“Heç nə edə bilməyəndə Prezident Admnistrasiyasına müraciət edirik” - MÜSAHİBƏ

17:24 20-12-2021 | icon 569 | Siyasət
“Heç nə edə bilməyəndə Prezident Admnistrasiyasına müraciət edirik” - MÜSAHİBƏ

Fuad Əliyev: “Parlament, bələdiyyə, prezident seçkilərində aktiv olan partiyalara maliyyə verilməldir”

 

Torpaqlarını erməni işğalından azad edən və özünün sərhəd tamlığını bərpa edən ölkəmizin apardığı müstəqil daxili və xarici siyasətə qarşı baş qaldıran gizli və açıq həmlələr regionun ictimai-siyasi mənzərəsinin gərgin olduğunu göstərir. Mövcud proseslərin fonunda çıxış yollarının araşdırılması siyasi, sosial, ictimai təşkilatların əsas vəzifəsidir və ekspertlər də bu qənaətdədir ki, xarici siyasət nə qədər uğurlu olsa da, onu güclü edən daxili siyasət, uğurla atılan sosial-iqtisadi layihələr və milli birlikdir. Bu gün siyasi partiyaların fəaliyyəti ilə bağlı diqqəti çəkən müəyyən nüanslara nəzər salsaq, siyasilərin bu sahədəki qüvvətləndirici rolunu necə dəyərləndirmək olar?

 

“Onların apardıqları səhv siyasət nəticəsində müxalifətə inam itdi”

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib.

 

- Fuad bəy, bu gün ölkədə ictimai-siyasi vəziyyət hansı mühüm amillərlə təzahür olunur. Siyasi partiyaların vəziyyəti necədir, dəyişiklik varmı?

 

- Təəssüflə etiraf etməliyəm ki, bu gün siyasi partiyaların vəziyyəti sıfıra enib. O cümlədən, bu gün vətəndaşlarımızı siyasətdən çox sosial problemlərin həlli maraqlandrır. Öz adımızdan deyim ki, biz Liberal Demokrat Partiyası olaraq, o vətəndaşlarımıza hər hansı ideoloji yeniliyi təqdim edə bilmirik. Vətəndaşı siyasi ideoloji yenilikdən çox, evinə gedərkən çörək aparmaq düşündürür. Bu gün onu siyasət maraqlandırmır. Ona görə də siyasi partiyalar, elə Liberal Demokrat Partiyası olaraq təşkilata yeni üzvlərin cəlb olunmasında çətinlik çəkirik. Buna baxmayaraq, təbii ki, fəaliyyətimiz davam edir. Elə ötən həftə partiyamız 5 il bundan qabaq təsis etdiyi “Azadlıq Fədaisi” mükafatını növbəti qalibinə təqdim etdi. Qalib şəxs Vətəndaş Həmrəyliyi Partiyasının sədri, milət vəkili Sabir Rüstəmxanlı idi. Partiyada aparılan müzakirələr əsasında belə qənaətə gəlindi ki, müstəqilliyimizin 30 illiyi ilə bağlı “Azadlıq Fədaisi” mükafatına layiq olan şəxs məhz Sabir Rüstəmxanlıdır. Çünki o, müstəqilliyk uğrunda aparılan mübarizənin ilk günlərindən meydan hərəkatının liderlərindən olub. Tarixə baxış etdik və prosesləri dəyərləndirən zaman qalib o seçildi.

 

“Bu gün vətəndaşlar siyasi partiyaya başqa gözlə baxır”

 

- Son vaxtlar sosail-iqtisadi problemləri qeyd edən bir çox siyasilər, eləcə də siz bildirisiz ki, sosial problemlər cəmiyyətdə siyasi aktivliyi artıra bilər və proseslər ona gedir. Bəs bu aktivlik siyasi partiyaların özündə niyə müşahidə edilmir?

 

- Məncə burda bir neçə səbəb var. Onlardan biri 2002-ci ildə referendum yolu ilə proporsional seçkinin ləğv olunmasıdır. Demək olar ki, bununla da siyasi partiyaların aktiv fəaliyyətinə son qoyuldu. Siyasi partiyaların daxilində belə sağlam rəqabət mühiti olmadı və hətta üzvlərimiz partiyalarda sədrdən sonara 2-ci, 3-cü olmaq üçün heç bir iş görmədilər. Belə bir şəraitdə partiyadan kənara axınlar oldu. Bir neçə aparıcı simalar partiyalardan uzaqlaşdılar. Bu proses çox partiyalarda müşahidə olundu. Müxalifət liderlərinin özünün apardığı səhv siyasət nəticəsində müxalifətə inam itdi. Bütün bu neqativlər ona gətirib çıxardı ki, bu gün vətəndaşlar siyasi partiyaya başqa gözlə baxır. Bəzi partiyalar ki, müxalifətdə ola-ola gedib hakimiyyətlə gizli iş birliyi yaradıb oturdular parlamentdə, yaxud başqa maddi üstünlüklər əldə ediblər, məhz onlar müxalifətə olan etimadı məhv ediblər. Bütün bunları vətəndaşlar bilir və danışır. Vətəndaş gördü ki, bu müxliafət səmimi deyil və bunlara görə aldanıblar. Ona görə də biz yeni yaranan partiya olmasaq da, təkcə sosial məsələlərlə bağlı mövzularla insanları ətrafımıza yığmaqda, vətəndaşın inamını bərpa etməkdə çətinlik çəkirik. Bəzi partiyalar indi də sosial problemlərdən istifadə edib öz ambissiyaları üçün çalışırlar. Onların aktivliyi vətəndaşın xeyri üçün yox, öz şəxsi maraqlarından irəli gəlir.

 

- Əgər siyasi təşkilat vətəndaşın sosial probleminə görə aktivliyi artıra bilmirsə, o zaman hansı yeni fəaliyyət istiqamətini götürməlidir?

 

- Sosial məsələlərlə bağlı son 10 il ərzində bizə daxil olan vətəndaş müraciətlərinin həllinə kömək etməyə çalışmışıq və müəyyən mənada buna nail olmuşuq. Lakin hansı problemlərin həllinə gücümüz çatmırsa, bu barədə aidiyyatı qurumlara müraciət ünvanlayırıq. Artıq bu mərhələdə də heç nə edə bilməyəndə bu barədə son vaxtlar yaxın əməkdaşlıq mühitində olduğumuz Prezident Admnistrasiyasına müraciət edirik və onlar həmin vətəndaşlara dəstək olurlar. Siyasi Partiyalar demək olar ki, sosial məsələlərlə məşğul olan QHT-lər kimi iş aparır.

 

“Ramiz Mehtiyev akademiyada ikinci dövlət yaradıb”

 

“Azadlıq - ağzına nə gəldi danışmaq imkanı deyil”

 

- Bəzən siyasi partiyaların liderlərinə xaricdə olan bloggerlər tərəfindən tribuna ayrılır. Və bir çox hallarda da o tribunalardan ölkəyə neqativlərin sızıldığı müşahidə edilir. Xaricdən ölkəyə ötürülən bu kimi hallar nəyə hesablanır?

 

- Bu gün siyasi partiyalara çıxış etmək üçün çox böyük tribuna verilib. İnternet televiziyaları, saytlar buna misal ola bilər. Amma çox vaxt bir çox bloggerlər bu vasitələrdən düzgün yararlanmırlar. Bilmirlər ki, azadlıq ağzına nə gəldi danışmaq imkanı deyil, necə gəldi hərəkət edib, danışa bilməzsən. Bizdə isə bəziləri AZADLIQ anlayışını tamam başqa cür qəbul edirlər. Elə başa düşürlər ki, azadlıq verilibsə, nə istəsə deyə bilər, nə istəsə geyinə bilər, necə istəsə hərəkət edə bilər. Azadlıq özü çərçivəsi olan bir məvhumdur, onun da bir çərçivəsi var. Düzdür, biz hakimiyyətlə mübarizə aparırıq, amma onun da bir qırmızı xətti olmalıdır. Bunlar özlərinə bir “youtube” kanalı açıb özləri üçün danışırlar. Halbu ki, onların keçmişinə baxanda görürsən ki, çoxu çirkaba bulaşmış adamlardır. Görürsən ki, özləri vaxtilə müəyyən vəzifələr tutublar. Onlardan biri keçmiş prokuror olub. Biri hərbçi olub, biri polis olub. Araşdırsan, o polis burda müxalifəti döyənlərdən birir idi. Yaxud, sən prokuror işləyəndə rüşvət alırdın, saxta ittihamlarla camaatı türməyə basırdın, bəlkə də hakimiyyətdən çox konvert istəmisən və sənə imkan verməyiblər deyə, küsüb getmisən xaricə. İndi də ordan hakimiyyətə qarşı məsuliyyətsiz çıxışlar edirsən. Bu artıq hakimiyyətə qarşı deyil, dövlətə qaşı qərəzdir. Səviyyəsiz, məsuliyyətsiz çıxışlardır. Orda normal biri yoxdur ki, oturub ölkədəki vəziyyəti təhlil eləsinlər. Azərbaycanda çox ciddi proseslər gedir. Kimisə söyməkdənsə, təhqir etməkdənsə otur bunu təhlil elə. Mən də deyərəm bəli, oturub sənə qulaq asaram. Sən ordan cəmiyyətə, insanalara nə ağıllı mesaj verirsən ki, otururb səni dinləsinlər. Sən kimsən axı xalqın adından danışırsan. Xalq Hərəkatının vaxtında deyirdilər ki, - “gəlsinlər bizə hesabat versinlər”. Biz xalqın qaşısında hesabat verə bilərik, axı sən kimsən ki, sənə hesabat verək, sənin kanalında çıxış edək. Xalq Hərəkatında birinci müavin olduğuma görə də, rəhmətlik İsgəndər Həmidov olmayan dövrdə, bunu məndən tələb edirdilər. Mən də bunlara deyirdim ki, sən kimsən ki, gəlim sənə hesabat verim.

 

“Elə bir Azərbaycan vətəndaşı yoxdur ki, o vəzifəyə layiq bilinsin?”

 

- Fuad bəy, bir neçə il əvvəl başlanan islahatlar nə dərəcədə uğurlu nəticələnib?

 

- Biz 2-3 il qabaq başlanan islahatlar prosesinə sevindik. Amma hakimiyyət daxilində bu proses sona qədər getmədi. Düşündük ki, parlament seçkiləri islahatların davamı olacaq. Amma nə gördük - eyni komanda, eyni yanaşma. Parlamentə 90 faiz dəyişiklik olmadı, eyni adamlar seçildi. Eləcə də Prezident Admnistrasiyada dəyişiklik olsa da, heç nə dəyişmədi. Ramiz Mehtiyev çıxarıldı və indi AMEA-da ikinci bir dövlət yaradıb, elmdən başqa bütün məsələlərə qarışır. Bu gün parlamentdə olan deputatların çoxu Ramiz Mehtiyevin vaxtında təyin etdiyi deputatlardır. İctra hakimiyyəti strukturlarında da əksər icra başçıları onun vaxtında təyin ediliblər. Yeni icra başçıları 3-4 nəfərdir. Bilirik ki, 7-8 nəfəri həbs olunub, onların yerinə yeni adamlar təyin olunub, amma dəyişiklik yoxdur. Ona görə də birinci növbədə başçını dəyişmək lazımdır ki, islahatlar davamlı olsun, dərinləşsin. Dəfələrlə demişəm ki, siz YAP olaraq deyirsiz ki, 800 min üzvümüz var. Amma mən deyirəm ki, YAP-ın kadr potensialı yoxdur. Müxalifətdə o potensial var və biz o kadrları verə bilərik. Bizim müavinlərimiz, cavan üzvlərimiz var.

Məsələn, gətirib Türizm Nazirliyinə nazir qoydular, o da özünə bolqar vətəndaşını müavin götürdü. İndi onun oynamağını qırağa qoyuram, bizdə elə bir Azərbaycan vətəndaşı yoxdu ki, o vəzifəyə layiq bilinsin, tapmadınız burda? Mənim üçün orda bir bolqarın müavin olmasnın fərqi yoxdur, o xanıma da hörmət edirəm. Amma bu Azərbaycan vətəndaşı ola bilməzdimi, bizim kadrımız yoxdurmu? Yaxud, yeni təyin olunan nazirlər də deyirlər ki, xaricdə təhsil alıb 3-4 diplomu var, dili bilir. Xaricdə təhsil almaqla deyil ey, sən burda yaşamalısan, bu millətin dilini, ağrı-acısını bilməlisən, Azərbaycan xalqının mentalitetini bilməlisən. Gətirib bolqar vətəndaşını qoyursan nazir müavini, bəyəm bolqar vətəndaşı bizim mentaliteti bilir? Belə problemlər var və heç də bizə uğur gətirməyən amillərdir.

 

- Bir qədər əvvəl partiyalarla iqtidar arasında bir dialoq mühiti yaranmşdı? Bu vəziyyət nə yerdə qaldı. O proses də dondu?

 

- Yox, proses davam edir, görüşlər keçirilir. Düzdür, artıq ilin sonudur, amma istənilən vaxt görüşmək istəsək, müraciət edirəm, görüş təyin edirlər. İndi görüşmək üçün xüsusi bir mövzu yoxdur.

Əsasən sosial problemlərlə bağlı bizə müraciət edən vətəndaşların problemlərini dediyim kimi birgə həll etməyə çalışırıq. Amma belə məsələlərlə bağlı hər dəfə Prezident Admnistarsiyasında görüş istəmək də doğru deyil.

 

- Ölkədə cərəyan edən, gərginliyi ilə müşahidə olunan proseslərin fonunda iqtidar-müxalifət dialoqunun keçirilməsinə sizcə ehtiyac yoxdurmu?

 

- İqtidar müxalifət dialoquna həmişə ehtiyac var, amma onun keçirilməsi təkcə Lideral Demokrat Partiyasından asılı deyil. Digər partiyalar da müaraciət etməlidirlər ki, görüş olsun. Hər halda, bizim partiya tərəfindən nə vaxt müraciət olunubsa, vaxt təyin edilib, görüşmüşük.

 

- İqtidar-müxalifət dialoqu ilə bağlı bu təşəbbüs kim tərəfindən gəlməlidir?

 

- Kim maraqlıdırsa, o da məsələni qaldırmalıdır. Məsələn, müharibə vaxtı iqtidar maraqlı oldu ki, partiyalar bir araya gəlsin və bir bəyanatda hamının imzası olsun. O, təbii ki, həm də partiyaların maraqlarına uyğun idi. Siyasi partiyalar təbii ki, sosial problemlərin həllində maraqlıdır. Buna görə də biz birgə tədbirlər keçirməliyik, birgə bəyanatlar verməliyik. Görünən odur ki, iqtidar-müxalifət dialoqunun nəticəsi oldu. Partiyalar qeydiyyata alındı, ofislə təmin olundu. Digət məsələlər var ki, o da həllini tapır. Görüşdə qaldırdığımız məsələlər də həllini tapır. Tutaq ki, qiymətlərin qalxması ilə bağlı məsələ qaldırırıqsa, bunun da cavabını verirlər. Partiyalar birgə müzakirlər aparmalıdır. Amma siyasi partiyalar məsələlərə elə yanaşırlar ki, sanki heç bir problem yoxdur. Bəzən də görəndə ki, hansısa tədbirdə şəxsi maraqlar güdülür, biz kənara çəkilirik.

 

“Parlamentə olan partiyalara dövlətdən pul ayrılması düz deyil”

 

- “Siyasi partiyalar haqqında” qanunla bağlı çox fikirlər deyilir. Ümumiyyətlə, o qanunu necə görürsüz, nələrin orda yer almasını istərdiniz?

 

- Biz təkliflərimizi vermişik. Bildiyimə görə, təkliflər toplanıb layihə formasında yığılıb bizə təqdim olunacaq. Siyasi partiyaların təkmilləşməsi, hakimiyyət üçün də sərfəlidir. Cəmiyyət siyasi baxımdan savadlanarsa, onu idarə etmək asan olur. Məsələn, qanunla partiyalara maliyyə dəstəyinin verilməsini istərdim. Amma hesab edirəm ki, bu gün Parlamentdə olan partiyalara dövlətdən pul ayrılması düz deyil. Ona görə ki, onlar mojaritar qaydada seçilib. Bizim təklifimiz o idi ki, proporsiaonal seçki bərpa olunsun, sonra proporsional seçki sistemi parlamentə düşən partiya nümayəndələrinin sayına görə dövlətdən həmin partiyaya maliyyə ayrılsın.

İkinci təklif oldur ki, parlament seçkilərində iştirak edib, parlamentdə təmsil olunmayan partiyalara da maliyyə ayrılmaldır. Məlumata görə, 50 partiya qeydə alınıb. Demək olar ki, onlardan 30-u seçkilərdə iştirak eləmir. Mən onlardan bir neçəsini Ağdama, Şuşaya səfərimiz zamanı yeni tanımışam. İllər boyu onların adı da mətbuatda getməyib. Belə partiyalara da maliyyə verilməsi düz deyil. Dövlətdən sırf parlament, bələdiyyə, prezident seçkilərində aktiv olan partiyalara maliyyə ayrılmalıdır.

Seçki dövründə təklif etmişdik ki, nümayəndələrimiz MSK-nın tərkibində iştirak etsin. Təkcə Parlamentdə olan partiyalar yox, digərləri də iştirak eləsinlər. Əks halda, parlamentdə olmayan partiyaların hüquqlarını kim müdafiə edəcək? Mən Parlamentdə təmsil olunmuram, amma seçkilərdə iştirak edirəm. Qanun pozuntuları olursa, buna görə DSK-da müxalifət tərəfdindən seçilən nümayəndələrə müraciət edirəm, amma onlar da kömək edə bilmirlər. Bu müxalifət nümayəndələrinin də bəzilərinin kiməsə simpatiyası, kiməsə antipatiyası var. Ona görə də ümumiyyətlə dəstək vermirlər. Amma orda mənim nümayəndəm olsa, ən azı haqqımı müdafə edərlər. Yəni həllini gözləyən məsələlər çoxdur.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür