Hamıya doğma olan "Əsgər nəfəsi"
..."Qarabağ bizimdir" kəlmələrini and bilib döyüşdülər...
BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/
Vətəni həmişə sevmişik... Vətəni hamımız sevmişik... Ermənilər torpaqlarımıza tamahlananda, Qarabağın dağlıq hissəsini Azərbaycanımızın tərkibindən qoparmaq istəyəndə, elan etmədən müharibəyə başlayanda bu sevgi kükrədi, əsgərləşənlərin də, əsgərlərin də silahına döndü. Bu müharibənin ilkinini xalq başladı. Ayrı-ayrı rayonlarda ərazi özünümüdafiə taborları yaradıldı. Bu taborlar ermənilərin həmlələrinin, hücumlarının qarşısını alırdı, kəndləri, şəhərləri qoruyurdu. O illərdə Azərbaycan jurnalistikası da, Səməd Vurğun demişkən, müsəlləh əsgər idi. "Xalq Ordusu" (indi fəaliyyətini "Azərbaycan Ordusu" kimi davam etdirir), Müdafiə Na-zirliyinin Kino-tele studiyasının əməkdaşları da digər mətbu orqanlarla bir sırada bu müharibənin xronikasını, tarixini yazır, olmuşları tarixləşdirirdi. Onların sırasında Rəşid Faxralı da vardı.
Rəşidi Zəngilanda gördüm, Zəngilanda tanıdım. Zəngilanda sevdim. Seyidağanın, Etibarın kamerası, Rəşidin qələmi Zəngilanın döyüşlərinin, döyüş tarixinin cəfakeşi idi. Bütün döyüş mövqelərində əsgərlərlə kəlmələşmişdi, əsgərlərin qələbə ruhunun daha da artmasında gözəl fikirlərini, gərəkli fikirlərini, sonralar əksər zəngilanlının əzbərinə düşən şeirlərini səxavətlə səsləndirərdi. Zəngilanın köçməsinə yönəldilən təxribatların qarşısının alınmasında onun yazdığı mə-qalələr, ssenari müəllifi olduğu süjetlər, sənədli filmlər əhəmiyyətli oldu. Zəngilan mühasirədə olanda Rəşidlə Seyidağa da Zəngilana gəldi. Neçə gün döyüşənlərin sırasında gördük onları. Sonda, işğaldan sonra onlar da Arazı keçməli oldular. Onda Rəşidin yazdığı "Arazı mən də keçdim ürəyimdə dərd yükü" məqaləsi bütün zəngilanlılara qardaş sözü oldu. Zəngilan işğaldan azad ediləndə bu məqaləni yüzlərlə zəngilanlı yenidən oxudu...
Rəşid Faxralı neçə illər döyüş bölgələrindən, səngərlərdən reportajlar yazdı, ön xətdə publisistik düşüncələr yazdı, səngərlərdə şeirlər yazdı. Hamısı Vətən üçün, Vətənə görə, Vətəni sevənlərə sevgi ilə yazıldı. O, Vətən müharibəsindən əvvəl, Vətən müharibəsində və Vətən müharibəsindən sonra yazdığı müxtəlif janrlı yazıların bir hissəsini kitab kimi birləşdirdi: "Əsgər nəfəsi". Yazıların özü qədər doğma adlandırmadı.
Vətən müharibəsindən əvvəl yazılan məqalələrin bəzilərini adlarına istinadən deyə bilərəm ki, Rəşid illərlə Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının artırılmasının mətbu əsgəri olub: "Səngər müvəqqəti dayanacaqdı, Böyük qələbənin yolları üstə", "Dövlət sərhəd-lərimizin bu üzündə səngər olmayacaq", "Səngər qələbə yolunun başlanğıcıdı", "Səngərdən qələbəyə gedən yol da Vətəndi", "Səngərləri sərhədlərə köçürəcəyik!", "Şuşaya aparan yollar görünür", ...Vətən müharibəsindən əvvəl "Azərbaycan Ordusu" qəzetində dərc olunan, yəni Rəşidin zamanında dediyi mətbu fikirləri Azərbaycan əsgəri gerçəkləşdirdi. Ali Baş Komandanın döyüş əmri ilə başlayan Vətən müharibəsi gerçəkləşdirdi.
Rəşid Faxralı həmişə ruhən döyüşənlərin sırasında olub. Vətən müharibəsində də onlarla nəfəs-nəfəsə günlər yaşayıb. Döyüşçülərin döyüş əzmini, qələbə ruhunu ruhuna köçürüb və bu, neçə-neçə gözəl reportaja, publisistik düşüncəyə, esseyə dönüb: "Qələbənin tarixini siz yazırsınız", "Döyüşünüz işğaldan qurtuluş döyüşüdü", "Döyüş andın qələbədi, Azərbaycan əsgəri!", "Son döyüşün mübarək, Azərbaycan əsgəri!", "Hər qələbən bir tarixdi, Azərbaycan əsgəri!", "Qalibiyyət bayrağısan, Azərbaycan əsgəri!"
Rəşid Faxralı Vətən müharibəsindən əvvəl əsgərlərə xitabən yazırdı:
"Səngərin o üzünə baxanda qaşlarınız çatılır, yumruqlarınız düyünlənir, əliniz avtomatınızın qundağını sıxır. İşğala son qoymağa can atırsınız, milli-xəlqi ruhumuzun harayı da, ürəyiniz də sizi sərhəd bütövlüyümüzü təmin edəcəyiniz günə çəkir. Həmin gün indimizə də, yüz-yüz illərin, min-min illərin o üzünə də gözaydınlığı olacaq...
Lələtəpədən əsən təntələk yellər Cocuq Mərcanlıda ağacların yarpaqlarına qonurdu. Bunu mən də duyurdum, döyüş növbətçiliyindən qayıdan əsgərlər də. İndi yellər 25 ay əvvəl əsdiyi kimi əsmir, ayrı şövqlə, ayrı istəklərlə, ayrı sevgilərlə əsir.
Həmin gün Şuşanın dağlarını dumansız görəcəyik... Həmin gün İsa bulağının zümzüməsi elə gözəl şirinləşəcək ki... Həmin gün Cıdır düzünün gülü-çiçəyi qalib əsgərlərimizin ayaqla-rına səriləcək... Həmin gün Xarıbülbülün duruşu gözəlləşəcək..." "Əsgər nəfəsi" bu kəlmələrin kitabıdı...
Rəşid Faxralı Vətən müharibəsində yazırdı: "...Mövqe qələbəsi qazanmış döyüşçülərlə söhbətləşirəm. Heç biri "Mən belə döyüşdüm", - demir, hamısı "Biz belə döyüşdük", - deyir. Bunu döyüşçülərimizin mənəvi kamilliyi bilirəm. Mənəvi kamillik mənəvi-psixoloji hazırlıq deməkdir və bu hazırlıq şəxsi heyətin döyüş hazırlığını çox gözəl tamamlayır. Təntələk əsən yelə heç kim məhəl qoymur. Söhbətin səmimiliyi, səmi-miliyi qədər də gərəkliyi, gərəkliyi qədər də şirinliyi gözəl bir ovqat yaradır. Bu ovqat qələbə ovqatıdı, Böyük Qələbənin ovqatıdı. Bizə elə gəlir ki, bu ovqat Cıdır düzünə, Şuşaya çatdıracaq qələbənin işığıdı, aparacaq yola düşən işıqdı..."; "Qarabağ müharibəsində, Ağdərə ətrafında gedən döyüşlərdə olmuş bir hadisəni xatırlatmışdım: "Əks-hücum səngimişdi. Kapitan Yusif Mirzəyev sövq-təbii sağ tərəfdə vuruşan əsgərə baxmışdı. Əsgər atışmırdı. Tələsik onu səsləmişdi. Cavab gəlməmişdi. Yusifin qəlbinə daman dammışdı: şəhid olub...
Rəhimin sol əli sinəsinə uzalı qalmışdı. Barmaqları Azərbaycanımızın üçrəngli bayrağına örtük olmuşdu. Yusifin gözləri dolmuşdu. Dodaqlarını dişləriylə sıxmışdı. Rəhimin üstünə döşənmişdi. İçin-için ağlamışdı. Başını qaldıranda başqa əsgərləri də ətrafında görmüşdü. Hamısının yanağını göz yaşları yandırırdı. Hamısının əlində Azərbaycanımızın bayrağı dalğalanırdı; hamısı döyüşə bayrağımızla qoşulubmuş, hamısı bayrağımız eşqinə vuruşur-muş, hamısı bayrağımızı şəhidlik kəfəni bilirmiş. Vətən müharibəsində də belə oldu. Bu və ya digər mövqe azad ediləndə hər əsgər bir bayraq çıxartdı"...
"Əsgər nəfəsi" belə gözəl (və gərəkli!) fikirlərin kitabıdır...
"Əsgər nəfəsi" kitabı Vətən müharibəsində qazanılan Zəfərə çox gözəl mətbu hədiyyədir. "Əsgər nəfəsi" kitabında Azərbaycan əsgərinin qalibiyyət yolu, döyüş əzmi, qələbə ruhu poetik formatda da verilib. Belə ki, Rəşid 2005-ci ildə müharibəyə, konkret olaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinə poetik münasibət bildirib, "Müharibə" poeması yazıb. Bu münasibət mahiyyəti etibarilə çağırış idi, döyüşə, qələbəyə, torpaqlarımızın işğaldan azad edilməsinə. Rəşid Faxralı hələ 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbələrdən məqalələr də yazmışdı, "Lələtəpə", "Bayraqtəpə" kimi gözəl poemalar da.
Vətən müharibəsi vətəndaş olaraq hamımızın müharibəsiydi. Vətən müharibəsi həm də Rəşidin jurnalist kimi, şair kimi müharibəsiydi. İllərlə əsgərlərin döyüş əzminin, qələbə ruhunun söz qardaşı olan Rəşid Faxralı Vətən müharibəsindən əvvəl yazdığı şeirlərdə əsgərlərin qələbə ruhuna poetik biçim verirdi. Onun "Səngər yazı masası" rubrikasıyla təqdim etdiyi şeirlər məqalələrində yazdıqlarının mahiyyətinin davamıdır. Vətən müharibəsindən əvvəl səngərdə gecənin gecə vaxtı şuşalı əsgərin oxuduğu "Şuşanın dağları"nı könlünə, düşüncələrinə, ömrünə köçürən Rəşid döyüşlərə qədər səngərdə dan üzünü poetik salavatla qarşılayır.
Şuşa, Cıdır düzü, İsa bulağı...
Hələ yol gözləyir qulağı səsdə.
Səngər müvəqqəti dayanacaqdı,
Böyük Qələbənin yolları üstə!..
Nə gözəl diləyiydi, Azərbaycan əsgəri bizim diləyimizi gerçəkləşdirdi. Bu gerçəkləşmə Zəfər oldu. Rəşid Faxralı Zəfəri tariximizin bayrağı bilir, bu Zəfəri milli ruhumuzun zəfəri bilir.
Füzuli işğaldan azad ediləndə yazdığı "Torpağım bəsdi mənə" (poema "Azərbaycan Ordusu" qəzetində 2020-ci il oktyabrın 22-də dərc edilib") poeması bir qaçqın ananın timsalında doğma yurd, ocaq, ev anlayışına, bu baxımdan Vətən anlayışına müqədds yanaşmanın təzahürüdür. Vətən müharibəsindən əvvəl əsgərlərin, Vətən müharibəsində döyüşçülərin ruh qardaşı olan Rəşid Faxralı işğaldan sonra evinə dönənlərin də ruh qardaşıdı, şair qardaşıdı. "Torpağım bəsdi mənə" poeması Vətən sev-gisinin poetik ifadəsidi, torpaqlarımızın işğaldan azad edilməsinin şükranlığına poetik təsəllidi, işğaldan azad edilmiş şəhərlərimizin, kəndlərimizin yenidən qurulacağına inamdı. Rəşidin kövrək təqdimatında qaçqın ana işğaldan qurtulmuş uçuq evini görüncə varından yox olur... Ananın 28 il aralı düşdüyü evinin uçuq divarıyla kəlmələşməsi ruhun yaşarılığıdı: illər keçsə də, ruh ananı doğma ocağının mehrindən uzaq düşməyə qoymayıb. Ana azərbaycanlı anadır. Qürurludur, doğma yurduna bağlıdır, deməli, Vətənsevərdir. "Evimiz bizim beşiyimizdi, torpaq evimizin". Nə gözəl düşüncədi. Bu düşüncəni Rəşid Faxralı qaçqın ananın ürəyinin döyüntüləriylə olduqca sərrast qoşalaşdırıb.
Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etdi. Quruculuq işləri başa çatanda Böyük Qayıdış ruhun şükranlığı olacaq...
Rəşid Faxralı Şuşa döyüşlərini təbiətin içində, təbiətlə qoşa təsvirə çəkir (Rəşidin özü demişkən, sözün bu döyüşlərin reallığını ifadə etməyə qadir olmadığını etiraf etsə də:
Döyüşdülər... Qayaları
çıxa-çıxa döyüşdülər...
Düşmənlərin sədlərini
yıxa-yıxa döyüşdülər...
Poema mənəvi dünyamızdan düşən poetik işıqdı. Bu işıqda Şuşa uğrunda gedən döyüşlərin mahiyyəti, Azərbaycan əsgərinin Vətən sevgisi olduqca duyğusallıqla, bənzərsizliklə təqdim edilib:
Yaralı döyüşçünün
döyüşdə son nəfəsdə
qanı ilə yazdığı
"Qarabağ bizimdi!" kəlmələrini
and bilib döyüşdülər...
Əməkdar jurnalist Rəşid Faxralının "Əsgər nəfəsi" kitabı Azərbaycan əsgərinə, Vətən müharibəsi iştirakçılarına sayğının kitabıdır. Vətən müharibəsi həmişə ehtiramla anılacaq, deməli, "Əsgər nəfəsi" kitabıda həmişə ehtiramla oxunacaq...
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"