“Məcburi köçkün məktəbi kimi məsuliyyətimiz daha böyükdür”
Laçın məktəbinin gənc direktoru
Versus.Az-ın həmsöhbəti Laçın şəhər 37 saylı tam orta məktəbin müəllimi Səxavət Məmmədovdur. Səxavət müəllim gənc olmasına baxmayaraq məcburi köçkün məktəbində tutduğu rəhbər vəzifənin öhdəsindən layiqincə gəlir.
Səxavət müəllimlə bundan öncəki müsahibəmizdə onun direktoru olduğu məktəbdəki yenilik və uğurlardan danışmışdıq. Bu dəfə onun təhsilə gəldiyi yoldan və gənc olmasına baxmayaraq əldə etdiyi uğurlardan özünün təqdimatında bəhs edəcəyik:
“Mən – Məmmədov Səxavət Elbrus oğlu 1986-cı ildə Laçın şəhərinin Qarakeşdi kəndində ziyalı ailəsində anadan olmuşam. 1992-ci ildə 1-ci sinifə daxil olmuşam. 2002-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Gəncə Dövlət Universitetinin Tarix İctimaiyyət fakültəsinə qəbul olmuşam. 2006-cı ildə ali məktəbi bitirib hərbi xidmətə yollanmışam”.
Gənc müəllim məsuliyyət yolunun başlanğıcından – yəni müəllim kimi təyinat almasından həvəslə danışır:
“Hərbi xidməti başa vurduqdan sonra Laçın şəhər Qarakeşdi kənd 2 saylı tam orta məktəbdə tarix müəllimi işləmişəm, 4 ay sonra isə rayon təhsil şöbəsində Tarix fənni üzrə metodist kimi fəaliyyət göstərmişəm. 2015-ci ildən Laçın şəhər 37 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Başqa kəndlərə, bəlkə də rayonun mərkəzindəki məktəblərə təyinat ala bilərdim. Amma məhz Taxtakörpüdə yerləşən məktəbi seçdim. Qəbul olmağımla bağlı müsbət cavabı aldığım günü unutmuram. Bəlkə də həyatımda heç zaman yaşamadığım sevinci həmin vaxt yaşadım. Qarşıda məni böyük bir missiya, yol gözləyirdi – həm məsuliyyətli, həm şərəfli. Xalqın gələcəyini öz çiyinlərimdə daşıyacağım üçün həm məsuliyyətli, həm də şərəfli bir yol – müəllimlik peşəsi – mən məhz buna görə sevinirdim. Evdəkilər, valideynlərim, qohumlar, dostlar – hamısı məni təbrik edir, uğur arzulayırdılar. Qarşıdan isə məni həmin yol gözləyirdi – Ağcabədi şəhər Taxtakörpü qəsəbəsi, 37 saylı Laçın məktəbi”.
Səxavət müəllim danışır ki, Laçın şəhər 37 saylı tam orta məktəblə ilk tanışlığı elə təyinatı üzrə fəaliyyətə başladığı tarixdən – 2015-ci ilin sentyabr ayından başlayıb:
“Bu mühit mənə yad deyildi. Müəllim kollektivimiz tərəfindən çox mehribanlıqla qarşılandım. Azərbaycanın hər bölgəsi qonaqpərvərdir. Amma Laçın camaatında bunu daha çox hiss etmək olar. Doğma laçınlıların arasında özümdə burada yaradacağım quruculuq işlərində bir inam, güc hiss etdim. Gördüm ki, rəhbəri olduğum məktəbdə təhsildə yaxşı nəticələr əldə etmək üçün ilk öncə şəraiti yaxşılaşdırmaq lazımdır. Belə də etdim. Və 2015-ci ildən indiyədək nəinki məktəbin şəraitini yaxşılaşdırdım, eyni zamanda təhsildə irəliləyişlərə, uğurlara nail olduq”.
Səxavət Məmmədov məktəbin savadlı, mehriban müəllim kollektivindən də danışdı:
“İstər müəllimlərimiz, istərsə də şagirdlərimizin hamısı ilə dostyana münasibəti saxlamağa çalışıram. Qocaman müəllimlərimizdən öyrəndiklərimiz çoxdur. Gənc müəllimlər məhz o qocaman müəllimlərin metodikasından yararlanırlar. Bizim məktəbdə hər bir laçınlıdan Laçının təmiz havası duyulur.
Başqalarını deyə bilmərəm, mənim üçün müəllim həyatı maraqlı və sevimli bir həyatdır”.
Səxavət müəllim eyni zamanda rəhbəri olduğu məktəbin hazırki şəraiti ilə bağlı məlumat verdi:
“Ötən müsahibə zamanı özünüz məktəbimizlə yaxından tanış oldunuz. Öz hesabıma məktəbdə müəyyən abadlıq işləri aparmışam. Hər cür şəraiti var. İstilik və elektrik imkanları maksimal səviyyədədir. Məktəbimizin öz printer və sürətçıxarma aparatları var. Hər imtahan ərəfəsində, yaxud, cari dərs günlərində müəllimlər həmin aparatdan istifadə edir. Müəllimlər otağında “Wi-Fi” şəbəkəsi var. İnternetlə bağlı nəsə lazım olanda buradan yararlanırıq. Bütün bunlar yaxşıdır. Qalır, dərslərdə lazımı davamiyyətlə iştirak etmək və oxumaq. Davamiyyət də burada çox yaxşıdır. Bir direktor olaraq mən bunun üçün çox çalışıram. Ən çox da ona görə ki, buraxılış imtahanında şagirdlərimiz yaxşı qiymət alsınlar”.
Səxavət müəllim sonda onu da qeyd etdi ki, Laçın şəhər 37 saylı tam orta məktəbdə şagirdlərə yalnız təhsil deyil, eyni zamanda görmədikləri Vətənləri haqqında məlumatlar verilir:
“Məcburi köçkün məktəbi kimi məsuliyyətimiz daha böyükdür. Bizim bu gün işimiz şagirdlərə yalnız təhsil verməkdən ibarət deyil. Bu günün şagirdi həm də sabahın əsgəridir. Düzdür, bütün məktəblər ilk növbədə savadlı gənc yetişdirməlidir. Məcburi köçkün məktəblərinin isə bu yöndə məsuliyyəti daha vacibdir. İnanırıq ki, cənab Prezident İlham Əliyev işğal edilmiş torpaqlarımızın tezliklə sülh yolu ilə azad olunmasına nail olacaq. Və bu gün bizim təhsil verdiyimiz, vətənpərvərlik hissini aşıladığımız uşaqlar sabah sevə-sevə azad olunmuş rayon və kəndlərimizdə peşələri üzrə xidmət göstərəcəklər. Bu səbəbdən məcburi köçkün məktəbi olaraq məsuliyyətimizi dərk edirik və fəaliyyətimizi bu istiqamətdə davam etdiririk”.
A.Zeynallı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"