"Azərbaycan qoşunlarını Xankəndinə yeritməlidir"

16:41 02-09-2022 | icon 538 | Siyasət
"Azərbaycan qoşunlarını Xankəndinə yeritməlidir"

Sərdar Cəlaloğlu: "Əgər sülhməramlıların nəzarəti altında belə kampaniya keçirilərsə..."

 

Məlum olduğu kimi, regionun  geosiyasi, strateji, iqtisadi mənzərəsi gərginliyi ilə müşahidə olunan mühüm hadisələrə şahidlik edir. Region nəyə şahidlik edir və Azərbaycan ona qarşı dayanan təsirlərə, bəhanələrə qarşı necə dayanır?

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu müsahibəsində maraqlı məqamlara toxunub.

 

- Beynəlxalq güclərin Cənubi Qafqazda  maraqlarını təmin etmək cəhdləri özünü nədə göstərir?

 

 – Azərbaycan-Ermənistan münasibətlərinə dünyada gedən proseslərin kontekstindən kənarda baxsaq, hadisələrin mahiyyətinə düzgün qiymət verə bilmərik. Asiyada, Avropada, Cənubi Qafqazda müəyyən bir gərginlik var. Son vaxtlar İsrail-İran, İran-Azərbaycan arasında  söz səviyyəsində atışmalar gedir. Eləcə də Tayvan ətrafında ciddi gərginlik var. Hindistan, Yaponiya, Amerika və Çin arasında da bu gərginlik yaşanır. Avropada Ukrayna ilə Rusiya arasında aktiv müharibə gedir. Bir çox bölgələrdə gərginliklərin meydana çıxmasını  indidən proqnozlaşdıra bilərik. Bütün bunların hamısının yeganə səbəbi dünyada qlobal iqtisadi böhranın davam etməsi, qlobal siyasi böhranın yetişməsinin əlamətidir.

Dünyanı uzun müddət sabitlikdə saxlayan dünya nizami II Cahan savaşının nəticələri əsasında müəyyən olunmuşdu. İkiqütblü dünya formalaşmışdı, SSRİ sosializm cəbhəsinin avanqard bir tərəfi kimi bir qütbü təşkil edirdi. Amerika kapitalist dünyasının avanqardı kimi digər qütbü təşkil edirdi. O cümlədən Varşava müqaviləsi bağlanmışdı, NATO yaradılmışdı. Yəni dünyada bir tarazlıq yaranmışdı. İri dövlətlər özləri də bu və ya digər şəkildə hansısa qütblərdən birinin yanında idi.

İkinci Dünya müharibəsindən sonra keçən 50 il ərzində iqtisadi, siyasi münasibətlər, xalqların demoqrafik dəyişmələri, mədəni inkişafı elə bir  səviyyəyə gəlib çıxdı ki, artıq dünya II Cahan Savaşının müəyyən etdiyi nizamla həll olunmadı. Ən vacib məqamlardan biri SSRİ-nin dağılması ilə sosializmi əhatə edən regionun bütünlüklə məhv olması və iki qütbdən birinin yox olması idi. ABŞ məcburən təkqütblü dünyanı idarə etməyə başladı.

Amerikanın resursları bütün dünyaya nəzarət etməyə imkan vermirdi. Əvvəllər dünyanın yarısına SSRİ, yarısına ABŞ  nəzarət edirdisə, SSRİ yox olandan sonra, ABŞ ikiqat yükləndi.  Birqütblü dünya kimi dünyanın nizamını təmin edə bilmədi. Beynəlxalq hüquqa zidd olaraq dövlətlər bir-birlərinin ərazilərini işğal etməyə başladılar, terror, daxili işlərə müdaxilə, qlobal cinayət inkişaf etdi. İqtisadi məkanın genişlənməsi nəticəsində qlobal iqtisadi böhran meydana çıxdı və sair. Bütün bunlar dünyada yeni bir nizamın yaradılması zərurətini meydana çıxardı.

Baş verən hadisələr yeni dünya nizamının yaradılması və qütblərin müəyyən edilməsində mübarizədir. Rusiya birmənalı şəkildə iddia edir ki, dünyada bir qütb – Rusiya olmalıdır; Türkiyə  bütün davranışları ilə özünün yeni dünya nizamında müstəqil bir qütb olması mesajlarını verir. Rusiya Ukraynaya hücum etməklə, keçmiş SSRİ respublikalarına hədə-qorxu gəlməklə  mesajını verir. Avropa ölkələri də Avropa Birliyi şəklində  bir qütb yaratmaq iddiasındadır. Bu prosesdə Çin də var ki, əhalisinin sayına, ərazisinə görə hegemon dövlət sayılır. Çinin xarici siyasətində başqa ölkələr kimi, digər ölkələrin daxili işlərinə qarışmaq, intervensiya etmək, daxili ideologiyasını yaymaq məqsədi yoxdur. Əksinə, Çinin imperiyalar dövründən bu günə qədər fəlsəfəsi ondan ibarətdir ki, dünyada elə bir mədəniyyət, elə siyasi, iqtisadi yüksəliş ortaya qoymalıdırlar ki, bütün dünya gəlib qapısında ona möhtac olsun. Məsələn, Rusiya özü məhv olub, dilənçi günündədir, mədəni səviyyəsi aşağıdır, amma dünyaya ağalıq iddiasındadır.  Belə bir vəziyyətdə müxtəlif bölgələrdə potensial qütblər arasında mübarizə gedir. Bunun biri də Cənubi Qafqazla bağlıdır. Əgər dünya xəritəsinə baxsaq, Cənubi Qafqaz Asiya ilə Avropanın arasında, eləcə də Şimalla Cənub arasında yeganə əlverişli yoldur. Bu baxımdan, Cənubi Qafqaz tarixən  imperiyalar, sərkərdələr üçün önəmli əhəmiyyət kəsb edib.  Azərbaycan-Ermənistan məsələsinə də bu kontekstdən baxmalıyıq. Məsələn, Türkiyə Azərbaycanla bir yerdədir və Cənubi Qafqaza Azərbaycan vasitəsilə gələcək dünya qütbü kimi öz təsir dairəsini yaratmaq istəyir. Ermənistan məsələsində Rusiya ilə Amerika rəqabət aparır. Ermənistan Amerika ilə Rusiya arasında vargəl edir. Zatən Gürcüstan birmənalı şəkildə Avropa Birliyinin təsir dairəsindədir. Belə bir vəziyyətdə Ermənistanın maraqları baxımından istiqamətində ABŞ, Rusiya zaman-zaman beynəlxalq hüquqa zidd olaraq Ermənistanın mövqeyini müdafiə edirlər. ABŞ səfirinin Şuşaya getməməsinin səbəbi də Ermənistanı öz təsir dairəsinə almaqla bağlıdır. ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqazda özünə müəyyən mənada plasdarm yaratmaq məqsədi güdür. Burada da Rusiya İranla rəqabət vəziyyətindədir. Baxın, İranın Zəngəzur dəhlizi ilə bağlı verdiyi bəyanat, Ermənistanla “qardaşlıq” bəyanatları ermənilərə məhəbbətdən doğmur. İran da Cənubi Qafqazda özünə müəyyən bir əlyeri qoymaq istəyir. Rusiya da bunu görür. Ona görə də Rusiya son vaxtlar Ermənistanla İran sərhədini gücləndirdi. Orada hərbi bazalar tikdi, postlar qoydu.  Amerika isə hələlik Ermənistanla, İranla bağlı lazım olan ciddi bir iş görə bilmir. 

Amerikanın ən böyük səfirliklərindən biri Ermənistandadır. Ermənistan ərazisinin, əhalisinin sayına, iqtisadi imkanlarına, geosiyasi durumuna  görə Azərbaycandan 3 dəfə kiçikdir. Sual olunur: Amerika Azərbaycanda geosiyasi, geoiqtisadi maraqları ola-ola niyə Ermənistanı müdafiə edir?! Amerika bilir ki, Azərbaycan heç vaxt Türkiyədən ayrılmayacaq, ona görə də Cənubi Qafqazda özünün iştirakını təmin etmək üçün ona bir müttəfiq lazımdır. Nə yazıqlar olsun ki, Ermənistan da bu müttəfiq rolunda çıxış edir. Paşinyanın apardığı siyasət də bununla bağlıdır. Faktiki olaraq Ermənistanın daxilində gedən iqtidar-müxalifət münasibətləri Rusiya–Amerika arasında Ermənistanı ələ keçirmək uğrunda aparılan mübarizənin bir şəklidir.

 

- Böyük güclərin Qafqaz uğrunda gedən mübarizəsinə baxmayaraq, Azərbaycanın daha çox üstünlüyü qazanması nə ilə bağlıdır?

 

- Bizim regionda üstünlük qazanmağımız dolayısı ilə Türkiyənin burada üstünlük qazanması deməkdir. Yeri gəldikdə  Avropanı, Amerikanı da Türkiyədən asılı vəziyyətə salır. Bu layihələrin işlənməsində Avropa, Amerika nə qədər maraql olsa da, siyasi nəticələrin yüksək olmasında maraqlı deyillər.  Zəngəzur,  Şuşa, Azərbaycanın suverenliyi məsələsi siyasi məsələ olduğuna görə, Amerika Ermənistanın yanındadır. ABŞ iqtisadi, geosiyasi məsələlərdə Azərbaycanın yanındadır. İndi Azərbaycan Türkiyədən imtina edib Amerikanın dostluğunu qəbul etsəydi, zatən bu mümkün də deyil, onda Ermənistan Amerikanı maraqlandırmazdı. Rusiya və Amerikanın Ermənistan üzərində apardığı oyunlar erməni xalqının, erməni dövlətinin taleyinə mənfi təsir edir. ABŞ səfirinin Şuşaya getməməsi ermənilər üçün xoşniyyətli jest hesab oluna bilər. Bir tərəfdən də səfir deyir ki, Azərbaycanın müstəqilliyinin və suverenliyinin müdafiə olunmasında Amerikadan güclü müttəfiqi yoxdur. Belədirsə, Şuşa Azərbaycanın suverenliyinə qaytarılıb. Gərək hamıdan qabaq Amerika səfiri ora gedəydi. Erməni lobbisini narahat etməmək, eləcə də Ermənistanı Rusiyanın təsirindən qurtarmaq üçün ermənilərin  xoşuna gələn addım atıb. Bunun heç bir siyasi nəticəsi yoxdur,narahat olmağa dəyməz. Ermənistanda isə Amerikanın tərəfdarları Rusiyanın əlini  zəiflədib, Amerikanı gücləndirmək üçün belə bir arqumentdən istifadə edirlər ki, baxın, Rusiya Şuşaya getdi, deməli, satılıb Azərbaycana. Amerika getmədi,  demək, Ermənistanın dostu odur. Ona görə də orada anti-Rusiya çıxışları güclənib. Putini, Rusiyanı təhqir edir, əvəzində Amerikanı  birtərəfli qaydada təbliğ edib dəstəkləyirlər. Oyunun mahiyyəti bundan ibarətdir.

 

– “Laçın dəhlizi” yeni Laçın yolu ilə əvəzləndi. Bunu necə təhlil edərdiniz?

 

– Yolun statusu ilə dəhlizin statusu fərqlidir. Yol – Azərbaycan dövlətinin ərazisidir, yəni Xankəndi Qarabağ İqtisadi Zonasının nəzarətinə qayıdana qədər, sülhməramlı qüvvələr həmin əraziləri tərk edənə qədər, müəyyən mənada orada yaşayan ermənilərin məsələsinin həlli başa çatanadək üçtərəfli bəyanata əsasən ruslar orada duracaqlar. Həmin yola Azərbaycan tam nəzarət edəcəkdir. Burada bizim udduğumuz nədir: əvvəlcə Ermənistanla bizim Laçın sərhədinə qədər haradasa 2-3 km qədər açıq sərhədimiz var idi. Ermənilər oradan istədikləri kimi keçə bilirdi. Bu gün o sərhəd bağlanıb. Yalnız həmin yol qədər olan məsafədə Ermənistanla sərhədimiz açıqdır. Laçın dəhlizində Azərbaycanın iştirakı yox idi. Yolda isə Azərbaycanın  həm gömrük xidməti, həm də sərhəd xidməti təşkil olunacaq. Yolda həm də Rusiya sülhməramlıları dayanır. Bu isə Azərbaycan sərhədlərinin Azərbaycan dövləti tərəfindən nəzarətə götürülməsi deməkdir. Laçında 49 kvadrat-kilometr torpaq sahəmiz bizim əlimizdə deyildi. Bu da bizə qayıtdı. Orada yüzlərlə kənd, təbii ehtiyatlar, turizm üçün əlverişli şərait var. Laçının Azərbaycanın yurisdikasiyasına keçməsi ilə Xankəndi, demək olar ki, dörd tərəfdən Azərbaycanın nəzarəti ilə əhatə olunmuş şəkildədir. Azərbaycan Ordusu Xankəndi ətrafında bütün hərbi üstünlükləri nəzarətə götürüb. Həmin ərazilərdə erməni postları yoxdur. Xankəndində Ermənistan qoşunları, eləcə də dırnaqarası Artsax qoşunları yoxdur, ağır texnika yoxdur, ancaq yüngül silahlardır. Silahların da yığışdırılması ilə bağlı Azərbaycan konkret şərtlər qoymalıdır. Qısa müddərtə Xankəndinin Azərbaycanın suverenliyinə qaytarılması gündəmə gəlməlidir.  Laçının Azərbaycanın nəzarətinə qayıtması ilə faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan-Rusiya tərəfindən işğalı başa çatmışdır. İndi Azərbaycanın separatizmlə bağlı problemi qalır. Bütün danışıqlar Xankəndinin Azərbaycanın suverenliyinə qaytarılması istiqamətində aparılmalıdır. Bizim indiki vəzifəmiz bundan ibarət olmalıdır.

 

– Ermənilər sentyabrın 2-də qondarma “Artsaxın 100 illiyini” qeyd etmək üçün Xankəndidə – Azadlıq meydanına toplaşmaq barədə bəyanatlar verirlər...

 

- Əgər həmin tarixdə ermənilər Xankəndidə “Artsax”la bağlı hər hansı addım atacaqsa, Azərbaycan qoşunları Xankəndinə girməlidir. Üçtərəfli bəyanatdan sonra Putin elan etdi ki, əsas vəzifəmiz Xankəndini Azərbaycanın suverenliyinə qaytarmaqdır. “Artsaxın 100 illiyi” məsələsi Azərbaycanın suverenliyi əleyhinə yönəlmiş bir kampaniyadır. Əgər sülhməramlıların nəzarəti altında belə kampaniya keçirilərsə, Azərbaycan qoşunlarını Xankəndinə yeritməlidir. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür