Qazi ailəsinin üzləşdiyi PROBLEMLƏR

09:01 21-07-2021 | icon 2044 | Cəmiyyət
Qazi ailəsinin üzləşdiyi PROBLEMLƏR

Şübhəsiz ki, Vətənin müdafiəsinə qalxan, torpaqların azadlığı uğrunda vuruşan Azərbaycan Ordusunun - əsgərlərin, qazilərin, şəhidlərin haqqı ödənməz. Bu gün ölkəmizin sosial, ictimai-siyasi, mədəni həyatı məhz bu xətt üzrə, müharibədən sonrakı reallıqlara əsasən yenidən qurulur. Dövlət prosesləri işğaldan azad edilən torpaqlarımızın bərpası, dirçəldilməsinə yönəldiyi kimi, müharibədə öz canını, qanını, sağlamlığını fəda edən əsgər və zabitlərini də diqqətdə saxlayır.

 

Bununla belə, araşdırmalar hələ də qazilərin, şəhid ailələrinin həyat fəaliyyətinin bərpası və təminatı ilə bağlı çoxsaylı problemlərin qaldığını göstərir. Hələ də diqqətdən və dövlətin hər hansı yardımlarından kənarda qalan qazilərimiz var.

 

Belə qazilərdən biri də kəşfiyyatçı-snayper, Goranboy rayonunun Yenikənd kənd sakini Bəxtiyar Quliyevdir. Bəxtiyar Quliyevin problemləri və keçdiyi döyüş yolundan atası - I Qarabağ savaşında iştirak edən müharibə veteranı, qazi Goranboy rayon sakini Cəmşid Quliyev danışdı.

 

Atanın dediklərindən məlum oldu ki, qazi Bəxtiyar Quliyev “Cəsur döyüşçü” medalı alıb. Suqovuşanın və digər rayonların alınmasına görə də medallarla təltif olunsa da, hələ ki, təqdim edilməyib.

 

“Ömürlük bir problemlə üz-üzəyik”

 

Qazi atasının danışdıqlarından belə qənaətə gəlmək olur ki, Bəxtiyarın timsalında hələ öz problemlərinin içərisində qalıb susan, danışmaq istəməyən heç kəsin xəbər tutmadığı neçə qazilərimiz qalır. Çünki müharibədən sonra psixoloji problem yaşayan, müxtəlif beyin travmaları alan çox qazilər danışmaq istəmir, hər bir hərəkət onları əsəbləşdirir. Bəxtiyar Quiyev də aylardır danışmaq istəməyib, hətta atası müsahidə verməyi təklif edəndə çox sərt şəkildə etiraz edib, "nəyimizə lazım” deyib. Qeyd edək ki, başından ağır yaralanan qazinin ağır kantuziyası var. Bədənindəki qəlpələrin bir neçəsini hələ də çıxarmayıblar.

 

“Bəxtiyarın yaraları təkcə qəlpə yaraları ilə kifayətlənmir. Ağır kəllə-beyin travması alıb, ağır kontuziyalıdır. Travmadan sonra qulağının biri ancaq 3 metr məsafədən eşidir, o biri daha zəifdir, gözləri zəif görür. Kantuziyanın əsas problemləri də depressiya, əsəb gərginliyi, hər şeyə əsəbi reaksiyadır. İdarə olunması çox çətindir. Bədənindəki qəlpələrdən hələ ikisi çıxarılmayıb. Biri düz sümüyündə, sinir damarına yaxındır. “Əməliyyatı çətin olar, sinirə toxunar” sözləri ilə əməliyyat eləmədilər. Müalicəsini özümüz eləyirik. Ailəmiz demək olar ki, 7 aydır onun əhval-ruhiyəsinə uyaraq yaşayır. Bəxtiyar çox hövsələsiz, əsəbi olub. Beyninə necə verir, elə də edir. Onda ürək darıxması, əsəbi gərginlik, müəyyən hadisələrə isterik reaksiyası var. Çox qəribə olub. Bu normal reaksiya deyil. Amma özünün həvəsi olanda insanlarla danışır. Kənardan baxan deyər ki, nə qədər sağlamdır, yaraşıqlı görünüşünə baxan onda xəstəlik əlaməti hiss eləməz.  Amma birdən depressiv əhval-ruhiyəsi başlayanda üz-gözü tamam dəyişir, olur başqa bir adam. Kimsə onu bərk əsəbləşdirəndə, yaxud görəndə ki, kimsə ona nəsə edə bilər, başlayır başını, üzünü-gözünü daşa-divara çırpmağa. Hər şey yadından çıxır. Bir az əvvəl dediyi sözü özünə deyirsən, yadında sala bilmir. Deyir “mən elə şey deməmişəm, nə vaxt olub”. Əli ilə qoyduğu şeyi itirir, tapa bilmir. Borc edib buna təzəcə bir telefon almışdım. Müəyyən səndlərlə bağlı Bakıya qospitala getməliydi. Taksidə qoyub böyrünə, bir də ayılıb ki, telefon yoxdur. Maşının pultunu, açarını harda qoyub bilmir. Sonra getdi təzədən aldı. Buna maşın sürmək qətiyyən olmaz. Çox çətindir. Ömürlük bir problemlə üz-üzəyik”-deyə Qazi atası oğlunun sağalması üçün kömək istədi...

 

“Bəxtiyar hərbi formasını yumağa qoymurdu...”

 

Cəmşid müəllim, Bəxtiyarın orduya getməsi ilə bağlı maraqlı bir tarixçə danışdı.

 

“Tovuz hadisələri başlayanda 1-ci Qarabağ döyüşçüsü olaraq çox sevindim ki, artıq neçə illər həsrətlə gözlədiyimiz probemin həll olunmaq şansı var. Dedim ki, müharibə başlayır, mən getməliyəm. Rayon komissarlığına orduya yazılmaqla bağlı müraciət etdim. Bəxtiyar bunu bilib, o da məndən xəbərsiz gedib müraciət edib. Bu evin tək oğlu idi, əslində özü müraciət etməsəydi, aparmamalıydılar. Amma özü könüllü getdi, mənim də yaşıma görə imtina verdilər. Mən çox israr elədim, dedim ki, sağlamam, cavanlardan daha yaxşı döyüş təcrübəm var və sair, amma qəbul eləmədilər. Bəxtiyarı apardılar. Bəxtiyara da təklif eləmişdilər ki, müddətdən artıq xidmət edən hərbçiyə ehtiyac var və sən onsuz da gedirsən, gəl kurslara yazıl və döyüşə MAXE kimi get. Bu da müqavilə bağlamışdı ki, həm də maaş alsın. Onu  kəşfiyyatçı sinayper, komandir  Əlizamin Ramazanlının tabeliyinə vermişdilər. Bəxtiyar Tovuz hadisələrindən 44 günlük müharibə başlayana qədər kəşfiyyatçı-snayper kimi hazırlandı, təlimlərdə oldu, sonra ordan cəbhəyə yönləndirdilər.

 

 

Bəxtiyar Tapqaraqoyunlu istiqamətində Ağuçuq deyilən yerdə yaralanıb. Düşmənin atdığı mərmi Bəxtiyarla komandiri bərdəli kəşfiyatçı snayper Əlizamin Ramazanlının səngərinə düşüb. Orda Bəxtiyar yaralanıb, Əlizamin isə şəhid olur. Həmin hadisə müharibənin ilk həftəsində baş verir. Həmin döyüşdə bizim tərəfdən çox itki olur. Bəxtiyar komandirini çox istəyirdi, haqqında qürurla danışır. Komandir Əlizamin Ramazanlı Bəxtiyarın qucağında şəhid olub, onun qanı Bəxtiyarın paltarında qalmışdı. Bəxtiyar hərbi formasını yumağa qoymurdu, deyirdi ki, orda komandirinin qanı var. Allah rəhmət eləsin”...

 

“Ümid edirəm YAŞAT Fondu bizi incitməz”

 

C.Quliyev deyir ki, Bəxtiyarın prdoblemləri çoxdur. Ümid edir ki, əlillik təsdiq olunandan sonra YAŞAT Fondu onları incitməz.

 

“Bəxtiyarın əlilliyinin alınmasına qədər əsas problemləri müalicə ilə bağlı idi və yenə də həmin problem qalır. Əslində Bəxtiyar dövlət xəstəxanalarında müalicə olunmalı idi. Amma bu dəqiqə öz xərcimizlə müalicə elətdiririk. Bəxtiyar dəfələrlə mərkəzi hospitala göndərildi, orda 5 gün, 10 gün saxlayıb, bir az kimyəvi dərmanlar verib geri göndərdilər. Yəni ciddi bir müalicə almadı. Dərmanlar da gah allergiya verdi, bədənini səpdirdi, gah mədəsində problem yaratdı, qəbul etmədi. Sonradan necə oldusa, Maştağaya - Mərkəzi Psixatriya Xəstəxanasına göndərdilər. Ora gedəndən sonra əlilliyini təsdiqlədilər. Maştağadan sənəd verdilər ki, bunda filan problemlər var. Mərkəzi Hospitalda ona baxan yox idi. Mən elə təsəvvür edirəm ki, orda o qədər ağır xəstələr olub ki, onların gözündə belə xəstələr adi görünüb. Bir dəfə Prezidentə yazmışdım. Ordan da məsələni YAŞAT Fonduna yönəltdilər. YAŞAT Fonduna dəfələrlə müraciət etsək də, imtina elədilər. Sonradan Bəxtiyar məndən xəbərsiz müraciət edib, YAŞAT-dan 1500 manat manat pul aldı. Heç o da nəyə xərcləndi, kimə xərcləndi bilinmədi. Buna görə də, növbəti müraciətimizdə dedilər ki, əlilliyi təsdiq olunandan sonra YAŞAT fonduna müraciət edə bilməzsiniz. 6 ayda bir dəfə müraciət edə bilərsiz. Bir dəfə 1500 manat aldığı üçün biz onu yenidən müalicəyə yönləndirə bilmərik. Və yaxud da hansısa başqa bir müraciətini qeydiyyata ala bilmərik. Dediklərinə görə qaydaları belədir. Ayrı kimə müraciət edəcəyik?”

 

 

Ailəsinin 8 ay çarpışmasından sonra nəhayət qazi Bəxtiyar Quliyevə 3 qrup əlillik verilib. Hələ ki, əlilliyə görə təqaüd almır. Əlil qaziyə heç yandan kömək olmayıb. Hətta o vaxt Türkiyədən gələn psixoloq həkimlər də onun müalicəsindən imtina ediblər.

 

“Biz müharibə zonasında yaşayırıq. Demək olar ki, erməni bombardmanlarının altında qalımışdıq. Ailəmiz bir saniyə də olsun evi, kəndi qoyub çıxamadı. Amma kənd boşalmışdı. Demək olar ki, bir həftə hardasa 450-500 ailənin yaşadığı bir kənddə yoldaşımdan məndən başqa heç kim qalmırdı. Ən azı gecələr çıxıb gedirdilər. Həmin vaxtlar yoldaşım bərk sarsıntı keçirmişdi, baxırdım ki, onun da psixoloji durumu qaydasında deyil. İstədim ki, ikisini də Türkiyədən gələn psixoloqların qəbuluna aparam. Apardım, Bəxtiyara dedilər ki, bunun daxili kəllə-beyin travması var, bizim seanslara uyğun deyil, ilk növbədə travma müalicə olunmalıdır, sonra biz onun üzərində seans keçə bilərik. Yoldaşıma da dedilər ki, elə oğlun müalicə olunandan sonra gələrsiniz, ikinizi də bir yerdə  müalicə edərik.  Dedim ki, oğlum müalicə olunasıdır, amma heç olmasa xanımın müalicəsinə başlıyın, qəbul eləmədilər. Dedilər ki, ikisi də bir gələr. Bəxtiyar da hələ uzun müddət müalicədə olmalıdır. Bu bir günlük müalicə deyil, amma niyə bunu başından edib göndərirsən”...

 

Qazinin atası bu müddət ərzində heç bir deputatın onlarla maraqlanmadığını dedi. Dediyinə görə, heç özü də deputatının üzünü görməyib, tanımır, heç mətbuatda, efirdə də görməyib. Qazi atasə deyir ki, yalnız birinci dəfə yaralanıb xəstəxanadan gələndən sonra icra başçısı evlərinə gəlib.

 

“Sağ olsun, hardasa 110 manatlıq bazarılıq etmişdi: qənd çay, un, makaron, verməşil, 2-3 kilo marqarin yağı - bizim evdə yeyilməyən şeylər. Deputatın üzünü görməmişik. Tanımadığım adama necə vəkil deyim? Yaxud, hər hansı problemlə bağlı icra başçısının qəbuluna düşmək olmur. Təzə gələndə yalandan bizə dedi ki, nə probleminiz olsa gəlin, amma heç nə görmədik. Biz bir az mal-qara saxlayırdıq. Vəziyyətlə bağl başımız qarışdı və o mallardan 6-sı getdi minalı zonada minaya düşüb öldü. İcra hakimiyytinə kompensasiya üçün müraciət elədik. Baytarlıq İdarəsində baş DAİM (dövlət aqrar inkişaf mərkəzi) rəhbəri məni təhqir edib ordan çıxartdı. Nə cür təhqir elədi, ordakılar gördü. Prezidentə müraciət elədim, məktubu ordan qaytardılar şikayət elədiyim adamın üstünə. İcra başçısı həmin məktuba bir cavab yazıb, DAİM-də bir cavab yazıb. Hər iki cavab bir-biri ilə ziddiyyət təşkil edir. Daha özümə sığışdırıb onu təkrar prezidentə göndərə bilmədim ki, onsuz da qaytarıb göndərəcək onların üstünə. Məntiqlə bunların ikisindən biri 100 faiz yalan deyir. Amma mən deyirəm ki, ikisi də yalan deyir. Heç bir problemlə bağlı heç bir yerə müraciət edə bilmirəm”.

 

 

Qazi atası onu da bildirdi ki, Bəxtiyarın mövcud psixoloji durumundan istifadə edənlər var. Dediyinə görə, kimsə tanımadığı bir adam oğlunun adına kreditlə soyuducu götürübmüş. Bəxtiyar sonradan özü də həmin adamı yadına sala bilməyib. Buna görə də onlara zəng edib narahat ediblər ki, krediti ödəyin. Təbii ki, Quliyevlər həmin krediti ödəməkdən imtina edib. Cəmşid müəlim, deyir ki, xeyli müddətdir bu məsələ ilə bağlı onları narahat eləmirlər. Deyəsən məslə həll edilib. Bu xırda problem olsa da, bizim dərdimizlə bağlıdır.

 

“İcra başçısının qəbuluna düşmək mümkün olmayıb”

 

“Mal-qara saxlayan təsərrüfat olsaq da, bizə heç bir torpaq sahəsi verilməyib. Dediyim kimi, mən özüm də müharibə veteranıyam, yaralanmışam, amma illərdir qaziliyimi təsdiq edən sənəd ala bilməmişəm. Heç bir maddi dəstək yoxdur. Üstəlik, bizə bir qarış torpaq vermirlər ki, təsərrüfat quraq, mal-qaramızı otladaq. Halbu ki, bu kəndə dəxli olmayan nə qədər kənar şəxslər var ki, gəlib burda torpaqlardan istifadə edirlər. Üstəlik oğlumun müalicə xərclərini də özüm verməliyəm. Bununla bağlı İcra Hakimiyyətinə getmişəm, amma başçının qəbuluna düşmək mümkün olmayıb. Aqrar məsələlər üzrə bir müavini var, o da adamı yola verir. Bir az ordan-burdan danışır, deyir ki, get, həll olunacaq. Amma artıq neçə illərdir belədir. Təzə başçı Məhərəm Quliyev gələndən sonra bir az ümidverici münasibət görstərdi. Dedim yaxşı insandır, yəqin ki, qəbuluna getsək, bizi dinləyər. Amma ümumiyyətlə qəbuluna düşmək mümkün deyil. Əvvəlki də belə idi”...

 

Cəmşid müəllim, redaksiyamıza oğlunun keçdiyi döyüş yolunu əks etdirən şəkillər göndərib. O, həmin şəkillərin içərisində Bəxtiyarın əsgər yoldaşları ilə birlikdə çəkdirdiyi bir şəkli xüsusilə qeyd etdi. Bildirdi ki, həmin şəkil döyüşdən əvvəl çəkilib. Cəmşid Quliyev böyük təəssüf və ehtiramla "Bu uşaqların əksəriyyəti indi Şəhiddir, Allah onların hamısına rəhmət eləsin" deyə, Azərbaycanın igid oğullarının müharibədə göstərdiyi qəhrəmanlıqdan fəxarətlə danışdı...

 

P.S: Hafta.az Goranboy rayonundan seçilən deputatlar Anar Məmmədov və Ağalar Vəliyevin köməkçiləri ilə əlaqə yarada bilib. Deputat köməkçiləri müharibə başlayandan bu günə qədər ərazilərində olan qazi və şəhid ailələrinə göstərilən dəstəkdən qayğıdan söz açdılar və bu prosesin daim davam etdirildiyini söylədilər. Eyni zamanda Goranboy rayonunun Yenikənd kənd sakini ilə bağlı onlara müraciət daxil olmadığını qeyd edərək, qazinin problemləri ilə yaxından məşğul olacaqlarını, məsələlərin İcra Hakimiyyətinin başçısı qarşısında qaldıracaqlarını bildirdilər. Günün sonuna yaxın Cəmşid Quliyev İcra Hakimiyyətinin bir neçə nümayəndəsinin onların evinə gələrək Qazinin problemləri ilə maraqlandıqlarını dedi. Bu da bizdə belə bir ümid yaratdı ki, deputatlarımızın da diqqəti, fəaliyyəti nəticəsində qazimiz və onun müharibədə əziyyət çəkən ailəsi dövlətin diqqətindən kənarda qalmayacaq. /Həftə İçi/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür