Türkiyənin Sivas vilayətinin Şarkışla şəhərində illər əvvəl məhəllələrdən birinin təmiri zamanı naməlum qəbir üzə çıxıb.
Bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat verib.
Məhəllə sakinləri vəziyyətə öyrəşsələr də, yolun ortasındakı məzarı buradan keçən insanların təəccübünə səbəb olur.
Qəbir daşının üstündə “Qəriban Şəhid Baba” yazılsa da, məzarın kimə məxsus olduğu dəqiq məlum deyil.
Yerli sakinlər hesab edir ki, qəbirdə uyuyan şəxs şəhiddir.
Onlar bildiriblər ki, sözügedən ərazidə əvvəllər ev olub, lakin bələdiyyə onun qanunsuz tikildiyinə əsas götürərək sakinləri oradan köçürüb və evi isə söküb. Qəbir də məhz həmin ərəfədə üzə çıxıb.
Məhəllə sakinləri hətta iddia edir ki, məzarda dəfn edilən şəxs tez-tez keçmiş ev sahiblərinin yuxularına girib, onun dəstəmaz aldığını görüblər.