Laçındakı yurduma, Şəlvə kəndinə qovuşuruq

15:07 10-01-2023 | icon 1330 | Cəmiyyət
Laçındakı yurduma, Şəlvə kəndinə qovuşuruq

Xəyallarımda dolaşan dədə-baba yurdum haqqında

 

 

SULTAN HÜMBƏTOV
/Tədqiqatçı/

 

Mən doğma yurduma, Hacısamlı dərəsinə o qədər bağlı bir insanam ki, bu bölgə haqqında məlumatları əldə etmək və gələcək nəsillərə çatdırmaq üçün hər bir əziyyətə qatlanmağa hazıram. Yaşa dolduqca daxilimdən doğan kövrək hisslərə köklənən qəlbim doğulub boya-başa çatdığım yurd, körpəliyimi, uşaqlığımı, gəncliyimi yaşadığım torpaq məni özünə daha çox cəlb edir. Bu hislərə 30 ilə yaxın bir zaman kəsiyinin Vətən, Yurd həsrətini, həmçinin Vətən müharibəsi dövründə müzəffər ordumuzun zəfər yürüşü nəticəsində ölkəmizin ərazi bütövlüyünün, nəhayət, güc yolu ilə bərpa edilməsi sevincini də əlavə etsək, ... Allah şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlara can sağlığı qismət etsin. Tanrı Vətənimizin keşiyində dayanan əsgərlərimizi qorusun!

 

Hacısamlı nahiyyəsinin bir parçası olan Şəlvə dərəsi Hacısamlı kəndindən başlayaraq Şəlvəçayın mənbəyinə doğru sahil boyu yerləşən ucqar dağ kəndlərini öz qoynuna almışdır.  Bu kəndlər içərisində ilk baxışdan öz orijinal, füsünkar görkəmi, əsrarəngiz mənzərələri ilə seçilən kəndlərdən biri də Şəlvə kəndidir.

 

Kəndin tarixi durumu; Hər iki sahilini kol-kos basmış, gur və iti axan Şəlvəçay Hoçazsu çayı ilə birləşərək Həkəri çayına tökülür. Şəlvə kəndi isə Şəlvəçayın əsasən sol sahili boyunca uzanan uzun və ensiz (təxminən 1,5 km X 200 m) bir sahəni əhatə edən yaşayış məntəqəsidir.

 

1727-ci ildə Məğavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində yеrləşirdiyi bir zamanda Osmanlı dövləti vergi toplamaq məqsədi ilə Məğavuz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Məğavuz nahiyəsinin kəndlərinin sırasında belə bir qeydə rast gəlirik: "Şəlvə кəndi. Кənddə hеç кim yaşamırdı."

 

Öz adını Şəlvəçaydan götürən toponimin etimologiyasını araşdıran tədqiqatçıların bəzilərinin yanlış yanaşmasına görə, hidronim kürd dillindəki şellu (bulanıq) və av/ava (su) komponentlərinin birləşməsindən düzəlib, “bulanıq su” mənasındadır.

 

Toponimin açmasında çətinlik çəkən və ya belə demək mümkünsə özünə əziyyət verməyənlər həqiqətdən çox-çox uzaq bir ehtimal — bu sözün dilimizə gürcü dilindən keçdiyini söyləyirlər. Doğrudur gürcü dilində Şəlvə (Şalva-შალვა) sözü mövcuddur və gürcü dilində anlamı “sülh” və ya “barış(ıq)” mənasını daşıyır. Gürcü dilində çox nadir hallarda istifadə edilən bu söz  əsasən kişilərə verilən şəxs adları  arasındadır.

 

Digər araşdırmaçılar isə başqa bir ehtimal — çayın adının Azərbaycan dilinin dialektlərindəki şel (burada “qol-budaq”) və İran dillərindəki ab sözlərinin birləşməsindən yarandığını, “çay qolu, su qolu”, “suyun üzündə axan kol-kos”, “üzərini kol-kos örtmüş su” mənalarını ifadə etdiyini bildirirlər.

 

Göründüyü kimi bu sözü nə fars-ərəb, nə kürd, nə də gürcü dilində araşdırmaya yönəltmək heç də doğru deyil. Bəs həqiqət necədir? Bu yanlışlığa aydınlıq gətirmək üçün tarixi türk mənbələrinə baş vurmaq kifayət edər. Beləki, tarixin müxtəlif dönəmlərində Şəlvə sancağı, Şəlvə sancaqbəyi ifadələrinə osmanlılar tərəfindən vergi toplamaq üçün aparılan qeyd dəftərində (tahrir defterində) tez-tez rast gəlinir.

Tarixi mənbələrdən aydın olur ki, Şəlvə (Şelve/Selve) sancağı bir neçə sancaqla birlikdə bu günkü Ağrı ilinin ərazisini təşkil edir, Qumluca, Şuşik, Dülbendlü, Yunus nahiyələrini özündə birləşdirirdi. 1578-ci ildə aparılan vergi qeydləri dəftərinə əsasən Eleşkirt, Şelve, Diyadin, Ovacık ve Bayezid Kalesi sancaklarında heç kimin yaşamadığı kəndlərin sayı çoxluq təşkil edir. 1682-1702-ci, 1717-1730-cu və 1730-1740-cı illərdə aparılmış siyahılarda da bu ad Şelve ( bəzən Şelova) kimi qeydə alınmışdır.

 

1673-1740-ci illər arasınında aparılan siyahıyaalma zamanı Ərzurum bəylərbəyliyində (əyalətində) yurtluk-ocaklık statusu daşıyan Şəlvə sancağının adı keçməkdədir. Bu bəylərbəylik atadan oğula ötürülməklə idarə edilirdi. Qeyd edək ki, Şelve adına Selve şəkilində də rast gəlmək olur.

Araşdırmalardan aydın olur ki, tədqiqatçılar tərəfindən düzgün araşdırılmayan Şəlvə toponimi əgər belə demək mümkünsə öz ilkin anlamından uzaq düşmüşdür. Qədim türk dilində Şəlvə sözü şölə sözündən törəmiş, аlov, parıltı, işıltı, şəfəq kimi mənaları ifadə edir. Deməli, toponimin tam düzgün mənası od, аlov, parıltı, işıltı, şəfəq mənalarını verir. Digər türk dillərində bu söz bir çox hallarda “dəri”, “örtük”, bəzən də “ləpə” mənasında işlənir.

 

Şəlvə kəndi və onun yerləşdiyi coğrafi ərazi XVIII əsrə aid mənbələrdə Hacısamlı obasının tərkibində qeydə alınıb. Hacısamlı obası 30-a yaxın kənd ərazisini əhatə edirdi. Lakin xeyli müddət sonra əhalisi artan obanın ərazisi iki yerə ayrılır: Qarabayramlı obası və Qasımuşağı obası. Vaxt ötür, kəndlərdə əhalinin sayı artır, bu üzdən yeni obalar meydana gəlir: Qurdqajı obası, Qarabayramlı obası, Ələkçi obası. El arasında “oba” sözü bir çox halda “dərə” kimi işlədilirdi. Sovet dönəmində oba (dərə) sözü “sovetlik“, indi isə  inzibati ərazi dairəsi sözü ilə əvəz olunsada oba və dərə sözləri əhali tərəfindən heç unudulmadı. El arasında Şəlvə dərəsi kimi tanınan bu ərazidə XVIII əsrin ortalarında yenidən daimi yaşayış öncə Şəlvə kəndində, bir müddət sonra Hacıxanlı, Qovuşuq, Kaha, daha sonra isə Daşlı kəndində bərpa olundu. Vəlibəyli, Narışlar, Canbəyli kəndlərində daimi yaşayış Daşlıdan köçən ailələr hesabına yenidən bərpa edildi.

 

Kəndin mədəniyyəti; Bildiyimiz kimi insan tərəfindən yaradılmış sərvətlər, o cümlədən müxtəlif maddi sərvətlər mədəniyyətin bir parçasıdır. Müxtəlif vaxtlarda inşa edilmiş tarixi tikililər də bura daxildir. Bu baxımdan kənd ərazisində müxtəlif vaxtlarda tikilmiş tikililər diqqəti cəlb edir. Ən köhnə tikililər kəndin cənub tərəfində qərarlaşmışdı. Kəndin ərazisində XV əsrdə inşa edilməsi təxmin edilən Şəlvə sovməəsi daha çox diqqəti cəlb edir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan bir nefli, mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq qruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın apsisinin hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sovməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. 4 pəncərənin üçü sovməənin şərq divarında, biri isə qərb divarındadır.

 

Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sovməə içəridən yaxşıca suvanmışdı. Yaxın ərazilərin meşə örtüyü ilə əhatə ediməsinə baxmayaraq binanın inşası zamanı taxtadan istifadə edilməmişdir. Şimal divarının yuxarısında ənənəvi qaydaya uyğun olaraq işlənmiş tarixçə yazılmış lövhəni oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır.

Sovməənin giriş qapısı tikilinin qərb tərəfindəndir. Qeyd edək ki, sovməənin giriş qapısının üzərində olan timpanının üzərində olan yazı isə eroziyaya düçar olaraq müəyyən dəyişikliklərə uğramış və oxunmaz hala düşmüşdür. Həmçinin sovməənin şərq divarında, orta pəncərənin alt hissəsinə hörülmüş qəbirüstü daş üzərində də oxunması mümkün olmayan bir neçə yazı aşkar edilmişdir.

 

Sovməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbbi daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarı hesab edilsə də, əslində bu tikililərin ilk inşa tarixi bizim eranın xristianlıqdan xeyli əvvəlki dövrünə aid olan uçub-dağılmış (uçurulmuş) hər hansı bir tikilinin təməli üzərində yenidən inşa edilməsi ilə nəticələnmişdir.

 

Sovet hakimiyyəti illərində sovməədən müxtəlif vaxtlarda kolxoz və ya sovxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi əhəmiyyətli sovməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 №-li invetar kimi qeydiyyata alınmışdır. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına adı əlavə edilmiş Şəlvə sövməəsinin XV əsrdə inşa edilməsi qeyd edilir. Yetərincə dəyərli memarlıq abidələri sırasına daxil olan sovməənin ərazisində təəssüf ki, heç bir vaxt hansısa xırdaca bir arxeoloji qazıntı işləri aparılmamışdır. Sövmənin ərazisində müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıqları qalmışdır.

 

Kənd də xüsusi ərazidə, Şəlvə sovməəsindən təxminən 250-300 metr aralıda daşdan Şəlvə məscidi inşa edilmişdir. Kənd və ətraf kəndlərin sakinləri uzun müddət bu məscddə Allaha səcdə etmişlər. Ərazidə Sovet hökumətinin qələbəsindən sonra Şəlvə məscidi baxımsız vəziyyətə qalmış, repressiyaların qorxu və xofu nəticəsində uçub dağılmışdır. Son dövrlərə qədər Şəlvə məscidinin divar qalıqları hələ də qalmaqda idi.

 

Çox qədim insan məskənlərindən biri olan Şəlvə kəndində həyətlər nə barı, nə də daşdan hörülmüş divarlarla əhatələnmişdi. Doqqazla çəpərlənən həyətlər bir-birindən azca fərqlənirdi. Doğrudur, inşa edilən tikililər vaxtaşırı dağıdılmış, sonradan yeniləri ilə əvəzlənmişdi. Bu səbəbdən burada əsasən yerli şəraitə uyğun yer altı qazmadan düzəldilmiş tikililərin (xərək, potuğa, qara dam, dam, şirvanı dam və s.) demək olar ki, əksəriyyəti sökülərək məhv edilmişdir. Şəlvə kəndində də bu cür tarixi, mədəniyyət və memarlıq abidələri sırasında Qara damları görmədən ötmək mümkün deyil. Kərbəlayı Məhəmmədin, Musanın, Təhməzin Qara damları, Qara Bayramın adını daşıyan (el arasında son zamanlar “Şahverdinin dəyirmanı” kimi tanınan) su dəyirmanı hayların məlum 1992-ci il hadisələri ilə əlaqədar Laçın rayonunun ərazisinin işğalına qədər orta vəziyyətdə qorunub saxlanılmışdı.

 

Şəlvə kəndində məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları istehsal edilirdi. Bu məmulatlar içərisində xalça və kilimlərin xüsusi çəkisi vardır. Bu günə qədər qorunub saxlanan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" (el arasında "Ağqol xalça", "Tikmə xalça" adlandırılırdı) Hacısamlı nahiyəsinin Şəlvə kəndində də xüsusilə toxunmuşdur. Burada "Vərni", "Çələbird" "Qarabağ xalçası", "Atlı, itli xalçaları", "Qız xalçaları"  və digər xalçalar toxunurdu. Bu gün də toxunmuş belə xalçalar kənd əhalisinin şəxsi kolleksiyasında saxlanmaqdadır. Xalça toxumağı kənd qadınlarının hər biri bacarsada, onlar arasında bir qədər fərqlənən toxucu qadınlar var idi. Belə qadınlardan Cəvahir Əbdülrəhimbəy qızı, Sona Cabbar qızı, Səkinə Əlipaşa qızının adını xüsusi ilə qeyd etmək olar. Onların toxuduğu xalça məmulatlarının hər biri keyfiyyətcə digər toxucuların toxuduğu məmulatlardan çox-çox fərqlənirdi.

 

Hər bir bölgənin, hətta hər kəndin hər sahə üzrə xüsusi özəlliyi var. Toy, yas mərasimləri, bayram, şənliklər və xırda məclislərin təşkili öz müxtəlifliyi ilə fərqlənir. Şəlvə kəndində yas mərasimi olanda, ev yiyəsi hazırlıqlar nə vaxt götürüldü, mağar nə vaxt quruldu, məzar nə vaxt qazıldı və digər işlər hətta ev yiyəsindən soruşmadan yerinə yetirilərdi. Ümumiyyətlə xeyir və şər işlərində kənd sakinlərinin hər birinin öz vəzifə borcları var idi. Onları nə çağırmağa, nə də buyurmağa ehtiyac qalmazdı.

 

Kənddə olan toylar çox maraqlı keçiərdi. Musiqinin səs-sədası hətta qonşu kəndlərin əraziində belə eşidilərdi. Üç gün, üç gecə toy çalınırdı. Həm də saz, qara zurna və nağara kimi əsas musiqi alətləri olmayan toy olmazdı. Toylarda şərab olduğundan qadın və kişilərin yemək mağarları ayrıca qurulardı. Toya dəvətlilər gəlib yeyir, içir, yorulana qədər oynayır, nəmər verib gedirdi.

 

Sovet dönəmində ayda bir və ya iki, bəzən iki ayda bir dəfə camaata kino göstərirdilər. Hind filmləri olanda hətta kino sorağı ilə qonşu kəndlərdən də gələnlər olurdu. Televizorun yeni çıxdığı ilk vaxtlar hər evdə televizorun olmaması səbəbindən kənd klubunda filmə baxmaq sakinlər üçün  əlamətdar bir hadisə olardı.

 

Şəlvə kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilənədək orada orta məktəb, xəstəxana, mədəniyyət evi, kitabxana, klub, musiqi məktəbi, poçt, çörəkbişirmə sexi və iki mağazası fəaliyyət göstərirdi.

 

Şəlvə kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə təşkil olunmuşdu r. Məlum hadisələr səbəbindən məktəb 1992/1993 tədris ilindən başlayaraq öz fəaliyyətini Sumqayıt şəhəri Sarıqaya qəsəbəsindəki “Şəfəq” düşərgəsində inşa edilmiş və Sumqayıt Şəhər Sintez Kauçuk Zavodunun balansında olan  klub binasında bərpa etmişdir.

 

Kəndin təbiəti; Çay boyunca uzanan bu ərazilərin təbiəti xüsusi gözəlliyi ilə seçilir. Tanrı ana təbiətin vasitəçiliyi ilə heç bir gözəlliyi bu yerlərdən əsirgəməmişdi.

 

Kənd Murovdağın cənubunda, ortadağlıq yamaclarda, Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 507 km qərbdə, rayon mərkəzindən şose yolla 58 km şimal-qərbdə, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 130 km-dir. Cənubdan Vəlibəyli, qərbdən Budaqdərə, şimali-qərbdən Hacıxanlı, şimaldan İmanlar, şimali-şərqdən Kaha, cənubi-şərqdən Daşlı kəndlərinin ərazisi ilə həmsərhəddir.

 

Ümumi həyat üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrin yer üzündəki tarazlığını əsasən bitkilər təmin edir. Ona görə də yaşadığımız yer kürəsini təbiət olmadan təsəvvür etmək çətin olar. Hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşməsinə şərait yaradan meşələr yeganə təbiət kompleksidir. Təmiz hava, sağlamlıq və gözəllik deyərkən meşələri düşünürük.

 

Şəlvə kəndinin ərazisində olan enliyarpaqlı ağaclardan adı “Qırmızı Kitab”a düşmüş qırmızı palıd, həmçinin geniş əraziləri əhatə edən vələs, ağcaqayın, göyrüş və digər ağaclarla yanaşı cır alma, armud, alça, fındıq kimi onlarla meyvə ağacları, yemişan, qaragilə, əzgil, qarağat, moruq, həmərsin (itburnu və yaxud dərgil), zirinc, dovşan alması və digər giləmeyvə kolları meşələrin bəzəyidir.

 

Şəlvə kəndində dağların yamacları əsasən enliyarpaqlı, ara-sıra iynə-yarpaqlı meşələrlə örtülmüşdür və burada meşələrin yayılmasında müəyyən bir qanunauyğunluq mövcuddur. Güneylər əsasən palıd, quzeylərdə isə vələs ağacları üstünlük təşkil edir.

 

Meşələri onun xilaskarı olan quşlarsız təsəvvür etmək olmur. Qaratoyuq, bülbül, ağacdələn, şanapipik, sərçə, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, alabaxta, göyərçin, qaranquş, arıquşu, qarğa, alaqarğa, cur-cur, zığ-zığ, çöl toyuğu və başqa quşların səsi yarpaqların xəfif xışıltısına qarışaraq insana sevinc bəxş edirdi. Bu səhər çağı daha çox hiss edilirdi. Ətraf ərazilərdə nəsli tam kəsilən meşə toyuğu yalnız bu ərazilərdə qalmaqda idi.

 

Qədim zamanlardan hal-hazırkı dövrə qədər müxtəlif dərdlərin müalicəsində istifadə edilən dərman bitkilərindən kəklikotu, qantəpər, gicitkən, qırxbuğum, çobanyastığı, zirə, dəvədabanı, qatırquyruğu, baldırğan və yüzlərlə digər dərman bitkiləri kənd ərazisində ki, çəmənlikləri bəzəyir.

 

Şəlvə kənd ərazisində dağ, dərə, yamac, zirvə, çökək, yal, gəz, aşırım, sıra dağ, silsilə, tirə, qol və digər coğrafi yerlərin hər birinə hansı səbəbdənsə bir ad verilmişdir. Bu adların mənası və əmələ gəlmə tarixi, mənşəyi  ən azı orada yaşayanlar üçün çox dəyərli və qiymətlidir. Kənd ərazisində ki, türk mənşəli yer adları bu torpağın qədim Oğuz Yurdunun kiçicik bir parçası olduğunu bir daha sübut edir. Bu zaman Əppəkkəsən, Xurma itən, Laçın güneyi, Böyük armudluq, Kiçik armudluq, Qaşqa tala, Aşağı Uluxanın düzü, Sürək, Qəbristanlığın düzü, Xırdalar, Dəvə boynu, Sağsağan bağı, Şırlan, Qazan göl, Aşağı Şor dərə, Yuxarı Şor dərə, Tək palıd, Arpa çuxuru, Uzun göl, Quzu yuyulan, Şamın düzü, Quru qobu, Qəlyanlı, Şirin alma, Bir qanadlar, Xırmanlar, Kolavat, Gavın dalı (arxası), Sarı yarğan, Tirəkilər, Boz daş, Ağ qaya, Yastı yurd, Palçıqlının düzü, Palçıqlı, Armudun əyrisi, Yarğanın başı, Tir tökülən  və digər bu kimi yer adlarını sadalamaq yerinə düşər.

 

Sal qayalardan qaynayaraq göz yaşı tək dupduru, diş tökən bumbuz, saf sulu bulaqlaqlardan Aşağı Sarıbulaq, Yuxarı Sarıbulaq, Sürəyin bulağı, Gülü qarı uçan bulaq, Məşədi Saleh ağanın bulağı, Fərmanın bulağı, Gözbulaq bulaqlarının adını qeyd etmək olar. Ərazidə mineral turş su bulaqları da mövcuddur.

Nərdivan çay, Budaqdərə çay, Pekarın suyu, Armudluğun suyu, Fındıqlığın suyu, Qəbristanlığın suyu kimi uca zirvələrindən axıb gələn irili-xırdalı çay qolları Şəlvə kəndinin ərazisindən qıjıltı ilə keçən, əzəmətli çaylardan biri sayılan, hərdən şıltaqlığı ilə kənd sakinlərini çətin bir vəziyyətdə saxlayan Şəlvə çayına qoşularaq onun gücünə güc qatır. Aprel, may aylarında qarın əriməsi və yaz yağışları zamanı caylarda ən yuksək səviyyə qeydə alınır. Avqust və yanvar aylarında caylarda suyun səviyyəsı aşağı olur.

Şair istəyir ki, bu gözəlliklərə şeir qoşsun, bəstəkar sorağındadır ki, nəğmə bəstələsin. Rayonunun ucqar dağ kəndi olan qədim Şəlvə kəndinin tutduğu məkanı sözlə ifadə eləmək olduqca çətindir.

Camaatın ictimai həyatı; Kənd əhalisi milliyyətcə azərbaycanlılardan (azərbaycan türklərindən) ibarətdir. Kəndin təməlinə daş atan və əhalinin əsas hissəsini Qarabayramlı tayfası təşkil etsə də, burada bir müddət sonra bir neçə fərqli tayfa və tirələr məskunlaşmışdır. Dədə-baba yurdu olan Şəlvə kəndində öz ad sanı ilə tanınan, Qarabayramlı tayfasından olan Kərbalayı Məmməd Hüseyn oğlunun törəmələri ömür-gün sürürdü. Qeyd edək ki, Kərbalayı Məmmədin törəmələri el arasında Məmmədlər tayfası kimi tanınırdı. Bir müddət sonra Tazılar və Abdullar tayfasıda bu kənddə məskunlaşır. Kəlbəcərdən köç edərək qəflə-qatırın yükünü Şəlvə kəndində yerə qoyan və orada məskunlaşan iki ailə - Nəcəf və Mahmudun ailəsidə bu kənd də məskunlaşdı. İllər ötdü, bu gün onların törəməsi Nəcəfli və Mahmudlar adlanır.

Qərbi Azərbaycanın bir parçası, qədim yurd yerimiz olan Dərələyəzdə dünyaya gələn və XVIII yüzilliyin sonu XIX yüzilliyin əvvəllərində etnik təmizləmə qurbanı kimi ata yurdundan məcburi şəkildə qovulan günahsız Həsənalı kişidə (indiki Həsənalılar tayfasının ulu babası) bu kənddə məskunlaşmışdır.

Bəli, göründüyü kimi sonda bir neçə tayfa və tirə uzun zaman kəsiyində Şəlvə kəndi ərazisində məskən qurmuş, burada yaşayan əhali ilə qaynayıb qarışmış, qohumluq əlaqələri yaranmışdır.

 

Sovetlər dönəmində kənddə ilk ali təhsil alan Tağıyev Salah Abduləzim oğlu (el arasında Məşədi Salah kimi tanınırdı) olub. Ali təhsil aldığı dövrdə çalışqan və bacarıqlı olması müəllimlərinin diqqətini cəlb edir. Onlar Salaha təhsil ocağında qalmağı və işləməyi təklif edirlər. Salah kişi cavabında onun yolunu bir elin gözlədiyini söyləyir və ata-baba yurduna dönməyi üstün tutur. O vaxtlar ətraf kənd məktəbləridə daxil olmaqla imtahan üçün göndərilən ən çətin misal və məsələləri yüksək riyazi biliyi olan Məşədi Salah asanlıqla həll etməyi bacarmışdır.

 

Xalqın qəlbində qorxu hissini birdəfəlik gücləndirmək, Sovet quruluşuna etirazın mümkünsüz olduğunu sübuta yetirmək üçün müxtəlif kütləvi repressiyalar həyata keçirilirdi. 1937-1938-ci illərdə keçirilən növbəti repressiya dalğası Şəlvə kəndindəndə yan keçmədi. Bu qorxunc represiya dalğasının ağır fəsadlarını uzaqgörənliyi ilə hiss edən, əslən Bakının Mərdəkan kəndindən olan tanınmış ziyalı, akademik Feyzulla Qasımzadə tələbə yoldaşı olmuş Məşədi Salahı təkidlə Bakıya dəvət edir. Onu bu bəladan uzaq tutmağa çalışır. Lakin təklifi qəbul etməyən Salah kişi öz doğma el-obasını yenə tərk etməyərək öz el obasına sədaqətini bir daha təsdiq edir. Bu inadın sonunda Şəlvə və ətraf kəndlərdə sözü keçən, tanınmış şəxsiyyət, el ağsaqqalı olan Məşədi Salah Abduləzim oğlu dindar və qolçomaq elan edilərək həbs edildi və təəssüf ki, günahsız olmasına baxmayaraq güllələndi.

 

Şəlvə kənd sakinlərindən Məhərrəmov Əli, Hüseynov Həsən Hümbət oğlu, Hüseynov Musa Hümbət oğlu, Hüseynov Tofiq Həsən oğlu da qolçomaq kimi siyahıya əlavə edilərək cəzalandırılmışdır.

 

Hər bir kəsə məlumdur ki, sovet xalqının qələbəsi ilə başa çatan Böyük Vətən Müharibəsinə yollanan kənd sakinlərindən bəziləri  geri qayıtsada, bir çoxları doğma kəndlərinə qayıtmadılar. Müharibənin ilk günlərindən cəbhəyə yollanan və qələbə sevincini yaşamayan Məmmədov Zülfüqar Şahverdi oğlu, Məmmədov Bayram Şahverdi oğlu, Hüseynov Məcid Şahhüseyn oğlu,  Hüseynov Qurban Şahhüseyn oğlu və digərləri bu döyüşlərdən geri dönmədi. Məmmədov Əsgər Rəhim oğlu, Salahov İsmayıl Müseyib oğlu, Həsənov Talış Babakişi oğlu,  Mahmudov Xıdır Rəcəb oğlu və başqaları qələbə sevincini yaşadı və öz doğma kəndlərinə sağ-salamat geri döndü.

 

Keçən əsrin sonlarında başlayan Qarabağ müharibəsi zamanı Şəlvə kənd sakinləri babaların ənənələrini peşəkarcasına davam etdirmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.

 

Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fateh Ənvər Şahverdi oğlu Şahverdiyev (1967-1992) olmuşdur. 1991-ci ildə Laçın rayon Daxili İşlər şöbəsində sıravi heyyətdə işə başlayan Ənvər 1992-ci il iyulun 21-də Laçın rayonunun Şeylanlı kəndi ərazisində aparılan kəşfiyyat zamanı ermənilər tərəfindən şəhid edilib və Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qarabağ qazisi, 1941-ci ildə Laçın rayonunun Şəlvə kəndində Qələndər Həsənovun ailəsində doğulub, boya-başa çatan polis polkovnik-leytenantı Hüseynalı Hüseynov Fərəcan, Səfian, Qazıdərəsi, Hoçaz, Güləbird, Haqnəzər, Pircahan döyüşlərində göstərdiyi şücaətə görə Daxili İşlər Nazirliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.  Qarabağ döyüşlərində oğlu Zülfəli Hüseynov ilə çiyin-çiyinə ön cəbhədə vuruşmuşdur.

 

Eləcə də Səmədov Ağalar Səməd oğlu, Süleymanov Qəhrəman Nəriman oğlu bu döyüşlər zamanı xeyli fərqlənmiş, müharibənin əvvəlindən axırınadək fəal iştirak etmişdilər. Həmçinin döyüşlərdə iştirak edən Həsənov Adil Həmzə oğlu, Məmmədov İslam Əliqulu oğlu, Mahmudov Rəcəb Xıdır oğlu, Təhməzov Muxtar Musa oğlu, Şahverdiyev Əşrəf Şahverdi oğlunun da adını qeyd etmək yerinə düşər.

 

İkinci Qarabağ müharibəsi başlayanda kənd sakinlərindən Həsənov Atakişi İmamqulu oğlu, Səmədov Məhərrəm Möhsün oğlu, Salahlı Ömər Elmixan oğlu, Novruzov Emin Ziyafət oğlu, Süleymanzadə Elmin Cəlil oğlu, Məmmədov Akif Zülfəli oğlu, Səmədli Elgiz Qalib oğlu, Səmədli Eldəniz Qalib oğlu, Həsənov Murad Zülfəli oğlu döyüşlərdə fəal iştirak edərək ənənəni davam etdirmişlər.

 

Zəngəzur sərvətlərinin böyük tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor, tanınmış alim Salman Salahov da (1928 - 19.12.2022) Şəlvə kəndində anadan olmuşdur.

 

2022-ci il yanvar ayına olan məlumata əsasən kənd əhalisinin sayı 946 nəfər, 272 ailədən ibarətdir.

Əhalinin məşğuliyyəti; Kənd əhalisi əsas məşğuliyyətini yaşayış məntəqəsinin təbii şəraitinə uyğun qurmaqla yanaşı görüləcək işləri ilin mövsümlərinə uyğun planlaşdırılırdı. Heyvandarlıq əhalinin əsas məşğuliyyət növlərindən biri olsada, toxuculuq, bağçılıq, tərəvəzçilik, əkinçilik və arıçılıq, həmçinin mövsümi ticarət işləri və sənətkarlıq da yerli əhalinin sevimli məşğuliyyətlərindən idi.

 

İri və xırdabuynuzlu heyvanlara sahib olan Şəlvə sakinlərinin əsas hissəsi yaz gələn kimi dаğlаra, yаylаqlаra (daha çox Mıxtökən silsiləsinə) üz tutar, yayı və payızın müəyyən hissəsini orada keçirərdilər. Оnlаr soyuğun tez və ya gec düşməsindən asılı olaraq quyruq dоğduqdаn sonra arаnа köç etməyə başlayırdı.

 

Heyvandarlığın inkişafı ilə paralel şəkildə toxuculuqda inkişaf edirdi. Hər bir qadın bütün işləri ilə bərabər toxuma işlərini mütləq bacarmalı idi. Hələ kiçik yaşlı qızlar toxuma və tikmə bacarığı ilə silahlanırdı. Tikmə, xovsuz və xovlu xalçalar olduqca məharətlə hazırlanırdı. Bir sözlə qızlar öz cehizlik xalça məmulatını özü hazırlamalı, yəni toxuma və tikmə işlərini tam bacarmalıdır.

 

Digər kəndlərə nisbətən Şəlvədə arıçılıq daha yaxşı inkişaf etmişdir. Kənd ərazisindəki dağ yamaclarını örtən yaşıl çəmənlər, çiçəkli güneylər, sıx meşələr arıçılığın inkişafına müsbət təsir göstərmişdir. Hətta kənddə Arıxana adlanan bir yerdə vardır ki, orada arıçılığa aid müxtəlif əşyalar uzun müddət orada qalmaqda idi.

Əməksevər adamlar dağlar qoynunda geniş sahələrdə meyvə bağları salır, bostan bitkiləri əkib becərir. Yaz, yay və payız aylarında tədarük olunan heyvandarlıq məhsulları, həmçinin xalça və xalçaçılıq məmulatları bazarlara satışa çıxarılırdı.

 

Həmçinin meşədə bitən cır meyvə və giləmeyvələr, həmçinin dərman bitkiləri, eləcədə qida üçün yararlı müxtəlif bitkilər əhali tərəfindən toplanır, onlardan meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilərdi. Bu ehtiyatlar əsasən uzun qış aylarında əhalinin qida ehtiyatı siyahısında üstünlük təşkil edirdi.

 

1992-ci ilin 18 may tarixində Laçın şəhəri işğal edildi və digər ərazilər kimi Şəlvə kənd ərazisi döyüş meydanına çevrildi. Kənd və kənd ərazisinə yaxın ərazilər 29 may 1992-ci il tarixə qədər müdafiə olunsada, sonda Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilərək yaşayış evlərinin əksəriyyəti yandırıldı.  Doğrudur, bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən kənd azad edildi. Azad edilmiş ərazilərdə bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmış, kənd sakinlərinə məxsus olan on minlərlə baş mal-qara və digər var-dövlət artıq düşmən əlinə keçirilmişdir. Lakin 03 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər.

 

Köçgünlük həyatına qədəm qoyan kənd əhalisi Respublikanın müxtəlif bölgələrinə didərgin düşdü. Həmin dövrdən bu günə qədər yavaş-yavaş sakinlər kəndin keçmiş adət-ənənələrini yadırğayır, unudur, ənənələr isə asta-asta itib-batır. Gənc kənd sakinləri bir-birini artıq yaxşı tanımırdı.

 

Vətən yanğısı, Yurd həsrəti zaman-zaman Şəlvə əhlinin qəlbini çox göynətdi, öz Vətənlərinə, doğma yurda dönmək üçün illərlə qulaqları səsdə, gözləri yollarda qaldı.

 

Kənd işğal altında olduğu zaman Ermənistan KİV-nin verdiyi məlumata əsasən kənd ərazisinə yeni məskunlaşan hayların sayı həm köçürülmə, həm də doğum nəticəsində durmadan artırdı. Məsələn, 2014-cü il Şəlvə kəndində doğum səviyyəsi bütün əvvəlki göstəriciləri ötüb. Səkkiz ailədə yeni doğulan uşaq olub.  Oğuz türklərinin yaşayış məskəni olan Şəlvə kəndində yerləşən haylar doğumun artmasını kəndin inkişafı və çiçəklənməsi üçün yaxşı zəmin olduğunu bildirirlsələr də dağıdılıb xarabazara çevrilən kənd ərazisində mənzil  problemlərinin və yaşayış səviyyələrinin aşağı olmasından hər daim şikayətlənirdilər.

 

Həmin dövrdə təkcə işğal edilmiş Şəlvə kəndinin ərazisi deyil, Laçın rayonuda daxil olmaqla bütün İşğal edilmiş ərazilərdə ermənilərin qeyri-qanuni məskunlaşdırılması davam etdirilirdi.

 

30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqları düşmən tapdağından azad edə bilməməyimiz sırtımızda çox ağır bir yük və həmin yük bu günkü nəslin çiynində bir öhdəlik, bir cavabdehlik, bir məsuliyyət idi. Nəhayət, 27 sentyabr 2020-ci ildə Birinci Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca hay hücumlarının qarşısı alındı və  arzusunda olduğumuz əks hücum əməliyyatı başladı. Qısa müüddətdə işğal altında olan torpaqlar azad edilməyə başladı. Düşmənə ağır zərbələr endirən ordumuz qələbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu.

 

Hər zaman xəyallarında dolaşan dədə-baba yurdu Şəlvə kəndinin ərazisində ki, unudulmayacaq yüzlərlə gözəl mənzərələr hər gecə onların yuxularında canlanırdı. Birinci Qarabağ müharibəsi zamanı nələri itirmədik! Bu dəhşətli müharibə nələrsiz qoydu bizləri! Cavabı sözlə söyləmək, təsvir etmək çətin, olduqca çətindir. Əvəzində isə yalnız sizə rəşadətli, müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilımiş AZAD torpaqlarda yenidən yurd sahiblərinin isti nəfəsi ilə canlanmış qədim dədə-baba yurdlarımıza böyük qayıdışı arzu edirəm!

 

Əziz Şəlvə sakinləri bir az əvvəl adlarını sadaladığımız bulaqların bumbuz suyundan ovuc-ovuc içərək illərin həsrət yanğısını ovutmağınıza, elə o bulaqların yaxınlığında yaz-yay aylarında yam-yaşıl çəməndə dirsəklənərək bulaq həndəvərində ötmüş uşaqlıq illərinizin şirin xatirələrinə dalmaq üçün çox az bir zaman kəsiyi qalıb!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122