İran və Ermənistan yenə qol-boyun oldu
İran İslam Cümhuriyyətinin erməni sevgisi və xisləti, ermənidən daha çox erməni olmaq yönündə atdığı addımlar son günlər özünə yeni don geyməklə yanaşı, daha radikal şəkildə təzahür etməkdədir.
“Azad İran” Telegram kanalı xəbər verir ki, İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühurinin Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonu ilə həmsərhəd olan Vardenis (Basarkeçər) rayonuna səfəri, görünür, başda Paşinyan olmaqla erməni rəsmilərini daha da ürəkləndirib.
Yox, erməni siyasətçilərini ürəkləndirən və ümidləndirən təkcə səfirin bu “jesti” deyil, həm də 1988-ci ildə minlərlə İran vətəndaşını, daha dəqiq desək, siyasi məhbusu sadəcə İslam Cümhuriyyəti ilə fərqli düşündüyü üçün edam etmək məqsədilə yaradılmış və bu missiyanı yerinə yetirmiş "ölüm kabineti"nin üzvü olan, dünyada “Tehran qəssabı” kimi tanınan İbrahim Rəisinin prezident seçilməsi, daha dəqiq desək, hakimiyyətə gətirilməsidir.
“Xocalı cəlladları” ilə “Tehran qəssabı”nın yalnız öldürmək, qan tökmək üzərində qurulmuş həyat fəlsəfələri də Paşinyanı ürəkləndirən, onu ilk xarici səfərini İrana edərək Rəisinin andiçmə mərasimində iştirak etməyə sövq edən amillərdəndir.
Görünür, erməni “cəlladlar” qan tökməyə hər an hazır olan “Tehran qəssabı” ilə birləşərək, ondan müəyyən imtiyazlar və hərbi yardımlar alıb Azərbaycan xalqına qarşı yeni məkrli planlar həyata keçirməyə ümidləniblər. Azərbaycan və Türkiyənin bölgədə güclənməsi də “cəlladlar” və “qəssabı” narahat edən mühüm faktorlardandır.
Məhz buna görə, bu gün Paşinyan ilə İbrahim Rəisi arasında baş tutan görüşdə iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsindən və bölgədə sülh və təhlükəsizlikdən uzun-uzadı dəm vuran Rəisi bildirib ki, rəsmi Tehran və İrəvan iki ölkə və millətin bölgədə mənafeyinin təmin edilməsi üçün “yüksək addımlar” ata bilər və atacaq. Maraqlı cəhət ondan ibarətdir ki, regionda “sülhün təmin olunmasını istədiklərini” iddia edən Rəisi bunu əsas iştirakçı dövlətlərlə deyil, Azərbaycanın ərazilərini 30 ilə yaxın işğalda saxlamış və minlərlə günahsız azərbaycanlını qətliam etmiş məğlub Ermənistanla əməkdaşlıqda görür. Əlbəttə, bu əməkdaşlıqda söhbət müxtəlif dövlətlər arasında xalqlarının inkişafı naminə həyata keçirilən müxtəlif infrastruktur və ticarət layihələrindən getmir, ötən aylarda bəyan edildiyi kimi, İranın Ermənistana hərbi və nizami yardımlarından gedir.
Ermənistan rəsmiləri isə İraq, Suriya, Livan və Yəmən kimi ölkələrə baxıb bəlkə gec olmadan dərs çıxarsalar, daha yaxşı olar. Azərbaycan və Türkiyənin bölgədə sülhə və kommunikasiyaların açılmasına çağırışlar etdiyi bir vaxtda Ermənistan hakimiyyəti, “proksi”ləri ilə yuxarıda sadalanan dövlətləri viran edən, xalqlarının səfalət və iztirab içərisində yaşamasına səbəb olan “Tehran cəlladları”nın regional ambisiyaları və avantüraları üçün deyil, öz xalqının gələcəyi və rifahı üçün çalışması daha məntiqli olardı. Çünki bir vaxtlar inqilaba böyük ümidlər bəsləyən İran xalqı da Kərbəla hadisələrinə timsah göz yaşları tökən İslam Cümhuriyyəti hökumətinin yürütdüyü siyasət nəticəsində İmam Hüseynin Kərbəlada yaşadığı müsibətlər kimi içməli su üzünə, eləcə də elektrik enerjisi və əsas qida ehtiyaclarına həsrət qalıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"