"Zamanın axarında"n baxanda dünya aydın görünür... - Resenziya

20:14 29-07-2021 | icon 837 | Ədəbiyyat
"Zamanın axarında"n baxanda dünya aydın görünür... - Resenziya

Kitab təkcə bilik mənbəyi deyil, həm də zamanın müəyyən dünəninin tarixi güzgüsüdür

 

 

 

 

BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/

 

 

Kitab təkcə bilik mənbəyi deyil. Kitab həm də zamanın müəyyən dünəninin tarixi (ədəbi) güzgüsüdü; olmuşlar da görünür, görünənlər arasında bağlılıq da. Belə kitablara dəyərli kitab deyirik. Belə kitablar düşüncələrimizin ömürdaşı da olur...

 

Kitabları hadisələrin, faktların tarixi kimi oxuyuruq. Bu hadisələrin, faktların özü də, mahiyyəti də düşüncələrimizə hopur. Oxuduqlarımızı gördüklərimizin, duyduqalrımızın davamı, bəzən də əvvəli bilirik. Bunun fəlsəfəsinin yaşam fəlsəfəsinin zərrəsi olduğunu da duyuruq. Onda "Kitab həyatın inikasıdır" deyənlər çox olur. Onların haqlı düşüncəsini öz düşüncəsi bilənlərdənəm...

 

Xatirələr kitabı düşüncələrə daha həssaslıqla hopur. Kitabla kitabın müəllifini tanıyan oxucu arasında söz vasitəsilə duyğusal bir ruhi münasibət yaranır. Müəllifinə rəğbətin olduğuna görə. Müəllifin sənin ömründə də olduğuna görə. Həyat həm də buna görə gözəldi...

 

"Zamanın axarında" (Zəngəzursuz illərim) kitabının avtobioqrafik mahiyyəti ictimai mahiyyətli olduğu üçün cəmiyyətin müəyyən bir dövrü haqqında xronika kimi də oxunur...

 

Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, XI, XII çağırış Respublika Ali Sovetinin deputatı seçilmiş, böyük ziyalı, dəyərli vətəndaş, milli-xəlqi dəyərləri fenomenal incəliklə yaşadan Tofiq Mehdiyevi zamanında mən də tanımışam, bu tanımanı tale qazancı bilmişəm - mən də söhbətlərində aqil kəlamlarının işığını, hər məsləhətində Dədə Qorqud hikmətini görmüşəm. "Ürəyinin hökmü sənin ilkin istinadgahın olmalıdı. Yoxsa getdiyin, gedəcəyin yollar ayağın altından sürüşər..." - kəlamları eşidənin ürəyinin təpərinə, dizinin taqətinə dönərdi, düşüncələrini durulaşdırardı. İllər sonra "Zamanın axarında" kitabında Zərdüşt peyğəmbərin bir deyimini oxuyanda da bu duyğuları yenidən yaşadım: "Dünya yeni hay-küylər icad edənlərin deyil, yeni dəyərlər yaradanların başına fırlanır. Özü də səssiz-səmirsiz" (yeri gəlmişkən, kitabda bölmələrə epiqraf kimi Zərdüşt peyğəmbərin kəlamlarının seçilməsi ruhun da, düşüncələrin də müqəddəslikdən barındığının ifadəsidir...). Tofiq müəllim həmişə xalq üçün, dövlət üçün, dövlətçilik üçün yeni dəyərlər yaradanların sırasında olub. Bu dəyərlərin ən gözəli, ən gərəklisi insanlara sevgi olub, tarixə sədaqət. Belə bir tarixi şəxsiyyətin yazdığı "Zamanın axarında" kitabını da belə dəyərlərdən biri bilirəm...

 

"Zamanın axarında" kitabı mahiyyətinə görə bir ömrün salnaməsidir. Həm də bütün çalarları ilə - Vətənə, torpağa, dövlətə, dövlətçiliyə sevgi kimi, yaşanıldığı anlardan sabahların düşüncələrinə, sabahların duruluğuna vətəndaş heysiyyəti kimi, bəşəri amallara xidmət kimi.

 

"Zamanın axarında" kitabı həm də tarix haqqında kitabdır, əslində, tarixin kitabıdır; illərin o üzündə qalmış hadisələr haqqında kitabdır.

 

Müəyyən mənada avtobioqrafik kitab kimi yazılsa da, daha məzmunludur. Yəni hadisələr daha geniş miqyaslıdır. 6 hissəli kitabın ilk 3 hissəsində bioqrafik yönüm çox olsa da, digər hissələr bilavasitə xalqın, dövlətin, dövlətçiliyin heysiyyətinin mühafizəkarı olan bir insanın dünyagörüşünün ədəbi-bədii ifadəsidir.

 

Tofiq müəllim heç zaman "mənə nə" fəlsəfəsiylə yaşamayıb, işləməyib. Həm də zamanın axarını xalqımızın xeyrinə dəyişməyə də ciddi cəhdlər göstərib. Bəzən istər siyasi baxımdan, istərsə də həyat baxımından təhlükəli olsa da...

 

"Nüvədi epopeyası" məqaləsi də düşüncələri tarıma çəkir. "Niyə"lər oxuyanın yaxasından "dördəlli" yapışır. Tarix var məqalədə. Nüvədinin tarixində Azərbaycanın tarixinin bir parçasını görürsən. Tofiq müəllim tarixdən çoxumuza bəlli olan faktları xatırlatmaqla çoxumuza məlum olmayan bir məqama aydınlıq gətirib. Bu da tarixdi: Niyə ermənilər azərbaycanlıları Qafan, Gorus, Sisyan rayonlarından çıxartdıqdan sonra Meqriyə qarşı nisbətən mülayim davranış göstərdilər? Tofiq müəllimin fakt səviyyəsində şərhində bir təəssüf də var, siyasi "qalaqurmaya" qarşı vaxtında görülməyən tədbirlərə görə təəssüf: "...Azərbaycanlıların Ermənistandan deportasiya, genosid siyasətini həyata keçirən rəsmilər və terror qrupları maraqlı taktikaya əl atdılar. Belə ki, Qafan, Gorus, Sisyan rayonları tam türksüzləşdirildikdən sonra Meqri rayonunun Azərbaycan kəndlərinin enerjisi, rabitəsi kəsilsə də, əhaliyə toxunmayaraq, zor işlədilmədi. Bu da o məqsədlə edildi ki, deportasiya Qafandan sonra Meqridə baş versə, qarışıqlıq nəticəsində qatarların hərəkəti Yerevan-Bakı xəttinin 49 km-lik Meqri rayonu hissəsində dayana bilər və köçürmə prosesi uzanardı..."; Tofiq müəllimin bəyənilən şərhi təsdiqləyir ki, Meqriyə qarşı bu mülayim münasibət də, əslində, erməniliyə xidmət edirmiş...

 

Bu kimi faktların kitabı, əlbəttə ki, dəyərli kitabdır!..

 

Vicdanın səsi ifadəsini çox yerdə, çox məqamda eşitmişəm. Ancaq heç birində "Zamanın axarında" oxuduğum həddə duyğulanmamışam. Tofiq müəllim "Zəngəzur dağlarının efesi" adlandırdığı Xanəli Şirinov haqqında yazdığı "Vicdanın səsi ilə" məqaləsində yazır:

 

"...SSRİ Daxili İşlər Nazirliyinin tapşırığı ilə Bakıdan gələn orqan işçiləri inspeksiya qaydasında əhalidən ov tüfənglərini müsadirə etdiyi üçün meşəçi Xanəli kişinin də silahı əlindən alınmışdı. Xanəli kişinin uzun müddət küsülü qaldığı, soyadını unutduğum qonşusuna məxsus silahı xahiş edib aldıqdan sonra heç bir kəsə demədən Seyidlər kəndinə getmişdi.

 

Hörmətli oxucum sual edib soruşa bilər ki, evində nəvələrilə gün keçirməli olan ağsaqqal, yaşlı bir insanın gecə yarı terrorçuların üzərinə getməsinə səbəb nə idi?! Cavabını bir sual, bir nida ilə verirəm:

 

- Vətən, torpaq, millət sevgisindən başqa daha nə ola bilərdi? Vicdanın Səsi!..

 

Bu sətirlər təkcə vətənsevərliyi istər o illərdə yaşayanlara, istərsə də ondan sonra (elə indi də) görk olan bir Kişi haqqında əsl kişi sözüdü, həm də müharibənin tarixidi. Kitablara düşməyən, çoxlarının xəbəri olmayan tarixi. Tofiq müəllimin "Zamanın axarında" kitabı həm də müharibə tarixi haqqında dəyərli bədii-tarixi kitabdır. Belə kitablar tarixi kitablar seriyasından oxunmasa da, dəyəri tarixi kitabların dəyəriylə müqayisə edilməlidir; az adamların bildiyini bu səviyyədə ictimailəşdirmək də müharibə tarixinə (xalqın tarixinə!) sevginin təzahürüdür. Bu sevgi qüdrətə sevgidi. Həmin silahın sonralar bir erməni qruplaşmasını zərərsizləşdirən qüdrətə sevgidi:

 

"...Gecədən xeyli keçmiş, səhərə yaxın Hamlet Köçəryanın özü və terror dəstəsi "Qaz-21" markalı nömrəsiz "Volqa" avtomobilində Qafandan Seyidlərə gəlib kəndin mərkəzində dayandı. Maşından enib ora-buranı seyr edən Köçəryanın dəstəsinə Xanəli kişinin qəflətən açdığı atəş dığaları pərən-pərən saldı. Maşın dolu qumbaradan, avtomat silahdan və tapançadan istifadə edə bilməyən nəşəli, kefli dəstə üzvlərinin hamısı Xanəli kişinin başçılığı, postda olan polis nəfərlərinin və kənd əhalisinin köməkliyi ilə həbs edildi..."

 

Qürrə var sətirlərdə. Xatirə biçimində təqdim edilən bu qürrə zamanında rayona rəhbərlik edən, xalqını, dövlətini, dövlətçiliyini sevən, illərini bu sevgi ilə yaşayan bir azərbaycanlı kişisinin qürurudu, gözəl duyuma, gözəl bədii təfəkkürə, tarixi faktları gözəl ədəbi materiala çevirməyi bacaran bir söz adamının qürurudu. Bu məqamda Tofiq müəllimin "Vətən gözləyir" məqaləsinə epiqraf gətirdiyi bir kəlamı xatırlayıram: "Mərd adamları sevirəm, çünki gözü ilə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar". Bu sitat Tofiq müəllimin zəngilanlılara sevgisini ümumiləşdirir. Bir zəngilanlı kimi mən də bu fikri Tofiq müəllimin özünə şamil edirəm: zəngilanlılar mərd kişi kimi tanıdıqları, sevdikləri Tofiq Mehdiyevi həmişə ehtiramla xatırlayır. Bu xatırlama mənəvi borc xatırlamasıdır. "Zamanın axarında" kitabının zəmanəti ilə...

 

 Tofiq Mehdiyevin "Zamanın axarında" kitabı həm də elan edilmədən başlayan müharibədən əvvəl erməniliyin törətdiyi təxribatları ictimailəşdirmək, bu baxımdan tarixləşdirmək missiyasıdır (və müharibə tarixidir!). Tofiq Mehdiyevin "Separatçılıq yolunu seçmiş kirvələr" məqaləsi məhz bu gerçəkliyin məqaləsi, "Zamanın axarında" kitabı bu gerçəkliyin kitabıdır.

 

"Zamanın axarında" kitabında bir təəssüf də gizildəməkdədir. Bu gizilti təəssübkeşliyin giziltisidir. Bu gizilti başa çatdırılması mümkün olmayan bir istəyin giziltisidir: "...Ermənilər bizim üçün Qarabağ problemi yaratdığı kimi, biz də onlara Nüvədi problemini qaldırdıq. Fərq ondadır ki, onlar bu məsələni dövlət səviyyəsinə qaldırdılar. Biz isə rayon səviyyəsindən yuxarı çıxarda bilmədik..." Ağrıdıcı təəssüfdür. O illərdə belə bir təşəbbüs də düşmənlə mübarizənin tərkib hissəsi idi. Bu fakt da təsdiqləyir ki, o illərdə Zəngilanda torpaqların müdafiə sistemi passiv deyildi. Bu xatırlatma "Zamanın axarında" kitabının xatırlatmasıdır...

 

"Erməni xisləti, Qafqaza gətirdikləri terror və faciələr, qısaca mentallıqları barədə", "Torpaqlarımızı özümüz qorumalıyıq", "Çöp axtaran Xodakovski" və s. məqalələr də oxunaqlıdır, vətənsevərlik haqqında vətənsevərin ürək sözləridir...

 

"Zamanın axarında"n baxanda dünya aydın görünür...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR