Dünya sivilizasiyasında ayrı-ayrı dövlətlərin, xalqların vizual siması,  onun maddi-mədəni, ruhi kimliyini özündə əks etdirən tarixi abidələri, memarlıq sənəti inciləri  qorunur, öyrənilir. Memarlıq sənəti bir millətin tarixini yazan, onu yaşadan, dünyaya tanıdan, bəşəri dəyərlərini ölçən, qoruyan çox böyük  məhək daşıdır. Bu gün Azərbaycan memarlığı özünü necə təqdim edir?  Dəfələrlə istilalara, istismara məruz qoyulan Azərbaycanın tarixi memarlıq abidələri öz haqqını, kimliyini necə qoruya bilib? Bu istiqamətdə hansı yeni nümunələr yaranır?

 

Versus.az xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, tanınmış memar Elçin Əliyev bu barədə yerli mediaya danışıb.

 

–  Qarabağ və digər işğal altında olan ərazilərimiz, kəndlər, şəhərlər iki ildir azad olunub və bərpa mərhələsindəyik. Bir çox şəhərlərin, eləcə də Şuşa, Laçın və digər  ərazilərin Baş planları təsdiqlənib. Bu istiqamətdə görülən işləri dəyərləndirməyinizi istərdik...

– İşğaldan azad edilmiş torpaqlarımız sürətlə bərpa edilir. Azərbaycan bu layihələri yalnız öz daxili imkanları hesabına və təkbaşına həyata keçirir.   Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Kəlbəcər şəhərlərinin Baş planları, artıq təsdiq edilib. Düşünürəm,  bu şəhərlərin  Baş Planı hazırlanarkən ərazinin tarixi  özünəməxsusluğu, həmçinin mühitin müasir tələblərə, texnologiyalara əsasən həlli də nəzərə alınıb. Məsələn, Şuşanın ərazisi dağlıqdır,  Ağdam ərazisinin relyefi, əsasən, düzənlik, qismən dağlıqdır, Cəbrayıl rayonu maili düzənlik ərazidə yerləşmişdir. Landşaft strukturlarının müxtəlifliyi  tələb edir ki, memarlıq və planlaşdırma, texniki və iqtisadi işlərin həyata keçirilməsi ciddi şəkildə analiz edilərək optimal variantlar təqdim edilsin. Şəkildə, təqdimatda hər şey gözəl görünə bilər, amma bir çox faktorlar – inkişafın həcmi və xarakteri, avtomobil və dəmir yollarının mövcudluğu və ya yaxınlığı, eyni zamanda coğrafi, hidroqrafik və iqlim şəraiti, təbii ehtiyatların mövcudluğu, sənaye,  yaxud kənd təsərrüfatının istehsal bazası, təyinatlar, onun işçi heyəti və regionun gələcəkdə  demoqrafik göstəriciləri, enerji, nəqliyyat, rabitə nə qədər nəzərə alınıb? Bu amillər inkişafı qabaqcadan müəyyən edir..

 

–  Bakının rayonlarının birləşdirilməsi məsələsi yenidən gündəmdədir. Yeni ildə hansı rayonların  birləşdirilməsi nəzərdə tutulur və yaxud ötən ildə bu yöndə hansı işlər görülüb?

– Bakı şəhərinin inzibati ərazi bölgüsünə dəyişiklik edilməsi ilə bağlı məlumatlar yayılmaqdadır, bütün bunlar Baş Planla əlaqəli ola bilər, amma bildiyimiz kimi, hələ də Baş Planın təqdiqi barədə heç bir məlumat yoxdur. Əslində,  Baş Planın mövcudluğuna belə skeptik yanaşıram, çünki bu, bir layihə sənədidir və  onun əsasında ərazilərin planlaşdırılması, tikintisi, yenidənqurulması və digər şəhərsalma növləri həyata keçirilir. Biz nə görürük?! Bakı şəhərində kim harada istəsə, nə gəldi tikir. Şəhərin inkişafının, yəni mövcud şəhərə münasibətdə – onun yenidənqurulması və gələcək inkişafının,  yaxud hər hansı digər yaşayış məntəqəsinin elmi əsaslarla uzunmüddətli planı olmalıdır. Yenə təkrar edirəm: elmi əsaslarla. Maraqlanın: hansı elmi-tədqiqat institutu bu sahədə araşdırmalar aparıb? Əminliklə deyə bilərəm ki, heç biri. Baş Plan  yaşayan əhalinin maraqlarına uyğun və nəzərə alınmaqla işlənib hazırlanmalıdır,  yaşayış sahələrinin və obyektlərin yerləşdirilməsi ilə bağlı əsaslı qərarlar, nəqliyyat xidmətləri, mühəndis avadanlıqları və abadlıq, eləcə də ərazilərin işlənməsi qaydası düzgün müəyyən edilməlidir.

Mənim sevimli şəhərim bu gün “kollaps” vəziyyətindədir.  Tıxac problemləri, yağış, qar yağanda şəhərin “iflic” olması, şəhərin mərkəzi hissələrinin həddindən artıq yüklənməsi və daha nələr, nələr. Axı sonsuz sayda nazirliklər, agentliklər, qurumlar yaradılıb. Məsələn, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” və ya onun tabeliyində olan  “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” avtomobil nəqliyyatı sahəsində tənzimləməni, tixac problemlərinin həllini niyə operativ yerinə yetrimirlər? Şəhər İcra Hakimiyyəti, siz hara baxırsınız? Şəhərin tarixi binalarının konstruktiv quruluşlarına müdaxilə edilir, həmin binların tarixi simaları dəyişdirilir. Yasamal rayonu ərazisində “Qış Parkı” deyilən ərazidə yeraltı keçidlərin eskalatorları işləmir, natəmizlik baş alıb gedir. Bəs rayon icra nümayəndələri nə ilə məşğuldur? Cavabsız qalan sonsuz suallar var. Buna da cənab Prezident müdaxilə etməlidir?! Onda sizləri nə üçün vəzifəyə təyin ediblər?

 

– Bakının tarixi mərkəzində yeni Mərkəzi Rayonun yaradılması ilə bağlı bir təklif olmuşdu. O Mərkəzin layihələndirilməsi, icrası nə yerdə qalıb?! Bu istiqamətdə hansı işlər görülür?

– Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuata açıqlamasına əsasən,  Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub. Bakı şəhərinin Baş Planı təsdiq olunmayınca nəsə demək mümkün deyil. Urbanizasiya prosesində – müasir şəhər quruculuğu təcrübəsində  planlaşdırmanın mövcud vəziyyəti və dəyərli memarlıq abidələrinin mövcudluğu nəzərə alınmadan işlərin aparılması hallarına rast gəlinir, əsrlərboyu mövcud olan quruluş bəzən əsassız olaraq dəyişdirilir. Şəhərin mərkəzi və tarixi hissəsinin qorunub-saxlanması fövqəladə əhəmiyyət kəsb edən vəzifədir və memarlıq abidələrindən müasir tikililərlə ahəngdar istifadəni tələb edir. Öz orijinallığını qorumaq, keçmişin mütərəqqi şəhərsalma mədəniyyətini müasir tələblərlə üzvi və yaradıcı şəkildə inkişaf etdirmək yalnız memarlıq irsinin hərtərəfli və dərindən öyrənilməsi ilə həll oluna bilən vəzifədir.

– Ümumiyyətlə, paytaxtın memarlıq mənzərəsində hansı dəyişilmələr var? Tarixi-memarlıq  abidəsi olan İçərişəhərin mövcud vəziyyəti necədir?

– İçərişəhər Azərbaycanda yüzillər bundanəvvəlki şəhərsalma sənətinin əzəmətli nümunəsidir. İllərəvvəl İçərişəhərə daxil olanda insanın ruhu dincəlir, sanki keçmişə səyahət edirdin, amma işbazlar nə etdilər? Hər addımda mühitə uyğun olmayan yerlərdə quraşdırılmış obyektlər – restoran və kafelər, nəzarətsiz yeni tikililər yarandı,  İçərişəhərin şəhərsalma-memarlıq bütövlüyü pozuldu. Hə, bəlkə də yeni rəhbərlik mövcud vəziyyəti düzəltməyə çalışır, amma bu vəziyyəti yaradanlar niyə buna görə məsuliyyət daşımırlar? Eləcə də bu vəziyyət digər memarlıq abidələrinə də  aiddir. Paytaxtın memarlıq görünüşü dəyişə bilər, bu, təbii prosesdir, amma unikal memarlıq nümunələrinə toxunmaq olmaz. Onlar ya professional şəkildə bərpa, ya da konservasiya edilməlidir. Zaman dəyişir, köhnənin yerinə təzəsi gəlir. Mən yeni memarlığın əleyhinə deyiləm, əksinə, istəyirəm ki, bu iş keyfiyyətli olsun. Məşhur italyan memarı H.Sofsata deyir ki, hər bir memarlıq nümunəsi yerləşdiyi ərazinin, küçənin tarixini göstərməli, əks etdirməlidir...

 

– Azərbaycan memarlığında milli kolorit, azərbaycançılıq ideyası, ruhu necə qorunur? Azərbaycanın memarlıq simvolu hansı abidədir və yeni yaranan abidələr nə dərəcədə Azərbaycanın ruhunu daşıyır?

– XX əsrin əvvəllərində Bakı milyonçularının məşhur binalarını əcnəbi memarlar layihələndiriblər, bu gün o binalar bizim milli dəyərimizdir. Həmin dövrdə Bakıda “neoqotika”, “neobarokko”, “klassisizm”, “ampir”, “modern” üslublarında binalar inşa olunmağa başlandı və biz deyə bilmərik ki, onlarda milli kolorit yoxdur. Ploşko, Skipinski və başqa memarlar işlərinin peşəkarı olaraq, bu şəhəri sevərək, milli mühitə uyğun işləyiblər. Onların binalarına nəzər salanda görürük ki, Avropa memarlığı üslubunda olan bir layihədir, amma orada milli kolorit və milli elementlər vəhdət təşkil edir.

 O ki qaldı Azərbaycanda simvola çevrilən abidələrə, burada hansısa bir abidənin adını çəkmək düzgün olmazdı.  Azərbaycanın hər regionunun bir simvolu var və onların memarlıq həllərində həm oxşarlıq, həm də fərqlilik var. Azərbaycan ərazisi ümumdünya əhəmiyyətli tarixi abidələr və unikal memarlıq nümunələri ilə zəngindir –  Naxçıvandakı Möminə Xatun (1186), Qarabağlar (1162) abidələri, Bərdə türbələri (1322), Abşeronun müdafiə tikililəri, Bakıdakı Qız qalası, Şirvanşahlar sarayı (XV əsr), Alban dövrünə aid  məbədlər, Şəki xan sarayı (XVIII əsr), Şuşa şəhərinin abidələri (XVIII əsr) və s., bunların hər biri simvoldur.

 

– Azərbaycanın digər rayonlarında tarixi-mədəni abidələrin qorunması istiqamətində atılan addımlar necə ifadə olunur?

– Fikrimcə, tarixi abidələrin yerləşdiyi ərazilər qoruq elan edilməlidir və bu tarix-mədəniyyət qoruqlarının yaradılması Azərbaycanda milli mədəniyyət abidələrinin, tarixi abidələrimizin qorunması istiqamətində əvəzsiz olacaq. Milli varlığımızın bariz nümunəsi olan abidələrin qorunması və bərpası üzrə ciddi işlər aparılmalıdır. Onlar dəqiq siyahıya alınmalı, bərpa və ya konservasiya layihələri işlənməlidir. Bu, böyük bir proqram olmalıdır və mütləq ictimaiyyəti məlumatlandırmaq lazımdır. Bu layihələri  müasir, mütərəqqi texnologiyaların tətbiqi, amma  mütləq şəkildə yerli memarların iştirakı ilə həyata keçirtmək lazımdır.

–  Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı Qayıdış Konsepsiyası istiqamətində çağırışı ölkə ictimaiyyəti tərəfindən qürurla qarşılandı. Tarixi Azərbaycan torpaqlarımızda qalmış abidələrimizin araşdırılması, üzə çıxarılması və bərpası ilə bağlı görülə biləcək işlərlə xüsusi diqqət çəkir.  Qərbi Azərbaycandakı  tarixi abidələrimiz ilə  bağlı Memarlar İttifaqı tərəfindən hansı pilot layihələr, maketlər həyata keçirilə bilər?

–  Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus   zəngin mədəni irs mövcuddur. Hər şey təbliğatdan asılıdır.  Ermənistan ərazisində qalan böyük mədəni irsimiz mənfur qonşularımız  tərəfindən məhv edilib və biz bu vandalizm siyasətini  ifşa etməliyik. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində  Qərbi Azərbaycan  ərazisində   hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur – 1912-ci ilə qədər İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Onların aqibəti ilə bağlı nə bilirik?  Bununla bağlı beynəlxalq qurumlara müraciətlər hazırlanmalıdır, həmin ərazilərin tarixi torpaqlarımız olduğunu yalnız bu cür sübut edə bilərik. Qafqaz Albaniyası dövrünə aid abidələrimizi ermənilər  özününküləşdiriblər, Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Ermənistan ərazisində azərbaycanlılara məxsus  tarixi-memarlıq abidəsi olan  İrəvan şəhərindəki Göy Məscid 1766-cı ildə  İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş və Azərbaycan  memarlıq nümunələrindən biridir. 1995–2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Ermənilər buranı "fars məscidi" kimi qələmə verirlər. Buna necə susa bilərik? Əsla susmamalıyıq!

O ki qaldı Azərbaycan Memarlar ittifqının bu istiqamətdə işlərinə, yəqin, bir iş görsələr hamımız məlumatlı olardıq. Demək olar ki, bütün potensial, bacarıqlı memarlar İttifaqdan uzaqlaşıblar, daha düzgün desək, uzaqlaşdırılıblar  və təbii ki, bu halda hansısa pilot layihədən söz gedə bilməz.

 

– Bizim Azərbaycan memarlarının dünyanın şəhərlərinin dizaynında rolu nə qədərdir və daha çox harada yer ala bilirlər?

– Azərbaycan memarları çox istedadlıdırlar. Bir zamanlar Azərbaycan memarları xaricdən kifayət qədər sifarış alırdılar və  həmin  binalar öz fərqliliyinə, gözəlliyinə görə seçilirdilər. Bu gün bu cür müraciətlərin azalmasının səbəbi yenə rəsmi qurumlardadı – artıq dəfələrlə qeyd etmişəm ki, rəsmi memarlıq qurumlarında çalışan rəhbər-memarlar bu sifarışləri öz şəxsi şirkətlərinə ötürürlər. Görünür, o qədər keyfiyyətsiz işlər təqdim edirlər ki, səs-sorağı gəlmir.(həftə içi)

 

Tahirə Qafarlı

Versus.az