İran hər zaman Azərbaycanın düşməni olan Ermənistana hərtərəfli dəstək göstərib.

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Emin Həsənli deyib:

 

“İran Qarabağ müharibəsi başlanandan Ermənistana hər cür dəstək verib.  Əgər İrandan Ermənistana verilən dəstək əvvəl üstüörtülü idisə, II Qarabağ savaşından sonra  açıq formaya keçdi. İran gah bizim sərhədlərimizdə hərbi təlimlər keçirdir, mollaları Azərbaycan haqqında hədyanlar danışır. Eləcə də erməni -İran rəsmiləri bir-birinə rəsmi səfərlər edir, İran “Zəngəzur dəhlizinin açılmasına imkan vermərik” deyə çıxışlar edirlər.  Eləcə də Azərbaycanın sosial mediasında həyasızcasına təbliğat aparırlar. İran son dövrlər Ermənistana açıq hərbi yardımlar edir, pilotsuz uçuş aparatları, digər hərbi texnikalarla təhciz edir”.

 

E.Həsənli buna qarşı dövlətimizin lazımi addımlar atdığını bildirib. O, qeyd edib ki, Azərbaycanın dəmir yumruğu öz yerindədir.

“Hansısa təxribat olacaqsa bunun qarşısı zamanında alınacaq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb, heç bir kəsə milli maraqlar üzərindən güzəştə gedilməyib. Bundan sonra da düşmənə heç bir güzəşt ola bilməz. Azərbaycan dövləti üçün ən əsas məsələ Azərbaycanın bütövlüyü, təhlükəsizlik məsələləridir və bu, yüksək səviyyədə qorunur və gələcəkdə də qorunacaq”.

E.Həsənli bildirib ki, Ermənistanın müharibə ritorikası onun mövcudluğunu sual aıtına alır.  

“Ermənistan 30 il ağlını başına yığmadı və sonda Dəmir Yumruq başına dəydi. Ermənistan Amerikaya, Fransaya, Rusiyaya arxayın olub elə bildi ki, torpaqları işğal altında saxlayacaq. İran da “gözü çıxmış” qardaşından nəticə çıxartmalıdır.Ermənistanın isə mövcudluğu Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Bunu nə qədər tez başa düşsələr onun üçün daha yaxşı olacaq. Gec anlayacaqsa, bu onların özünə zərər verəcək”.

 

Ləman

Versus.az