Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

13:11 23-09-2021 | icon 616 | Siyasət
Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Nemət Pənahlı: “Bu gündən xalqa deyəcəm, xalqın münasibətinə uyğun da hərəkət edəcəm

 

Siyasi müxalifətdə münasibətlər yenilənir. Bu yenilənmə prosesində bir tarixin süzgəcindən keçən ələnmə də var. Bu prosesdə nələr ortaya çıxacaq, artıq zaman özü göstərəcək. Müxalifət düşərgəsində baş verən ələnmələr isə bir fərqli rakusdan araşdırılır.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı müsahibə verən Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Meydan Hərəkatının lideri Nemət Pənahlı aydınlıq gətirib, maraqlı nüanslara diqqət çəkib.

 

- Vaxtilə meydan hərəkatının lideri olan Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür. Meydanda niyə təkdi, siyasət meydanından kənara çəkilib, niyə?

 

- Mən sizə Meydana gələn yoldan birini göstərirəm. Meydan hərəkatından 32 il keçib. Mən bir nəfərlə danışanda, onu mübarizəyə çağıranda o, milləti söyməyə başlayırdı. Deyirdi ki, “bizim milət millət deyil, şərəfsizdir” və sair. Adam sözünü qurtarandan sonra deyirdim sən nə şərəfsiz, alçaq adamsan.  Deyirdi bəy, məni niyə təhqir eliyirsən. Deyirdim bu millət alçaqdırsa, şərəfsizdirsə onun biri sənsən, biri də mənəm. Deyir elə demək istəmirdim, biz sənə inanırıq ancaq sən təksən.  Deyirdim sən mənə inanırsan və sən də şərəfsiz, milətini satan deyilsənsə, demək olduq iki nəfər. Biz belə-belə meydana gəlmişik. Elə düşünməsinlər ki, o meydan birdən-birə olub.

Azərbaycanın müasir tarixi başdan ayağa, xüsusilə müxalifət tərəfindən saxtalaşdırılıb. Gənclər bir zəhmət çəkib meydan fiminə baxsınlar. Çünki müasir Azərbaycan tarixi meydandan, “Çənlibel”dən başlayır. Bunu araşdırsınlar, onda biləcəklər kim kimdir. Baxın, Azadlıq Meydanında 1 milyon adam olub. 18 gün kimsə gedib, kimsə gəlibsə, faktiki olaraq ordan 4 milyon adam keçib. Faktiki olaraq, Azadlıq Meydanında milyonlarla insan deyib “biz ölərik, Neməti tək qoymarıq”. Mən meydana qədər özümdən və Allahdan başqa heç kəsə inanmamışam.   Milyonlarla insan “Nemət” deyə hayqırdı, özüm də yaddan çıxdım, Allah da. Çünki millətə inandım.

Məni Meydandan çıxarmaq üçün çox yollara əl atdılar. Axır əlacları kəsilib gedib atamı üstümə gətiriblər. Atam da deyib ki, gedib qulağından tutub gətirəcəm. Atam deyir, gəldim meydana ki, hamı “Nemət, Nemət”- deyə qışqırır, fikirləşdim ki, el adama nə deyər, mən nə deyim. Atam necə coşdusa, dedi ki, bu gündən etibarən mənim “Nemət adlı oğlum yoxdur, mənim Nemət kimi 100 dənə oğlum olsa da, bu xalqa qurban deyərəm. Sonra mənə şər atdılar. Meydan dağıldı. Həbs edildim. 2900 nəfər danos və dapros şəklində rus müstəntiqləri ilə birgə üzümə durdular.

 

- Kim idi onlar?

 

- Firudin Cəlilov mənim üzümə duran adamdır, Cümşüd Nuriyev, Tofiq Qasımov, İsa Qəmbər və atası mənim üzümə duran həmin 2900 nəfərin içindədirlər. O vaxt mən 57-ci maddə ilə ittiham edilirdim. İttiham da o idi ki, mən “sovet imperiyası” demişəm, mən “rus-faşist ordusu” demişəm, mən erməni xalqı ilə Azərbaycan xalqı arasında münaqişə yaratmışam. Demişəm ki, xain ermənilərin əli kəsilməlidir.

 

- İnsanlar sizi sevirdi, nüfuzlu idiniz. Partiyalar yarandı. Nə əcəb ilk partiya yaradan Etibar Məmmədovun təşkilatında yer almadınız?

 

- Meydanda niyə tək qaldım ona cavab verim. Bizim milli satqınlar Moskvanı da inandırmışdılar ki, mən Heydər Əliyevin adamıyam, onun sifarişlərini yerinə yetirirəm. Rus KQB-sinin əlində bunu araşdırmaq nə idi ki. Gəldilər araşdırdılar. O vaxt Rusiyanın da Heydər Əliyevə münasibəti mənfi idi. Ona görə adımı onunla çəkib ləkələmək istəyirdilər. Aydınlaşdırdılar, gördülər ki, mən sadə kəndli oğlanam. Məni qorxutdular ki, KQB ilə razılaşmamış həbsdən sağ çıxa bilmərəm. 6 ay istintaq gedib. Rus KQB-si mənə dedi ki, 25 il təcrübəm var, ən uzunu 2 ay olub, o da Mərkəzi Kəşfiyyart Orqanın generalı ilə. Araşdırdılar, gördülər ki, heç nə tapmırlar, dedilər gəl razılaş. Səni kommunist olmadığına görə 1-ci katib qoya bilmərik. Amma sən türmədəykən səni deputat edirik, sonra Ali Sovetin sədri qoyuruq, gələcəkdə prezidentlik təsis olunacaq, səni prezident seçərik.

 

- Başınızı aldadırmışlar.

 

- Aldadırlar, ya yox, amma sonra həbsdən deputat çıxanlar oldu. Həmin dövrdə dedim sovet imperiyası mənim vətənimin, millətimin, dinimin allahımın düşmənidir. Mənim min canım olsa, hamısını millətimin, xalqımın müstəqilliyi üçün həsr edəcəm. Nəinki Azərbaycanın rəhbərliyini, SSRİ-nin rəhbərliyini mənə həvalə etsəniz də, mənim sizinlə əməkdaşlığım mümkün deyil. Sizə də demirəm məni bağışlayın, əfv edin, əksinə, istəyirəm məni öldürəsiniz. Üzümə baxdı, dedi ki, Pənahov, elə bilmə ki, səni öldürüb qəhrəman edəcəyik. Biz səni mənən öldürəcəyik. Biz səni “biz ölərik, Neməti tək qoymarıq” deyən talpanın əli ilə öldürəcəyik. 6 aydan sonra mənə atamla görüş verildi. Həmin rus müstəntiq gəlib atamın qarşısında baş əyib dedi ki, sağ ol ki, belə övlad böyütmüsən. Dedi ki, ilk dəfədir ki, ittihan etdiyim insanı sevmişəm. Mən Pənahovla Pənahov uğrunda mübarizə aparacam. Guya məni inandırıb, ələ alıb dövlətə işlətmək istəyirdi. Mən razı olmadığıma görə 8 aydan sonra nə bəraət verildi, nə də həbs edldim. Beləcə, həbsxandan buraxıldım. Sonra növbəti mərhələdə Xalq Cəbhəsini yaratdıq. Xalq Cəbhəsini yaradan adamlardanam.

Xalq Cəbhəsi bütün SSRİ miqyasında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən yaradılıb, o cümlədən, Azərbaycanda. Milli Azadlıq hərəkatında iştirak edənlər sonradan Xalq Cəbhəsinə üzv olundu. Orda yeganə inandığım adam Əbülfəz Əliyev idi. Xalq Cəbhəsinin KQB tərəfindən yarandığını isə meydan hərəkatı dövründə ifşa etdim. Xalq Cəbhəsini yaradanlar Leyla Yunus, Arzu Abdullayeva, Zərdüşt Əlizadə, Araz və sair bu komanda olub. İndi deyirlər Əbülfəz bəy yaradıb. Əbülfəz bəyin xalq cəbhəsinə heç bir aidiyyatı yoxdur. O dövrdə də SSRİ TK-nin nümayəndələri mənə dedilər ki, sən mafiya adamı deyilsənsə, niyə Xalq Cəbhəsinin yaranmasına mane olursan. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Mühüm İşlər baş müstəntiqi məni inandırmaq istəyirdi ki, bütün SSRİ-nin xilası xalq cəbhələrinin yaranmasındadır. Mənim də orda 26 yaşın var idi, soruşmuşdum ki, Xalq cəbhəsinin sədri kimi görürsüz. Demişdi ki, Ziya Bünyadov, akademik, sovet ittifaqı qəhrəmanıdır, Yusif Səmədoğlu sovet şairinin oğludur, SSRİ yazıçılar İttifaqının üzvüdür və Əbülfəz Əliyev, siyasətçidir, hamı tanıyır. Amma dedilər ki, real namizəd sənsən. Amma sən gəncsən, təhsilin olmadıına görə ziyalıları sənin ətrafında birləşdirmək çətindir. Mən onların içərisində yeganə Əbülfəz bəyə inanmışam. Mənim bu günə qədər özümə bağışlamadığım budur. Bunu mənə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Mühüm İşlər üzrə baş müstəntiqi polkovnik Yevgeni Pavloviç Sayişkin deyir.

 

- Belə çıxır ki, həmin o üç nəfər SSRİ-yə işləyirdi?

 

- SSRİ-yə işləmirdi, onların kadrı idi. Mən türmədən çıxandan sonra artıq gördüm ki, Xalq Cəbhəsinin təşəbbüs qrupu elan edilib və mənim adım da orda birinci yerdədir. Mən Zərdüşt qanadının KQB agenturası olduğunu mütləq səviyyədə bilirdim. Bu gün belə, 30 ildir Azərbaycan müstəqil olub, yenə Araz Əlizadə, Zərdüşt Əlizadə müstəqilliyimizi həzm edə bilmirlər. Mən Əbülfəz bəyə sual vermişəm ki, bəy, sən bilirsən ki, Xalq Cəbhsini KQB yaradır? Deyib hə. Sən bilirsən ki, Zərdüşt, Araz KQB-nin agenturasıdır, deyib, hə. Dedim başa düşə bilmədim, bəs onda mənim adımı ora niyə yazdırmısan və özün orda nə gəzirsən. Mənə deyib ki, bəy, biz taktika işlədirik. Biz KQB-siz təşkilat yarada bilmərik. Biz ona görə də KQB-nin agenturası ilə əməkdaşlıq etmək məcburiyyətindəyik, biz bu təşkilatı yaradacağıq və bu agenturaların hesabına qeydiyyatdan keçəcəyik, rəsmi qeydiyyatdan keçəndən sonra biz əsas proqramımızı ortaya qoyacağıq. Onda mən bəyə demişəm ki, bəy, mən meydanda milyonlarla insanın qarşısında meydanın Azadlıq meydanı olduğunu elan eləmişəm, yolumuzun da milli azadlıq yolu olduğunu bəyan eləmişəm, mən yenidənqurmaya yardım məqsədi ilə yaradılan ictimai təşkilatın üzvü ola bilmərəm. Mənim çevrəmdə olan agenturanın əli ilə məni xalq cəbhəsinin yaradılmasına zorladılar. Beləliklə, biz xalq cəbhəsini yaratdıq.

İndi bunlar belə təqdim edirlər ki, guya Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatını yaradıb. Qardaş, Milli Azadlıq Hərəkatı 1988-ci ilin meydanında başlayıb. Bir il ondan sonra yaranan təşkilat özündən əvvəlki təşkilatın yaradıcısı necə ola bilər, necə aparıcısı ola bilər? Sözün qısası, mitinqlər başladı, xalq cəbhəsi yarandı, bütün SSRİ-ni silkələdi, sonra Əbülfəz, Etibar, Rəhim Qzıyev çıxdı önə. Təzədən Pənah, İsa bəy meydana atılanda mən tələb elədim ki, bu agentura açılmalıdır. Bəyə dedim ki, Xalq Cəbhəsi təsdiq edilib, qeydiyyatdan keçib, indi aç. Açılmadı, oyunlar qurmağa çalışdılar. Bu gün də mənim Əbülfəz bəyi bağışlamadığım budur ki, Azərbaycan milli hərəkatına Əbülfəz bəyin etdiyi xəyanəti heç kim etməyib.

Həyatımda elə bir vaxt olmayıb ki, Xalq cəbhəsinin liberal qanadında olan Zərdüşt, Leyla, Arazla bir fikirdə razılaşım. Bütün proses də onların əleyhinə olaraq baş verib. Xalq Cəbhəsi parçalanmışdı. Radikal qanada Etibar Məmmədov, Rəhim Qazıyev, Əbülfəz bəy, Nemət Pənahlı, liberal qanada isə İsa Qəmbərin rəhbərliyi ilə onlar. Sonra mənə ultimatum verdilər ki, mənə qarşı kifayət qədər təbliğat aparıblar, nüfuzum düşüb, artıq səni siyasi cəhətdən məhv etmişik. Məsələni açsan Etibar, Rəhim, Əbülfəz bəy əleyhinə danışacaqlar. Dedim nə bacarırsız, eliyin. Bu üçü sonra gəlib məni tapdılar. 17 noyabr mənim ad günümdür. Dedilər, həm yubiley mitinqidir, həm də Türkiyədən bir samalyot adam gəlib, agentura açılmasın. Xahiş elədilər ki, 25-də məsələni açırıq. Amma ayın 25-də Əbülfəz bəy gəlmədi, Rəhim Qazıyev də harasa getdi. Meydanda Abbas Abbaslı çıxış elədi. Sonra mən gəldim. Bütün meydanda məni fitə basmaq üçün qruplar dayanmışdı. Amma mən sözümü dedim. Mən o gün qələbə çaldım. Sonra Etibar Məmmədov gəlib fikirlərimi təsdiqlədi. Orda Etibar Məmmədov həm məni vurdu, həm də onları vurdu. Etibar Məmmədov dedi ki, Nemət Pənahlı nə deyirsə, düz deyir. Ancaq fərqimiz odur ki, mənim qardaşım Nemət öz fəhlə düşüncəsi, təfəkkürü ilə bunu meydana çıxardı.  Amma biz bunu otaqda müzakirə etməyi düşünürdük. Ondan sonra Elçibəy AzTv-yə çıxdı ki, Xalq Cəbhəs idarə heyəti yerindədir. Mən dedim ki, bu xəyanətdə iştirak edə bilmərəm. Xalq Cəbhəsinin idarə heyətindən istefa verdim getdim dərvişliyimin dalınca. Bütün meydana su səpildi. Həmin gündən istefa verdim. Sonra rüşvət, saxtakarlıqla Milli Azadlıq hərakatını bu vəziyyətə gətirdilər.

Sərdar Cəlaloğlu ilə düşmənçiliyimin səbəbi də ordan başlayır. Bu adamı nə mənfi, nə müsbət tanımamışam. Naxçıvanda Xalq Cəbhəsinə rəhbərliyin ona verilməsini istəyib. Gəlib yanıma, demişəm ki, bir prinsipim var, yaşadığı yerdə hörməti olmayana dəstək vermərəm, Naxçıvana gələcəm. Naxçıvan camaatı səni dəstəkləyəcəksə, mən də dəstək verəcəm. Sərdar Cəlaloğlu Tibbi ekspertizada işləyirdi, ordan qovuldu. Orda camaat onu istəmirdi. Deyirdilər ki, bunun yıxmadığı ev qalmayıb. Camaat buna qarşı çıxdı. Bütün zal bunun əleyhinə olsa da, Əbüfəz bəy dedi ki, mən sizdən xahiş edirəm, Sərdar Cəlaloğlu burda rəhbərlikdə təmsil olunmalıdır. Çıxdım tribunaya, dedim yetər! Sən orda Zərdüşt Əlizadəni bizə bəla elədin, burda da Sərdar Cəlaloğlunu gətirmək istəyirsən.

Dedim Sərdar Cəlaloğlu təmiz adamdırsa, çirkin niyyəti yoxdursa, Xalq Cəbhəsinin sıravi üzvü olsun, mütləq rəhbər olmalıdır? Cəmiyyətdə bunun haqqında bu qədər mənfi rəy olduğu halda, bunu niyə zorla gətirmək istəyirsən. O halda Sərdar Cəlaloğlunu ordan qovdular. Sərdar Cəlaloğlunun bu 32 ildə mənə düşmənçiliyinin səbəbi budur. Çünki mən qruplaşmanın, tayfaçılığın əleyhinə olmuşam, rüşvətin əleyhinə olmuşam. Rüşvət alan adam dədm də olsa, ona qarşıyam.

 

- Nemət bəy, Pənah bəylə probleminiz nədir? Efirdən çox sakit, gülə-gülə onu əxlaqsız adlandırırsız, o da sizə “dana” deyir. Aranızda nə baş verir?

 

- Bizim davamız meydandan başlayıb - 1988-ci ildə Azadlıq Meydanından başlayıb. Mən faktlara əsasən deyirəm. Məsələn, sovet dövləti plan hazırlayır ki, meydanı necə mənim əlimdən alsın. Təsəvvür edin ki, yazıçılardan, şairlərdən, pionerlərdən, müğənnilərdən tutmuş hamını cəlb edirlər ki, meydanı necə mənim əlimdən alsınlar. Sadəcə, o dövrdə mənim nüfuzum elə bir pik nöqtəsində idi ki, mənim əleyhimə deyəndə ki, “Nemətin qalustuku əyridir”, millət onu param-parça edərdi. Bütün bu şəbəkə orda gizli fəaliyyət göstərib. Sonra da tədricən məni nüfuzdan salandan sonra açıq fəaliyyətə keçiblər. Əxlaqsızlığın birinci nümunəsi budur. Həmin meydan dağılanda, Allah şahidimdir ki, bir qız özünü atdı üstümə ki, mən səninlə biryerdə ölmək istəyirəm. Həmin vaxt ordu basdı, meydan dağıldı. Hamı bilirdi ki, meydanı dağıdıb adamları avtobuslara basıb aparacaqlar. Yaralılar üçün də təcili yardım maşınları dayanmışdı. Həmin ərəfədə bu qız yıxıldı, bir nalə qopdu ki, elə bildim bunun qıçı, boynu qırıldı. Göstəriş verdim ki, yaralıları götürün çıxaq. Mən də bu qızı götürdüm. Yaralı daşıyanları yönəltdilər təcili yardım maşınına. Bizi maşına mindirəndə qız yaxamdan tutdu, məni də itələdilər maşının içinə. Ordan maşına hökm elədilər ki, çıx, Nemət Pənahlı burdadır, çıx. Orda təcili yardım maşınına yaralı və yaralı olmayan 18 nəfər minmişik. Mənim çıxartdığım qız yaralanmayıbmış, məni çıxartmaq üçün taktika işlədib. Mən yataqxanada yorğun yatanda həmin qız müxtəlif bəhanə ilə mənim yanımda qalıb.

Rus KQB-si araşdırdı və bunu mənim əleyhimə istifadə etmədi. Amma bu şərəfsiz, bu namussuz Nemət Pənahlını şərləmək üçün Azərbaycan qızını mənimlə şərlədi. Mən buna şərəfsiz demiyim nə deyim?! Mən buna namussuz demiyim nə deyim?! Allah şahidimdir ki, nə o qızla bir saat öncə tanış olmamışam, nə o prosesdə o qızın əlini tutmamışam. Gəlmişik meydana bir Azərbaycan qızıdır, çıxıb ora. Pənah gör nə dedi, guya o qızı mənim yanıma KQB salmışdı. Guya mən danayam da başa düşməmişəm. O qızı KQB salsaydı, sənin kimi üzə duran olardı.  Pənah Hüseyn bunu deyəndən sonra gözlədim ki, cəmiyyət bunu daş-qalaq eliyəcək. Amma gördüm ki, ondan sonra Pənah Hüseynovu 4 dənə kanala çıxardılar. Mən bu şeyləri görəndən sonra iyrənirəm, nifrət eliyirəm. Bu cəmiyyət görmür. Sərdar Cəlaloğlunun yalan danışdığını faktlarla sübut elədim. Məndən sonra Sərdar Cəlaloğlu 5 dənə kanala çağrıldı.

 

- Müxalifətin indiki fəaliyyətini necə dəyərləndirirsiz?

 

- İndi müxalifət birrəngli deyil. Bu gün 30-dan artıq partiya var. O vaxtın xalq cəbhəsi bir idi. Mən yeganə adamam ki, Xalq Cəbhəsini birmənalı şəkildə xəyanətdə ittiham etmişəm, onların hakimiyyətini qəbul eləməmişəm. Mən yeganə adam olmuşam ki, rəsmi Xalq Cəbhəsinin hakimiyyətini tanımamışam. Xalq Cəbhəsinin də hakimiyyətdən getməsi üçün bütün imkanlarımdan istifadə eləmişəm. Bu gün də peşman deyiləm və sübut da eliyə bilərəm. Bu cür təfəkkürlə bircə il də hakimiyyətdə qalsaydılar, Azərbaycanı daha dəhşətli faciələr gözləyərdi. Bunlar bir ildə 70 ildə kommunistlərin qazandığı nifrəti qazandılar. Mən getdikcə dərk edirəm ki, bu xalqı hansı fəlakətdən xilas eləmişəm. Bir hökumətin ki, baş naziri Pənah Hüseynov olsun, hansı demokratiyadan danışırlar. SSRİ-nin yaratdığı fövqaladə vəziyyəti qaldırmayıblar. Senzuranı ləğv eləməyiblər. Mənim kimi adamı tutub həbs ediblər. Miralim kimi adamı həbs eliyiblər. Mehmanı Qarabağ mehmanxanasının yanında İsgəndərin gədələri güllələdi. Qarabağda döyüşən qüvvələrdən qabaq Bərdə Azadlıq batalyonu öndə idi. Azadlıq batalyonunu bir günün içində ləğv elədilər, 550 nəfər adamı həbs edib gətirib türməyə doldurdular. Əminəm ki, həmin dövrün xalq cəbhəsi - pənahlar, isalar, arif hacılılar bircə il də hakimiyyətdə qalsaydılar, Azərbaycanı daha dəhşətli faciələrə aparacaqdılar.

 

- Partiya sədri olaraq fəaliyyətiniz niyə görünmür, niyə son iqtidar-müxalifət - onlayn konfransında yox idiniz?

 

- Mən heç vaxt zəruriyyət olmayan yerdə görünməmişəm.  Bizim partiyanı da atıblar guya fəaliyyətsiz partiyaların siyahısına. O adamlar çağırılıb ki, onlar 20 il əvvəl elan ediblər ki, partiyası var. Amma bir özü var, onu evdən çağırıb qeydiyyatdan keçiriblər. Nemət Pənahlını isə fəaliyyətsiz partiya kimi görməzdən gəlirlər.

Onlayn konfransa ona görə dəvət olunmadım ki, mən kiminsə diqtəsi ilə danışmamışam. Kiminsə göstərişi ilə kiməsə qarşı kampaniya aparmamışam. Analiz edirlər və deyirlər ki, Nemətin ipinin üstünə odun yığmaq mümkün deyil. Mən öz əxlaqıma, prinsipimə uyğun olaraq düşmənimə belə, kiminsə göstərişi ilə şər-böhtan demərəm. Mən inanmadığım, qərara gəlmədiyim sözü demərəm. Çox təəssüflər olsun ki, bu haqq nə müxalifətə sərf eləmir, nə də hakimiyyətə.

 

- Nemət bəy, qəbul etmədiyiniz məqamlar olsa da, bir siyasətçi, partiya sədri kimi fəaliyyətiniz olmalıdır. Kimlərisə əxlaqsız, xəyanətkar adlandırsanız da, bu siyasət meydanında nəyi etməyi düşünürsüz?

 

- Bu günə qədər televiziya kanallarında çıxış eləmişəm, görmüşəm ki, deyilən sözü kimə necə sərf edir kəsirlər. Qərara gəlmişəm canlı efirlə keçdiyim yolu bütün incəliklərinə qədər xalqa çatdırım. Azərbaycanda özünü müstəqil internet kanalı hesab edənlərə müraciət edirəm. Azərbaycanın tarixi qaranlıqlardan ibarətdir, Azərbaycan tarixi saxtalaşdırılıb. Keçmişini bilməyən gələcəyi düzgün təmin eliyə bilməz. Mən canlı tarixəm, bu gün varam, sabah yoxam. Bunu eləmiyəcəklərsə, mən özüm canlı yayım edib, bütün keçdiyim yolu danışacam. Bu gündən sonra nə etmək istəyirəmsə, xalqa deyəcəm. Xalqın münasibətinə uyğun da hərəkət edəcəm.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür