“Problemlərin həlli ilə bağlı hakimiyyətlə dil tapmaq olar” - MÜSAHİBƏ

13:06 13-04-2021 | icon 256 | Siyasət
“Problemlərin həlli ilə bağlı hakimiyyətlə dil tapmaq olar” - MÜSAHİBƏ

Elşad Musayev: "Azərbaycan Rusiyaya öz missiyasını lazımı səviyyədə yerinə yetirməyi xatırlatmalıdır"

 

44 günlük hərbi qələbədən sonra Qərb güclərinin qərəzli hesabatları və diplomatik müstəvidə davam edən proseslər regionun geopolitik mənzərəsinin gərginliyini meydana çıxarır.  Azərbaycan suverenliyinin və sərhəd bütövlüyünün “sülhməramlı missiyası” ilə pozulması, eləcə də Ermənistanın sülh müqaviləsi imzalamadan ərazilərimizə gətirilən erməni köçləri gələcəkdə partlayan minalar kimi dəyərləndirilir. Beynəlxalq ictimaiyyətin erməni lobbisinin təsiri altında erməni yarasının irinləməsinə edilən cəhdlər, ölkənin sosial-siyasi, iqtisadi-mədəni, daxili-xarici təhlükəsizliyinin qorunması və sərhəd bütövlüyünün tam təminatı baxımından Dəmir Yumruğun daha da möhkəmləndirilməsini tələb edir. Bu prosesdə bütün təşkilatlarla yanaşı siyasi partiyaların rolu birmənalı deyil.

Ölkənin bugünkü gündəmi ictimai-siyasi təşkilatların qarşısında hansı vəzifələr qoyur?

 

Versus.Az xəbər verir ki, Bütöv Azərbaycan Partiyasının sədri Elşad Musayev müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı məqamlara diqqət çəkib.

 

- Hazırda işğaldan azad olunmuş və digər ərazilərimizdə tam nəzarətin təmin olunması və diplomatik yöndə atılan addımlar hansı rakusda inkişaf edir və bu prosesi necə dəyərləndirirsiz?

 

- Hesab edirəm ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə tam nəzarətin bərpa olunması üçün ilk növbədə sərhəd məntəqələri tikilir, ordumuz möhkəmləndirilir, kommunikasiya xətləri çəkilir, əsgərlərimizin həmin postlarda yerləşməsi üçün lazım olan tikinti-quraşdırma işləri həyata keçirilir. Məlum olduğu kimi, atəşkəsin əldə olunması prosesində əsasən Azərbaycan Rusiya, Ermənistan arasında danışıqlar gedir. Faktiki olaraq ATƏT-in Minsk qrupu arxa plana keçirilib. Ona görə də danışıqlarda əsas mərkəzdə Rusiya dayanır. Rusiyanın bölgədəki addımları narahatlıq doğuran addımlardır, faktiki olaraq öz missiyalarından kənara çıxırlar. Bu mənada Azərbaycan Rusiyaya öz missiyasını lazımı səviyyədə yerinə yetirməyi xatırlatmalıdır.

 

- Şuşada qalıqları tapılan “İsgəndər m” raketi ilə bağlı araşdırmaların izi faktlara əsasən Rusiyaya gedib çıxır. Daim düşməni silahlandıran Rusiyanın bu gün ərazilərimizdəki sülhməramlı missiyası nə dərəcədə etibarlıdır?

 

- Heç kəsə sirr deyil ki, Ermənistandan atılan raketlərin, eləcə də “isgəndər-m” raketi ilə bağlı izlər Rusiyaya gedib çıxır. Ermənistanı illərlə silahlandıran, o cümlədən “İsgəndər-m” raketini ermənilərə verən Rusiyadır. Ona görə də Rusiya bu məsələni nə qədər sağa-sola çəksə də, bu raket Rusiya tərəfindən verilib. Başqa bir məsələ isə bu raketin atılması nəticəsində dağıntının niyə az olması ilə bağlıdır. Hesab edirəm ki, bu, köhnə raket olub və başlıqların gücü müasir dövrdə nəzərdə tutulan gücdə deyil. Ona görə də dağıntının miqyası nisbətən az olub. Lakin bu cinayətin miqyasını azaltmır.

Dediyim kimi, Rusiya sülhməramlıları faktiki olaraq burda öz missiyalarından kənar fəaliyyət göstərirlər. Əslində bu, işğalçı ordudur. Biz istəsək də, istəməsək də artıq Rusiya ordusu Laçın dəhlizindən Azərbaycana daxil olmuşdu. Və Azərbaycan məcburiyyət qarşısında reallıqları götür-qoy elədi. Bizim Rusiya ordusu ilə döyüşmək imkanımız yox idi. Belə bir razılıq əldə olundu ki, Rusiya burda sülhməramlı missiyasını həyata keçirsin. Amma Rusiya faktiki olaraq burda işğalçılıq siyasətini həyata keçirir. Rusiya Azərbaycan ərazilərində möhkəmlənmək istəyir. Baxmayaraq ki, öz əyalətlərində, vilayətlərində insanlar çox acınacaqlı vəziyyətdədir. Təqribən 40 min kəndi, qəsəbəsi boşalıb. Amma Rusiya bununla deyil, işğalçılıq siyasətini apardığı üçün Qarabağın dağlıq hissəsində erməniləri geri qaytarmaqla məşğuldur. Faktiki burnunu özgə torpaqlarına soxub çıxarmaq istəmir. Amma dövr-zaman dəyişib, Azərbaycan öz ərazilərində möhkəmlənəndən sonra ya 5 il ərzində, yaxud da bu özbaşınalıqları davam edəcəksə, müddətin bitməsini gözləmədən Rusiyaya qarşı sərt təpki göstəriləcək. Faktiki Azərbaycanın müxalif qüvvələri Rusiyanın sülhməramlı adı altında gələn işğalçı ordusunun burdan rədd olub getməsini tələb edir.

 

- Elşad bəy, siyasi düşərgəni hakimiyyətlə bir araya gətirən vətən müharibəsindən sonra partiyaların bu istiqamətdəki hazırki fəaliyyətini necə dəyərləndirirsiz?

 

- Təəssüflər olsun ki, Vətən müharibəsindən sonra siyasi partiyalarla hakimiyyət dairələri arasında xeyli dərəcədə gərginlik yaşanır. Vətən Müharibəsində faktiki olaraq bütün siyasi təşkilatlar, müxalifət, hakimiyyət, cəmiyyət, media vahid mövqedən çıxış edirdi. Bizim beynəlxalq aləmdə təzyiqlərə dözməyimizin səbəblərindən biri də bu idi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün vahid mövqedən çıxış etmişdi. İndi yaranan gərginliklərin müxtəlif səbəbləri var. Səbəblərdən biri də odur ki, Azərbaycan hakimiyyəti baş verən hadisələrlə bağlı informasiyaları vermir. Görürsən ki, hakimiyyətin içində Rusiya əleyhinə çıxış etməyə qarşı çıxanlar var. Televiziyalar Rusiyanın, rus sülhməramlılarının əleyhinə fikir işlədən heç bir siyasi təşkilat rəhbərini efirə buraxmır. Bu da gərginlik yaradır. Ölkədə müxtəlif sahələr üzrə bahalaşma gedir, qiymətlər artıb, qazilər, şəhid ailələri və digər vətəndaşlarımızla bağlı problemlər yaşanır. Bununla bağlı narahatçılıqlar, etirazlar var ki, bu da hakimiyyətlə müxalifət arasındakı münasibətləri xeyli dərəcədə gərginləşdirib. Amma bu, əvvəlki gərginlik deyil. Hesab edirəm ki, problemlərin həlli ilə bağlı hakimiyyətlə dil tapmaq olar. Çünki əvvəllər belə idi ki, müəyyən kəslərdən başqa siyasi təşkilatlar Prezident Admnistrasiyasına sözlərini çatdıra bilmirdilər. İndi istənilən partiya öz tələb və təklifini hakimiyyətə çatdıra bilir. Ona görə də düşünürəm ki, bu istiqamətdə yenə də işləmək lazım gələcək.

 

- Müsavat başqanının dediyi kimi, siyasi partiyaların hakimiyyət nümayəndələri ilə azad olunmuş ərazilərə səfərləri necə siyasi oyun ola bilər və bu cür yanaşmalarda məqsəd nədir?

 

- Hakimiyyətlə siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə səfərini siyasi oyun adlandıranlar qeyri-ciddi adamlardır. Siyasətdə, ümumiyyətlə həyatda uğursuz adamlar var ki, bunlar hər şeyi qara görür. İşğaldan azad olunmuş ərazilərə səfər məsələsini lağ-lağı mövzusunə çevirmək olmaz. Bu tip yanaşan adamların özü aşağı adamlardır. İqtidar da, müxalifət də, cəmiyyətin bütöv kəsimi işğaldan azad olunan ərazilərimizə getməlidir, həqiqəti görməlidir və həqiqəti çatırmalıdır.

 

- İqtidar-müxalifət dialoqu hansı tempdə inkişaf edir?

 

- Təxminən bundan 1 il qabaq “iqtidar-müxalifət dialoqu ilə bağlı müəyyən yumşaldıcı xətt götürülüb. Hesab edirəm ki, Prezident Admnistrasiyasında Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə bu sahədə uğurlu fəaliyyət göstərir. İqtidarla müxalifət aqrasında müəyyən qədər birgə fəaliyyəti təmin etməyə çalışırlar. Faktiki olaraq siyasi təşkilatların əksəriyyəti ilə əlaqə qurmağa nail olublar. Bunlar danılmazdır və qeyd etmək lazımdır. Bayaq da qeyd etdiyim kimi, müharibədən sonra iqtidar-müxalifət dialoqunda xeyli gərginlik yaradıldı. Bunun da bir səbəbi odur ki, ölkədə çox ciddi hadisələr baş versə də, cəmiyyətə bu barədə məlumat verilmir. Bu da müəyyən qədər narahatçılıq yaradır.

 

- Elşad bəy, siyasi partiyaların ofis, qeydiyyat məsələsinin həlli ilə yanaşı daha hansı addımlara ehtiyac var?

 

- Siyasi partiyaların ofis, qeydiyyat məsələsi ilə bağlı xeyli dərəcədə inkişafa nail olmuşuq. Faktiki olaraq qeydiyyat problemi olan partiya qalmayıb. Ofis məsələsinə gəlincə, partiyadan müraciət olunandan sonra İqtisadiyyat Nazirliyinin Əmlak məsələlərinə baxan qurumu siyasi partiyalarla 1 illik icarə müqaviləsi bağladı. Təbii ki, bu da irəliyə doğru atılmış addımdır. Bəzi bədxahlar özlərinin ofisi olsa da, başqalarına bunu rəva görmür. Müsavat Partiyasından biri çıxıb deyir ki, bəs niyə partiyalara ofis verilməlidir. Sual olunur, sizə niyə verilib. Eləcə də bir başqası olsun. Bu ofislər heç kəsin dədə malı deyil, heç kəsin də mülkiyyətinə verilməyib. Sadəcə icarəyə verilib.

 

- Siyasi partiyaların öz daxili platformalarında beynəlxalq təsirlərə qarşı yönələn birgə əməkdaşlığı hansı səviyyədədir?

 

- Hesab edirəm ki, müharibə dövründə siyasi partiyaların vahid mövqeyə gəlməsi elə beynəlxalq təsirlərə qarşı yönələn ciddi bir addım idi. Eyni zamanda, biz bütün iri beynəlxalq təşkilatların hamısına birgə və ayrı-ayrı olaraq müraciətlər edib, Azərbaycan həqiqətlərini, bölgədə baş verən prosesləri dünyay çatdırmağa çalışdıq. Yəni bu istiqamtdə xeyli dərəcədə işlər görüldü.

 

- Siyasi müxalifət bu gün müharibədən sonra əsgər, qazi və şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı hansı təkliflərlə çıxış edir və hansı nümunələr sərgiləyir?

 

- Siyasi müxalifətin əlində elə bir səlahiyyəti yoxdur ki, hansısa bir nümunə sərgiləsin. Siyasi partiyaların borcu, vəzifəsi problemi qaldırmaq və eyni zamanda təkliflər verməkdir. 

Biz hesab edirik ki, əsgər, qazi, şəhid ailələrinin sosial problemləri ən yüksək səviyyədə həll olunmalıdır. Eyni zamanda qeyd edim ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf eləməlidir ki, daha çox yardım ayırmağa imkanı olsun. Azərbaycanın büdcəsinin genişlənməsinə mane olan, ziyanla işləyən iri şirkətlərin rəhbrləri məsuliyyətə cəlb olunub araşdırılmalıdır. Bizim büdcəmiz sosial təbəqələrə yardımların edilməsi üçün kifayət deyil. Ona görə də düşünürəm ki, iqtisadiyyatımızı ciddi inkişaf etdirməliyik. Bu sahədə də islahatlara ehtiyac var. Bu gün mühüm vəzifələrə müəyyən gənc kadrlar gətirilsə də, siyasi partiyalarla, cəmiyyətlə məsləhətləşmələrə ehtiyac var.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür