Qazilər niyə intihar həddinə çatdırılır? - ŞİKAYƏT

20:03 08-07-2021 | icon 2281 | Cəmiyyət
Qazilər niyə intihar həddinə çatdırılır? - ŞİKAYƏT

Anar Həsənov: "Məni o həddə çatdırdı ki, qolumu doğram-doğram elədim”

 

Düşmənlə savaşıb sağ-salamat evinə qayıdan Vətən Müharibəsi iştirakçısı niyə intihara əl atsın, niyə qələbənin qüruru ilə yaşamaq istəməsin. O Vətən qazisi ki, torpaqların düşməndən azad olunması uğrunda canını, qanını fəda edib. Bu igidi düşmən üzərində qələbədən sonra kimlər qəzəbləndirə, sarsıda bilər. Nədir Vətən uğrunda savaşan bu qəhrəmanı ölümə “təslim edən”, nədir çözülməyən düyün, həll edilməyən çətinlik. Niyə müharibə başlayanda bir yumruğa çevrilən, az qala var-yoxunu cəbhəyə göndərməyə hazır olan cəmiyyət bir yumruq kimi birləşib öz əsgərini qorumur? Səbəblərini qazilərin özlərindən eşidib biləcəksiniz...

 

Sosial şəbəkələrdə, müxtəlif media seqmentlərində gedən xəbərlərdə müharibədə iştirak edən, döyüşən qazilərimizə əlilliyin verilməsi, onların sosial-məişət problemləri, xüsusilə də sağlamlığı ilə bağlı müəyyən çətinliklərlə üzləşdiyi yazılır. Eləcə də şəhid ailələri ilə bağlı müəyyən həllini gözləyən nöqsanlar var ki, hələ də çözülür. Amma gəlin görək, biz kimi kimdən müdafiə etməli, haqqını qorumalıyıq. Cəmiyyət özü, öz qazisinə sahib çıxa bilirmi. Niyə içiboş məmur ordusu qazini incidir. Niyə anlamır ki, bu gün o hansısa vəzifədə oturubsa məhz o sağlamlığını itirən qaziyə görədir. Yaxud, sağlamlığını itirən Qazinin hansısa kredit borcunu, şəxsi borcunu bağlayıb, “sən vətəni azad etməklə bütün millətə, dövlətə olan borcunu ödədin” deyirmi həmin məmur?! Gördüklərimiz odur ki, yox! Qazi döyüşdən sonra məmurların vicdansızlığı, müəyyən işləri idarə edən şəxslərin laqeydliyi, biganəliyi ilə üzləşib, müharibədə yaşadıqlarından da betər psixoloji gərginliklə qarşılaşır. Məmurlar niyə unudurlar ki, hansısa həkimin psixoloji dəstəyindən, dərmanından çox cəmiyyətin ona olan diqqəti, sevgisi ilə qazinin bədəninin, ruhunun yaraları sağalacaq, sağlamlığı bərpa ediləcək.

 

Çoxumuz müharibədən sonra çox qazilərimizin intihar xəbərini, etiraz səsini eşidirik. Müşahidələr əsasında gəldiyim qənaətə görə, intihara səbəb qazilərin müharibədə yaşadığı psixoloji-ruhi durumun son dərəcə kritikliyi, yəni özünü idarə edə bilməyəcəyi dərəcədə ağırlığı, əsasən isə müharibədən sonra qazilərin onsuz da müharibədə pozulan nevroloji tarazlığının, psixoloji durumunun məmur özbaşınalığı, kobudluğu, üzərindən daha da ağırlaşmasıdır. Bu gün şahidi oldum ki, məhz Vətən qazisi uğrunda öldüyü bu torpağın məmurlarının, iş adamlarının buganəliyinə, nankorluğuna dözə bilməyib, yaşamaq istəmir. Döyüşdən sonra evinə qayıdanda yaralarının üstünə duz basan məmurlardan daha ağır zərbəni alır.

 

Qazini 2400 manata görə məhkəmə ilə hədələyən kimdir?

 

 

 

Bu gün Vətən Müharibəsi iştirakçısı, qazi Anar Rais oğlu Həsənovun üzləşdiyi məişət problemlərinə baxanda bir daha şahidi olursan. Ən qəbul olunmayan məqam isə qazinin əvvəllər işlədiyi müəssisə tərəfindən 2400 manat borca görə məhkəməyə verilməsidir. Həmin Kontakt-Hom mağazasıdır ki, qazimiz onun rəhbərlərindən birinin deputat Elnur Allahverdiyev olduğunu deyir. 2400 manatı ödəyib qazinin borcunu silməsi bu deputat üçün beləmi çətindir?! Bəlkə də səsini eşidib, dərdini dinləsəydi bunu edərdi. Amma qazini eşidən varmı?!. Qazimiz deyir ki, məsələ ilə bağlı deputatla heç bir telefon əlaqəsi yarada bilməyib. Rəsmi instaqram səhifəsinə yazsa da, ona cavab gəlməyib.

 

Qeyd edim ki, biz də bu xəbəri alar-almaz, deputatın köməkçisi ilə əlaqə qurduq. Deputat köməkçisi bildirdi ki, Elnur Allahverdiyev hələ 2020-ci ildən KontaktHom-dan uzaqlaşıb, hazırda heç bir əlaqəsi yoxdur. Köməkçi buna baxmayaraq, qazimizin problemləri ilə maraqlanacaqlarını deyərək, onun şəxsiyyət vəsiqəsinin surətini istədi. Ümid edirik ki, yaxın zamanlarda yardımlarını görəcəyik.

 

Qeyd edək ki, Qazi Anar Həsənov II Qarabağ savaşına Ağdaş Rayonunun hərbi komissarlığından qatılıb. 32 yaşı var, ailəlidir, iki övladı var. Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Qubadlının  Xanlıq kəndində ermənilərin minamyotdan atdığı mərmi partlaması nəticəsində yaralanıb və müxtəlif xəsarətlər alıb. Sağ qulağı tamamilə eşitmir, Hepatit C, Ağciyər xəstəlikərindən müalicə olunur. Yaralanana qədər özünün dediyi kimi can-başla döyüşüb. Anar Həsənov Allaha şükr edir ki, keşdiyi döyüş yolu, hərbi qulluqla bağlı heç bir problemləri olmayıb.

 

“Təhqirləri ilə məni o həddə çatdırdı ki, qolumu doğram-doğram elədim”

 

 

 

“Sağ olsun xalqımız, dövlətimiz, vətənpərvər insanlar bizi müharibədə tək qoymadılar. Bu gün də elə diqqətdən kənarda saxlamırlar. Amma bəzi məmurlar tərəfindən çox incidilirəm. Bir neçə silah yoldaşlarım var ki, onlar da mənim kimi problemlərlə üzləşir.

Məsələn, mən Ağdaş rayonunun mərkəzi xəstəxanasından sənəd almağa getmişdim. Orda Nuru Nuriyev adlı bir doktor var, özü də Zəngilan rayonundandır. Onun yanına forma 88 almağa getmişdim. Məni çox kobud qarşıladı, təhqir elədi. Mən də özümdən çıxdım. O öz təhqirləri ilə məni elə həddə çatdırdı ki, qolumu doğram-doğram elədim. İş prokuraturaya gedib çıxsa da, məsələ ilə bağlı heç bir cinayət işi açılmadı. Qəbul etmədiyim məsələ odur ki, nəyə görə bu cü doktor hələ də öz vəzifəsində qalır. Həmin o Nuru Nuriyevin iki oğlu olsa da, heç biri döyüşə getməyib. Mən onun rayonu, bəlkə də kəndi üçün döyüşmüşəm. Döyüşdən qayıdandan sonra onun məni belə bir hala salmağa nə haqqı var? Prezidentin, Ali BAş Komandanın belə bir sərəncamı var idi ki, müharibə iştirakçılarımız, qazilərimiz, əlillərimiz heç bir məmur tərəfindən incidilməsin”.

 

Anaq Həsənov deyir ki, bu gün bir problem də müharibədə iş qabiliyyətini itirməsi ilə bağlı yaranıb. Qazimiz deyir ki, müharibədən qabaq işləyib, normal həyat tərzi olub. Üstəlik müharibədən əvvəl yenicə yarımçıq tikib köçdüyü evə Kontakt-Hom mağazasından ev əşyaları alıbmış. Amma vətənin azadlıq istəyi onu düşünmədən müharibəyə atılmağa, vətənin müdafisəinə qalxmağa sövq edib. Həmin günlər onu nə yarımçıq qalan evi, nə də borcları düşündürməyib. Anar Vətənin azadlığını hər bir şeydən üstün tutub. Canından belə… İndi isə bu vətən oğlunun hesabına yaşayıb varlananlar, vəzifələrdə oturanlar, deputat olanlar, ona olan borclarını ödəmək əvəzinə, onu ittiham edirlər ki, niyə işləmirsən, niyə pulumuzu qaytarmırsan…

 

 

 

“Mən də çoxları kimi müharibə başlayanda könüllü olaraq vətən üçün döyüşə qatıldım. Başqa nə üçün ola bilərdi ki. Heç kəs məni məcburi döyüşə aparmayıb. Bizim hərbi komissarlıqla da maraqlansanız bilərsiniz ki, mən o müharibəyə hansı dava-qırğınla getmişəm. Yəni mən özüm döyüşə can atdım, deyirdim ki, mən bu müharibədə iştirak eləməliyəm, vəssalam. İştirak etdim də. Qismətimiz şəhidlik olmadı. Çox istərdim şəhid olum, amma qismətdə qazi olmaq varmış. Bu gün mən demirəm ki, kimlərsə mənə nəsə etsin, nəsə gətirsin versin. Onların mənə borcları yoxdur. Sadəcə eləməslər də, ən azı hörmət qoymalıdırlar”.

 

Anar Həsənov Kontakt-Homda olan kredit borcundan və bu üzdən məhkəməyə verilməsindən danışanda istər-istəməz düşünürsən ki, müharibəni nə tez unutdular. Axı hələ müharibə bitməyib, hələ bizim bir yumruq kimi birləşib, bir-birimizin yanında olmağa ehtiyacımız var. Nə tez o cəmiyyətin yumruğu yumşaldı. Sanki məmurları, bəzi işbazları pul elə çaşdırıb ki, Vətən Müharibəsi və bu müharibədə Azərbaycana qələbə yaşadanların kimliyini, onlara olan borclarını, vətəndaşlıq, insanlıq hissini unudublar. Anar deyir ki, heç kəsin ona borcu yoxdur. Amma unudur ki, o, vətənin azadlığı uğrunda canını, qanını verməklə bütün maddi borclarını çoxdan silib və əslində hamının, hər kəsin ona bir minnətdarlıq borcu var. İndi də eli, obası, bu vətəni, vətənin iş qabiliyyəti olan kişiləri onun yanında dayanmalıdır, onu qorumalıdır.

 

Anar Həsənov deyir k, müharibədən əvvəl təzə tikdiyi evə köçəndə ev əşyalarını kreditlə alarkən iki adamın da adına kredit götürməli olub. Biri qohumunun adınadır. Onu özünün dili ilə desək, birtəhər ödəyir. Amma öz adına olanı ödəyə bilmir. Qazimizin ailəsində 6 nəfər var. iki övladı, ömür-gün yoldaşı, ata, ana. Anası evlərdə təmizlikçi işləyir. Evi dolandıran da odur.

 

"Məmurlar bizi son həddə çatdırıb"

 

 

“Buna görə Kontakt-Hom məni məhkəməyə verib. Məhkəmə məni çağırıb barəmdə qərar çıxaracaq, onları başa sala bilmirəm. Başa sala bilmirəm ki, hazırda adım işdə gedir, amma buna görə maaş almıram. Sadəcə olaraq özüm işə çıxmıram, psixoloji problemlər yaşayıram. Bunu həkimlər bilir. Türkiyədən gələn 20-yə yaxın könüllü həkim heyətinin komissiyalarından da keçmişəm. Onlarda mənə ağır kantuziya diaqnozu qoyublar.  Vəziyyət budur. Neçə dəfə intihara təşəbbüs eləmişəm, özümü asmağa, doğramağa və başqa yollara əl atmışam. Sadəcə olaraq görünür hələ ki, qismətdə ölmək yoxdur. Amma həqiqətən də bezmişəm. Nə orda olanlar, şəhid qardaşlarım yaddan çıxmır, burda da məmurların davranışı məni bezdirir. Məmurlar bizi son həddə çatdırıb.

Götürək elə Kantakt-Homun rəhbərliyini, o da zəngilanlıdır. Neçə dəfələrlə bildirmişəm ki, işləmirəm, müdiriyyətimlə maraqlanın. Sadəcə olaraq adım işdə gedir, maaş almıram. Mənə deyirlər, nətər olur, adın işdə gedirsə, niyə almırsan. Deyirəm qardaş, Prezidentin sərəncamı ilə heç bir idarə heç bir müharibə iştirakçısını işdən çıxarmır, bu da çıxarmır. Deyir sağal, gəl işlə. Mənim də işim satıcılıqdır. Mən də bilirəm ki, mən müştərilərlə işləyirəm, birdən olar aqressiv olaram, mağazanın imicinə ziyan gətirə bilərəm. Üstəlik ağ ciyərimdən, qara ciyərimdə müalicə alıram. Müalicəyə görə YAŞAT Fonduna müraciət elədik, sağ olsunlar, bir dəfə yardım elədilər.

Keçən ayın 26-da “Cəsur döyüşçü” medalı bizə təqdim olunanda dedilər ki, iyil-avqust aylarında yenə müalicə ilə bağlı sizə ödəniş olunmalıdır. Hələlik müraciət eləməmişəm. Gözləyirəm bir müddət keçsin sonra müraciət edim. Çünki  borc yiyələrindən məni hədələyənlər var, qapıma gələnlər var. Mən də bu vəziyyətdə heç nə eliyə bilmirəm. Kiminsə borcu deyil ey mənə nəsə eləsin, sadəcə olaraq insan var başa düşür gözləyir, insan var gözləmir. Hər şey üst-üstə gələndə də əl ətəkdən üzülür”. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür