Azərbaycanda belə bayram keçirilmir - XƏBƏRDARLIQ
Son günlər sosial şəbəkələrdə valideynləri narahat edən "Halloween" adlı tədbirlərin məktəbdə keçirilməsi məsələsi müzakirə mövzusuna çevrilib. Hətta buna görə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövqeyini bilmək istəyənlər də var.
Versus.Az xəbər verir ki, məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, bu və ya digər məsələlərin cəmiyyətdə təbliği meylləri var və bu hamını narahat edir.
Onun sözlərinə görə, əsas təbliğat vasitəsi kimi sosial şəbəkə vasitələrindən istifadə olunur:
“Təhsilin əsas prioritet istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin şagirdlərə təbliğidir. “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə uyğun olaraq, təhsil alanların milli ideologiyamız olan Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə Azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin hər bir şagird tərəfindən dərindən dərk olunması baxımından məqsədyönlü işlərin davam etdirilməsi, esse, inşa, bədii qiraət, rəsm və mahnı müsabiqələrinin, şagird təqdimatlarının, müzakirələrin təşkili nəzərdə tutulur.
Həmçinin məktəblərdə Azərbaycan dövlətinin, ölkə Prezidentinin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı ehtiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən ordu quruculuğu barədə şagirdlərə yaş səviyyələrinə uyğun davamlı məlumatların çatdırılması əsas vəzifələr kimi müəyyənləşdirilib.
Tədris prosesində və dərsdənkənar vaxtlarda Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, o cümlədən qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri, Vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi, müasir dövrümüzün tanınmış elm, incəsənət, ədəbiyyat, təhsil xadimləri, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə görüşlərin təşkili də prioritet məsələlərdəndir.
Bütün bunlara uyğun olaraq, paytaxtdakı dövlət ümumi təhsil müəssisələrində rəsmi dövlət və milli bayramların qeyd olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin Fəaliyyət Planında keçirilməsi tövsiyə olunan tədbirlərin siyahısında "Halloween" adlı “bayram” yer almır”.
Sektor müdiri qeyd edib ki, hazırda “Halloween" adlı “bayram”ın ümumi təhsil müəssisələrində qeyd olunması ilə bağlı konkret məlumatlar daxil olmayıb. Ancaq bu tədbirin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və ya şəxsi səhifələrdə hər hansı təşəbbüslər olarsa, bunun məktəbə heç bir aidiyyəti yoxdur.
Son illərdə dövlət məktəblərində bunların qarşısı alınıb. Ötən il paytaxtdakı dövlət məktəblərində bu “bayram” qeyd olunmayıb. İndi də hər hansı təbliğat əməlləri varsa, bu məkan məktəblər deyil. Bu kimi təbliğat kampaniyasında təəssüf ki, bəzi valideynlər də fərqinə varmadan fəallıq edirlər. Bununla bağlı görülən rəsmi tədbirlər və medianın, ziyalıların düzgün mövqeyi sayəsində yəqin ki, hamı maariflənəcək və belə lazımsız şəxsi təşəbbüslər də olmayacaq”.
Qeyd edək ki, “Halloween” hər il 31 oktyabrda qeyd edilən müasir balqabaq bayramıdır. Bayram Böyük Britaniya və İrlandiya ərazisində yaşayan şotland xalqı keltlərin adətləri əsasında hazırlanmışdır. Bu bayram hazırda ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir sıra digər dünya ölkələrində təntənəli şəkildə keçirilir.
Təbii ki, özünəməxsusluğunu qoruyaraq müasirləşən Azərbaycanda bu kimi tədbirlər qınaqla qarşılanır və son illərdə cəmiyyətdə belə yad tədbirlərə qarşı vahid mövqe formalaşır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"