"Azərbaycan reallığı həmin qüvvələrin öz dillərində anlatmalıdır"

12:59 26-01-2023 | icon 339 | Geopolitika
"Azərbaycan reallığı həmin qüvvələrin öz dillərində anlatmalıdır"

 Qabil Hüseynli: “...Laçın yolunda ictimai fəalların keçirtdiyi aksiya dayana bilər”

 

30 il erməni işğalına göz yuman, Azərbaycanın tarixi mədəniyyət abidələrinin, torpağının, insanlarının ermənilər tərəfindən soyqırıma məruz qoyulmasına biganə yanaşan dünya gücləri, bu gün yenə də Azərbaycanın suverenliyinin pozulması faktına ikilistandartlı, məsuliyyətsiz yanaşmaları ilə gündəm yaradırlar. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra məlum üçtərəfli sazişə əsasən erməni silahlı qüvvələri ərazilərimizdən çıxarılmalı və hələ ki, nəzarətimizdə olmayan şəhərlər, kəndlər Azərbaycanın yuridiksiyasına qaytarılmalı idi. Lakin nəinki 44 günlük savaşda kapitulyasiyaya imza atan Ermənistan öhtəlikləri yerinə yetirmir, əksinə işğal faktını saxlamaq üçün müxtəlif bəhanələr uydurmaqla, sülh prosesindən yayınır. Əvəzində Azərbaycanın hüquqi ərazisi olan Laçın-Xankəndi istiqamətində özbaşınalıq edən, separatçı rejimi yenidən silahlandırmaq, gərginliyi artırmaq istəyən ermənilərin havasına oynayırlar. Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa edib, sülhün bərqərar olmasına çalışmaq əvəzinə, yenə də bir qrup erməni separatçısının sərsəm iddialarına səs verib, guya Azərbaycanın Laçın yolunu bağlayaraq humanitar fəlakət törətdiyini iddia edir və bu istiqamətdə tələblər irəli sürürlər. Sözsüz ki, bütün bunlar absurd yanaşmadır və Azərbaycana qarşı ədalətsiz mövqedir.

 

Belə olan şəraitdə, Azərbaycan vəziyyətə necə nəzarət etməlidir?

 

- Qabil müəllim, bu gün Qarabağda, hələ ki Azərbaycanın nəzarətində olmayan, sülhməramlıların missiyasına daxil olan ərazilərimizdə vəziyyət nədir?

 

- Əlbəttə ki, vəziyyət elə də ürəkaçan deyil. Çünki Azərbaycanın suveren hüquqları hələ ki, bu ərazilərə yayılmayıb.  Üstəlik həmin ərazidə erməni silahlı qüvvələrinin tör-töküntüləri, sayları 5-10 min arasında olduğu bildirilən qeyri-qanuni hərbi qüvvələr var.  Qarabağda hazırda ermənilərin yaşadığı ərazilərdə isə  Rusiyanın layihəsi kimi ortaya atılmış Ruben Vardanyan kimi təhlükəli bir dələduz var və o, Azərbaycana qarşı müharibə ritorikasını daim işə salır və bir növ vəziyyəti gərginləşdirir.  Üstəlik də dünya ictimai rəyi Laçın –Xankəndi yolunun bir hissəsində Azərbaycan ictimai fəallarının həyata keçirdiyi dinc aksiyanı o əraziləri blokadaya almaq cəhdi kimi qiymətləndirir.  Laçın yolundan humanitar xarakterli, hətta bəzən insanların ehtiyaclarını qarşılamaq üçün yüklərin daşınmasına icazə verilsə də, elə təsəvvür yaradırlar ki, guya yol tamam  bağlanıb.  Məlum məsələdir ki, Azərbaycanın şərtləri yerinə yetirilərsə, Laçın yolunda ictimai fəalların keçirtdiyi aksiya dayana bilər.

 

- Görünən odur ki, üçtərəfli sazişin Ermənistan tərəfindən yerinə yetirilmədiyi və erməni separatçıların ərazilərimizdən çıxarılmadığı, ermənilərin sülhə gəlmədiyi beynəlxalq aləmin  vecinə deyil. Belə bir vaxtda, biz Rusiyanın sülhməramlıları fonunda Azərbaycanın suverenliyinə olan təhdidlərdən danışılırdıqsa indi də Qərbin, Avropanın “aksiyanın dayandırılması, guya öz ərazilərimizi blokadaya almağımızla” bağlı sərsəm iddialarla Azərbaycana qarşı təsir elementlərini görürük. Bu cür yanaşmalarla nəyə nail olmağa çalışırlar?

 

- Avropa Birliyi müəyyən mənada Ermənistan-Azərbaycan arasında sülh bağlanması üçün kifayət qədər səylər göstərdi və Brüssel şəhərində 4 dəfə hər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin görüşü keçirildi.  Sülh müqaviləsi yönündə demək olar ki, müəyyən məsafə qəth edilmişdi.  Amma məsələ Fransanın bu işlərər burun soxması, xüsusilə fransa prezidenti Makronun Azərbaycan əleyhinə  sərsəm  fikirlər söyləməsi ilə  proses 4 cü görüşdən sonra dayandı.  Çünki Fransa Ermənistanın yaratdığı şəraitdən istifadə edərək Praqada olan görüşə bir təhər özünü pərçimliyə” bilmişdi.  Daha sonra Ermənistan Brüssel prosesində və yaxud da Avropa Birliyinin vasitəçiliyi ilə aparılan bütün danışıqlar prosesində  Makronun iştirakının zəruri olduğunu söylədi Və  o olmayacağı təqdirdə sülh danışıqlarının baş tutmayacağını iddia elədi. Təbii ki, razılaşmalarda Fransanın bir vasitəçi iştirak etməsinə və orada  açıq surətdə ermənipərəst mövqe nümayiş etdirməsi kimi gedişlər nəzərdə turulmamışdı. 

İndi isə Ermənistan Rusiya ilə əlaqələrini minimuma endirib və bu ölkənin olduğu müxtəlif adda qurumlardan çıxmağa hazırlaşır.  Ermənistan öz istiqamətini birmənalı olaraq Qərbə yönəldir.  Qərbin iqtisadi v siyasi strukturlarına , NATO-dan başlayaraq, iqtisadi birliklərə qədər inteqrasiya etmək  xəttini tutub və bunu çəkinmədən bəyan edir və bildirirlər ki, Ermənistan artıq Avropa dövləti olacaq.  Beləliklə, Ermənistan müəyyən məsələləri həll etmək istəsə də, əsas məsələni -sülh yaratma, sülhün möhkəmləndirilmək  istiqamətindəki  istəkləri bir kənara qoyub, sülhyaratma prosesinə dəstək vermir, bəzi hallarda isə onu bloklayır və nəticə etibarilə  bölgədə qarşıdurmanı tətikləyən bir ab-hava yaranıb.  Bu çox qorxulu və təhlükəlidir.  Burada məsuliyyət birmənalı olaraq Ermənistan siyasi rəhbərliyinijn üzərinə düşür.

 

- “Qorxulu və təhlükəli situasiya” deyərkən, Ermənistan tərəfinin yeni müharibəyə hazırlıqlar istiqamətində gördüyü işlərə işarə edirsiz? Hətta erməni mətbuatı Qərbin Ukraynaya verdiyi silahların, xüsusilə də PUA-ların Ermənistana gətirildiyini etiraf edir. Bununla bağlı nələri qeyd etmək olar?

 

- Baxmayaraq ki, Azərbaycanın qədim, tarixi torpaqları olan İrəvan xanlığının ərazisində ermənilərə özlərinə dövlət qurup, orada yaşayan azərbayacanlıların hamısı deport edilib, öz yurdlarından çıxmağa məcbur qalıb. Amma buna baxmayaraq Azərbaycan reallıqları qəbul edir. Bizim indiki Ermənistan ərazisində qalan torpaqlara iddialarımız yoxdur.  İndiki Ermənistan əraziləri Azərbaycanın tarixi torpaqları olsa da, həmin dövlətin ərazi bütövlüyünü qəbul edirik.  Amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, görünən odur ki, başqa hərəkətlər edir. Bizim ərazi bütövlüyümüzlə bağlı ən mühüm məsələ Qarabağın dağlıq hissəsindəki separatçı ermənilərin tərksilah edilib, Azərbaycan qanunlarına tabe etdirilməsidir.  Ermənistan bu məsələdə yaxasını kənara çəkmək istəsə də,  əslində qızışdırıcı rol oynayır. Laçın yolu ilə bağlı  qaldırılan müxtəlif iddiaların da arxasında Ermənistan gizlənir. Belə demək mümkünsə, xristian dünyası da əl-ələ verərək,  Qarabağın dağlıq hissəsindəki ermənilərə qarşı gah “genosid”, gah “humanitar fəalkət” iddiaları ilə nəğmələr oxuyur və  real faktlar əvəzinə, yalançı iddialarla Azərbaycanın imicinə zərər gətirən müxtəlif təbliğat kampaniyaları aparırlar. Avropa  Parlamentinin qəbul etdiyi son anti-Azərbaycan qətnaməsi də özünün subyektivliyi, tarixi obyektivlikdən, ədalətdən kənar olması, üstəlik qızışdırıcı mövqeyi ilə seçilir.

Bütün bunların fonunda deyə bilərik ki, müharibə təhlükəsi qalır.  Çünki Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın şəxsi heyyəti daxil olmaqla, onların silah və texnikası qalır.  Bu silahlı qüvvələrin çıxarılması 2020-ci il, noyabrın 10-da imzalanmış  üçtərəfli müqavilənin 4-cü maddəsində öz əksini tapıb. Bu maddəyə əsasən Azərbaycan ərazisində bir dənə də erməni əsgəri qalmamalıdır. Lakin hələ də Azərbaycan ərazisində erməni silahlıları qalır və bu da vəziyyəti gərginləşdirir.  Azərbaycanın əsas məqsədi birinci növbədə həmin silahlı qüvvələrin ərazilərdən çıxarılması, yaxud da onların yox edilməsini təmin etməkdir. Azərbaycan bununla bağlı lokal xarakterli antiterror əməliyyatları keçirməyə hazırdır. Sadəcə olaraq bunu həyata keçirilməsi müəyyən müddətə qədər gözləmə mövqeyini saxlayır.

 

- Belə bir şəraitdə, Azərbaycan vətəndaşları Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyalarda aktiv iştirak edir. Artıq 50 gündür davam edən aksiyadan qeyd etdiyimiz kimi, Ermənistan və havadarları öz məqsədləri üçün yayarlanmağa çalışır, Azərbaycanı az qala işğal, blokada yaratmaqda ittihamlamağa çalışırlar. Bu durumda aksiyanın bundan sonrakı xarakterində siyasilərin iştirakı ilə hansısa dəyişikliklər edilə bilərmi?

 

- Əlbəttə, dinc aksiyalara yanaşmada dünyanın tərəfkeş addımlarını görürük. Biz tutaq ki, aksiya iştirakçılarının tərkibində siyasilərin və yaxud digər şəxsləri qatsaq da, hələ ki, vəziyyətin istənilən səviyyəyə gələcəyi haqqında da tam fikir söyləmək çətindir. Çünki  Ermənistan bütün dünyaya yayıb ki, guya Laçın yolunda olan erməni əhalisi açından qırılır, hətta “Leninqrad blokadası”na bənzər mənzərəni yaratmağa çalışırlar. Əslində humanitar dəhliz özünün fəaliyyətini göstərir,  Xankəndinə humanitar yüklər daşınır, “Qırmızı Xac Cəmiyyətinin, Rusiya sülhməramlılarının maşınları, eləcə də ermənilərin özlərinin o yoldan Ermənistana sərbəst keçmələri üçün hər hansı bir maniə yoxdur. Amma nədənsə dünya bu məsələyə daha tərs, qızışdırıcı mövqe tutur, Azərbaycana təzyiqlər göstərir. Yolun açılmasını və oradan bütün maniələrin götürülməsini tələb edirlər. Əgər bu məsələdə Rusiya müəyyən mənada neytral idisə, artıq o da yolun açılması ilə bağlı danışıq aparmağa başlayıb.  Biz yolun açılmasına o zaman razı ola bilərik ki,  bundan sonra həmin yolda rengen-skayner tipli yoxlama aparatlarının yerləşdirilməsinə icazə verilsin. Həmin aparatların işləmə vəziyyəti, yoldan keçən insanların gömrük nəzarətindən keçməsinə də Azərbaycan tərəfi cavabdeh olsun.  Bu məsələdə də ermənilər “ayaqlarını dirəyib” müsbət cavab vermək istəmirlər. Çünki onları müdafiə edən, qızışdıran  dairələr konstruktiv hərəkətlər etməmələri barədə qulaqlarına “pıçıldayırlar”.

 

- Bu gün Avropa İttifaqının müşahidə missiyasının Ermənistana səfəri özündə nəyi ifadə edir?

 

- Balaca, cəmi 2 milyon əhalisi olan balaca bir ölkəyə bu qədər hərtərəfli qayğının mənasını başa düşmək çətindir. Azərbaycanın qazı ilə isinən, nefti ilə problemlərini həll edən Avropa ölkələri hadisənin mahiyyətinə varmaq istəmirlər. Azərbaycanın ərazi bütövlüyünü tanımısız. Azərbaycan istəyir ki, öz ərazilərində sülhü bərqərar etsin, suverenliyi təmin olunsun. Niyə Avropa, Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, onun suverenliyinin bərpasına qarşı çıxmalıdır. Nəyə görə Azərbaycan öz daxilində sərhədlərinin təhlükəsizliyini təmin etməməlidir... Avropanın hansı ölkəsi öz sərhəddini işğalçı dövlətə açıq saxlayıb. Düşünsünlər...

Görünən odur ki, Avropanın xristian təəssübkeşliyi,  ikilistandartlara əsaslanan yanaşma tərzi, hadisələri düzgün araşdırmağa, Azərbaycanın bu bölgədəki istəklərinin nədən qaynaqlandığını öyrənməyə imkan vermir. Azərbaycan geniş siyasi iş aparıb, onların nəzərinə bir daha çatırmalıdır ki, biz suverenliyimiz uğrunda mübarizə aparırıq. Biz işğalçını ərazilərdən qovub çıxarmışıq, amma tör-töküntüləri ərazilərimizin bir hissəsində qalır. Üstəlik, həmin ərazilərdə müxtəlif ölkələrin layihələrinin həyata keçirilməsinə cəhdlər edilir.  Avropa, Qərb vəziyyətin bu aspektlərinə diqqət vermək əvəzinə olmayan “humanitar fəlakət”,  olmayan “blokada” və sair çərənləmələri önə çəkirlər. Görünən odur ki, Azərbaycan reallığı həmin qüvvələrin öz dillərində anlatmalıdır.

 

- Azərbaycan-Ermənistan danışıqları hansı müstəvidə və kimin vasitəçiliyi keçirilə bilər?

 

Əlbəttə Rusiya çalışır ki, danışıqlar onun vasitəçiliyi ilə keçirilsin. O, özünü Cənubi Qafqazda mütləq qüvvə hesab edir  və Qərb dünyasının bu areala müdaxilə etməsini istəmir, üstəlik də sülhyaratma prosesində fəallıq göstərmir. Avropa Birliyi bu məsələdə Rusiyanı üstələyir və daha təşəbbüskar çıxış edir. Ona görə də ABŞ daxil olmaqla, Avropada son zamanlar bir sıra təşəbbüsləri həyata keçiriblər. Məsələn, ABŞ-ın xarici işlər naziri Blinker  Azərbaycanın, Ermənistanın  xarici işlər nazirləri ilə əlaqələr qurub.  Eləcə də Azərbaycanın Prezidenti ilə telefon əlaqəsi yaratdığı qeyd olundu. Belə bir təsəvvür yaranır ki, Qərb bununla həm Rusiya təsirinin güclənməsinin qarşısını almağa çalışır, həm də bölgədə möhkəm və dayanıqlı sülhün yaranmasına cəhdlər edir. Bu npqteyi-nəzərdən Qərbin təklif etdiyi sülh variantında pozitiv məqamların olduğunu söyləmək mümkündür. 

 

- Necə hesab edirsiz, Rusiya-Ukrayna müharibəsinin Qarabağ məsələsinin həllində təsir imkanları nədir?

 

Aydın məsələdir ki, bölgədə bizim başımıza açılan bütün müsibətlərin baiskarı Rusiyadır. Azərbaycana qarşı erməni işğalı da Rusiyanın yaxından iştirakı ilə həyata keçirilmişdi. Xocalı Soyqırımı törədilən zaman da Rusiya silahından, alayından istifadə edilmişdi. İndi də ermənilər deyirlər ki, “bizim Xocalı soyqırımında günahımız yoxdur, bunu rus əsgərləri ediblər”.

Rusiya indi də istəyir ki, bölgədə mövcud olan problem “tüstülənən ocaq” kimi qalsın, tərəflər bir-biri ilə daim çəkişsinlər və lazım olanda “kömək” üçün Rusiyaya müraciət etsinlər. Beləliklə, Rusiya bu bölgədə öz təsirini qoruyub saxlasın. Ona görə də Rusiyanın bölgədəki fəaliyyəti çox destruktivdir və bu ərazilərdən çıxarılması işin xeyrinə olardı. Buna görə də bu gün bölgədə sülhyaratma prosesi Qərbin əlinə keçməkdədir.

Ukraynda müharibəsinə gəlincə, bu müharibə bütün dünyaya təsir göstərəcək və yeni dünya düzəninin yaranmasına səbəb olacaq.  Ukrayna müharibəsində Rusiya məğlub olarsa, tamamilə fərqli çalarlara, fərqli göstəricilərə malik olan dünyanın doğuşunun şahidi olacağıq.  Daha çox humanist və insani xarakter daşıyan, svilizasiyanın inkişaf meyilləri ilə şərtlənən yüni dünyanın yaranması Ukraynanın bu müharibədə qalib gəlməsi və ərazilərindən rus qoşunlarının çıxarılması ilə başlaya bilər. Şübhəsiz ki, bunun Qarabağla bağlı müsbət təsirləri də olacaq.

 

- Bu  gün Avropadan və Qərbdən Azərbaycana yönəlik bəzi “narahatlıqlar” Türkiyə-Azərbaycan münasibətlərinin daha da istiləşməsi, Türkiyənin regiondakı varlığı və Zəngəzur yolundan Türk Dünyasına açılan yolla da əlaqələndirilir. Sizcə bəzi güclərin Azərbaycanda toqquşan maraqları nə ilə bitə bilər?

 

- Nə baş verməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətləri dəyişməzdir və yüksələn xətt üzrə inkişaf edir. Kimlər bu əlaqələrdən qıcıqlanıb onu pozmağa çalışırsa, heç nəyə nail ola bilməyəcəklər.  Çünki Türkiyə faktoru bu bölgədə münasibətlərin sağlamlaşmasına yönələn faktordur. Üstəlik, Türk Dünyasını səfərbər edən bir amildir və bunun əhəmiyyəti hər gün bir az da artır. Bu gün Türk Dünyasını birləşdirmək istiqamətində yeni cəhdlər özünü göstərir.

Ermənistana təsirlərə gəldikdə isə, Türkiyə bu istiqamətdə də ciddi addımlar atır və erməniləri sülhyaratma prosesində səmimi iştirak etməyə, başqa dövlətlərin diqtəsi ilə çalışmamağa dəvət edir. Hər halda ermənilərin bir arzusu da Türkiyə ilə sərhədlərin açılması və Türkiyə ərazisindən istifadə edərək, dünyaya açılmaqdır. Ona görə də Türkiyənin bölgədəki roluna maniə olacaq  heç nə ola bilməz. Türkiyə-Azərbaycan birliyi qardaşlıq, strateji birlikdir. Bu əməkdaşlığı daha da inkişafı “Bir millət, iki dövlət” ideyasının bütün sahələrdə reallaşmasına perspektivlər açacaq.(həftə içi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq