Əliyev ermənipərəstlərə “gözdağı” verdi

19:52 22-02-2022 | icon 250 | Siyasət
Əliyev ermənipərəstlərə “gözdağı” verdi

“Erməni faktoru” Kremldən vurulacaq

 

Rusiya və Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalandığı bir situasiyada Kreml “Donbas qərarı”nı Xankəndi və ətraf bölgəyə gətirməz; Azərbaycanın Rusiya üçün taleyüklü bir mərhələdə müttəfiqlik mövqeyinə keçməsi o deməkdir ki, Kreml rəsmi Bakıya Cənubi Qafqazda “erməni faktoru”nun gələcək taleyi ilə bağlı müəyyən təminatlar vermiş olmalıdır...

 

Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə keçmək üzrədir. Buna qədər Rusiya Azərbaycanda Ermənistanın hərbi müttəfiqi kimi qəbul edilirdi. Çünki keçmiş SSRİ-nin süqutundan və postsovet ölkələrinin müstəqillik qazanmasından sonra Rusiya həmişə Ermənistanın əsas beynəlxalq himayədarı rolunda çıxış edib.

 

Ancaq 2020-ci ilin 27 sentyabrından sonra Rusiyanın Cənubi Qafqazda yeni siyasi kursa üstünlük verməyə başladığı da qətiyyən diqqətdən yayınmır. Həmin tarixə qədər Kreml rəsmi Bakı ilə daha yaxın münasibətlərə üstünlük verdiyi, Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yaxınlaşdığı da inkaredilməz reallıqdır. Və bu reallıq Kremlin Azərbaycan ordusunun Ermənistanı biabırçı məğlubiyyətə uğratdığı 44 günlük savaşa aktiv müdaxilə etməməsinin səbəbləri sırasında da xüsusi yer tutur.

 

İndisə Kreml və rəsmi Bakı arasında tamamilə fərqli münasibətlər sisteminin əsası qoyulmaqdadır. Hələ 2021-ci ilin əvvəllərindən Azərbaycan və Rusiyanın daha yaxın münasibətlər qurmaq məqsədilə sənədin imzalanması istiqamətində müzakirələrin başlandığı barədə qeyri-rəsmi məlumatlar mövcud idi. Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərkən “Rusiya ilə münasibətlərimiz yeni səviyyəyə yüksələcək” deməklə, həmin sənəd barədə mesaj vermişdi.

 

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB) 

 

Belə anlaşılır ki, həmin mesajda məhz indi imzalanan sənədlə Azərbaycan və Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırılacağı nəzərdə tutulurmuş. Yəni, bundan sonra iki qonşu ölkə artıq strateji əməkdaşlıqdan müttəfiqlik münasibətlərinə keçəcəklər. Və bu, indiki gərgin beynəlxalq situasiyada hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır.

 

Təbii ki, bu müttəfiqliyin əsl keyfiyyət və məzmunu bir müddət sonra daha aydın şəkildə ortaya çıxmağa başlayacaq. Hələliksə, rəsmi Bakının Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayaraq, Azərbaycanı bir sıra xarici təhlükələrdən yayındırdığı, xarici siyasət kursuna müəyyən dəyişikliklər etdiyini düşünmək olar. Və bu baxımdan, bu müttəfiqliyin həm beynəlxalq, həm də geopolitik təsirlərinin necə olacağı da böyük maraq doğurur.

 

Məsələ ondadır ki, hazırda ABŞ və Qərb Ukrayna böhranı üzərindən Rusiya ilə kəskin hərbi-siyasi qarşıdurma içərisindədir. Belə vəziyyətdə Azərbaycanın Rusiya ilə müttəfiqliyinə beynəlxalq məkanda münasibətin birmənalı məzmun daşımayacağı qətiyyən şübhə doğurmur. Və belə anlaşılır ki, rəsmi Bakı belə tarixi məqamda Rusiya ilə müttəfiqliyin beynəlxalq məkanda doğura biləcəyi nəticələrdən qətiyyən narahat deyil.

 

Əslində, buna görə ABŞ başda olmaqla, əksər Qərb ölkələri günahkardır. Çünki ABŞ və Qərb illərlə Azərbaycana qarşı qeyri-səmimi münasibət göstəriblər. Son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, ərazilərimizin 20 faizinin işğal altında saxlanmasına demək olar ki, göz yumublar. Üstəlik, ən pisi də odur ki, əksər Qərb ölkələri hətta indinin özündə də Ermənistanı himayə etməkdə israrlı mövqe tuturlar.

 

hemsedrlerrrr-bbb-ddd.JPG (76 KB)

 

Ona görə də, rəsmi Bakının ABŞ və Qərbin Azərbaycana qarşı qərəzli mövqeyindən narazı qalması tamamilə başadüşüləndir. Azərbaycan ABŞ və Qərbin ikilistandarlar siyasətinə, ermənipərəst mövqeyinə əbədi olaraq, tolerant yanaşmağa borclu deyildi. Yəni əvvəl-axır rəsmi Bakı Azərbaycanın maraqları çərçivəsində strateji qərarlar vermək məcburiyyətində idi.  

 

Məsələ ondadır ki, ABŞ da daxil olmaqla, hazırda Rusiya ilə birbaşa qarşıdurma içərisində olan dövlətlər arasında (Ukrayna istisna olmaqla) Azərbaycanın dostu yoxdur. Ona görə də, Rusiya ilə müttəfiqliyin Azərbaycana beynəlxalq məkanda elə bir ciddi imic problemi yaradacağı da qətiyyən inandırıcı görünmür. Yəni, ABŞ və Qərbin Azərbaycana münasibətində ciddi dəyişikliyin ola biləcəyindən danışmaq tamamilə yersizdir.

 

Hər halda, ABŞ və Qərb hələ də Azərbaycanın beynəlxalq hüquq normalarına dayalı mövqeyini, maraqlarını görməzdən gələrək, Ermənistanın yolverilməz iddialarını müdafiə edir. Rəsmi Bakı 44 günlük savaşdan sonra “Dağlıq Qarabağ münaqişəsi”nin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tamamilə həll olunduğunu bəyan edib. Yəni, rəsmi Bakı ABŞ və Qərbin bütün israrlı cəhdlərinə baxmayaraq, Xankəndi və ətraf bölgədə ermənilərə hər hansı “status” vermək niyyətində deyil.     

 

Ancaq ABŞ və əksər Avropa ölkələri açıq-aşkar ermənipərəst mövqedən çıxış edirlər. Bəzi Avropa qurumları açıq mətnlə “Dağlıq Qarabağ problem”nin hələ həll edilmədiyini israrla vurğulayırlar. Bu “məsələ”nin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmasının vacibliyini vurğulayırlar.

 

Hətta ABŞ-ın İrəvandakı səfiri L.Treysi hər açıqlamasında Ermənistanın xarici işlər naziri kimi danışır. Ermənistanın heç bir əsası olmayan “xəyali iddialar”ını ifadə və müdafiə edir. Və oxşar mövqeni digər Ağ Ev rəsmilərinin açıqlamalarında da müşahidə etmək mümkündür.

 

thumbs_b_c_ab9ba6e6cc32ef99f97c2782d33876f2.jpg (55 KB)

 

Əslində, bütün bunlar qətiyyən təəccüblü də deyil. Çünki ABŞ prezidenti Co Bayden bir müddət öncə keçirtdiyi "demokratiya sammiti"nin tərkibini müəyyən edərkən, Azərbaycanı kənarda saxlamışdı. Bununla da, əslində, Azərbaycanı Rusiyanın da daxil olduğu ABŞ və Qərbin rəqibləri düşərgəsinə aid etmişdi. Və bu, Ağ Evin Azərbaycana yönəlik mövqeyini, real münasibətini növbəti dəfə dəqiqləşdirmiş olur.

 

Hazırda Rusiya ilə savaş vəziyyətində olan Ukraynanı bir çox dünya dövlətləri müxtəlif səviyyələrdə müdafiə edirlər. Ancaq eyni vəziyyət Azərbaycanın ətrafında yaranmış olsaydı, böyük ehtimalla Rusiyanın aqressiyasına qarşı Türkiyə və Pakistandan başqa heç bir dövlət çıxmazdı. Bu baxımdan, rəsmi Bakının Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalaması praqmatik, həm də reallıqlardan qaynaqlanan addımdır.

 

Onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionunda “erməni faktoru”nun zərərsizləşdirilməsi ABŞ və Qərbdən deyil, məhz Rusiyadan asılı məsələdir. Belə olduğu təqdirdə, rəsmi Bakının Azərbaycana qarşı “erməni faktoru”ndan istifadə edən ABŞ və Qərbə alternativ olaraq, Rusiya ilə müttəfiqliyi üstün tutması tamamilə məntiqlidir. Və böyük ehtimalla bu addımın real nəticələri yaxın gələcəkdə ortaya çıxmağa başlaya bilər.

 

thumbs_b_c_050c115a54452decb321f99ad1289a77.jpg (46 KB)

 

Təbii ki, indiki situasiyada Rusiyanın Donbas separatçılarının “müstəqilliyini” tanıması da yolverilməz davranışdır və ciddi narahatlıq doğurur. Ancaq erməni toplumunun bundan məmnun olaraq, uzaqgedən ümidlərə qapılması da tamamilə yersizdir. Çünki buna qədər Rusiya Abxaziya və Cənubi Osetiyanın da “müstəqilliyini” tanımışdı. Üstəlik, Kremlin həmin addımı da ABŞ və Qərbin indi Ukraynada olduğu kimi, Gürcüstan üzərindən Rusiyaya qarşı oynadığı oyunlara cavab olaraq, atılmışdı.

 

Ən əsasısa, Kreml Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi”nin tanınmasını “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı mövqeyinə bulaşdırmağa qətiyyən həvəs göstərməmişdi. Üstəlik, Rusiya prezidenti Vladimir Putin “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir” açıqlamasının da müəllifidir. İndi Rusiya və Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalandığı bir situasiyada Kreml “Donbas qərarı”nı Xankəndi və ətraf bölgəyə gətirməz. Azərbaycanın Rusiya üçün taleyüklü bir mərhələdə müttəfiqlik mövqeyinə keçməsi o deməkdir ki, Kreml rəsmi Bakıya Xankəndi və ətraf bölgə ilə bağlı müəyyən təminatlar vermiş olmalıdır.

 

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, rəsmi Bakı Kremllə müttəfiqlik qərarı verməklə, Azərbaycan üçün tarixi bir siyasi-diplomatik addım atıb. Bir tərəfdən, rəsmi Bakı Rusiyanın ən ağır durumunda belə bir sənədə imza atmaqla, ermənipərəst Qərbə “gözdağı” verməkdədir. Digər tərəfdənsə, “kartların yenidən paylanması”na səbəb ola biləcək bu addımla, Azərbaycanın geopolitik mövqelərini daha da möhkəmləndirməyi bacardı. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür