Putindən Ermənistan müxalifətinə və Qarabağ separatçılarına PAS
Elxan Şahinoğlu: “Kremlin bu siyasətindən qurtuluş yoxdur”
Rusiyanın siyasətində dəyişən heç nə yoxdur, xoşu gəlməyən qonşusunu cəzalandırmaq istəyəndə ya boru xəttində “təmir” adıyla neftin nəqlini dayandırır, necə ki, Qazaxıstanı bu yolla cəzalandırmaq qərarını verdi, ya da sərhədi qapadır ki, Azərbaycanın kənd təssərrüaftı məhsulları Rusiya bazarına daşına bilməsin.
Bunu Versus.az-a siyasi şərhçi Elxan Şahinoğlu Kremlin sərhəddə məhsullarımızı növbəyə düzmə səbəbi ilə bağlı açıqlamasında bildirib.
“Ermənistanı anladıq, İrəvan Qərbə yaxınlaşmağa can atır, Kreml bundan narazıdır və baş nazir Nikol Paşinyanı yıxıb sürüməyə çalışırlar. Rəsmi Bakı hansı tərs işi gördü ki, Kreml sərhəddə məhsullarımızı uzun kilometrlərlə növbəyə düzüb?
Rusiyanın dövlət televiziya kanalları və qəzetləri Kremlin təlimatıyla Qarabağ separatçılarına dəstək ifadə etməyə başladılar, Bakı bunun cavabını verdi, Azərbaycanın televiziya kanalları Rusiyanın Ukraynaya işğalını geniş şəkildə işıqlandırmağa başladılar, Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi. Görünür, Kreml sərhəddə çətinlik yaratmaqla növbəti gedişini edib. Kremlin bu siyasətindən qurtuluş yoxdur, başımızın çarəsini qılmalıyıq, Rusiya bazarından asılılığımızı azaltmalıyıq, çətindir, ancaq başqa alternativimiz yoxdur”.
E.Şahinoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin son çıxışında futbol termini ilə desək Ermənistan müxalifətinə və Qarabağ separatçılarına pas atıb ki, onlar topu alıb baş nazir Nikol Paşinyanın qapısına qol vursunlar:
“Ancaq hər ikisinin Paşinyana müqavimət göstərmək üçün taqəti qalmayıb. Ermənistan müxalifəti Putinin müraciətinin erməni xalqına ünvanladığını anlayıb, bu gün verdikləri açıqlamalar da bundan xəbər verir, ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq gücləri yoxdur, çünki erməni cəmiyyətinin susqun çoxluğu da Paşinyan kimi Qarabağ yükündən qurtulmaq istəyir. Paşinyanın Kremlə dirsək göstərməsinin nəticəsidir ki, Putinin ideologiyasını bölüşən Simonyanı, Miqranyanı və Zatulini Ermənistana girişinə qadağa qoyub, başqa sözlə Paşinyan topu Putinin qapısına vurub”.
LƏMAN
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"