ki, o kahada insanlarn gizləndiyi vaxt işlətdikləri qabqacaqları, məişət əşyaları o kahanın ətrafına dağılıb. Onlara baxıb keçəndən sonra yenə öz kəndimizə gəlib, orda kənd qəbirstanlığında atamın, əmilərimizn doğmalarımın qəbirlərini ziyarət eləyib, sonra gedərdim öz evimizə. Dağılıbsa da yerini tapacam, yerini biləcəm. Gedib orda doyunca ağlayıb özümü boşaldacam... Kəlbəcərə ilk səfərim yəqin ki, bu cür olacaq...

 

İndi bilmirəm nə vaxt. Çünki Kəlbəcər elə bir coğrafi ərazidir ki, qışda ora getmək çox çətindir. Hər an, hər gün, sentyabrın axırlarından, oktyabrın ortalarından, ta aprel ayının axırlarına qədər qar olur, keçilməz sədlərdir. Üstəlik, yəqin ki, düşmən hər tərəfi minalayıb. Qar olan yerdə minalanmış əraziləri təmizləmək çətindir. Yəqin ki, ərazilərin təmizlənməsi yay aylarında mümkün olacaq. Amma yenə də arzu edərdim ki, elə bu qış gedib öz yurdumuza bir dəfə baş çəkib gələrdim. Hövsələm çatmaz yay aylarına qədər gözləməyə. Görək bir yol tapıb, icazə alıb gedəm. Müəyyən bir hissəyə qədər maşınla, maşınla mümkün olmayan yerlərdə ya atla, ya da piyada. Allah qismət eləsin.

Bir daha Allah ordumuza güc-qüvvət versin ki, bizə bu qələbəni, geriyə dönüşü, böyük qayıdışı yaşatdılar!..”

 

 

 

 

 

 

 

 

 

“İndi səbirsizliklə kəndimizə dönəcəyim günü gözləyirəm...”

 

Jurnalist XALİD VAHİDOĞLU: 

“...Kəlbəcər həsrəti bitir, nəhayət... Doğma kəndimizi tərk etməyimizdən 27 il 7 ay 25 gün keçir. Neçə yaxınım Kəlbəcər həsrətinə dözməyərək dünyasını dəyişdi. Şəxsən tanıdığım neçə kəlbəcərli ömründən illər verməyə hazır idi ki, bircə saatlıq Kəlbəcərə qayıda bilsin...

Bir qərinəyə yaxın davam edən, özünü dünyada ədalətin təminatçısı hesab edənlərin bitirə bilmədiyi bu həsrətə Rəşadətli Azərbaycan Ordusu 44 günlük mübarizəsi ilə son qoydu. İndi səbirsizliklə kəndimizə dönəcəyim günü gözləyirəm. Tanrıya şükür edirəm ki, biz yenidən öz torpaqlarımızda yaşaya biləcəyik.

 

Qarabağ müharibəsi təkcə mənim deyil, minlələ mənim kimi uşağın həyatını məhv edib. Normal təhsil ala, sağlam böyüyə, uşaqlıq həyatı yaşamağa imkan verməyib. Mən doğulduğum torpaqda cəmi 14 il yaşaya bilmişəm. Amma məni Başlıbelə bağlayan hissləri ifadə etməyə söz tapa bilmirəm. Vətənsizliyin nə demək olduğunu bu ağrını yaşamayanlar bilə bilməz, məncə. Bugünədək bir çox ölkələrə gedib mətbəxlərindən dada bilsəm də, mənim üçün ən ləzzətli təam 3 gün ac-susuz yol gəldikdən sonra 1993-cü ildə Murov dağında əsgərlərin verdiyi çörək olub. Həyatımın ən xoşbəxt anı da Başlıbelə qayıdıb orada yaşayacağım zaman olacaq. Bütün yaralarımız yavaş-yavaş sağalacaq Kəlbəcər işğaldan azad olunanda. Ağrısını unutmadan sağaldacaq işğaldan azad olunan Kəlbəcər bizi. Yeni həyat verəcək, təkrar yaşamadığımız uşaqlığımıza döndərəcək bizi Başlıbelə dönüşümüz. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Ağdamda dalğalanan üçrəngli bayrağımız bir daha enməmək üzrə Kəlbəcərdə dalğalanacaq. 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan əsgərlərinin döyüş meydanındakı qələbəsini siyasi arenada möhkəmləndirən Ali Baş Komandanın Laçın, Xocalı, Xocavənd, Ağdərə, Xankəndində də bayrağımızın dalğalanmasını təmin edəcəyinə inanırıq!”

 

 

 

 

 

“Babamdan qalan bu əşyaların ən azı 100 yaşı var”

 

Deputat köməkçisi EHTİRAM MEHDİYEV: 

"Bu elə bir duyğudur ki, hələ həyatımda belə sevindiyim olmamışdı. Bərkdən qışqırmaq istəyirəm. Sanki ruh bədənə qayıdır. Elə bil uzun müddət komadaydım indi ayılıram.

 

Kəlbəcər mənim dədə-baba yurdumdur. Kəlbəcəri sonuncu dəfə ana laylası ilə xatırlayıram. Kəndimizi – Başlıbeli ancaq şəkillərdə, videolarda görmüşəm. Evimizdə Kəlbəcərdən yadigar qalan onlarla əşya var. Səhəng, xalça, süfrə, sandıq, at nalı, qaşıq, çəngəl, bıçaq... Babamdan qalan bu əşyaların ən azı 100 yaşı var. Babam yaşasaydı, 128 yaşı olacaqdı. Atam ildə bir-iki dəfə onları açıb bizə göstərir və Kəlbəcərdəki xatirələrindən danışır.

 

Sizcə insan görmədiyi yeri necə sevib, dəyər verər? Bu hissi başa salmaq çətindir. Çünki vətəni sevməyin izahı yoxdur. Vətənin hər qarışına, hər daşına canımız qurban.

 

Hələ kiçik yaşlarımda müharibənin ağrılı-acılı günlərinə şahidlik etmişəm. Nənəm iflic oldu, dayım Şəhid oldu, yaxın qohumlarım itkin düşdü. Aylarla evsiz-eşiksiz qaldıq. Uşaqlığımız köçkün həyatı yaşamaqla keçdi. Müharibə mənə və mənim kimi uşaqlara vaxtından tez böyüməyi öyrətdi.

 

Bu gün Ali Baş Komandan, müzəffər Ordumuz sayəsində torpaqlarımıza qayıdırıq. Bu möhtəşəm duyğudur. Bütün Qarabağlılar səbirsizliklə dədə-baba yurdlarına qayıtmağı gözləyir. Bu tarixdir. Biz bu sevinclə yenidən uşaqlığımıza qayıdacağıq. Allah bu sevinci bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin".

 

 

 

 

 

 

“Ən əziz insanımın timsalında görmüşəm Kəlbəcəri...”

 

Jurnalist AQİL CAMAL: 

...Kəlbəcər mənim üçün təkcə doğulduğum, boya-başa çatdığım, 17 yaşına qədər yaşadığım bir rayon, bir yurd yeri deyildi.  Ordan ayrılandan sonra ən əziz insanımın timsalında görmüşəm Kəlbəcəri. Bu gün Kəlbəcərin işğaldan azad olunması mənim üçün ən əziz bir insanıma qovuşduğum qədər təsirli və onun qədər dəyərli bir hadisədir. Bu baxımdan Kəlbəcərin azad olunmasını mən ömrümün ən xoşbəxt hadisəsi, xoşbəxt günü hesab edirəm. Və baş verə biləcək ən xoş hadisələri gözümün qabağına gətirəndə, görürəm ki, bundan yuxarı mərtəbəyə qoya biləcəyim bir xoş hadisə ola bilməz. Kəlbəcərin işğaldan azad olunması tək mənim üçün, tək kəlbəcərlilər üçün deyil, bütövlükdə Azərbaycan xalqı, dövləti üçün bir uğurdur.

 

...Kəlbəcərin işğaldan azad olunmasını sülh yolu ilə bizə qaytarılması kimi qəbul etmirəm. Kəlbəcərin azad olunması sentyabrın 27-dən Azərbaycan silahlı qüvvələrinin, Azərbaycan ordusunun başladığı hərbi hərəkatın nəticəsidir. Bu əks-hücumların nəticəsində düşmənin məğlub olması prosesini diplomatik müstəviyə keçirməyə nail olduq. Dünən gecədən başlayaraq Azərbaycan ordusunun Kəlbəcərə daxil olması belə bu hərbi hərəkatın davamıdır.

 

...Həm Kəlbəcərə, həm işğaldan azad olunmuş bütün digər bölgələrə, eyni zamanda hazırda nəzarətimizdə olmayan Qarabağa insanlarımızın qayıtması təşkil olunmalı, təşviq olunmalı və bu bölgədən olan insanlarmız bu bölgələrə qayıtmaq üçün hazırlaşmalıdır. Əgər bu qayıdış olmazsa, demək ki, bizim o 30 ildə çəkdiyimiz o həsrət, o üzüntü səmimi deyilmiş. Dədə Qorqudun təbirincə desək, bizə əkib-becərə biləcəyimiz torpaqlar lazımdır. Əgər əkib-becərməsək, müasir dillə desək, infrastruktur qurmasaq, orda yaşamasaq, quru səhra kimi qalar və tədricən onu yenidən itirə bilərik. Təkcə dövlətin resursları ilə deyil, bütün əlavə resurslarımız hesabına o torpaqlara qayıtmaq, yenidən o yerlərdə məskunlaşmaq və əbədiyyən  o yerlərdə yaşamaq üçün münbit şərait yaratmalıyıq. Bu gün xoşbəxtəm. Və Azərbaycanımın gözü aydın”.

 

 

 

 

 

 

“Kəlbəcərsiz Azərbaycan yarımcan bir orqan kimidir”

 

Jurnalist ZÜLFÜQAR HÜSEYNZADƏ:

“...Kəlbəcərin azad olunması, mən deyərdim ki, həyatımın ən xoşbəxt anıdır. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu günə qədər və bu gündən sonra həyatımda baş verən və verə biləcək nə qədər gözəl hadisələri xəyal etsəm belə, bu günün xoşbəxtliyini heç nə ilə əvəzləyə bilmərəm. Kəlbəcərin qayıdışı, Kəlbəcərin azadlığı bir millət, bir dövlət, bir xalq, bir vətəndaş olaraq aşağıya əyilmiş başımızın dikəlməsi, vüqarımızın, ləyaqətimizin bərpa olunmasıdır.

Kəlbəcərin Azad olunması təkcə kəlbəcərlilərin, bakılıların, ağdamlıların bayramı yox, 60 milyonluq bütöv Azərbaycanın bayramıdır. Kəlbəcər coğrafi məkan yox, unikal təbii sərvətləri baxımından, strateji bölgə olması baxımından digər rayonlardan fərqlənir. Mən orda doğulduğum üçün demirəm. Kəlbəcərsiz Azərbaycan yarımcan bir orqan kimidir. İndi bizim işimiz qısa zaman ərzində Kəlbəcərin təbii sərvətləri hesabına, turizm potensialı hesabına qeyri-neft sektorunu çox geniş inkişaf etdirmək olacaq. Azərbaycan iqtisadiyyatına töhfəsini verən ən birinci rayonlardan biri olacaq.

 

Düzdür, bu gün Kəlbəcər bir güllə atılmadan azad olundu. Lakin bilirik ki, bu qələbəmiz Azərbaycan Ordusunun gücü, Prezidentimizin də dediyi kimi, dəmir yumruğumuzun hesabına başa gəldi. Düşmən Azərbaycan Ordusunun qarşısında zəifliyini etiraf etdi və kapitulyasiyaya məcburən imza atdı. Bu uğuru Azərbaycan ordusu, Ali Baş Komandan, Xalqın birliyi qazandı.

Yaşasın Azərbaycanın bütövlüyü, birliyi!. Yaşasın Azərbaycan Ordusu, xalqı, Ali Baş Komandan! Gözün aydın Kəlbəcərim, Gözün aydın Azərbaycanım”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...