Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe
Xəbər verildiyi kimi, noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub.
Ölkə başçısı çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib və Brüssel görüşündən imtinası ilə bağlı məsələləri önə çəkib.
Brüssel görüşündən imtina danışıqları hansı yönə istiqamətləndirəcək, bu Brüssel formatının iflası deməkdirmi, yoxsa başqa axının yaranmasıdır. Bu imtina hansı mesajları vermiş oldu?
Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Paşinyan 2019-cu ildə "Qarabağ Ermənistandır, nöqtə" deməklə, İrəvanın əsl niyyətini ifadə edib danışıqların əslində mənasız olduğunu, Ermənistanın işğal etdiyi torpaqlardan könüllü formada heç vaxt çıxmayacağını bəyan etmiş oldu.
“Prezident İlham Əliyev məhz həmin Paşinyanı diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur etdi. O zaman Paşinyanı cürətləndirən güclərin heç biri Ermənistanı biabırçı və şərəfsiz məğlubiyyətdən xilas edə bilmədi. Müharibədən sonra ilk dövrlər, Azərbaycanın Dəmir Yumruğunun xofu ilə Paşinyan öhdəliklərini icra edərək Ağdam, Laçın və Kəlbəcəri sakitcə təhvil versə də, sonradan yenidən Fransa, İran kimi dövlətlərin, o cümlədən, Rusiya Müdafiə Nazirliyində bəzi özfəaliyyət qruplarından aldıqları dəstək hesabına yenidən radikallaşmağa başladı”.
Deputat bildirib ki, bu ilin dekabrın 7-də planlaşdırılan görüş üçün yalnız Fransa prezidenti Emmanuel Makronla birgə iştirak edə biləcəyi şərtini qoyması, əslində Paşinyanın 2019-cu ilin yayındakı təcavüzkar ritorikasının davamıdır.
“Ermənistan baş naziri bu şərti qoymaqla faktiki olaraq danışıqları bloklamış olur. Çünki hər kəsə, o cümlədən də Paşinyana aydındır ki, Makron və Fransa 30 illik münaqişə və iki illik postmünaqişə dövründə birmənalı olaraq Ermənistanın mənafelərindən çıxış edib. Buna baxmayaraq, Azərbaycan Prezidenti bir neçə dəfə Makronun danışıqlarda iştirakına imkan yaradıb, amma Praqa görüşündən sonra Makronun prezident leksikonu və dövlət başçısı ləyaqətinə sığışmayan mövqe nümayişi, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təcavüz nitqi Fransa liderinin gələcək görüşlərdə iştirak perspektivini mümkünsüz edir. Paşinyan yaxşı anlayır ki, Fransa Senatının qəbul etdiyi, Fransa Milli Assambleyasının isə qəbul etməsi gözlənilən, siyasi iyrənclik ehtiva edən anti-Azərbaycan qətnaməsi, habelə Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdindən sonra Paris artıq sülh danışıqlarında hər hansı formada vasitəçilik və iştirak edə bilməz. Ona görə də Ermənistan tərəfindən məhz danışıqları bloklamaq, yenidən gərginlik yaradıb "məzlum" erməniləri xilas etmək üçün Fransa və İranın dəstəyi ilə qlobal müstəvidə anti-Azərbaycan ritorikası formalaşdırmaq, hətta müharibəni yenidən başlamaq kimi təhlükəli və riyakar tendensiyalar müşahidə edilir”.
B.Məhərrəmov hesab edir ki, baş verənlər fonunda Brüssel prosesinin iflasa uğramasını söyləmək olmaz. Onun fikrincə, Makron heç vaxt Brüssel prosesinin tərkib hissəsi olmayıb, prosesdə bir neçə dəfə yalnız Azərbaycan rəhbərinin xoş niyyət ifadəsi kimi iştirak edib.
“Bu mənada hansısa bir, iki görüşün baş tutmaması səmərəli hesab edə biləcəyimiz platformanı dağıda bilməz. Dağıtsa, bu artıq İrəvan üçün son deməkdir. Çünki, bölgədə yeni bir gərginlik 104 illik erməni dövlətçiliyinin sonu olacaq və heç bir qüvvə, heç bir təşkilat Azərbaycanın növbəti mütləq qələbəsinə, eləcə də daha əvvəlki dövrləri əhatə edən tarixi ədalətin bərpasına mane ola bilməz. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında istənilən təhdidə qarşı birlik, bərabərlik nümayiş etdirərək bir yumruq olaraq maraq və mənafelərimizi qorumağa hazırdır. Bütövlükdə Cənubi Qafqazda əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan və qoyulacaq bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Cənab Prezidentin Şuşadan da bəyan etdiyi kimi, erməni xalqı başa düşməlidir ki, onlar istifadə olunurlar və heç kim güclü Azərbaycan Ordusu ilə onların əvəzində döyüşməyəcək. Ermənilərin öz döyüşçülərinin güc və imkanlarına isə minlərlə fərari fonunda 44 günlük savaşda hər kəs şahid oldu”.
Politoloq Turan Rzayev açıqlamasında Prezidentin çıxışına istinadla bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilməsini xahiş edib. Bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Prezident isə bu cür “şərtli” görüşdən imtina edib.
Politoloqun sözlərinə görə, görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, Fransa prezidentinin görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirib.
“Buna baxmayaraq ölkə başçısı açıq şəkildə bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik.
Ümumiyyətlə, Praqada baş tutan dördlü görüşün ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatıldığını göstərir. Prezident isə “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağının mesajını bir daha təkrarlamış oldu”.
Politoloq hesab edir ki, Azərbaycan tərəfi Brüssel formatından narazı deyil, əksinə bu istiqamətdə Prezidentin müsbət çıxışları da olmuşdu. Prezident Fransanın danışıqlarda vasitəçi tərəfdar kimi iştirakından razı deyil. Bunun da subyektiv tərəfləri var. Fransa prezidentinin və Fransa senatının son zamanlar Azərbaycan əleyhinə qəbul etdiyi qərarlar və antiazərbaycan siyasəti rəsmi Bakının ciddi naratahtılığına səbəb olur. Ermənistanın tərəfini tutmaq ayrı bir məsələdir, Azərbaycana qarşı açıq siyasət yüritmək tamama başqa bir məslədir Azərbaycan Fransanın iştirak etdiyi görüşdə iştirak etməməlidir. Fransa indiki məqamda danışıqlar prosesinin bir parçası olmamalıdır. Və prezidentin verdiyi mesaj bundan ibarətdir. Keçmiş ATƏT-in 27 ildə danışıqlarda əldə edə bilmədiyini brüsseldə əldə etmişik.
Faktiki Ermənistan öhtəliklər götürüb və Azərbaycan həmin öhtəliklərin icra olunmasını Ermənistanın yadına salır. Bizim indiki zamanda Brüssel formatından imtina etməmiz ağıllı yanaşma olmaz. Fransa prezidenti danışıqlarında iştirak etməsə, mövcud formatda biz danşıqlarda iştirakj edə bilərik.
ALDP sədri Fuad Əliyev bildirib ki, Prezidentin Brüssel görüşündən imtinası təqdirəlayiq addımdır.
“Bundan qabaq Brüsseldə üçtərəfli görüşlər baş tutmuşdu. Son görüşdə, Praqada birdən-birə Fransa peyda olundu, üçlük dördlük oldu. Adama deyərlər, Ay arvad, sən nə yuyulmamış çömçə kimi düşmüsən ortalığa.
Hesab edirəm ki, İlham Əliyev açıq və düzgün mövqeyini bildirərək görüşdən imtina etdi. Moskva, Vaşington və Brüssel formatı var. Biz bu formatlarda işimizi davam etməliyik”.
YAP idarə heyətinin üzvü, politoloq Asif Əsgərli açıqlamasında bildirib ki, Prezidentin Brüssel görüşündən imtina ilə bağlı verdiyi mesaj, heç də Azərbaycanın Qərblə, Avropa İttifaqı ilə danışıqlardan imtinası anlamına gəlmir.
“Cənab Prezident çox aydın şəkildə bildirdi ki, digər vasitəçi kimi Fransanın danışıqlarda iştirakını istəmir. Bilirik ki, Ermənistan rəhbərliyi bundan əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Fransa Prezidentinin növbəti görüşdə iştirakını ciddi-cəhdlə önə çəkib. Son Praqa görüşündən sonra Fransa prezidentinin sərsəm, ədalətsiz, açıq-aşkar işğalçını dəstəkləyən mövqeyi, Senatın Azərbaycanı ittiham edən qərarından sonra Azərbaycan Fransa ilə bir masada otura bilməz. Ona görə də Fransanın danışıqlarda hər hansı formada iştirakını rədd edirik. Amma bu Brüssel formatının iflasa uğraması anlamına gəlmir. Azərbaycan Avropa İttifaqı ilə keçirilən danışıqları alqışlayır. Eyni zamanda Rusiyanın, Vaşinqtonun təşəbbüsləri qəbul olunur. Bu imtina sırf Fransanın ədalətsiz mövqe sərgiləməsinə qarşıdır”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"