Kommunist sistemi yenidən yarana bilərmi?

19:32 10-02-2022 | icon 820 | Siyasət
Kommunist sistemi yenidən yarana bilərmi?

Rauf Qurbanov: “Bu gün artıq bütün dünyada kommunizm kabusu dolaşır”

 

Ölkə gündəmi gərginliyi ilə müşahidə olunan paradoksal proseslərə şahidlik edir. Azərbaycanın qərb sərhədlərində erməni işğalı nəticəsində üzləşdiyimiz gərgin vəziyyət, sülhməramlıların nəzarətində olan ərazilərimizdə erməni təxribatları, eləcə də “Laçın dəhlizi”ndən ölkəmizə gətirilən “naməlum obyektlər”in yaratdığı narahatlıq davam edir. Mövcud vəziyyət ölkədə həm də ictimai-siyasi dialoq mühitinin yaradılması zərurətini meydana çıxarır. Qarabağda istədiyimiz nəticənin əldə olunması istiqamətində hansı addımlar atılmaldır və “sülhməramlı siyasəti” Rusiynın SSRİ-ni bərpa etmək planına daxildirmi?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov müsahibəsində bu və ya digər məsələlərə fərqli aspektən yanaşıb.

 

- Rauf müəllim, AKP sədri olaraq Azərbaycanın Qarabağ ərazisindəki, sərhəddəki vəziyyəti və oradakı sülhməramlılarla bağlı durumu necə qiymətləndirərdiniz?

 

- Bu gün Azərbaycan ictimaiyyətini maraqlandıran əsas məsələ Qarabağ problemi və onun həlli yollarıdır. Erməni vandal xisləti vəziyyəti gərgin olaraq saxlamağa yönəlsə də, əvvəl-axır problem öz həllini tapacaq. Ermənilər öz diasporalarının, havadarlarının əli ilə hər bir vasitə ilə Azərbaycanı təxribata sövq etməyə çalışırlar. Eyni zamanda erməni diasporası özünün dünyadakı nüfuzundan istifadə edərək uydurma soyqırımı məsələsini də dünyaya sırımaqla məşğuldur. Bu gün Ermənistanda olan ağır ictimai-siyasi həyat, əhalinin ölkəni tərk etməsi, acınacaqlı iqtisadi durum erməni lobbisinin apardığı soyqırım siyasətinin nəticəsidir. Hesab edirəm ki, Azərbaycan ictimai-siyasi kəsimi mövcud məsələ ilə bağlı bir qədər səbrli olmalıdır. Azərbaycan hərb, diplomatiya tarixində ilk dəfə olaraq 44 günlük müharibədə dövlətimizin, xalqımızın nəyə qadir olduğunu göstərdi. Düşünürəm ki, Qarabağ probleminin tam həlli üçün xırda bir məsələ qalıb. “Biz tam qələbə əldə etmədik”- kimi çıxışlarla cəmiyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Ola bilsin ki, bəzi siyasi partiyalar, politoloqlar öz siyasi ambissiyalarından irəli gələrək belə neqativ mesajlar verirlər. Əgər biz 30 ilə yaxın müddət torpaqların işaldan azad olunmasını gözləyib bugünkü nailiyyəti əldə eləmişiksə, diplomatik qalibiyyətlə də bütün ərazilərimizə nəzarət edəcəyik. Bəzən bir çox siyasilər öz leksikonlarına uyğun olaraq sülhməramlıları işğalçı adlandırır və onların qələbəmizin tam olmasına imkan vermədiklərini deyirlər. Mən bu fikirlərin əksinə olaraq hesab edirəm ki, 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərblə bitən nəticəsindən sonra sülhməramlıların bölgəyə gəlməsinə ehtiyac var idi. Biz bu gün Minsk Qrupunun digər həmsədrlərinin fəaliyyətinə baxsaq görərik ki, elə Fransadan, ABŞ-dan fərqli Rusiyanın Qarabağda sülhməramlı kimi iştirak eləməsi daha məqsədyönümlüdür. 44 günlük müharibədə də Rusiyanın məsələyə müdaxilə etməməsi, yaxud Putinin öz çıxışlarında “Azərbaycan öz haqqı olan torpaqları üçün mübarizə aparır” deməsi, həmin dövlətin Azərbaycana və Ermənistana olan münasibətinin təsdiqidir.

 

- Rusiya sülhməramlıları Qarabağda istədikləri kimi özbaşına davranışlar edir, “Laçın dəhlizindən” istənilən cəsusu Qarabağa keçirir, erməni silahlıları ilə təmaslarda olur, Qarabağa erməni köçləri həyata keçirirsə, buna necə narahat olmamaq olar. Siz Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki bu fəaliyyətini necə dəyərləndirərdiz?

 

- Rusiya sülhməramlıları ilə bağlı bu kimi fikirləri Azərbaycan ictimaiyyətinə yayımlayanlar var. Guya orda silahlıların və silahların Qarabağa keçirilməsi üçün şərait yaradırlar. Rusiya o silahlıları, silahları Qarabağa keçirib nəyə nail olmağa çalışır. Burda bir məntiq olmalıdır. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci ildə Rusiya prezidenti bu məsələ ilə bağlı özünün mövqeyini nümayiş etdiribdir, həmin üçtərəfli sazişdə Rusiya, Azərbaycan, Ermənistan atəşkəslə bağlı sənədə imza atıblar, indi rusların ora silahları daşıması, silahlılara yer verməsi məntiqli görünmür. Ona görə də belə fikirlərlə kütləni qıcıqlandırmaq, gərginləşdirmək, insanlarda bir narahatçılıq yaratmağa əsas yoxdur.

 

Lakin Fransada prezidentliyə namizəd xanımın gəlib Qarabağda ermənilərlə görüşməsi qərb tərəfindən ortaya atılan təxribat xarakterli məsələdir. Biz hər bir məsələyə isti münasibət göstərib hay-küy qaldırırıq. Sülhməramlıların burda olması ilə bağlı müəyyən təxribatlar, onların missiyasına aid olmayan məsələlər var. Amma bu məsələlərə də səbrlə yanaşmalıyıq. Problemin əsas hissəsini həll edə bilmişik. Bu gün Şuşadan baxanda Xankəndini əlimizin içində görürük. Yəni istənilən vaxt oradan Xankəndini yerində otuzdurmaq mümkündür.

 

- Rauf müəllim, Prezident özü də müsahibələrində sülhməramlıların iştirakı ilə Qarabağa gedən, ordan çıxan yüklü maşınlarla bağlı narahatlığını bildirib. Siz deyə bilərsizmi ki, rus sülhməramlıları orada niyə rus icması yaradır, niyə ordakı Azərbaycan vətəndaşlarına rus pasportları paylanılır? Yaxud, Fransa siyasətçisi sərhədi keçirsə, ona bu imkanı kim yaradır? Bunlara görə narahat olmalı deyilikmi?

 

- Təbii ki, bunlar hamsı narahatlıq doğurur və siz də çox yerində qeyd elədiniz ki, Prezident də buna özünün narazılığını bildirib. Mən də bir partiya sədri olaraq belə məsələlərlə bağlı narahatlığımı, narazılığımı bildirirəm. Ancaq orda rus pasportlarının paylanması, icma yaradılması fakta söykənən məsələ deyil. Bu fikir mətbuatla cəmiyyətə yanlış yönləndirilib. Rusiyanın Qarabağın erməni əhalisini Rusiya vətəndaşı eləməsinə də bir ehtiyacı yoxdur. Məsələn, bu gün Azərbaycanda 200 min rus yaşayır. Bunlar Rusiya səfirliyinə müraciət edib Rusiya vətəndaşlığı ala bilirlər. Görün indi bir adam bu məsələyə münasibət bildirirmi? Hər bir başqa millətdən olan vətəndaşın hüququdur ki, yaşadığı dövlətdə hər hansı bir ölkənin səfirliyinə müraciət edib, vətəndaşlığını qəbul eləsin. Ola bilər ki, “Dağlıq Qarabağda” kimsə Rusiya vətəndaşı olmaq üçün səfirliyə müraciət eləsin. Amma bu o anlama gəlmir ki, Rusiya “Dağlıq Qarabağı” işğal eləmək istəyir və oranın əhalisini öz vətəndaşlarına çevirmək istəyir.

 

- Belə olsa da icazə rəsmi Bakıdan alınmalı, burada yerləşən Rusiya səfirliyinə müraciət olunmalıdır. İndiki şəraitdə bu prosedur necə gerçəkləşir. Yaxud, biz bunu müşahidə etmiriksə, demək suallar da yaranacaq, qeyri-qanunidir.

 

- Razılaşarsız ki, hələ məsələlər öz həllini tam tapmadığına görə bundan istifadə edən qüvvələr var. Amma yaxın gələcəkdə bu məsələnin tam həllini tapacağına inanıram. Və Rusiyanın Xankəndidə bir rus icması yaratmaq marağı yoxdur.

 

- Rusiyanın sülhməramlıların vasitəsi ilə bölgədə gərginlik yaratmaqla öz hərbçilərini Qarabağda saxlamaq marağı ola bilər?

 

- Bu da məntiqəuyğun bir məsələdir. Amma rus hərbçilərinin “Dağlıq Qarabağda” olması dövlətlər arasında olan müqavilənin əsasında formalaşıb. Ona görə hesab eləmirəm ki, rus hərbçiləri özlərinin şəxsi təşəbbüsü ilə nəsə bir iş görmüş olsunlar.

 

- Həmin o üçtərəfli sazişə əsasən rus sülhməramlıları erməni silahlılarını ərazidən çıxarmalıdır, sərhədlərimiz müəyyənləşməlidir. Sülh sazişi imzalanmaldır və sair. Bunlar niyə baş vermir?

 

- Bununla bağlı rəsmi bəyanatlar verilib. Mən də bu məsələlərlə bağlı narahatam və etirazımı bildirirəm. Sadəcə ermənilərin məkirli olması və hər hansı bir boşluqdan istifadə etmək cəhdləri təxribatlara şərait yaradır. Əldə olunmuş razılaşmada delimitasiya, demorkasiya məsələləri də öz həllini tapmalıdır. Hesab edirəm ki, üçtərəfli saziş imzalanıbsa, demək sonrakı mərhələ sülhdür. Komunikasiyalar, yollar açılmalı, dövlətlər arasında münasibətlər qurulmalıdır. Erməni tərəfi bu sənədə imza atsa da, gah beynəlxalq təşkilatların, gah güvəndiyi dövlətlərin əli ilə öz iddialarını həyasızcasına təkrar ön plana çəkir, təzədən Minsk Qrupunun fəaliyyəti məsələsini ortaya qoyur, ABŞ Konqresi, Fransa senatı bu məsələyə başqa münasibət bəsləyir.

 

- Rafiq müəllim, siz özünüzü iqtidaryönlü hesab edirsiz, yoxsa müxalifət?

 

- AKP müxalifət partiyasıdır. Heç də özümüzü iqtidar partiyası hesab eləmirəm, bu fikirdə də deyiləm. Adından da məlumdur ki, Kommunst Partiyası kapitalizm düzənində heç vaxt iqtidar partiyası ola bilməz. Mən həmişə zarafatla deyirəm ki, kommunistlər 70 il işlədilər, indi məzuniyyətə çıxıblar, amma müddət bitəndən sonra yenidən hakimiyyətə qayıdacaqlar.

 

- Belə bir şəraitdə AKP siyasi partiyalar arasında dialoqu, əməkdaşlığı necə dəyərləndirir?

 

- Təəssüflər olsun ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi müxalifəti müəyyən qütblərə bölmürlər.  Azərbaycanda konstruktiv müxalifət, radikal müxalifət, yalandan özünü “ana müxalifət” adlandıranlar var. AKP də müxalifət partiyasıdır, amma nə radikaldır, nə iqtidaryönlüdür, nə da başqa bir yönlü. Biz Azərbaycanın milli maraqlarını ifadə edən məsələlərdə hakimiyyətlə bir yerdəyik. Ancaq bizim hakimiyyətin apardığı daxili siyasətə ciddi etirazlarımız var. Biz Azərbaycan cəmiyyətinin sosializm quruluşunda yaşamasının tərəfdarıyıq. Mən deyirəm ki, Azərbaycanda olan 50 partiyanın hamısı bir ətrafında birləşib bizə müxalif olsun. Bizdən başqa digər partiya Azərbaycanda heç kəs sosializm quruluşu uğrunda mübarizə aparmır. Kommunistlərin mübarizəsi tamam başqadır.

Qeyd etməliyəm ki, son vaxtlar iqtidarla siyasi müxalifət partiyaları arasında dialoq, əməkdaşlıq, ümummilli məsələrdə birgə fikir ortaya qoyulur. Hesab edirəm ki, iqtidar-müxalifət dialoqu var və biz bunu 44 günlük müharibədə gördük. Biz ümummilli məsələlərdə bir mövqedən çıxış edə bilirik. Bu iki məqamı bir-birinə qarışdırmaq olmaz.

 

- SSRİ-nin süqutunun 30 ili tamam oldu. SSRİ-nin bərpası mümkündürmü?

 

- Bu suala Putinin fikri ilə cavab vermək istəyirəm: SSRİ-nin dağılmasına təəssüflənməyən insanın qəlbi yoxdur, onun həmin formada bərpa olunmasını düşünənlərinsə ağlı yoxdur. SSRİ bir dönəm idi ki, 70 il bu hakimiyyətdə oldu. Amma mən düşünmürəm ki, SSRİ əvvəlki dormasında yenidən bərpa olunsun. Ola bilər ki, keçmiş sovet respublikalarına aid olan dövlətlərdə hansısa iqtisadi, siyasi birlik yaransın. Amma bu heç də o demək deyil ki, bu, SSRi-nin əvvəlki formada bərpasıdır. Çünki artıq dövlətlər öz müstəqilliklərini, istiqamətlərini müəyyənləşdiriblər. Bunları təzədən bir araya gətirib vahid dövlətin tərkib hissəsi eləmək olduqca çətin və qəbul olunmayan məsələlərdir. Azərbaycan həmişə öz müstəqilliyi uğrunda mübarizə aparıb. Mən hesab edirəm ki, ölkəmiz SSRİ-nin tərkibində də özünün müstəqillini qoruyub saxlamışdı. Milli gerbi, bayrağı, dili var idi və bunlar hamısı Sovet Sosialist Respublikalarının Konstitusiyasında öz əksini tapmışdı. Biz bir ittifaqın tərkibində tam səlahiyyətli respublika kimi təmsil olunurduq. Amma yenidən belə bir ittifaqda bərpa olunması mümkünsüz haldır.

 

- Siz də deyirsiz ki, partiyanız məzuniyyətə çıxıb, yenə dönüş edəcəksiz. Kommunist sistemi yenidən yarana bilərmi?

 

- Dünyada gedən bütün proseslər kommunist ideologiyası istiqamətində gedir. İndi Avropada gedən proseslərə baxanda son 200 ildə belə proseslər baş verməmişdi. Xalq kütlələrinin sinfi mübarizə aparmalarını nəzərdə tuturam. İndiyə qədər rast gəlmişdinizmi ki, Corc Vaşinqtonun və digər qurucu şəxslərin heykəlləri sadə vətəndaşlar tərəfindən dağıdılsın. Artıq dünya tamamilə başqa bir durumdadır. Vaxtilə Marks deyirdi ki, Avropada komunizm kabusu dolaşır. Onun ideyalarının davamçısı kimi deyə bilərəm ki, bu gün artıq bütün dünyada bu kabus dolaşır. Kommunistlərin hakimiyyətə gəlməsi sosial sifarişdir. Artıq dünya ictimaiyyəti anlayır ki, kapitalizm mövcud olduğu dövrdə insanların həyat tərzi üçün yaşayışı verə bilməyib. Onsuz da dünyanın axırı sosializmdir. Hamı anlayır ki, kapitalizm insanlığa özünün var olmasından başqa bir şey verməyib. Sosializm sistemində yaşayan insanların bu gündən sabaha inamı var idi. Bizim indiki sistem hələ kapitalizmin astanasındadır və arzu etmirəm ki, o astanadan qabağa gedək. Arzu edirəm ki, sosializm sisteminə qayıdaq.

 

- Rusiya yeni ittifaq dövləti yaradır və Belarus, Qazaxıstan, Ukrayna da bura daxil olacaq. Bu ittifaqa Azərbaycan da qoşula bilər?

 

- Bir gün öncə Lukaşenkonun Salavyaovla olan müsahibəsinə baxdım. Sizin verdiyiniz sualı Salavyov da Lukaşenkoya Verdi. Dedi ki, SSRİ-nin bərpası ilə əlaqədar belə bir fikir mövcuddur. Belarus presidenti də dedi ki, “niyə də olmasın”. Əgər bu gün Avropa İttifqı yaranırsa, iqtisadi, siyasi birliklər yaranırsa, nəyə görə keçmiş sovet respublikaları da bir yerdə olmasın. Məsələn, Avrasiya İttifaqı yaranıb, bir neçə keçmiş sovet respublikaları həmin itifaqın üzvüdür. Mən dəfələrlə demişəm ki, əgər Azərbaycan xalqının maraqları tam təmin olunacaqsa, tam hüquqlu müstəqil dövlət kimi hansısa ittifaqda olması ona zərər verməz. Avrasiya İttifaqına qoşulması da mümkündür və burda Azərbaycan xalqının fikri nəzərə alınmalıdır. /"həftə içi"/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür