"Bu illər ərzində müəyyən jurnalistlərə hərbi təlimlər keçilməli idi" - MÜSAHİBƏ

14:34 27-01-2021 | icon 1009 | KİV
"Bu illər ərzində müəyyən jurnalistlərə hərbi təlimlər keçilməli idi" - MÜSAHİBƏ

Araz Xan: "Düşdüyümüz vəziyyətə uyğun və bəzən göstərilən iradlardan nəticə çıxararaq hərəkət etdik"

 

44 günlük Vətən Müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Bu müharibədə öz mikrofon və kameraları ilə döyüşə atılan jurnalistlərimizin də fədakarlığı danılmazdır.

 

Versus.Az İTV-nin müharibə bölgəsinə ezam olunan xüsusi müxbiri Araz Xanın müsahibəsini təqdim edir.

 

- Araz Xan, Vətən Müharibəsində bir jurnalist olaraq sizin də bu böyük tarixə şahidlik etmək şansınız oldu. Hərbi jurnalist olaraq fəaliyyətə necə və haradan başladınız?

 

- Biz Bakıdan çıxanda kimin hara gedəcəyini yolda müəyyənləşdirdik. Mənə əsasən Gəncə, Tərtər və Goranboy istiqamətlərində olmaq tapşırıldı. Füzuli, Cəbrayıl, Ağdam istiqamətlərində də oldum. Birinci Tərtərə və Qapanlı kəndinə getdik. Əvvəl nə olduğunu, təhlükəni tam olaraq anlamırdıq. Qapanlıda olduğumuz ərazi bombalanandan sonra müharibənin dəhşətini bildik. Anladıq ki, bəli, bu başqa bir vəziyyətdir və özümüzü də qorumalıyıq.

Səngərin içərisində top atışlarından sonra o qədər toz, torpaq olurdu ki, əsgərlərin hamısı torpaq rəgninə boyanırdı. Əsgərlərin əzmkarlığını, o ab-havanı görəndə artıq heç kəs, operatorlar, müxbirlər qorxmurduq. Ən qaynar nöqtələrə girirdik. Bir az geridə qalanda, narahat olurduq, ürəyimiz sıxılırdı ki, daha irəliyə getmək lazımdır. Döyüş bölgəsində isə həm əsgərlər, həm döyüş bölgəsinə yaxın ərazidə yaşayan insanların hamısında bir qürur, döyüşkənlik ruhi var idi. Hamının 27-28 il içinə yığılıb-qalan düşmənə nifrət enerjisi partlamışdı.  İnsanlarda, jurnalistlərdə, ancaq qələbə düşüncəsi var idi.

Məni ən çox üzən yer Gəncə oldu. Gəncədə döyüş yox idi, sadəcə, mülki əhalinin bombalanması var idi. Orada uşaqların, qadınların ölümü, günahsız, döyüş meydanından çox-çox uzaqda olan insanların raketlərlə vurulması mənə çox pis təsir edirdi.

 

 

- Yadınızdan çıxmayan, unutmayacağınız məqamlar nə oldu?

 

- Biz haradasa ilk dəfə idi ki, Tapqaraqoyunludan Ağdərə istiqamətinə azad olunmuş adsız bir əraziyə getdik, əsgərlərimizin yanında olduq. Döyüşdən qayıtmışdılar. Növbəti döyüşlərə hazırlaşan dəstələr - tankçılar, kəşfiyyatçılar orada idilər. Biz onların içərisində olduq və o anı heç vaxt unutmuram. Oradan bir reportaj da hazırlamışdıq. Həm videolardan, həm də əsgərlərimizin dediklərindən belə anlaşılırdı ki, qarşı tərəf çox qorxur. Düşmən silah-sursatla yaxşı təchiz olunmuşdu. Biz silahları pulla almışdıq, amma onlara silahları pulsuz vermişdilər. O silahları istifadə etməyə erməni əsgərlərinin gücü, ruhu yox idi. Reportaj hazırladığımız vaxt, bir zabitimizin dediyi sözlər yadımdadır. Əsgər bizə dedi ki, bu qədər silahları, texnikaları var, hamısını qoyub qaçıblar. Deyirdi ki, istifadə edə bilməyəcəkdinizsə bunlar nəyinizə lazımdır? Döyüşə bilməyəcəkdinizsə, niyə qabağımıza çıxmısınız? Bizim əsgərimizlə, erməni əsgərinin döyüş ruhunda böyük bir fərq var idi. Orada gördüyüm əhval-ruhiyyə tamam başqa idi. İkinci unuda bilmədiyim məqam Gəncənin vurulması anı idi. “Elbrus” raketləri ilə vurulanda gördüyüm dəhşət yadımdan çıxmaz. Orada bir məqam var idi; mən bütün canlı bağlantılarda da deyirdim ki, dünyanın bütün yerlərində raket düşən yerdən hamı qaçır ki, bura yenidən vurula bilər. Gəncəyə axırıncı raket düşəndən sonra əraziyə gedəndə orada 3 min adam var idi. Polis insanları ordan uzaqlaşdıra bilmirdi.

 

- Heç jurnalist olduğunuzu unudub, “Mən də bir daşı qaldırmalıyam” - deyə, bir hadisə oldumu?

 

- Gəncə hadisəsində belə hallar olurdu. Hər 15 dəqiqədən bir çıxıb canlı danışmalı olurdum. O müddətdə hissləri bir kənara qoymuşduq, sadəcə reportyor kimi danışırdıq. Sonra bizim digər qrup – Tərtərdən Heydər Mirzə və Xanlar Mehdiyev gəldilər. Operator və jurnalistləri orada işləyən görəndə  “Artıq fasilə edə bilərəm”, - deyə sakitləşdim. Ətrafıma baxanda məni qəhər boğurdu. Hadisələrə Gəncədə yaşamış sakin kimi baxırdım. Orada biz də insanlara kömək etməyə çalışdıq. Bilmədim orada necə iştirak etdim, kimə kömək elədim.  Kiminsə əlindən tuturdum, kimisə yerdən qaldırırdım... Cəbhəni döyüş vaxtı təmin edən yerlər var idi. Oradan əsgərlərimizə yemək, sular, başqa nələrsə aparılırdı. Jurnalist olmağımıza baxmayaraq, mikrofonu kənara qoyub maşınlara su, yemək, geyimlər yükləməyə köməklik edir, “Bu, bizim işimiz deyil” - demirdik. Eləcə də orada polislər, DTX-nin əməkdaşları da bunu edirdilər. Hər kəs “Mənim də orduya bir köməyim olsun”, – deyə nəsə edirdi.

 

- Müharibələrdə çəkiliş aparmayan, hərbi  təcrübəsi olmayan bir jurnalst olaraq hansı çatışmazlıqları müşahidə etdiniz ki, onun mütləq həll olunmasını düşünürsünüz?

 

- Otuz ildir ki, müharibə şəraitində olan bir ölkəyik. Atəşkəs olan dövrdə də şəhidlərimiz olub. Bu müddət ərzində ordumuz ciddi hazırlıq keçmişdi. Jurnalistikada bu sahə üzrə hazırlıq yox idi. Bir jurnalist olaraq döyüş xəttində necə davranmalıyıq, özümüzü necə qorumalıyıq, təhlükəsizliyimizi necə təmin eləməliyik, hansı ərazilərdə çəkiliş aparmaq olar, hansı ərazilərdə olmaz kimi məsələləri bilmirdik. Bəzən lazım olmayan kadrlar efirə gedirdi, hansı ki, getməməliydi. Jurnalistlər üçün belə təlimlər hər il olmalıydı. Müəyyən qrup jurnalistlər seçilməli və bunlara hərbi təlimlər keçilməli idi. Yeri gəlsə, bir hərbçi kimi təlimlər keçilməli idi. Düşdüyümüz vəziyyətə uyğun və bəzən göstərilən iradlardan nəticə çıxararaq hərəkət etdik. Ümid edirəm, üzüqara olmadıq.

Bir məqamı da vurğulayım ki, bəzən bizi qınayırdılar ki, xarici jurnalistlər daha operativdir. Elədir. Baxırdıq ki, bu ərazilərdə canlı bağlantı eləsək, hansı ki, orada bizim texnikalar, mövqelər var, oranı göstərsək, o informasiyanı qazana bilərdik. Ondan sonra hansısa əsgərimiz həyatını itirə bilər, hansısa mövqeyimizi itirə bilərik. Biz bunları düşünəndə, o məlumatı vermək istəmirdik.

 

 

- Media ekspertləri belə bir iradla çıxış elədilər ki, bu gün hər hansı bir sənədli filmin, bədii filmin hazırlanması, tarix üçün döyüş səhnələrini canlı əks etdirən çəkilişləri olmayıb. Bəlkə də belə çəkilişlər olub, amma efirə verilmir. Necə düşünürsünüz?

 

- Bəzən döyüş sahəsinə daxil olanda ehtiyatla davranırdıq. Düşünürdük ki, arxivdə saxlamaq üçün çəkdiyimiz döyüş səhnələrini saxlamaq üçün göndərsək, səhvən efirə verə bilərlər. Düzdür, jurnalistin irəli getməsinə icazə verilmirdi, müxtəlif yollar tapıb gedirdik. Döyüşün ən ön xətlərində olurduq. Postları hansısa yollarla keçib, həmin əraziyə girib-çıxırdıq. Dövlət təhlükəsizliyini, orada döyüşən əsgərlərimizin təhlükəsizliyini nəzərə alıb informasiyaları verməmişik. Bəli, bizim bu gün o kadrlarımız var, amma efirə getməyiblər.

 

- Nə yaxşı ki, bizim jurnalistlər müharibədən xəsarətsiz, itkisiz qayıtdı...

 

- Mən bir dəfə də demişdim ki, bu, Allahın təqdiri idi ki, jurnalsitlərdən ciddi xəsarət alan olmadı, şəhid olmadı. Biz bu döyüşləri jurnalsit olaraq itkisiz başa vurduq. Döyüş qurtardı deyə bir şey yoxdur. Bundan sonra da həmişə hazır olmalıyıq. Necə ki, Azərbaycan Ordusu Türkiyədə təlimləri davam etdirir,  biz də jurnalist olaraq özümüzü inkişaf etdirməliyik, bunun üçün də bayaq dediyim kimi, müəyyən kurslar olmalıdır.

 

- Araz Xan, bildiyim qədər siz işğal olunmuş ərazilərə gedirsiz. Son çəkilişi də Şuşada Polad Bülbüloğlu, Fərhad Bədəlbəylinin o yerləri ziyarəti ilə bağlı aparmısınız. İstərdim, bizə bu təəssüratlarınızdan danışasınız.

 

- İşğaldan sonra getdiyim ilk ərazi Cəbrayıl rayonu idi. Biz həmişə “cənnət Qarabağ” demişik. Cəbrayıla gedəndə, ancaq uçulmuş evləri, xarabalıqları gördük. Orada düşmənin nə qədər azğın olduğunu gördük. Bir daha aydın oldu ki, işğal olunan yerlərdə ermənilər yaşamayıb, onlara torpaq lazım deyilmiş. Bir az Şuşada, tək-tük də Kəlbəcərdə yaşayıblar. O evlər xüsusilə Suriyadan, Livandan gətirilən ailələrə aid olub. Füzuliyə, ən azı, 10 dəfə getdim, Kəlbəcərdə oldum. Şuşada birinci dəfə 10 gün, iki dəfə də Ağdamda oldum. Hamısında da tamamilə fərqli hisslər keçirirdim. Öz doğma yurduna gedirsən və düşmənin törətdiyi ağlasığmaz  vəhşilikllə qarşılaşırsan.

Şuşaya ilk gedişimiz tamam fərqli idi. O təbiətə gözlərimiz ac idi. Mümkün qədər çox kadr çəkmək istəyirdik.  Şuşa düzələcək və o kadrları bir də görməyəcəydik. Bir də 1 aydan sonra Polad Bülbüloğlu və Fərhad Bədəlbyli ilə getdik. Bülbülün evində olduq, onların o evə qayıdışını izlədik, çəkdik. Uşaq kimi sevinirdilər, sanki 50 il bundan əvvəl idi, müharibə-filan da yox idi. Mən buna başqa söz tapmıram. Polad Bülbüloğlu o evə elə gedirdi ki, sankı orada Bülbül onu qarşılayacaqdı. Bax, o cür əhval-ruhiyyə var idi. Polad Bülbüloğlu atasının əlinin dəydiyi ağacı qucaqladı, kövrəldi. O, özü ilə arxitektor aparmışdı. Evin necə bərpa ediləcəyinin layihəsi hazırlanacaq. İndidən o evin təmirinə başlanılıb.

 

 

- Sizin bu müharibədə iştirak etdiyiniz prosesləri ümumiləşdirsək, gələcəyin hansı portretini cızırsınız, hansı xəyallarınız, düşüncələriniz var?

 

- Müharibə başladığı andan bilirdim ki, heç nə əvvəlki kimi olmayacaq. Dövlət başçımızın Sumqayıtda zavodların açılışı zamanı belə bir ifadəsi oldu ki, Qarabağda nöqsanlara yol verilməyən bir idarəçilik qurulacaq.  Hesab edirəm, bu, gələcək üçün çox yaxşı nümunə olacaq. İşğaldan azad olunan ərazilərimiz sıfırdan, heç bir nöqsana yol verilmədən qurulacaq. Mən proseslərin bu cür inkişaf edəcəyini gözləyirəm. O yerlərdə yaşayış əvvəlkindən də yaxşı olacaq. Sadəcə, o yerlərə şəhidləri, aparılan döyüşlərin məqsədini unutmadan qayıtmalıyıq. Bəzən deyirlər ki, kimlərsə geri qayıtmayacaq. Elə deyil, bəlkə də o ərazilərə qaçqın düşən 1 milyondan da çox insan qayıdacaq. Əhali çoxalıb. Bunun üçün proseslər başlayıb.

Mən özüm də kəlbəcərliyəm, orada evimiz var idi. Qaçqınlıq düşməmişdən əvvəl, son 2-3 il idi ki, Gəncədə ev almışdıq. Kəndimiz Başqaraçanlı 2700 m hündürlükdə yerləşən, yaylaq relyefə malik yer idi. Orada təhsil yaxşı deyildi. Atam yaxşı təhsil alaq deyə Gəncədə ev aldı və biz orada məktəbə getdik. Mütəmadi olaraq Kəlbəcərdəki evimizə gedib-gəlirdik. Qaçqınlıq düşəndə evimizi qurulu qoyub çıxdıq.

O vaxt “qaçqınlıq statusu almaq” məsələsinə gələndə atam dedi ki, Gəncədə evim var, o statusu almaq istəmədi. Dövlətin qaçqınlar üçün verdiyi rüsumlardan istifadə elədik. Biz qaçqınlıq statusu almadan da öz evimizə, Arazxan babamın tikdiyi evimizə  qayıdacağıq.

Mən Bakıda yaşayırdım, evim də yox idi. Döyüş başlayanda ipoteka ilə ev aldım. O müddətdə dedilər ki, məhkəməyə verib qaçqın statusunu ala bilərsən. Biz onu almadıq. İndən sonra, İnşallah, evimizə gedib, oranı təzədən tikib yaşayacağıq. /“Həftə içi”/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür