Azərbaycan-Əlcəzair münasibətlərində yeni MƏRHƏLƏ

10:46 01-11-2022 | icon 661 | Gündəm
Azərbaycan-Əlcəzair münasibətlərində yeni MƏRHƏLƏ

Noyabrın 1-2-də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edəcək. Sonuncu dəfə liqanın sammiti bu ölkədə 2005-ci il martın 22-23-də keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub.

 

Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa, yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən islam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.

 

Məlumat üçün bildirək ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü) və neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır.

 

Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir.

 

1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. İnqilaba başçılıq edən Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair Respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi.

 

Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.

 

Qeyd edək ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

 

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub.

 

Diplomatik nümayəndəliklərin fəaliyyəti barədə onu deyə bilərik ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014-cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.

 

Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq, deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

 

Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadənin rəhbərliyi ilə Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

 

Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr barədə onu deyə bilərik ki, Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən beş Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1 373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1 363,7 min dollar, ixracın həcmi isə 9,5 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 1 354,2 min dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları, o cümlədən idxalın həcmi 845,94 min dollar, ixracın həcmi 19,81 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 826,13 min ABŞ dolları olub.

 

Onu da qeyd edək ki, iki ölkə arasında bu vaxtadək beş sənəd imzalanıb, yeddi sənədə baxılmaqdadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...