“ŞƏHİD CEYHUN DASTANI”

11:13 24-08-2022 | icon 864 | Şəhidlər və şahidlər
“ŞƏHİD CEYHUN DASTANI”

Ceyhun Nüsrət oğlu Şalıyev II Qarabağ müharibəsi Qəhrəmanı, Füzuli cəbhəsində şəhadətə yüksəlib. Onun həyatı haqqında “Şəhid Ceyhun dastanı” adlı 220 səhifəlik kitab yazmışam. Bi il Ceyhun ailə­sindən ayrılalı 2 il olur. Ceyhun haqqında yazmağa davam edirəm...

 

 

 

 

 

RƏNA ƏLYAR
/Bakı Slavyan Universitetinin dosenti/

 

Deyirlər ki, Səndən-Sizdən elə yazmaq lazımdır ki, oxusunlar. Düşümürəm, Səni deyə-yaza bildim. Səndən yazdım: nə artırdım, nə əskiltdim, olduğun kimi yazdım. Səni oxuyacaqlar. Sən oxuna­caqsan. Səndən  öyrənəcəklər, Qəhrəman Ceyhun!

 

 

 

 

 

ESSE

 

 

Hər hekayə-dastan xoşbəxt­lik­dən danışmır.

Hər hekayə də xoşbəxt sonluqla bitmir.

Şəhid Ceyhunun həyat hekayəsi kimi.

 

 

 

Həyat davam edir... Ceyhunsuz illər keçir...

 

Mən Ceyhundan yazmaqda davam edirəm. Mən Ceyhundan demək və yaz­maq istəyirəm. Mən Ceyhunun anasının Ceyhunsuz günlərindən danışmaq və yaz­maq istəyirəm...

 

Çox nağıl, əfsanə dinləmisiniz. Çox dastan eşitmisiniz. Ceyhunu tanıyandan sonra, Onun haqqında eşidəndən sonra, kitabların içindən çıxan ağıllı, zəkalı, qanun təbiətli, xəmrəsi qanundan yoğrulan Oğlanı tanıyandan sonra deyəcəksiniz: bax belə gerçək, təməli həqi­qət olan nə nağıl dinləməmişik, nə də dastan eşitmə­mişik.

 

Həyat davam edir... Ceyhunsuz illər keçir...

 

CEYHUNsuz yaşanan  2 İL!!!

 

İki əsrə bərabər, iki ömürdən də uzun olan Ceyhunsuz yaşanan 2 İL! Bizimlə olmayan, ancaq əbədiyyən yaşayan Ceyhunsuz yaşanan 2 İL!

 

Göllər gözəli Göy Gölün ətəyində yerləşən, uzun illərdir nalə qoparan “Sənsiz”in müəllifi böyük Nizaminin vətənində Gəncə şəhərində anadan olan, məhəbbət aşiqi “Məcnun”u bizə tanıdan nəhəng Füzulinin adını daşıyan torpaqda, Ceyhuna məzar yeri olan Füzulidə II Qarabağ müharibəsi qurbanlarından olan, hamının ərk eləyib göz dikdiyi, bu gün ölümünün iki ili qeyd olunan 26 yaşlı Şəhid Ceyhunsuz yaşanan 2 İL!

 

Ədalət üçün mücadilə edən, nadir istedad sahibi, çiçəkdən cavan ömrünün nəğməsi yarımçıq qalan, gülüşü, təbəssümü dodaqlarında quruyan, qurmaq-yarat­maq həvəsi, ilhamı, təbi yarımçıq qalan, təkbaşına qurduğu evi-ocağı Ceyhunsuz qalan Ceyhun­suz yaşanan 2 İL!

 

“Yüz” yaşamaq istəyən, ancaq dolu-dolu yaşamadan, arzularına çatmadan, yaşlanmadan, qocalmaq fikrindən imtina edən, ağlının, ürəyinin hökmünə baş əyən 26 yaşında yaşamına son qoyan həyatsevər Ceyhunsuz yaşanan 2 İL!

 

Tarixin ən böyük müharibəsində qalib gələn Ceyhunsuz yaşanan 2 İL! Qələ­bə­nin əzəmətinə, təntənəsinə, insanların sevincinə abidə qoyan, özünü düşünmədən ürəyindəkiləri boğan və bu yolda fəda olan Şəhid Ceyhunsuz yaşanan 2 İL!

 

Azərbaycana – Bakıya bağlılığı ilə nağıl kimi dillərə düşən, ömrünün sonun­da isə Azərbaycanın Oğlu olan qonur gözlü Ceyhunsuz yaşanan 2 İL!

 

Bu dünya pəncərəsindən sadəcə baxıb, yayı ötürüb ömrünün payızında əbədiyyətə qovuşan Ceyhunsuz yaşanan 2 İL!

 

26 yaş yaşadın. Bu yaşda nə yatdın ki, nə də yuxu görəsən?! Ancaq deyirlər, torpaqda çox yatacaqsan, Ceyhun!

 

Dünyaya gəldim-gələli eşitdiyim bu sözlər oldu: “yalan dünya” – dedilər. Bu yalan dünyada yalan dediklərimizin əksəriyyəti doğruymuş, bilməmişəm: 26 il Ana-Bala birlikdə yaşadıqları həyat yuxuymuş demək. Bu dünyada yaşadıqları yalanmış demək. Balanın anaya bağlılığı yalanmış demək. Ceyhunsuz yaşanan acı həyat isə həqiqətmiş demə! Ceyhunla bağlı həqiqət olan hər nə vardısa, hamısının üstündən qələmlə qələm çəkdilər. Bu hekayə-dastan da həqiqətə çevrildi, həqiqət oldu. Ceyhun özü həqiqət olan kimi. Danışa­cağım həyat hekayəsi – “Ceyhun həqiqəti” acı həqi­qət­miş demə! Mən qələm əhli, söz mühəndisi olmasam da, yenə Ananın deşilib qan axan dərdindən yazıram. Ana qəlbindən keçib dilinə gələn sözləri qələmə alıram. Mən indi acı həqiqəti yazıram. Bu acı həqiqəti yazdıqca qəlbim qan ağlayır. Bu hekayəni yazan qələm özü də qan ağlayır, ağ kağıza qan çiləyir. Mən Ceyhundan yazdıqca həm mən ağlayıram, həm də qələmim ağla­yır. Bu qəmi yaz­dıqca əlimdəki qələmim də mənim tək Ceyhunun qəmini çəkir və ağlayır. Mənim qələm tutan əlimdə gözümün yaşıyla islanır yazdığım acı həqiqət. Nə qədər, neçə il yaza­cağam, bilmirəm. Ancaq yazacağam... Və  bu yolda davam edirəm.

 

Axı Ceyhun var idi, var da və var olacaq!

 

Tanımadığın adam haqqında yazmaq çətindir. Mən Ceyhunu yaxından, lap yaxından tanıyıram və cəsarət edib Ondan yazıram. Mən ananın “Ceyhun” dərdinə şahidlik etdim, “Ceyhun” dərdində yanıb qovrulan ananın qapqara közərib qal­ma­sına şahid oldum, ana ürəyində “Ceyhun” yarasının necə qanayıb axmasına şahid oldum, ananın “Ceyhun” naləsini dinlədim...

 

Yazını özüm yazmıram. Hiss etdiyim, duyduğum və eşitdiyim səs hardan gəlir bilmirəm. Kimdisə deyir, daha doğrusu dedirdir, mən də yazı­ram. Ən nəha­yət, anlayıram, Ceyhun ananı dilləndirir, mən dinləyirəm və yazıram. Ceyhun qəm ağacı əkdi, getdi. Təkcə qəm ağacımı əkdi?! Ananın qəlbinə dərd ələdi, dərdi taya kimi yığdı. Ananın ürəyində Ceyhun dərdən bir ev tikdi və qəmdən hasar çəkdi. Mən də bu evdə, bu hasarın içində qəmdən bağlanan bir kitablıq sözü bir neçə səhifəyə sığdırdım. Yazıram...

 

Ceyhunun qara xəbəri üstünə gələn, bala dağı görən Ana 2 ildir Ceyhunsuz yaşayır...

 

2 ildən sonra – Ceyhundan sonra Ceyhundan nişanə qalmasa da, bu həyata küsən, Allahdan küsən bir gözüyaşlı, ağsaçlı övlad odunda yanan Ana qaldı. Ana övlad dərdinin ovçusu oldu, şikarına Ceyhun dərdi düşdü və əlində bu dərdi qana­ya-qanaya tutur, qanadıqca Ananın ürəyini yandıra-yandıra həyatda addımlayır. Ana əzizini, sevdiyi Balasını ürəyində daşıyır, ürəyində bəsləyir... Ananın fəryadı göydə çaxan şimşək kimi guruldayır... Allahda da insaf mürvət yoxuymuş. Belə ananı qoyub, dağ kimi igid Ceyhununun canını aldı. Ana deyir ki:

 

Dərdim çoxdur, yatmaram,
Dərdi batman-batmanam.
Sən dərdimi, ay Ceyhunum,
Heç dərdlərə qatmaram.

 

Bu dağdan bir can getdi,
Ürəyindən qan getdı.
Mən Ana nə cür ağlamayım,
Ceyhun adlı Oğlum getdi.

 

Əzizim yüz il yanar,
Yüz həftə, yüz il yanar.
Ceyhun tək Oğlu ölən mən Ananın
Ürəyi yüz il yanar...

 

 

Ana 2 ildir durmadan, dayanmadan ağlayır...

 

Ana 2 ildir Oğlu Ceyhundan aralı yaşayır. Yaşayır...

 

Ana yaşayır... Fələk qara bulud olub üstünə çökən Ana yaşayır... Bu qədər dərdi, qəmi ananın ürəyinə yükləyən fələk-əcəl qapını çalmadan özü gəldi, ananın balasını çaldı. Anaya sillə vuran fələk elə vurdu ki, Balası gəlməz oldu, ancaq ana yaşayır. Balasının da, özünün də həyatı qaraldığı qədər qaralan ana yaşayır. Gerçək olan Ceyhunun acı dərdini udur və yaşayır...Yaşayır, ancaq necə yaşayır?!

 

Ana yaşayır və Oğlundan danışmaqdan yorulmur.

 

Ana Oğlundan danışır... Ana danışır və dayanmadan göz yaşı tökür. Ananın göz yaşı dəryaya, selə dönür... Elə bil göz yaşı da dərdin belə ağır və acı olduğunu bilir. Yağışa bənzəyən bu göz yaşı Şəhid övladı üçün valideynin gözündən yağan yağışdır – Ananın gözündən yağan yağış.

 

Düşünürəm, həyatda saysız dil var: kimi bu dillərdən bir neçəsini öyrənir və bilir. Yəni dilləri öyrənməklə həmin dildə danışan insanları anlamaq olur, həmin dili bilən insanlarla ünsiyyət qurmaq olur. Mən bir şey anladım: göz yaşının dili yoxdur, göz yaşı – matəm göz yaşı hər kəsin gözündən eyni rənglə, eyni dildə və eyni anlamla axır. Və bu göz yaşı hər kəsə hər şeyi anladır... Ancaq bəzən bəzi göz yaşı adamı elə yandırır, elə acışdırır ki... Bax, Ananın Ceyhunu üçün tökdüyü göz yaşı kimi... (müəllif)

 

Ana Oğlundan danışır, heç yorulmur... Ana Oğlu ilə danışır, ağlayır...

 

Sənə deyiləsi o qədər sözüm var ki... Heç bilmirəm han­sından başlayım, hardan başlayım və necə başlayım, ay Ceyhunum?!

 

Oğlum, biz yaşadığımız həqiqət nağılmış. Mən həqiqəti Səninlə yaşadım. Bir vaxtlar mən Səni gözümdə bir çiçəyə bənzətmişdim və çiçək kimi bəs­lə­yirdim, əzizləyirdim. Bəs əzizlədiyim, bəslədiyim gül ətirli, gül təravətli, bal dadlı Balam niyə soldu, niyə qurudu?! Gül Balam, gülü solan Balam, gül kimi solan Balam niyə soldu?!

 

Oğlum, biz bir şəhərdə, bir qəsəbədə yaşayırıq, ancaq bir-birimizin üzünü gö­rə bilmirik, səsimizi eşitmirik. Oğlum, günahımız nə idi ki, birləşə bilmədik biz, bir yerdə yaşaya bilmədik biz. İndi də ayrı-ayrı dünyalarda yaşayırıq biz. Elə bilir­dik ki, bir-birimizə yaxınıq, ancaq daha da uzaq olduq. İllər ötür, heç görüşmürük biz...

 

Biz bir-birimizə sarılaraq yaşayırdıq və yaşamalıydıq. Biz bir-birimizə tutu­naraq yaşayırdıq və yaşamalıydıq. Sən güləndə gülürdüm, Sən bikeflənəndə, qüs­sələnəndə mən də bukef olurdum, qüssələnirdim, qəhr olurdum. Mən Sənin varlı­ğın­la xoşbəxt idim. Sən mənim üçün hər hansı bir övlad-Oğul deyildin. Biz Səninlə bir ağacın iki budağı, bir quşun iki qanadı və bir salxım üzümün iki giləsi, bir insanın iki gözü idik. İkimiz bir vücudda bir vücud idik. İkimizin bir ürəyi vardı, ürəklərimiz bir vururdu. Sən ürəyimdə yaşayırsan, mən ürəyimdə Səninlə danışı­ram. Sarmaşıq kimi ürəyimə dolaşan Ceyhunum, Sən mənim içimdə bir işığıydın. Gözümü yumanda da, açanda da gördüyüm və görə biləcəyim hər şeyim, Ceyhunum! Mən Sənin Anan, Sən mənim hər şeyimdin. Sən mənim anlam­sız­lıq­larımın anlamı, xəyallarım idin. Sən özünlə bağlı gözəl olan hər şeyi aldın apardın, Səndən mənə nə qaldı: bir danış­ma­yan şəkillərin, bir də bu lal məzar daşın. Sən bambaşqa biriydin, bu dünyada olma­yan Ceyhunum! Səni kəlmələrlə tərif edə bilmirəm. Sənin böyüklüyünün qabağın­da bu da mənim kiçikliyim... Ancaq Səni qoruya bilmə­dim. Özüm yaşa­yı­ram... Allahım gör mənə necə Oğul həsrəti çəkdirir?

 

Oğlum, gözümü zilləyib şəkillərinə baxıram, insanların Səni adlandırdığı kimi “nur üzlü Ceyhunum” –, mən hər gün göz yaşlarımda boğula-boğula Səninlə danışırammış kimi öz-özümə danışıram, Səndən danışıram, Səninlə danışıram. Aldığım hava kimisən, hara gedirəmsə orda varsan, yanımdasan. Səni ömrümdə yaşadıram, Sənin ömrünlə yaşayıram. Səni hər gecə röyalarımda oxşayıram, tumarlayıram, Səni əzizləyirəm, Səni sevirəm, Səni qucaq­layıb öpürəm. Oğlum, Ceyhunum, nələr çəkdiyim Sənə əyandırmı? Ürəyimdə yuva salan, qat bağlayan “Ceyhun” adlı dərdimin qatlarından xəbərin varmı?!

 

“Ceyhun” dərdi çox ağırdı. Məni elə dağladın ki... Mənim dağlanan ürəyimi də yalnız “Ceyhun” adlı dərmanla bağladın və bu dərman yaramı sağalmağa qoymur. Niyə belə oldu, Ceyhunum?! Ölümün niyə doğru oldu?! Balam, yoxluğun niyə həqiqət oldu?!

 

“Düşmənimdən də uzaq olsun” dediyim bu amansız tufan necə oldu ki, Sənin taleyinə əsdi? Nə yaman bədbəxt taleyin varmış, Oğlum!

 

Sən məni bircə xəbərinlə qocaltsan da, özüm dərdli olsam da, dərd əlindən solsam da, elə hey Səni fikirləşirəm, Sənə yazığım gəlir, cavan ömrünə heyfim gəlir. Sənin bu gedişin ürəyimə dərd qoydu, dağ çəkdi. Ürəyimi açıb, Sənə orada yer eləmişdim. Dərdin qapımdan içəri girdi, ürəyimə girdi, ürəyimdə yuva saldı. Sən özün, özünlə birlikdə dərdin ürəyimdə olduğundan acısı məni daha çox yandırır, göynədir. Günəş kimi, Ay kimi doğan Ceyhunum, gün kimi batan Ceyhu­num! Gecəmə gündüz olan Oğlum, gündüzlərimi qaraldan oldun. Oğlum, bu ayrılığı mənə necə yaşatdın? Oğlum, Sənin gözündə heç dəyərim yoxuydumu ki, məni belə yandırdın?! Mənim ümidimi, mənim arzu­mu qəfil ölümünlə puç elədin Sən, Oğlum! Ürəyimdə sevinc yerinə, ümid yerinə bu qədər böyük dərd əkdin. Ürəyim­də Sən adlı – Ceyhun adında bir qala qurmuşdum. O qurduğum qalanı da heç elədin, yıxdın, uçurdun Sən, Oğlum!

 

Ölümün məni yaman yandırır, Ceyhunum! Özünü oda atdın, sönməyən bir od qaladın. Azadlıq üçün yandığın odun içində özün gur yandın, mənim köksümdə çatdığı odda isə mən vam yanıran, hər gün yanıram. Elə bir oddu düşmüşəm ki, alışıram, yanıram Sən qaladığın odda, yanıb da qurtara bilmirəm.  Övlad yanğısıyla yanmağı Sən başıma gətirdin, Sən öyrətdin. Sən yandın, Sən də yandırırsan, Ceyhunum! Qibləm, Kəbəm, – deyib and içdiyin Oğlum, məni hər gün öldürürsən. Oğlum, hər gün az-az öldürür məni ölümün. Yox, Sən ölmədin, Sənə öldü deməyə dilim gəlməyir. Sən söndün, Ceyhunum!

 

Atana, anana, qardaşlarına vida etmədən: son dəfə bizi bağrına basmadan, qucaqlaşmadan getdin. Qoyub getdin. Heç düşünmədinmi ki, qəbrim üstə bir ağlar Ana qalacaq?! Arxanca göz yaşınla yuyunan Ana qalacaq?! Hamı sussa da o Sən uyuduğun yurda, Sənin yanına gələnə­dək ağlayacaq bir ana qalacaq...

 

Oğlum, bizi buraxıb getdin. Deyirdin: “ürəyimdə çoxlu xəyallarım var, arzularım var”. Arzularını əkməyə yer və zaman tapmadınmı, hüquq vermədilər­mi?! Arzuları sınıb tökülən, bahar ömrü payıza, qışa dönən Oğlum, mənə elə həsrət donu biçdin ki?!

 

O zamandan 2 il keçib. Saçlarım ağarıb, qəddi-qamətim əyilib, gözlərim kölgələnib. Ağaran saçlarımla birlikdə Sənin xatirələrin də saçımda ağarır. Şirin ömrün də ağara-ağara daha da şirinləşir xatirələrimdə. Deyirəm bəzən, gedən xəyallarımdı, xatirələrin qalıb mənə, saçlarım kimi ağaran xatirələrin. Ürəyimin şah damarında qəmə köklənən soyuq təsəllin də ağarır indi. Qəmə, kədərə dönən şirin ümidlərin də ağarır indi. Pozulmuş yaddaşımdakı, təpərsiz ürə­yimdəki xatirələrin də ağarır indi. Vərəqlənib oxunmayan kitabların da ağarır indi. 

 

...Həyatda yaşadığım müddətcə ilin fəsillərinin bir-birini necə əvəz etməsini müşahidə edirdim. Hər fəsli yaşadıqca qurtarmayan, azalmaq əvəzinə çoxalan, böyüyən qayğısına görə tanıyırdım. İndi fəsillərin rəngi də, ətri də yadımdan çıxıb. İndi mənim üçün yay, yaz, qış məfhumları şərti olaraq qalır. İndi mən təkcə ailəmiz üçün təlatümlü və amansızcasına dəvətsiz-filansız qapımız­dan içəri girən payız fəslini yaşayıram. Hər dəfə fəsil dəyişəndə Səni xatırlayıram. Daima payız fəslini yaşayıram. Payız fəslində bir gülüm vardı. Elə payız fəslində də soldu o cavan Gülüm. Ömrü eləcə payızlaşdı Gülümün. Yadımda, yanımda, bizimlə yaşa­yan tək bir payız fəsli qaldı. O payız fəsli ki, Səni əlimdən aldı. O payız fəsli ki, bahar arzularının çiçək açmasına izn vermədi, çiçəklərini fidan ömründə soldurdu. O payız fəsli ki, ağacda yarpaqlar saralıb töküldüyü kimi Sən də saraldın, soldun və bu fəslin içində qeyb oldun. O payız fəsli ki, qış kimi məni dondurdu və dondurmaqda davam edir. O payız fəsli ki, min il çalışsam da sözə sığdıra bilmə­rəm. Bu 2 il ərzində desəm ki, günlərimiz yalnız və yalnız payızsayaq keçib inanacaqsanmı, Oğlum?! Mənalı olan günlərim mənasız keçir. Ona görə ki, Sənli günlərimdə, hər şeydən əvvəl, mən xoşbəxt Ana idim. Həyatda nə üçün yaşadı­ğı­mı, kimin üçün yaşadığımı bilirdim. Ceyhunumun gülüşü – mənim gülüşüm, Ceyhunumun kədəri – mənim kədərim idi. İndi Ceyhunsuz Ceyhumun kədərinin, dərdinin ağırlığı altında qalmışam... Çox ağır və acı dərdin altında qalmışam. Çəkə bilirəmmi?! Bu dərd o qədər ağırdır ki, desəm çəkə bilmi­rəm, bu düz olmaz, axı bu dərdi çəkə-çəkə yaşayıram, buna inan, Oğlum!

 

Bu fəsildə biz bir-birimizdən əbədi ayrıldıq. Sən Ananın yanına qayıtmadın, ancaq doğma Azərbaycanda qaldın, çox sevdiyin Bakıda qaldın. Əbədi olaraq elə bu yurdda da yaşayacaqsan, Ceyhunum!

 

Ömrümə ömür calayan Ceyhunum, indi ömrümü yavaş-yavaş kəsir, qısaldırsan. Asan iş deyil ürəyimin fərəhi indi ürəyimin acı dərdi olub. İndi cəza çəkirəm. Canım elə yanır ki, deyə bilmirəm. İndi Sənsiz başı qarla örtülü olan dağların qarı günəş şüaları altında əriyən kimi əriyirəm. İndi torpaq yağışsız qalıb susuzluqdan cadar-cadar olub yağış istəyən kimi ürəyim, dodaqlarım “Ceyhunum!” deməkdən cadar olub. Nəfəsimi də itirmişəm. Nəfəsi kəsilib ağacda bir budağa yapışıb qalan quş kimi burada yapışıb qalmışam məzar daşına. Yaralı, sahib­siz kimi qalmışam. Göy­də uçan quşlar, yerdə axan sular, daşlardan sızan bulaqlar kimi hüznlü qalmışam... İndi saçımın ağını üzümə töküb bir Şəhid heykəli önündə ağla­yıram. Hərdən də, yox hər gün “Oğlum” deyib, əlimi üzünə sürtüb gözlərindən öpürəm. Əlimi çəkdiyim üzünü ovcumun içində evə aparıram, sabaha kimi qox­layıram, sığallayıram, ağlayıram... Bil ki, bu ayrılıq Səndən oldu, Sən qoyub getdin bizi, Oğlum!

 

Sənsiz yaşayıram. Sənli dünyada Sənsiz qalmışam.

 

– Sənsiz necə yaşayıram?!

– Sənsiz necə yaşamaq olarsa, elə yaşayı­ram...

– Bax mən söyləyim, Sən eşit, gəncliyindən nəsibini almayan Oğlum. Sənsiz yaşayıram – İçdiyim suya qarışan göz yaşlarımla, yediyim çörəyi damlasıyla isla­dan göz yaşlarımla; Səndən danışanda titrəyən dodaqlarımdan süzülüb sözlərimə qarışan göz yaşlarımla; hər gün Sənin yanına Səni itirməklə yeni izini tapdığım təzə yola, qara bəxtinin yoluna düşüb adamların arasından ağır addımlarla ləngi­mə­dən, yorulmadan keçərək, Səni axtara-axtara məzarlığa gəldiyim yollara damla-damla düşən göz yaşlarımla (yollar danışa bilsəydi, gör Sənə nələr danışardı); məzarını qucaqlayanda qara daşındakı şəklini islatdığım göz yaşlarımla, bəzən də gözlərimdən ürəyimə axan yaşlarımla. İndi Sənin xatirələrinlə yaşayıram: divardan asılan şəkillərindəki xatirlərinlə. Ömrümdən keçən günlərin rəngli çalar­larını mənə göstərən, mənə xatırladan masanın üstünə düzdüyüm şəkillərinlə. Yaddaşım­da sıra­lanan xatirə­lərin­lə yaşayıram... İndi anlatmaq istədiklərim anlamsız oldu. Cavablarım anlamını itirdiyi yerdəyəm... İnsanın gücünün heç nəyə çatmadığı zamanlar olur, bunu o gün anladım, Sənsiz ol­du­ğumu anladığın gün anladım, Ceyhunum!

 

Biz valideynlər gecə-gündüz vuruşurduq Sizin üçün, Sizin xoşbəxtliyiniz üçün. Övlada olan məhəbətimiz sərhədsizdir bizim. Ancaq... Ancaq, övlad sarıdan gör nələr yaşayırıq biz. Nələr arzulayırdıq, nələr qismət oldu bizə. Nə qədər əziy­yətlər çəkdim, ağrılar yaşadım, ancaq Sənin yanımda olmamağın qədər bir ağrı, acı yaşamadım...

 

Deyirlər ki, hər şeyə, hər itirilən şeyə öyrənmək olur. Nəyə öyrənmək olur?!

 

– İtən əşya isə onu axtarıb taparsan və ya tapmasan yenisini alarsan onu əvəz edər. Adamın malı itər, pulu itər, deyərsən, başımın sadağası olsun. Bəs, əgər itən insansa, hələ bir öz canından olan əzizin isə?! Onu bir də tapmaq heç olarmı?! Eşitdiyin səsi, gördüyün üzü görə bilər­sənmi?! Bu neçə ildə alışdığın insanın əlini bir tuta bilərsənmi?! Deyirlər ki, bu elə itkidi ki, çətin tapılar, bir də çətin ki, əlini tuta bilərsən, bir də çətin ki, səsini eşidə bilərsən... Ananın da Balası itərmi, ölər­mi, yox olarmı?! Ana üçün belə də dərd olarmı? Belə də acı yanğı olarmı? Belə də zülm olarmı?

 

Oğlum, Sənin bu sonsuzluq şərbətinin dadından xəbərin varmı? Hər gün bu şərbəti içib qan qusduğumdan xəbərin varmı?  Sənsiz olmədim, ölə bilmədim. Səni torpağa verdim, yaşadım. Ürəyim sökülüb param­par­ça olub, ancaq yaşayıram. Bax hələ də yaşayıram...

 

Mən bu gün də Sənin acınla, dərdinlə yaşayı­ram. Oğlum, yaman çətindir Sənin kimi bir Oğulu tapmaq və yaman ağırdı tez bir zamanda da itirmək. Heç əlimdə, yanımda saxlaya bilmədim Səni. Səni biləmmədim, bildim tapammadım. Oğlum Səndən üzr istəyirəm. Əlbəttə, başa düşürəm buna görə çox gecik­mişəm. Mənim üzrüm çox gecikmiş bir üzrdür, ancaq yenə də üzr istəyirəm. Ancaq bilirəm ki, Sənin sinəmdə acdığın yara üzrlə bağlana bilinəcək bir yara deyil... Oğlum mənə nə desən, nə qədər hirslənsən, haqqındır.

 

Səndən yaman darıxmışam, Oğlum! Ətrin üçün darıxmışam, Ceyhunum! Səsin, sözün üçün darıxmışam, Oğlum! Yaman darıxmışam, Oğlum Səninçün! Qayğın üçün, şirin nəvazişin üşün, şərtsiz, təmənnasız yaxşılığın üçün yaman darıxmışam, Oğlum! O gündən hamımı­zın – ailəmizin – ürəyimiz ağrıyır, gözlə­ri­miz ağla­yır, addımlarımız hər gün asta-asta matəm sədası çıxarır. Sənsiz evimizin sanki ruhu uçub gedib, Ceyhunum! Bizim ailədə belə ağır səssizlik heç bir zaman olmamışdır. Dirliyimiz, birliyimiz də Ceyhunumla öldü... Parıldayan üzüyümün qaşı düşdü, itdi. Oğlum, ata-ana üçün övlad dərdindən ağır dərd yoxdur, ola da bilməz. Yaşamayan bu acının necə acı olduğunu bilə bilməz... İşığımız niyə söndü, Oğlum?!

 

Sənin Oğul dərdin göyərib indi, mənim Ana dərdim qarıyıb indi. Elə bilir­sən, Ceyhunum, yoxluğuna dözə bilirəm?! Elə bilirsən ki, hər dəfə bu qonaq otağına – Sənin otağına girən­də, bu şəkillərinə ba­xanda yanıb-yaxılmıram?! Həyat­dan nakam getmiş Ceyhunum gəlib gözlərim önündə durmur?! Gözüm gözündən, üzüm-üzündən utanır, Ceyhunum! Günlər keçir: dilindəki şirin sözlərin ürəyimdə cücərir, səsin qulaqla­rımdan asılıb, getmir, ayaq izlərin gözlərimdə qalır...

 

Özüm də bilmirəm günlərim necə keçir Ceyhunumsuz?!

 

Gündüzlər bir-birinə həsrət qalıb ayrı vurur qəlbimiz, gecələr qaranlıq otaqda isə həsrətlə Səni gözləyirəm, gecələr röyalarda qovuşur əllərimiz...  Oğlum, bu gün yuxuma gəldin. Səni görüb necə sevindiyimi sözlə deyə bilmirəm. Çox səli­qəli, tərtəmiz geyimdə idin, hərbi formada. Mən ayaqlarına yıxılıb ayaqqabıla­rın­dan öpməyə başladım. Şalvarın elə ütülü idi ki, əllərimlə tumarladım. Ayaqdan-başa­can Səni yaladım. Əllərini, barmaqlarını yaladım, dırnaqlarından belə öpdüm. Səni duz kimi yaladım, öpdüm, öpə bildiyim qədər. Mən Səni öpdükcə Sən:

 

– Anacan, belə eləmə! Anacan, belə eləmə. Döz bir az! – deyirdin.

Mən heç imkan vermədim ki, Sən də məni öpəsən.

Oğlum, bilirsənmi, hələ də ürəyinin döyündüyünə inanıram. Yuxuda da hiss elədim bunu...

 

Və birdən ayıldım. Sənin sifətin gözlərimdən yoxa çıxdı. Ayıldım və ağlaya bildiyim qədər ağladım...

 

Öz Rəbbinə çat­an Tanrı qədər sevdiyim, bəlkə də deyə bilmirəm, Tanrıdan çox sevdiyim Oğlum, mən Sənə ta­pındım, Sən isə Allahına, Sən Allahına getdin. Sən bu dünyaya sığa bilmədin... Bu dünyaya sığa bilmədin, ancaq Səni bir tabuta, kiçik bir məzara sığış­dırdılar. Səni bir qarış torpağa sığdırdılar. Sənin məzarın aylı, ulduzlu, günəşli səmadır. Bu hamıya qismət olmur, Ceyhunum! Bilirsənmi, Ceyhunum! Mənə deyirlər ki, Günəş Oğlum deyirsən. Əgər sən günəşin batmasına yas saxlayıb göz yaşları axıtsan, göydə alışan saysız-hesabsız ulduzları görməzsən. Ceyhunun göydə ulduz kimi sayrışır...

 

Deyirəm 2 ildir paltar dəyişmirsən. Hər dəfə paltar geyinəndə, deyirdim, Allahım, paltar da insana elə bu qədər yaraşar. 2 ildir yarlı-yaraşıqlı paltarını kəfən əvəz edir, kəfənə bürünmüsən. Bu kəfən Səni darıxdırmırmı, Oğlum?! Bəs bu kəfəni Sənə necə biçdilər, necə yaraşdırdılar?

 

2 ildir qara, nəm torpaqda yanı üstə yat­maq­dan kürəyin yorulma­dımı?! 2 ildir ayaq üstə durduğun qara daşda ayaqların yorulmadımı?! 2 ildir əlində tut­duğun ali təhsil al­dığını bildirən sənəd-kağız əllərini yormadımı?! 2 ildir gözlərini qırpmadan məzar daşın­dan baxmaq göz­lərini yormadımı?! 2 ildir dinlədiyin Ananın Səni oyatmaq üçün çağırdığı laylası, bayatısı daş altında Səni oyada bil­mə­dimi?! Oğlum, 2 ildir Səni səsləyirəm, Səni çağırıram, Səni istəyirəm. Səni hər yerdə – həm göydə, həm də yerdə axtarıram, arayıram, səsim çatdıqca Səni haray­layıram. Yoxluğun üşüdür məni, Oğlum! Heç səsimə səs vermirsən. Oğlum, bu iki il müddətində mənim səsimə səs vermədin, suallarımı cavabsız qoydun, məslə­hə­tinə ehtiyacım olduğunu söylədim, dinmədin. Səssizlik, din­mə­məzlik Səni yorma­dı­mı, usandırmadımı, darıxdırmadımı, Oğlum?! Quşlar da səsimə səs verdi, səslən­dilər. Səndənsə səs çıxmadı. Səsimə dağ dindi, daş dindi, hətta sükut belə dindi, ancaq Sən dinmədin.

 

Bu  2 il ildə başıma qatmağa bir şey tapmadım – Səninlə yaşadım. Ürəyim dil açdı adınla: nə qədər hayqırıram, nə qədər layla çalıram, bayatı çağırıramsa yenə ünüm, əlim Sənə çatmır. Düşünürəm, görəsən, Balamın qarşısında Analıq borcumu yerinə yetirə bil­mə­diyim­dən­dir­mi, Sənin susmağın?! Bu 2 ildə ahım dağ­lara qalxdı, yandım, alovlandım, Xəzər belə ürəyimin yanğısını söndü­rə bilmədi, Sən gəlmədin! Torpaq oyandı, güllər açdı, Sən gəl­mədin. Uca-uca dağ­ların başın­dan duman çəkildi, Sən gəlmədin. İnamım gümana döndü, ancaq yenə də Sən gəlmədin...Sən gəlmirsən, mən isə burda Sənsizlikdən ölürəm.

 

Bir şey anladım: gedənlər deyil, geridə qalanlar ölürmüş...

 

Şəhid qəbrini qucaqladığım gündən hər gün iki dəfə görüşürük biz: üfüqdə –  səhər dan qızaranda, günəş təzə-təzə parlayanda, gün bir ağac boyu qalxmamış və günün qulağı əyiləndə. Əlimdən başqa da bir şey gəlmir...

 

Oğlum, mən bir Şəhid qəbrini qucaqladığım gündən Sənin dərdini qundaq kimi, bələk kimi ürəyimə bələdin, bəxti, muradı talan olan Ceyhunum! Şəhid qəbrini qucaqladığım gündən Sən mənim kirpiyimdən sallanan yaş oldun. Sənin məzarın torpaqda deyil də, sinəmdə qazıldı. Oğlum, Sən getsən də, ürəyimdə şək­lini çəkmişəm. Bax, sinəmdə o məzarın sakini ilə birlikdə yaşayıram. Sən ürə­yimi deşib sağalmayacaq yara toxumu əkmisən. Həmin o gündən Sənin üçün ağlayıram, sızlayıram, ancaq gülmürəm. Baxıram məzar daşına, düşünürəm. Allahın bu qara məzar daşı da Sənə baş əyir, Sənin ruhun qarşısında baş əyir, Ceyhunum!

 

Bu necə qürurlu duruşdur, Oğlum? Duruşun sinəmə sancılan oxdur, deyirəm. Bu necə solğun deyimmi, deməyimmi, təbəssümlü baxışdır, Oğlum, mənə baxır­san?! Deyirəm, görəsən, heç bu qara daş Sənin keçmiş gününü andıran şəklindən utanırmı? Utanırmı ki, belə Oğulun şəklini üstünə vurmağa fərman veriblər?! Əli necə gəldi Sənin şəklini daşa çəkməyə?! Mənim də Sənin bu şəklinə baxmaqdan gözlərimə qan damıb, Ceyhunum! Şəklinə baxdıqca gözlərim göynəyir, Oğlum! Oğlum, bir onu bil ki, ölənəcən bu səssiz-sakit, kiçik məzarına çəpər olaca­ğam!

 

Bu gün milli bayramlarımızdan olan “Qurban bayramı”dır. Ellər qurbanlar kəsir bayram edir, məclis qurur, şadyanalıq edir. Mən anan isə Şəhidlər Xiyaba­nında Sənin məzarın üstündə Səni səsləyirəm, Sənə laylay çalıram. Səni ağlayıram. Və düşünürəm... Mən əllərimi O Böyük Yaradan uzadıb iki ildir xəyal­lara gəlməyən, ağılın ağıl edə bilməyən, dilin səsləndirməyə gücü çatmayan qurban­la­rı­mın qəbul olması diləyini diləyirəm. Xəyaldırmı, xülyadırmı, həyata keçəcəkdirmi, onu Allahım mənə göstərəcək, ona Allahım rəvac verəcək. Deyirəm, Səni məndən alan Allah bəlkə qurbanlarımı qəbul eyləyə. Deyirəm, bəlkə Allah əlimdən aldığı Balamı yanına apardığı üçün peşiman ola, Səni mənə geri qaytara. Bir də deyirəm ki, torpaq özü ömür verər, torpağına qarışana. Bəlkə, bəlkə tarix yazdığın, canını verdiyin Torpaq Səni də canlandıra, can ver, ömür verə. Nə olar bu günü, bu möcü­zə­ni Allahım mənə yaşada, Oğlum! Onda Sənin ayaq açıb gəldiyin yerdən gələcə­yin məkana qədər olan yolu ilan kimi sürünərəm. Səni qarşılamağa gələn insanların ayaqlarını yalayaram. Mən özüm qurbanın olduğum Oğlum, gör onda necə xoşbəxt ana olaram! Onda mən dünyanın ən xoşbəxt, ən xoşbəxt anası olaram!!!

 

Gəl, bir Səni qucaqlayım. Heç danışmasan da, gəl. Gəl, bircə dəfə Səni qucaqlayım. Gəl, bircə dəfə ətrini duymaq qismətim olsun, Oğlum! Ümidləri ölən Oğlum, mənə ümid ol, gəl. Nə olar, gəl!

 

Biz bir ürəkdə həm oduyduq, həm suyuyduq. Bir ürəkdə ümidlərimiz, arzularımız bir idi. Gəl, yenidən bir olaq, birlikdə olaq, Ana-Bala qucaqlaşaq. Oğlum, Səndən çox darıxmışam. Gəlişinlə dünyamı sevindirər­sən, gəlişinlə dün­ya­ma günəş saçarsan, gəli­şin­lə... Gəl, gəlişın mənə inam olar, gəlişin mənə möcüzə olar. Hələ gec deyil, qayıt, gəl! Elə bilirdim ki, Sən də bu ayrılığa dözə bilmə­yə­cəksən və top-tüfəng atmadan, göylər ildırım çaxdırmadan mənim səsimlə bəslə­nən bu ayrılıq Səni ayıldacaq, bir gün Sən mənə gələcəksən, evimizə dönəcəksən. Sən bir gün çıxdığın zirvədən enəcəksən, gələcəksən. Amma, əfsuslar olsun ki... Bu dünyadan atam köçdü, anam köçdü geri gətirə bilmədim. Bilirsənmi, Ceyhu­num, bilsəydim ki, göz yaşlarımla Səni qaytara bilərəm, bu dünyanı suya qərq eləyərdim, Oğlum! Gələ bilsən də, gələ bilməsən də ömrümün axırına qədər Sənin həsrətinlə yaşaya­cağam. Bil ki, ürəyin ürəyimdə döyünür...

 

Bir də Şəhidlər ölmür, deyirlər. Oğlum, mən bu sözlərə inanmaq istəyirəm. Harda­sansa, gəl, gəl ki, mən də inanım Sən varsan, Sən yaşayırsam, Sən bu həyat­dasan, Sən yanım­dasan. Ceyhun bizimlə birlikdə bu həyatda addımlayır. Sən bizim qəlbimizdəsən.

 

Daha bir şey də anladım. Anladım və öyrəndim ki, bu həyatda ən çox üç şey yorar adamı: bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyin halda xəyal qurmaq. Dünya bir pəncərədir, hər baxan arxasında görmək istədiklərini görür, öz xəyallarını görür və nə görürsə odur...

 

Anacan, – deyib sevindirdiyin, uğurlarına qanadlandırdığın, şirin lətifələrinlə güldürdüyün Oğlum, hardasan?! Yaxşı-yaman, asan-çətin günlərimin dostu-sirdaşı hardasan? Dərdimin dəva­sı yox­dur. Dərdimə dəva, hardasan?! Ürəyimə şəfa olan Oğlum, hardasan? Bir vaxtlar mən Səni ürəyimə bənzətmişdim ki, mənim döyünən ürəyim ol və ürəyim kimi qal. Bəs Sənə nə oldu, Oğlum?! Bəs o ürək hardadır? Bəs o ürəkli ürəyim hardadır? Səni kim aldı məndən?! Hardasan, ey doğmam?! Hardasan, mənə doğ­mamdan yaxın mehriban təsəllim?! Ən dəyərli şirin canım Oğlum, hardasan? And yerim, güman yerim, Oğlum, hardasan? Qara saçımı ağar­dan, ağ günümü qara edən Ceyhunum, hardasan? Oğlum, göydə uçan quşlar da öz yuvasına dönür. Getdiyi yoldan isti yuvasına geri dönməyən Oğlum, hardasan?

 

Mən ətrafımda olan insanlrın üzünə baxmadan, dil qəfəsə qoymadan çağı­rıram Balamı : “Ceyhunum, hardasan?!”  Gəl, heç soruşmayım hardasan? Niyə? Nə üçün?

 

Mən təsəllim olan Sən adlı zamanda yaşayıram, Ceyhunum!

 

Kaş ki bir düymə ola, mən o düyməni basa biləm və ən başa dönə biləm... Kaş yanında olaydım. Səni aparmaq istəyənlərin qarşısında divar kimi duraydım, Səni qoruyaydım, Səni heç kimə verməyəydim. Kaş...

 

Ana ağlayır... Ana danışır... Ana yana-yana danışır, bir yumub beş tökür. Onu dövrələyən insanlar da əllərini qoynuna qoyaraq için-için ağlayırlar. Ananın yanında ağlamayan göz olmur. Hərdən də, bir-iki kəlmə yanıqlı sözlə öz ürək ağrı­larını büruzə verirlər.

 

– Can Bala!

– Dünyadan nakam gedən Oğul!

– Ürəyimizə dağ çəkən Ceyhun, bizi yana-yana qoyub gedən Ceyhun!

 

Bir şey də anladım. Bu dünyada insanlar sakitcə dinləyib, onlara qulaq yoldaşı olan məzar daşlarını özləri üçün qoyurlar: üstünüzə gəlib peşimanlıqlarını dilə gətirirlər, günahlarını etiraf edirlər. Sizə özlərinə təsəlli üçün narahat olma, yaxında mən də sənin yanına gələcəyəm deyirlər. Gün gələcək Oğul məzarının yanın­da Ana məzarı qazılacadır. Onda Ana məzarı Oğlunu məzarda isidəcəkdir, -  mən də deyirəm.

 

Bunun adı ayrılıqdırmı, sonsuzluğa bağlılıqdırmı, bilmirəm... Oğlum, Sən­dən ayrı yaşamaqdan bez­mişəm, yorul­mu­şam. Şəkillərinə bax­maq­dan gözlərim doy­mur. Səndən darıxı­ram... Deyirlər, igid bir dəfə ölər. Sən – İgid də bir dəfə öl­dün, mən isə hər gün ölürəm. İndi Sənin cavan dərdin saçlarıma sığal çəkərək dən salır, hər gün ömrümün illəri gödəlir və ölümə doğru gedirəm, Sənə gəlirəm. İndi Sənsiz hər gün ölürəm və Sənə gəlirəm. Mən Sənə qovuşmaq üçün məzarlığa – Sənə gəlirəm. Sənə qovuşmaq üçün Sənə gəlirəm. Sənə gəlirəm... Qarşımdakı yollar bağlansa da, göz yaşlarımla o yolları açıram. Sənə gələn yola düzəlib, Sənə gəlirəm. Sənə qovuşmaq üçün yeddi uca dağ aşmağa mənim ömrüm çatar, Oğlum! Ayı, ili qatara düzüb Sənə gəlirəm. Vüsal üçün yanan, darıxan ürəyimlə Sənə gəli­rəm... Mən ölümə doğru gedirəm, Sənə gəlirəm... Bu yol harda qurtaracaq, bilmirəm...

 

Qalsın görüşümüz əbədiyyətə, Oğlum!

 

Ceyhunum, anlayırdın ki, xalqımız, dövlətimiz Sənə – Sizə böyük ümid bəsləyirdi. Siz bu ümidi qıra bilməzdiniz. Sizim buna qətiyyən haqqınız yox idi. “Qorxmaq” sözü bəlkə də heç ağlına gəlmədi. Axı qorxsaydın, oralara kimi gedib çıxa bilməzdin, Oğlum! İrəli yeridin, öz ayağınla düşmən üstünə yeridin və haq­sızlığa qalib gəldin. Sən mərdlik göstərdin, ölümü qorxmadan qarşıladın, ölümə hazır olan Oğlum! Dünyadan kam alma­mış, atıldın güllə qabağına. Özün bilə-bilə, gözün görə-görə, qulağın eşidə-eşidə ölümü əfsanəvi dözümünlə, təbəssümünlə qarşıladın, Ceyhunum! Sən böyük məharətlə vuruşdun, qələbəni, zəfəri qazan­dın. Sən qələbə günü­nə də gəlib çatdın, qələbəni də bizimlə birgə qarşıladın və ... Azadlığı sevməyən insan yoxdur, lakin ədalətli adam onu hamı üçün, ədalətsiz adam isə yalnız özü üçün tələb edir. Sən isə azadlığı xalqımız üçün istədin və nail oldun. Heç həyatda qalmağı düşünmədinmi, ay özünü düşünməyən düşüncəli Oğlum?! Sən ölümü qarşıladın, Ceyhunum! Haqlı olaraq, haqlı işə haqla cavab verdin. Ölümü ilə əbədiyyətə qovuşan, ölümü ilə ölümə qalib gələn, ölümü ilə ölümsüz olan Ceyhunum!

 

Oğlum, Sən mənə sevinməyi, gülməyi, xoşbəxtliyi, ümidi unutdurdun. İndi Sən mənə unutmağı öyrət, həm də anlat. Anlat ki, anlaya bilim Səni unutmağı və anlat ki, necə unuda bilərəm Səni?! Heç Səni unuda bilərəmmi, anlat mənə, ay ağıllı Ceyhunum?! Anlat, necə öyrənim Sənin yoxluğuna, Oğlum?! Bir də deyirəm, ürə­yimin məlhəmi Ceyhunum, bil ki, Sən məndə mənimlə yaşayırsan. Necə unu­dum Səni?! Ürəyim­dəki boşluğu dolduran daşan selim, mənim dərdim, Ceyhunu­mu necə unudum?! Ceyhunum, bu saat Səni xəbər alan olsa, ürəyim hardadır, Sən ordasan, ürəyimin mərkəz nöqtəsində. Biz ikiyə bölünməzik: Sən məndəsən, mən də səndə. Ceyhunum Sən mənim göz yaşlarımdasan. Ceyhunum, harda uca və ulu dağlar var, ucadan-uca çinarlar var, Sən ordasan, ürəyin də orda­dır. Oğlum, Sən əlimiz çat­ma­yan uca üfüqlərə ucalan səmalardasan. Oğlum, Sənin ünvanın əbədiy­yən ucalan, yüksələn üçrəngli bayrağı­mızdadır. Bu dünyada doğulur insan, böyü­yür insan, qüdrətlənir insan, şöhrətlənir, ucalır insan. Bax Sənin kimi. Ucalanda da gərək belə ucalasan  – əbədi yaşayasan!

 

Adın, İgidliyin, Ömrün ömürlərə örmək oldu, Ceyhunum!

Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur.

 

Ölümü ilə əbədiyyətə qovuşan, ölümü ilə ölümə qalib gələn, ölümü ilə ölüm­süz olan Ceyhunum! Allah Səni zamanla bərabər yaşatmaq üçün mənim əlimdən aldı, apardı...

 

Ər Oğlum, canından keçdin, ruhundan, qanından keçdin Şəhidlik zirvəsinə yüksəldin. Sən zamandan da yuxarı zirvəyə ucaldın, mənim İgid Oğlum! Bu ölümlü dünyada həyatını itirdin, həyatda həyat qədər qalacaq heyrət qalası, qeyrət qalası bir ölməzlik qalası yaratdın, bir ölməzlik tapdın. Yurd yerində sönən, ürə­yimdə və əbədiy­yətdə əbədiyyən yanan, xalqın yaddaşına dönən, mənim Oğlum!

 

Başdan-başa sınaq, qan olan tarixdə sınaqdan üzüağ çıxdın və tarix yazdın. Sən böyük tarix yazdığın kimi Özün də tarix oldun, Ceyhunum! Zaman var olduq­ca Səni unutmayacaq yazdığın tarix! Yaşadığın, yazdığın qanlı tarix tarixlərə ötü­rəcək Səni! Millətimiz uludur, çox insanlar qalmasa da, ancaq Sən haqlı ölümünlə tarixdə qalacaqsan. Bu gün üçün tarix olan Oğlum, tarix dastanı yazan Oğlum sa­bah üçün tarixdə əbədisən, əbədiyyən yaşayacaqsan. Zirvələrdə yaşayan Oğlum, yaşın tarixin yaşıyla ölçüləcək, Ceyhunum!

 

Tarix-tarix əbədiyyən yaşayacaqsan, Böyük İnsan, Ceyhunum!

Azərbaycan tarixi əbədi yaddaşına həkk etdi Səni, Ceyhunum!

Sənin haqqın ödənilməz, fədai Oğlum, mübariz Oğlum!

 

Allah amanında ol, əziz Balam!

Ana ağlayır... Ana danışır...

Ceyhunun  məzarı susur... Ceyhun məzarında susur... Sən susursan, zaman susmur. Sənin ananın fəryadı susmur, Ceyhun!

Xeyir, Ceyhun danışır! Sükutun mənalı dili ilə danışır, həyəcanla danışır.

Sükut da ölümü içində boğur...

Sözün bitdiyi yerdi. Söz bitdisə, qələmin günahı yoxdur. Qələmim yazmır daha...

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili