AXCP sədrindən yeni təkliflər

20:20 31-10-2018 | icon 502 | Siyasət
AXCP sədrindən yeni təkliflər

 

Erkən parlament seçkiləri, bir neçə nazirliyin müxalifətə verilməsi...

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) aylıq qrup toplantısını keçirib. Toplantıda Azərbaycan-Avropa münasibətlərinin mövcud durumu, siyasi islahatlar və digər məsələlər müzakirə olunub.

 

Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri Rafiq Daşdəmirli toplantı iştirakçılarına qısa məlumat verib.

 

AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə tədbirdə müzakirə olunacaq mövzularla bağlı fikirlərini səsləndirib. Bildirib ki, AXCP Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən çərçivə sazişinin uzadılmasının tərəfdarı deyil:

 

“Artıq iki ildir ki, bu məsələ yubadılır. Əgər Azərbaycan Avropa ilə çərçivə sazişinə gedərsə, Rusiya və digər qonşu ölkələr tərəfindən gözlənilən təzyiqlərə fikir bildirmək istəyirəm. Hazırda Aİ ilə Azərbaycan arasında danışıqlar gedir. Hər halda bu danışıqlar davam etdiriləcək. Hər iki tərəf görüşlərində sazişin önəmli olduğunu vurğulayıblar. Bu o deməkdir ki, Azərbaycan Aİ-nın təkliflərindən özü istədiyi şəkildə faydalana biləcək. Azərbaycan öz istəyi ilə bu sazişə getmək istəyir. Amma Avropa İttifaqı bu məsələdə insan hüquqlarını və siyasi islahatları ehtiva edən təkliflər paketini rəsmi Bakıya göndərilib. Bu istiqamətdə artıq müzakirələr başlayıb. Bu sazişə insan hüquqları, siyasi-iqtisadi islahatlar, vətəndaş cəmiyyəti və digər bir çox məsələlər daxildir. Hələlik bu bədlər tam olaraq bəlli deyil. Amma siyasi partiyalar məsələsinin də bu sazişə salınmasını istəyirik. Digər tərəfdən çərçivə sazişinin bağlanması qeyri-neft sektorunu da inkişaf etdirəcək. Çünki Azərbaycanın üzünə Avropa bazarları açılacaq. Bu isə qeyri-neft sektorunda olan monopoliyanı aradan qaldıracaq”.

 

M.Əsədullazadə həmçinin qeyd edib ki, Avropa İttifaqı öz əsas dəyərlərini Azərbaycana güzəştə getməyəcək:

 

“Avropa İttifaqı xüsusilə insan haqları sahəsində Azərbaycana güzəştə getməyəcək. Bu baxımdan insan haqları bu sazişdə önəmli hissə hesab olunur. Saziş barədə danışıqlara fevral ayında Brüsseldə başlanılıb. 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr, təhlükəsizlik siyasətinin nümayəndəsi müzakirələr aparmaq üçün mandat verib. Danışıqlar üzrə son tarix isə hələ məlum deyil. Bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq”.

 

Daha sonra çıxış edən AXCP sədri Razi Nurullayev Azərbaycanda bir sıra iqtisadi islahatların aparıldığını deyib:

 

“Amma islahatların geniş spektrdə aparılmasına baxmayaraq nəticələr zəifdir. Sosial vəziyyət, əmək haqlarının, iş yerlərinin azlığı ciddi təlatümlər yaradır. Səbəb isə iqtisadi islahatların siyasi islahatlarla möhkəmləndirilməməsidir. Bir misal gətirim: Sentyabr ayında Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi, mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı, pul siyasətinin sərtlik dərəcəsi, xarici ticarət azadlığı, kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanaraq iqtisadi cəhətdən azad ölkələrin siyasını açıqlayıb. İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan 7-ci sırada qərarlaşıb. Ən azad ölkə Honkonqdur. Onu Sinqapur və Yeni Zellandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir. Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur".

 

Siyasi islahatlara toxunan partiya sədri qeyd edib ki, hakimiyyətdə təmsil olunan bir şəxsin başqa vəzifə ilə mükafatlandırılması, birinin vəzifədən alınıb, yerinə digərinin təyin edilməsi də islahat deyil:

 

“Siyasi islahatların aparılmasını vacib sayırıq və bununla bağlı təkliflərimiz bunlardır: Birincisi, siyasi hakimiyyət hökumətdə müxalifətin də təmsil olunmasına şərait yaratmalıdır. İqtidarla müxalifət arasında sosial, iqtisadi, siyasi və xarici məsələlərdə müzakirələrin olması vacibdir. Ən azından 3-4 nazirliyin müxalifətə verilməsini məqbul sayır, o cümlədən növbədənkənar parlament seçkilərinin keçirilməsini faydalı görürük. Yeni parlamentin rolu ölkədə sosial, iqtisadi və siyasi islahatların keçirilməsinə yardım göstərmək olmalıdır. Parlamentin bir siyasi partiyanın hegemonluğunda saxlanılmasına, həmçinin ayrı-ayrı məmur təbəqəsinin maraqlarına xidmət etmə cəhdlərinə  son verilməlidir. Parlament xalqın tribunadan eşidilən səsinə çevrilməzsə, ölkənin hərtərəfli plüralizm şəraitində inkişafından söhbət gedə bilməz.

 

İkincisi, siyasi məhbus qismində adı çəkilən, ictimai asayiş üçün heç bir təhlükə kəsb etməyən insanlar azadlığa buraxılmalı, ən azından azadlığı ev şəraitində məhdudlaşdırılmalıdır. Ölkəmizin davamlı olaraq adının siyasi məhbuslarla bol ölkə kimi hallandırılması Azərbaycana sərmayələrin yatırılmasına ciddi əngəldir və demokratik ölkələrdən turist axınına da ciddi maneçilik törədir. 

 

Əlavə olaraq deyim ki, ölkədə siyasi problemlərin olması, azadlıqların məhdudlaşdırılması, hakimiyyətə tərəfindən müxalifətə qarşı qeyri-ənənəvi münasibətin sərgilənməsi xarici ölkələrə səfər edən vətəndaşlarımıza da mənfi təsir göstərir. Ən azından Azərbaycan pasportuna hörmət göstərilmir”.

 

Razi Nurullayev Azərbaycan-Avropa münasibətlərinin yüksək səviyyədə olması ilə bağlı deyilənlərlə razılaşmayıb:

 

“Azərbaycan və Avropa arasında enerji razılaşması var və bu yöndə məsələlər rahatdır. İqtisadi, sosial və siyasi sahələrdə isə ciddi durğunluq var. Bildiyimiz kimi, Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişini imzalamaqdan imtina edib və yerinə iki tərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını təklif edib. Bu sahədə də irəliləyişlər yoxdur. 

 

Artıq Moldova, Ukrayna və Gürcüstan bu saziş nəticəsində Avropa Birliyi ölkələrinə vizasız gedə bilirlər. Onlar özlərini mədəni dünyanın bir parçası hiss etməyə başlayıblar, Avropa bazarları onların üzünə açılıb, onlar artıq orada özlərinə iş də tapa bilərlər. 

 

Azərbaycanda nə baş verir? Çox təəssüflər olsun ki, bizim vətəndaşlarımız Avropa Birliyi ölkələrinin və digər Qərb dünyasını təmsil edən dövlətlərin səfirliklərinin qarşısında boyunlarını büküb onlardan imdad gözləyirlər. Biznesimiz azad inkişaf edə bilmir, məhsulunu sata bilmir, Avropa ölkələrindən ucuz kreditlərə çıxışı əngəllənir. Səbəb birdir. Azərbaycan Avropa Birliyi ilə onların irəli sürdüyü şərtlərə uyğun çərçivə sazişi istəmir.

 

Çünki o zaman ölkədə bütün siyasi və iqtisadi azadlıqlar təmin edilməli və Azərbaycan Ümümdünya Ticarət Təşkilatına üzv olmalıdır. ÜDT-yə üzvlükdən sonra Azərbaycan Avropa Birliyinin təklif etdiyi və biznes üçün nəhəng iqtisadi imkanlar açan DCFTA adlanan, yəni Dərin və Müfəssəl Azad Ticarət Zonası razılaşmasından yararlana bilər. Hakimiyyət bunu etmir, çünki, ÜDT-na üzv olmaq təbii yolla inhisarların aradan qaldırılması və azad iqtisadi mühitinin yaradılmasıdır. Bu o deməkdir ki, seçilmiş şəxslər milyonlar qazana bilməyəcək, bazara diktə etməyəcək. Bu o deməkdir ki, formalaşan azad iqtisadi münasibətlər həm də siyasi mühitin sağlamlaşdırılmasına və real müstəqil orta biznes sinfinin – belə demək olar ki, milli burjuaziyanın yaranmasına vəsilə olacaq”.

 

AXCP sədri hesab edir ki, Azərbaycan Rusiya ilə də iqtisadi və siyasi sahələrdə zəif münasibətlərə malikdir:

“Bizim vətəndaşlarımız Rusiyada da normal işləyə bilmir, məhsulunu da azad və ucuz şəkildə Rusiya bazarına çıxarmağa əziyyət çəkir. Çünki MDB-dən başqa digər qurumlarda üzvlüyümüz yoxdur. Azərbaycan həm Qərbə, həm də Rusiyaya qarşı eyni məsafədə dayanmaq yolunu seçir. Bu özü-özlüyündə yaxşı olsa da, iqtisadi cəhətdən bərbad siyasətə çevrilib. Nə Avropa Birliyindən, nə də Rusiyanın imkanlarından yararlana bilirik. Bir çoxları orada gizli və qeyri-qanuni yollarla işləyir və onlara münasibət qula olan münasibətlə eynidir”.

 

Çıxışının sonunda Qarabağ probleminə toxunan AXCP sədri Razi Nurullayev münaqişənin həllində yaxın vaxtlarda əsaslı dönüşün görünmədiyini vurğulayıb:

“Əsaslı dönüş o zaman baş verəcək ki, Minsk Qrupuna daxil olan ölkələrin – ABŞ, Fransa və Rusiyanın dövlət başçıları səviyyəsində Ermənistana təzyiq edilsin. Əgər Ermənistan Dağlıq-Qarabağdan kənar rayonlardan bir neçəsini belə qaytarmaq istəmirsə, danışıqlar boş vaxt itkisidir. Azərbaycan bu sahədə dost və qardaş ölkələrin siyasi və beynəlxalq gücündən istifadə edərək dönüşə nail ola bilər. Dost və qardaş ölkələrin dövlət başçılarının həmsədr ölkələrin başçıları ilə birbaşa təması və Dağlıq Qarabağ məsələsini beynəlxalq gündəmə çevirməsilə irəliləyiş əldə etmək olar. Nə qədər ki, bu münaqişənin səs-küyü regiondan kənara çıxmayıb və dövlətlər arasında sürtüşmə yaratmayıb, münaqişənin həllində gözə çarpan nələrsə olmayacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür